Cümhuriyyəti təbrik
edən xanımlar
ONLAR KİM İDİ?
106 il bundan əvvəl, 1920-ci il yanvarın 10-da Paris
Sülh konfransının Ali Şurası Azərbaycan
Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıyıb.
1920-ci ilin yanvarında xalqımızın əzmi,
iradəsi, qurucu babaların millət sevgisi və fədakarlığı
sayəsində yaranmış Azərbaycan Cümhuriyyət
qısa müddətli mövcudluğunun şərəfli, məsud günlərini yaşayırdı.
Ayın 10-da Paris sülh konfransının Ali Şurası
Rusiya əsarətindən azad olmuş Azərbaycanın
müstəqilliyini de-fakto tanımışdı. Yanvarın
12-də Bakıya çatan xəbər xalq arasında hədsiz
sevinc, qeyri-adi coşqunluq və qürur doğurmuşdu.
Qışın oğlan çağı olmasına baxmayaraq,
şəhərdə yalnız siyasi hərarət yüksəlməmişdi.
İnsanların gözlərinə işıq, ürəklərinə
istilik və təpər gəlmişdi. Bakının mərkəzi
iki günün içində Novruz bayramı günlərində
olduğundan daha şux bahar təravətinə
qovuşmuşdu.
Cümhuriyyət Parlamentinin yanvarın 14-də
keçirilən təntənəli iclasında dövlət
və hökumət nümayəndələrinin, siyasi partiya
liderlərinin biri-birindən inamlı, qətiyyətli
çıxışları səslənmişdi. Ölkənin
xoşbəxt, firavan gələcəyi ilə bağlı
ümidlər, vədlər dilə gətirilmişdi. Azərbaycan
vətəndaşlarından, dost ölkələrin
ictimai-siyasi qurumlarından, diplomatik dairələrdən
alınan teleqramlar oxunmuşdu.
Onlardan birinin mətnini aşağıda olduğu kimi
verirəm:
"Zəhmətkeş müsəlman
qadınlarının bir dəstəsindən.
Gənc Azərbaycanı qazandığı müstəqilliyin
möhkəmlənməsi bayramı münasibəti ilə
salamlayır və ümid edirik ki, nəhayət, müsəlman
qadını da bu azadlığın kölgəsində
çoxəsrlik cəhalət və hüquqsuzluqdan
qurtarmağa nail olacaq.
Eynülhəyat Usubbəyova
Səlimə Yaqubova
Sara xanım Xuramoviç
Məryəm xanım Muxtarskaya
Gülsüm Sübhanqulova
Fusa Dudarova
Q.S.Məlikova".
Bu yazıda millətin və
dövlətin qürur günündə bir araya gəlib səmimi
təbrik sözlərini uca Parlamentin, xalqın diqqətinə
çatdıran "müsəlman qadınlarının"
kimliyini məhdud materiallar əsasında da olsa,
araşdırmağa çalışacağam.
Azərbaycan Cümhuriyyətinin dünyanın bir
çox inkişaf etmiş, demokratiya ənənələrinə
malik dövlətini qabaqlayaraq hələ 1918-ci ildə
qadınlara seçki hüququ vermişdi. Təbi ki,
açıq fikirli, ziyalı xanımlar bu tarixi hünər
qarşısında borclu qala bilməzdi. Ona görə də
sevinc və sevgilərini birincilər sırasında
bölüşmüşdülər.
Kim idi Cümhuriyyət sevdalısı xanımlar?
Siyahıda birinci dayanan Eynülhəyat Usubbəyova
(1888-1955) daşıdığı soyaddan da
göründüyü kimi, Baş nazir Nəsib bəy Usubbəyovun
ailə üzvü, daha doğrusu, 1916-cı ildən birlikdə
yaşadığı ikinci xanımı idi.
Qızlıq soyadı Baişeva olan Eynülhəyat Məhəmmədcan
qızı 1888-ci ildə Penza şəhərində, Kazan
tatarı ailəsində doğulmuşdu. Ailədə
altı bacı idilər, hamısı dövrünə
görə mükəmməl təhsil almışdı.
Bacılardan üçünün sonrakı həyatı,
taleyi və uğurları isə Azərbaycanla bağlı
olmuşdu. Mənbələrdəki məlumatlara əsasən,
Eynülhəyat 1905-ci ildə II Penza gimnaziyasını
qızıl medalla bitirmişdi. Balaşov qadın
gimnaziyasının universitetlərə
daxil olmaq hüququ verən VIII sinfini də tamamlayıb
mürəbbiyə, yəni ev müəllimliyi səlahiyyəti
qazanmışdı. 1909-1910-cu illərdə isə Peterburq
Ali Qadın kurslarında riyaziyyat üzrə təhsil
almışdı. Bir müddət Saransk qadın
gimnaziyasının yuxarı siniflərində dərs
demişdi. 1912-ci ilin oktyabrında Qafqaz Təhsil Dairəsinin
dəvəti ilə Azərbaycana gəlib Gəncə Müqəddəs
Nina qız məktəbinə fizika-riyaziyyat müəllimi
kimi işə başlamışdı.
Həmin dövrdə burada yaşayan digər
ziyalı tatar xanımı - "Tərcüman" naşiri
İsmayıl bəyin
qızı Şəfiqə Qaspıralı və onun əri
- Gəncənin tanınmış şəxslərindən Nəsib
bəy Usubbəyovla tanış olmuşdu. Heç gözləmədikləri
halda tezliklə "məhəbbət
üçbucağına" çevrilən
tanışlıq patriarxal qaydaların hökm
sürdüyü əyalət Gəncəsində
üçünün də həyatını kökündən
dəyişmişdi. Sevgi öz işini
görmüşdü. Nəsib bəy həm də ideya dostu,
məsləkdaşı olan xanımını, iki körpə
övladını atıb imam nikahı ilə Eynülhəyatla yaşamağa
başlamışdı. Şəfiqə övladları Zəhra
ilə Niyazini götürüb
Bağçasaraya, atasının yanına qayıtmaqdan
başqa çıxış yolu görməmişdi. Sonralar
bu tanışlığa özünün şərait
yaratdığını yada salıb təəssüflənirdi.
1918-ci ildə, Cümhuriyyət hökumətində
nazir vəzifəsi tutduğu vaxt Nəsib bəy qanuni
arvadı ilə iki övladını anarxiya və xaosun
hökm sürdüyü Krımdan Bakıya gətirmişdi
(Bu haqda "Baş nazirin xanımı" kitabımda
geniş məlumat verildiyi üçün təkrara lüzum
görmürəm). Amma bir yerdə yaşamırdılar. Nəsib
bəy Usubbəyov 1919-1920-ci illərdə iki dəfə
Baş nazir olmuşdu. "Birinci xanım" isə təbii
ki, artıq Baişeva soyadını dəyişib Usubbəyova
kimi tanınan Eynülhəyat xanım idi. Çox güman,
elə buna görə də Cümhuriyyətin beynəlxalq
uğurunu təbrik edən xanımların siyahısında
adı birinci yazılmışdı. Başqa əsas da
vardı - yəni vəzifə iyerarxiyası da öz təsirini
göstərməmiş deyildi. Çünki teleqramın
göndərildiyi vaxt Xalq Maarifi Nazirliyinin orta məktəblər
şöbəsinə rəhbərlik edirdi. Yəqin ki,
özünü xoşbəxt, uğurlu qadın saya bilərdi.
Sevimli işi ilə məşğul olurdu. Yeni, müstəqil
Azərbaycan hökumətinə rəhbərlik edən əri
vardı. Ailədə Bəhiyyə adlı qızları
böyüyürdü.
Cümhuriyyətin süqutu, Nəsib bəy müəmmalı
şəkildə qətlə yetirilməsi bu xoşbəxtliyin
üstündən qalın, qara xətt çəkdi. Ən
böyük sevinci olan kiçik Bəhiyyə öldü.
Özünü isə keçmiş müsavatçı
arvadı kimi təqib etməyə, incitməyə
başladılar. Bacardığı qədər duruş gətirməyə,
müqavimət göstərməyə
çalışdı. Həyatı bahasına başa gələcəyini
bilsə də, bəzən haqsızlığa meydan oxumaqdan
belə çəkinmədi. Amma insan dözümü
hüdudsuz deyil. Artıq Bakı universitetinin hazırlıq
kurslarında müəllim kimi çalışmasına
baxmayaraq, Eynülhəyat da sonda yoruldu, bezdi, günün
birində hər şeyi atıb Daşkəndə,
bacısı Zeynəbin yanına köçdü. Burada yerli
Maliyyə-İqtisad İnstitutunda ixtisası üzrə
çalışmağa başladı.
Həyatı nisbətən qaydaya düşsə də,
Bakı sehrli bir qüvvə ilə onu özünə çəkirdi.
1944-cü ildə müharibənin hər şeyi
unutdurduğunu, hamının başını
qatdığını düşünüb geri
qayıtdı Qiyabi Pedaqoji İnstitutda işə düzəldi.
Amma tezliklə anladı ki, burada kim olduğunu yaddan
çıxarmayıblar. Unudulmaq üçün yenə
fırfıra kimi fırlanmalı idi. Moskvada, ata yurdu
Tatarıstanda, təzədən Daşkənddə
yaşadı.
1952-ci ildə sanki siyasi ab-havanın tezliklə dəyişəcəyini
hiss edib neçənci dəfə Bakıya qayıtdı.
Çünki burada yalnız həyatının unudulmaz
dövrü ilə bağlı xoş xatirələri deyil,
canı canından, qanı qanından olan yaxınları,
doğmaları vardı. Bacısı, Bakıda ilk qadın həkimlərdən
biri kimi tanınan Güləndam Baişeva-Zeynalova Azərbaycan
Tibb İnstitutunun professoru idi. Digər bacısı,
dost-tanışlarının "canlı ensiklopediya"
adlandırdığı Şəms-Qəmər xanım xalq
maarifi sahəsində çalışırdı. Qəribədir
ki, Şəfiqə Qaspralı İstanbulda, Eynülhəyat
Baişeva-Usubbəyova isə Bakıda xatirələrində
ağlı-qaralı izlər qoymuş Nəsib bəyi
unutmadan yaşadılar. Eynülhəyat 1955-ci ildə, Şəfiqə
xanım 20 il sonra - 1975-ci ildə vəfat etdi.
Səlimə Yaqubova (1894-1982) Cənubi Qafqazda
doğulub-böyüyən, əvvəl Tiflisdə, sonra
Bakıda yaşayan Kazan tatarı ailəsindən idi.
Haqqında ilk dəfə nisbətən geniş, əhatəli
məlumat Misir Mərdanov və Ədalət Tahirzadənin
"1920-ci ilə qədər ali məktəblərdə oxumuş
azərbaycanlılar" çoxcildliyində (10-cu cild, səh.
210-219, Bakı, 2025-ci il) verilib. Ərinin soyadı ilə həm
də Osmanzadə kimi tanınan Səlimə xanım
1894-cü il (bəzi mənbələrdə 1890-cı il kimi
də göstərilir - V.Q.) doğumludur. Atası
Xeyrülislam Yaqubov XIX əsrin 80-ci illərindən Tiflisdəki
tatar məscidinin imamı idi. Səlimə Yaqubova Tiflis
qızlar gimnaziyasında səkkiz illik tam təhsilini başa
vurandan sonra H.Z.Tağıyevin maddi dəstəyi ilə Peterburq Ali Qadın
kurslarının fizika-riyaziyyat fakültəsini bitirərək
gimnaziya və orta ümumtəhsil müəssisələrində
dərs demək hüquq qazanmışdı. Müəllim
kimi pedaqoji fəaliyyətə 1916-cı ildən
başlamışdı. Növbəti ildən həm də
soydaşları - Volqaboyu tatarları arasında maarifi yayan cəmiyyətin
işində yaxından iştirak etmişdi.
Bakı quberniyası və Dağıstan vilayəti
2-ci rayonunun xalq məktəbləri direksiyasının müfəttişi
Sultan Məcid Qənizadə direksiyanın rəhbəri
İ.Y.Radetskiyə 4 sentyabr 1916-cı il tarixli məktubunda
onun irəli çəkilməsini tövsiyə edərək
yazırdı: "Səlimə Yaqubovanın Bakı
Aleksandrinski rus-müsəlman qız məktəbinin müdirəsi
və məktəb nəzdindəki ikiillik pedaqoji kursların
nəzarətçisi vəzifəsinə təsdiq
olunmasını xahiş edirəm. Xanım Yaqubova Petroqrad ali
qadın kurslarının fizika-riyaziyyat fakültəsini
biologiya ixtisası üzrə bitirib".
Yeri gəlmişkən, Səlimə xanım
H.Z.Tağıyevin qız məktəbinin 4-cü rəhbəri
idi. Ona qədər spesifik təhsil ocağına Hənifə
xanım Məlikova, Məryəm xanım Sulkeviç və
Adilə xanım Şahtaxtinskaya başçılıq
etmişdilər.
Səlimə Yaqubova qısa müddət ərzində
məktəbə himayədarlıq edən Tağıyevlər
ailəsinin, eləcə də valideyn və şagirdlərin
böyük hörmətini qazanmışdı. Tarix elmləri
doktoru Fərhad Cabbarovun "H.Z.Tağıyevin qız məktəbinin
tarixindən adlı" kitabında epizodik də olsa, onun barəsində
xatirələrə təsadüf edilir. Keçmiş
şagirdi Törə Həşimova təxminən 50 il sonra
müəllimin belə xatırlayırdı: "Mən
oxuduğum vaxtı məktəbin müdirəsi Adilə
xanım Şahtaxtinskaya idi, ondan sonra Petroqradda fizika-riyaziyyat və
pedaqoji fakültələri bitirən Səlimə xanım
Yaqubova oldu. O, çox ağıllı və ciddi qadın
idi. S.Yaqubova həmçinin məktəb nəzdində fəaliyyət
göstərən ikiillik pedaqoji kurslara rəhbərlik
edirdi".
1917-ci il Fevral inqilabından sonra adı yalnız Cənubi
Qafqazda deyil, keçmiş
Rusiya imperiyası ərazisində qadın hərəkatının
fəal nümayəndələri sırasında çəkilirdi.
Həmin il 24-27 aprel tarixlərində müsəlman
qadınlarının Kazanda keçirilən Ümumrusiya
qurultayının qərarı ilə yeni təsis edilən
Rusiya Müsəlman Qadınlarının Müvəqqəti
Mərkəzi Təşkilat bürosunun sədri
seçilmişdi. Eyni ilin may ayında Səlimə Yaqubova həmkarı,
pedaqoq və yazıçı Şəfiqə Axundzadə ilə
birlikdə Ümumrusiya müsəlmanlarının Moskvada
açılan qurultayının (1-11 may 1917-ci il)
iştirakçıları sırasında idi. Üstəlik
də, qurultayın Rəyasət Heyətinə seçilən
yeganə qadın nümayəndə idi. Burada Rusiya
türk-müsəlman hərəkatının Əlimərdan
bəy Topçubaşov, Ayaz İshaki, Əhməd Salikov, Cəfər
Seyidəhməd, Musa Cərullah Bigiyev və b. görkəmli
təmsilçiləri ilə yan-yana oturması 25-26
yaşlı tatar qızının qısa müddətdə
hansı yolu keçdiyinə,
ictimai-siyasi həyatda hansı nüfuz və inamı
qazandığına əyani sübut idi. Səlimə
xanımın haqsızlığa qarşı kəskin etiraz,
barışmazlıq dolu, gəncliyə xas maksimalist ruhlu
çıxışı qurultay günlərinin yaddaqalan
hadisəsinə çevrilmişdi. Mövcud müsəlman cəmiyyətinin
modeli sayıla biləcək qurultayın ən atəşin
tribunlarından biri də Səlimə Yaqubova olmuşdu.
Mayın 7-də keçirilən iclasdakı
çıxışında o, türk-tatar və müsəlman
qadınlarının ümumi iradəsini ifadə edərək
kişilərə müraciətlə demişdi: "İndi
bizdə azadlıqdır. Hamımız ondan yararlanmağa can
atırıq. Amma aydın başa düşmək
lazımdır: bu müqəddəs nemətdən istifadə
edə bilməyimiz üçün siz qadınlarla bərabər
olmalısınız. Yalnız bu halda irəli gedə bilərsiniz.
Baxın, bayrağınızda "Ədalət"
sözü yazılıb. Amma biz qadınlara münasibətinizdə
ədalət varmı? Yoxdursa, o zaman
qaldırdığınız o bayraqdan da imtina edin. Bizə
haqq-hüquq verməkdən qorxursunuz. Bu yolla da millətin
hüququnu əlindən alırsınız. Axı qadın
millətin anasıdır. Əgər millətin anasına
öz halal haqqı verilmirsə, deməli, əslində milləti
əzmiş olursunuz. Belə çıxır ki, milləti
inkişafını istəmirsiniz. Axı millət yalnız
tam hüquqlu analardan tərbiyə görən vətəndaşlar
sayəsində irəli gedir. Millətin inkişafı, tərəqqisi
sizin idealınızdırsa, bizim üçün də
idealdır. Qərarlarımıza əməl etməsəniz,
tələb etdiyimiz hüquqları verməsəniz, onsuz da
onları alacağıq. İndiyə qədər Nikolay
istibdadı hökm sürürdü. Sonda xalqın
arzularına qarşı durmaq gücündə
olmadığını anlayıb rədd olub getdi. Sizin də
istibdadınız dağılacaq. Bizə hüquq verməyən
istibdadınız yıxacağıq. Tezliklə bizim
küçəmizdə də bayram olacaq".
Təbii ki, bu sözlər ilk növbədə
qurultayın gerilikçi kəsiminə, fanatik din xadimlərinə,
şəriət hökmlərini danışıqsız
qoruyub saxlamaq istəyən molla və işanlara xitabən
deyilmişdi. Həm də açıq fikirli, tərəqqipərvər
nümayəndələrin cəmiyyətin bütün təbəqələri
arasında yaymaları üçün bir mesaj idi...
Mesaj elə qurultayın gedişində müəyyən
əks-səda doğurmuşdu. Səlimə xanımdan sonra çıxış
edən Orenburq müsəlman ruhani idarəsinin qazısı
Hasan Ata Qabaşi həmkarlarına müraciətlə
demişdi: "Üzüaçıq müsəlman
qadından qorxmayın, ürəyi hamıya qapalı olan
insanlardan ehtiyat edin!"
Geniş biliyə, böyük təcrübəyə
malik maarif xadimi kimi tanınan Səlimə xanım
Cümhuriyyət dövründə ictimai və pedaqoji fəaliyyətini
daha böyük şövqlə davam etdirmişdi. Müstəqil
Azərbaycanda biliyinə, təcrübəsinə xüsusi
ehtiyac duyulmuşdu. Xalq maarifi və dini etiqadlar naziri Rəşid
xan Kaplanovun sərəncamı ilə 1919-cu il sentyabrın 4-də
Bakıdakı Müqəddəs
Nina qız məktəbi Birinci Azərbaycan Qadın
gimnaziyasına çevriləndə
Səlimə Yaqubova onun
direktoru, məşhur Smolnı İnstitutunun yetirməsi Xədicə
xanım Ağayeva isə inspektoru təyin edilmişdi.
Əslində bu qərar Azərbaycan müəllimlərinin
həmin ilin 20 avqust-1 sentyabr tarixlərində Bakıda keçirilən III
(Cümhuriyyət dövründə birinci!) qurultayının
tövsiyəsi əsasında qəbul olunmuşdu. Müəllimlərin
ali forumunun digər tövsiyəsi isə məktəb
islahatı və təhsilin məzmun baxımından milliləşdirilməsi
prinsiplərini işləyib hazırlayan komissiyanın təşkili
ilə bağlı idi. Nazir müavini Həmid ağa
Şahtaxtlının sədrliyi ilə həmin il noyabrın
7-də yaradılan komissiyanın tərkibinə Azərbaycan
təhsilinin korifeyləri ilə bir sırada Səlimə Yaqubova,
Sara Xuramoviç-Talışinskaya və Xədicə
Ağayeva kimi gənc nəsli təmsil edən, amma xalq maarifi
sahəsində yaxşı tanınan xanım pedaqoqlar da daxil
idi.
Misir Mərdanov və Ədalət Tahirzadənin
araşdırmalarından aydın göründüyü kimi,
Səlimə Yaqubova sovet hakimiyyəti dövründə də
pedaqoji sahədən uzaqlaşmamışdı: 1920-ci ilin
oktyabrından etibarən biri-birinin ardınca Bakı
darülmüəllimatında (qadın seminariyası), Azərbaycan
Qadın Məktəbəqədər Tərbiyə
İnstitutunda, Volqaboyu tatarları üçün 6 aylıq
pedaqoji kurslarda, Bakı Ali
Zükur (kişi) Pedaqoji İnstitutunda müəllim kimi
çalışmış, əsasən biologiya və
zoologiya fənlərini tədris etmişdi. Ali Pedaqoji
İnstitut bağlandığı üçün 1927-1928-ci
tədris ilində vəzifəsindən
uzaqlaşdırılmışdı. Vəfat tarixini
çıxmaq şərti ilə sonrakı həyatı haqda
hələlik konkret bilgilər əldə etmək
mümkün olmayıb.
Sara xanım Xuramoviç (1890-1971) - Talış
xanlarının nəslindən olan general Mir Kazım bəy
Talışinskinin (1855-1932) qızı, ana tərəfdən
isə Azərbaycanın ilk universitet təhsilli
ziyalılarından Ağa bəy Yadigarovun (1823-1892) nəvəsi
idi. 1918-ci ildə əslən Polşa tatarı, Cümhuriyyət
xarici işlər nazirliyi Dəftərxanasının direktoru
və Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyinin
əməkdaşı kimi çalışmış
İsmayıl bəy Xuramoviçlə (1883-1942) ailə
qurmuşdu. Təhsilini fərqlənmə diplomu ilə
bitirdiyi Tiflis qadın gimnaziyasında və müəllimlik
hüququ verən xüsusi fransız dili kurslarında almışdı.
Hazırda ABŞ-da yaşayan nəvəsi Zərifə
Eberlinin Ədalət Tahirzadəyə yazdığına
görə, "16 yaşından Tiflisdə müsəlman
qızları üçün məktəbdə dərs
deyib. İsmayıl bəyə ərə gedərək 1919-cu
ildə Bakıya köçüb və o zamandan təqaüdə
çıxana qədər müxtəlif məktəblərdə
dərs deyib".
Cümhuriyyət dövründə uzun illər boyu
Bakının ən nüfuzlu qadın təhsili ocağı
sayılan Mariininsk, milliləşdiriləndən sonra isə
Birinci Azərbaycan qız gimnaziyası adlanan tədris müəssisəsinin
müfəttişi olmuşdu.
Sovet rejimi də onun bilik və bacarığına
ehtiyac hiss etmişdi. 1922-1923-cü illərdə Sara xanım
Bakı Ali Pedaqoji Qadın İnstitutunun birinci və sonuncu
direktoru kimi
çalışmışdı. Sovet hakimiyyətinin
ilk dövrlərində müxtəlif idarə və təşkilatların sürətlə
açılıb-bağlandığı bir şəraitdə
milli təhsilə fayda gətirə biləcək İnstitutun naməlum səbəblərdən
fəaliyyətini tam şəkildə ortaya qoymağa imkan
vermədən bağlanması təbii ki, Sara xanımın
günahı deyildi.
Zərifə Eberlinin dediyinə görə, nənəsi
Azərbaycanda milli təhsil ocaqlarının açılmasından
istifadə edib Bakı universitetinin şərqşünaslıq
fakültəsini bitirmiş,
Leninqradda isə Şərq dilləri üzrə
aspirantura təhsili almışdı. Pensiyaya
çıxdığı 1960-cı ilə qədər Azərbaycan
Dövlət Universiteti və Pedaqoji İnstitutda dərs
demişdi. Dövrü mətbuatda çap edilmiş məqalələrin
müəllifi idi. Ana dili olan Azərbaycan dili və ruscadan
başqa, gürcü, fransız, fars dillərini də
yaxşı bilirdi.
Təbrikə imza atan Məryəm xanımın
soyadı 1920-ci ilin yanvarında ilk öncə bu materialı dərc
edən "Azərbaycan" qəzetində,
sonra isə digər mənbələrdə
səhvən Muxtarskaya şəklində gedib. Əslində Məryəm
Muxranskaya olmalı idi. Mənşə etibarı ilə
Polşa-Litva tatarları ilə bağlılığı
şübhə doğurmur. Məryəm xanım
Sulkeviçin məktəbə rəhbərliyi dövründə
şagirdlər arasında imperiyasının Qərb vilayətlərində
yaşayan bu türk soyunun təmsilçilərinə təsadüf
etmək mümkün idi. Siyahılarda konkret olaraq Məryəm
Muxranskaya adına rast gəlməsək də, məktəbin
yetirmələri sırasında eyni soyadı daşıyan,
bacısı, yaxud əmisi qızı olduğunu ehtimal edə
biləcəyimiz Cənnət
Muxranskaya var. O, əvvəl Hacının qız məktəbində
oxumuş, sonra bir müddət burada müəllimlik
etmişdi. Məktəb yoldaşlarının xatirələrindən
1920-ci illərdə yenicə açılmış Bakı
universitetinin tibb fakültəsini bitirib həkim ixtisasına
yiyələndiyini öyrənirik.
Təbrik məktubundakı növbəti imza -
Gülsüm Sübhanqulova haqqında məlumatlar da çox
məhduddur. Səhihliyi çox da inam doğurmayan bir sənəddə
1895-ci ildə doğulduğu qeyd edilir. 1906-1911-si illərdə Tağıyevin qız məktəbinin
şagirdi olan, təhsilini tamamlayandan sonra bir müddət
burada müəllim kimi çalışan, sonralar isə tibb
sahəsini seçən həkim Şərəbanı
Şabanova 17 iyun 1956-cı ildə qələmə
aldığı xatirələrində müəllimləri
sırasında Gülsüm xanım Sübhanqulovanın da
adını çəkmişdi: "Məktəbin
bütün personalı bir qayda olaraq, qadınlardan ibarət
idi: müdirə - Məryəm xanım Sulkeviç, sonra isə
Gülbahar xanım Axrıyeva, müəllimələr - Rəhilə
xanım Hacıbababəyova-Terequlova, Gülsüm xanım
Sübhanqulova, Mavilə xanım Palovandova (əslində acar
aristokratiyasını təmsil edən Palvandova
olmalıdır - V.Q.), Səriyyə xanım Axmetyeva, Adilə
xanım Şahtaxtinskaya və b. Dairə müfəttişi
Soltan Məcid Qəniyev (Qənizadə - V.Q.), məktəbin
həkimi (o illərdə azərbaycanlı qadın həkimlər
yox idi) və qoca qarovulçu tatar Cəmaləddin istisna idilər"
Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə növbəti
il üçün çap olunan,
hökumət idarələrinin əməkdaşları
və dövlət qulluqçuları` ilə bağlı
müxtəsər məlumatı özündə ehtiva edən
"Ünvan-təqvim" kitabındakı qısa bir məlumatdan
isə Gülsüm Sübhanqulovanın pedaqoji fəaliyyətdən
uzaqlaşaraq həmin dövrdə Nazirlər Şurası
İşlər İdarəsinin Dəftərxanasında
azsaylı qadın məmurlardan biri kimi
çalışdığını öyrənirik. Bununla
da necə deyərlər, dairə qapanır.
İlk baxışdan qəribə görünən
Fusa Dudarova adı da bizə konkret heç nə demir və bu
təsadüfdə də ehtimallara əl atmaq zərurəti
yaranır. 1919-cu ilin yayında Bakı qəza hərbi rəisinin
idarəsinə şəxsi heyət üzrə işlərə
rəhbərlik poruçik Adil Girey Dudarova həvalə
olunmuşdu. O, soy-kök etibarı ilə Şimali Osetiyadan,
müsəlman osetinlərdən idi. 1850-1917-ci illərdə
rus ordusunda Dudarov soyadı daşıyan, dördü general
rütbəsinə yüksəlmiş 21 nəfər osetin əsilli
hərbçi xidmət etmişdi. Təbii ki, Adil Girey də
onlardan idi. Dudarov soyadının məhdud dairədə yayıldığını
və Cümhuriyyət sənədlərində eyni soyadı
daşıyan başqa şəxsə təsadüf edilmədiyini
nəzərə alsaq, təbrikə imza atmış Fusa
Dudarovanın poruçik Adil Gireyin yaxın qadın qohumu -
bacısı, yaxud xanımı olduğunu düşünməyə
əsaslar yaranır.
Nəhayət, təbrik məktubundakı sonuncu ad -
Q.S.Məlikova. Təbii ki, söhbət Həsən bəy Zərdabinin
qızı, xalq müəllimi Qəribsoltan Məlikovadan
(1886-1967) gedir. Azərbaycanda
az-az təsadüf olunan qəribə adı ona anası Hənifə
xanım sevimli qardaşı Soltan Abayevin şərəfinə
vermişdi. Sonbeşik qızına bu adı qoymaqla sanki qəriblikdə
də Soltanın daim yanında olması, qürbət məmləkətdə
bacısına hayan durması təəssüratını,
yaxud illüziyasını yaratmaq istəmişdi.
Təəssüf ki, Zərdabi ailəsinin digər
üzvləri kimi, Qəribsoltan xanım haqqında da səhih
bilgilər əldə etmək müşkül məsələdir.
İnternet şəbəkəsindəki məlumatlar əksərən
qüsurludur, yoxlanmamış mənbələrdən
götürüb, bəzi hallarda biri-birini təkzib edir, yaxud
sadəcə şayiə, uydurma xarakteri daşıyır.
Doğum tarixi həm 1886, həm də 1896-cı il kimi
göstərilir. Tam əminliklə ikinci versiyanın
kökündən yanlış olduğunu deyə bilərik.
Əgər bu tarixə inansaq, onda belə çıxır
ki, Həsən bəy vəfat edəndə Qəribsoltanın
11 yaşı vardı. Və belə çıxırdı
ki, bu yaşda artıq gimnaziya təhsilini başa vurub, pedaqoji
kurs bitirib müəllimliklə məşğul olurdu.
Atası haqqında yetkin, detallı xatirələri, Həsən
bəyin vəfatı və dəfni ilə bağlı diqqət
yetirdiyi məqamlar da ikinci versiya tərəfdarlarının
bu rəqəmi havadan götürdüklərini, özlərindən
uydurduqlarını isbat edir.
Təbii ki, yazının məqsədi teleqram müəlliflərindən
birinin tərcümeyi-halını incəliklərinə qədər
araşdırmaq deyil. Sadəcə Qəribsoltan Məlikovanın
o sənədə imza atmağa hamıdan çox mənəvi
haqqı olduğunu diqqətə çatdırmaq istərdim.
Çağdaş siyasi düşüncəyə və
mütəşəkkilliyə malik millət olmağa,
müstəqil dövlətini qurmağa aparan yolun
binasını qoyanlardan biri, bəlkə də birincisi
atası, "yorulmaz Əkinçi" Həsən bəy Zərdabi
idi. Uzaq Parisdə necə deyərlər, "aslanlar
arasından tac götürüb" Azərbaycanın de-fakto
müstəqilliyini təmin edən heyətin başında
böyük bacısı Pəri xanımın əri Əlimərdan
bəy Topçubaşov dayanırdı. Parisə qədər
gedib çıxa bilməsə də, kiçik
qardaşı Səfvət nümayəndə heyətinin tərkibində
çalışmışdı. Bacısı uşaqları
Ələkbər bəy və Rəşid bəy gənc
yaşda Cümhuriyyət yolunda əziyyət və fədakarlıqdan
çəkinməmişdilər. Nəhayət, Cümhuriyyətin
sevinc və qüruru qədər əzab və məşəqqətini
də həyatını tənhalıq içində başa
vuran, bəzən dərdini deməyə adam tapmayan bu köməksiz,
amma qətiyyətli qadın özü
yaşamışdı.
Bir neçə sətirlik sənədin və onun
arxasındakı mürəkkəb insan talelərinin
doğurduğu təəssüratın təsiri altında qələmə
alınmış yazıya burada nöqtə qoyuram.
Sadəcə onu əlavə etmək qalır ki,
Cümhuriyyət həmişə bizimlə olan bayramdır.
Bir yaşı olanda da, yüz yaşını arxada qoyanda da
eyni dərəcədə milli qürur mənbəyi və
"Var millətimin xətti bu imzalar içində!"
inancının təntənəsidir.
Bu böyük hadisənin 106-cı ildönümündə
Cümhuriyyət quran Kişilərin xatirəsi önündə
təzim etmək hamımızın vətəndaşlıq
borcudur.
Sarayevo, yanvar, 2026-cı il
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 9 yanvar (¹1).- S.10-11.