Teatrlarımızın
2026-cı il planında nələr var...
2026-cı ilin ilk ongünlüyünün tamamında
sənətsevər oxucularımızı Azərbaycan
teatrlarının bu il üçün planları ilə
tanış etməkdən ötrü üzümüzü
ölkənin səhnə kollektivlərinə çevirdik.
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının mətbuat katibi Cavid Zeynallı dedi ki,
yanvarın sonlarında Şota Rustaveli adına
Gürcüstan Milli Teatrının baş rejissoru,
tanınmış rejissor və bəstəkar David
Sakvarelidzenin quruluşunda V.Şekspirin "Kral Lir" faciəsi
əsasında eyniadlı tamaşanın məşqləri
başlanacaq: "Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının
70 illik yubileyinə benefis olaraq hazırlanacaq. Səhnə əsərində
teatrın bir çox tanınmış simaları iştirak
edəcəklər. Tamaşanın premyerası aprel ayına
nəzərdə tutulub".
Sumqayıt Dövlət Dram Teatrının baş
rejissoru Firudin Məhərrəmovun quruluşunda Cəfər
Cabbarlının "Aydın" əsərinin premyerası
fevralın sonu-martın əvvəllərinə
planlaşdırılır: "Teatrımızın memorandum
imzaladığı türkdilli dövlətlərin milli
teatrlarının rəhbərlərinin iştirakı ilə
martın 10-da Milli Teatr Günü qeyd ediləcək və
milli kimlik, milli özünüdərk mövzusunda yeni
tamaşa təqdim olunacaq. Bu tamaşa ilə bağlı
yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".
Digər memorandum əsasında Çinin məşhur
dramaturqu Lyu Şuqanın "Ölünün diriləri
ziyarət etməsi" əsəri əsasında
hazırlanmış tamaşanın məşqləri
yaxın aylarda başlayacaq. Bu tamaşanın da 2026-cı ilin
ilk yarısında təhvil verilməsi
planlaşdırılır.
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında 2026-cı ilin ilk
premyerası "Neft bumu hamıya gülümsəyir" ilə
gerçəkləşəcək. Teatrın mətbuat katibi
Samirə Əşrəf bildirdi ki, səhnə əsəri
Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 iliyi
münasibətilə Prezident İlham Əliyevin
imzaladığı Sərəncam əsasında
hazırlanıb.
İkinci premyera Xalq artisti Cənnət Səlimovanın
quruluşunda hazırlanan "Hacı Qara", növbəti
tamaşa isə Qoqolun "Evlənmə" əsəri əsasında
Elşad Rəhimzadənin quruluş verdiyi "Evlənmə"
olacaq. Teatrın repertuarında, hər zaman olduğu kimi, bu il
də uşaq tamaşalarına geniş yer veriləcək. Məşhur
milyonçu Murtuza Muxtarovun həyatından bəhs edən əsərin
sifarişi verilib. Yaxın gələcəkdə
tamaşaçılarımız bu əsəri də
teatrımızın səhnəsində görə biləcəklər".
Sumqayıt Dövlət Dram Teatrının mətbuat
katibi Turan Etibaroğlu bildirdi ki, yeni ilin ilk premyerasına
hazırlıq gedir: "Yanvarın 23-də dünya
dramaturgiyasının görkəmli nümayəndəsi
Molyerin "Jorj Danden, yaxud Aldanmış ər" əsəri
əsasında səhnələşdirilən
"Aldanmış ər" komediyası təqdim olunacaq.
Mirzəağa Atəşin "Şərəfin
sandığı" pyesi əsasında "Gəlinlərin
savaşı" adlı yeni komediya tamaşasının məşqləri
davam edir".
Teatr növbəti ay qardaş Türkiyədə
keçiriləcək I Beynəlxalq Solo Fest Mono Tamaşalar
Festivalında Ülviyyə Heydərovanın müəllifi
olduğu "Pələng" mono tamaşası ilə
ölkəmizi təmsil edəcək.
Bakı Uşaq və Gənclər Teatrının ədəbi-dram
hissə müdiri Leyla Həşimovanın sözlərinə
görə, bu teatr yanvar ayına iki tamaşanın
premyerasını nəzərdə tutub. Onlardan biri
"Dovşanın evi"dir (müəllif Arzu Soltan,
quruluşçu rejissor İntiqam Soltan). Aygün Həsənoğlunun
müəllifi olduğu "Zaman maşını"
adlı əsərə isə Mehman Piriyev və Rauf
Hüseynli quruluş verib.
Teatrda bu mövsüm "Atan ruslardır" (müəllif
və rejissor İntiqam Soltan), "Axirətdən gələn
zəng" (müəllif Hüseynbala Mirələmov,
rejissor Ağalar İdrisoğlu), "Pişiklər və
şirlər" (müəllif və rejissor İlhamə
Əhmədova), narkomaniyaya qarşı mübarizəyə həsr
olunmuş "Həyatla oyun" (müəllif Arzu Soltan,
rejissor İntiqam Soltan) tamaşaları da hazırlanır.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın
açıqlamasından öyrəndik ki, 2025-ci il Kukla
Teatrı üçün məhsuldar, yaddaqalan, repertuar və
festival proqramına görə çox zəngin bir il olub:
"2026-cı ilə də böyük yaradıcılıq
planları ilə başlamışıq. Bu da təsadüfi
deyil. Çünki teatrımız özünün yubileyini -
95 illiyini qeyd edəcək. Bu mənada rəngarəng tədbir
və tamaşa planımız
var. İl ərzində Solmaz Amanovanın "Turac və
sehrli daraq" (rejissor Səidə Haqverdiyeva), Dmitri
Boqoslovskinin "Səyyah" (rejissor Anar Məmmədov),
Abdulla Şaiqin "Danışan gəlincik" (rejissor
Müşfiq Əliyev), Şarl Perronun "Yatmış
gözəl" (rejissor Anar Məmmədov) tamaşaları
hazır olacaq. Dəvətli rejissorların quruluşunda daha 3
tamaşa da nəzərdə tutulub. Qastrol və festivallar
baxımından da 2026-nın teatrımız üçün
yaddaqalan və məhsuldar bir il olacağına
inanırıq".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.12.