Dövlətin əsas hədəfi:
yüksəkixtisaslı peşəkar kadrların
hazırlanması
Azərbaycanın ali təhsil sisteminin dünya
standartlarına uyğun kadrlarla təmin olunmasına,
dünyanın ən yaxşı ali təhsil müəssisələrinin
doktorantura səviyyəsini bitirən kadrlara böyük
ehtiyac var. Bu səbəbdən də azərbaycanlı gənclərin
xaricdə doktorantura səviyyəsi üzrə təhsili
üçün prioritet ixtisas istiqamətlərinə
uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə
peşəkar mütəxəssislərin hazırlanması
dövlətin əsas hədəflərindən biridir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
bu istiqamət üzrə Dövlət Proqramı da qəbul
edilib. "Gənclərin xarici ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı"na daxil edilən doktorantura səviyyəsi
üzrə kvota sayı da müəyyənləşib.
Reytinqli universitetlərdə yüksəkixtisaslı
peşəkarlar kimi yetişən və elm sahəsində
öz sözünü deyə biləcək gənclərimizin
hər biri ölkəmizin güclü kadr və intellekt
potensialıdır. Bu məsələ daim Prezident İlham
Əliyev tərəfindən diqqət mərkəzində
saxlanılır.
Prezident çıxışı zamanı bildirib ki,
inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka,
ağıl, təhsil, elmlə bağlıdır, neftlə,
qazla yox: "Baxın, neftlə, qazla zəngin olan ölkələrin
və inkişaf etmiş ölkələrin vəziyyətinə.
Bəli, neftlə, qazla zəngin olan ölkələr
arasında uğurlu ölkələr var, çox deyil, amma
var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri
onları icad edir? Yox, o, beyin mərkəzlərindən,
texnoloji mərkəzlərdən gəlir. O da nəyə
bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir.
Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.Təhsilin
keyfiyyətinin, müəllimlərin sosial təminatının
və peşəkarlığın artırılması, test
sistemi və sair. Bütün bu amillər bir məqsəd
güdür ki, cəmiyyət savadlı və bilikli olsun.
Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik.
Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox
ağır vəziyyətə düşə bilərik. Amma
indi biz xalqımızın, dövlətimizin gələcəyini
onilliklər, yüzilliklər bundan sonra görməyə
çalışmalıyıq. Ona görə bu, həddindən
artıq vacib sahədir və ümid edirəm ki, aparılan
islahatlar yaxşı nəticələrə gətirib
çıxaracaq.Bizim çoxlu istedadlı gənclərimiz
var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil
almış çoxlu gənc mütəxəssisimiz var.
Vaxtilə mənim göstərişimlə xaricdə təhsil
alanlar artıq çoxdan qayıdıblar. Çoxları
qayıdıb burada çalışır və
görürük ki, məsələn, rəhbər vəzifəsinə
müasir, bilikli kadr gələndən sonra vəziyyət
tamamilə dəyişir".
Təhsil məsələləri üzrə ekspert
Elçin Əfəndi deyir ki, Prezident İlham Əliyevin
müvafiq sərəncamlarına əsasən, nüfuzlu
xarici ali təhsil müəssisələrində təhsil
almaq istəyən Azərbaycan universitetlərinin məzunları
üçün dövlət tərəfindən müəyyən
imkanlar yaradılmışdır. Bu istiqamətdə sonuncu
dövlət proqramı 2022-2028-ci illəri əhatə edir.
Bu proqramın ilkin mərhələsində doktorantura səviyyəsi
üzrə xaricdə təhsil üçün yerlər nəzərdə
tutulmamışdı. Lakin son iki ildə doktorantura üzrə
təhsil almaq istəyən şəxslər
üçün də bu imkan yaradılmışdır.
Əvvəlki proqramlarla müqayisədə bu, mühüm
yenilik hesab edilə bilər: "Əvvəlki illərdə
xaricdə doktorantura təhsili alan Azərbaycan vətəndaşları
əsasən "2019-2023-cü illər üzrə ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"
çərçivəsində təhsil almış, bununla
bağlı müvafiq razılıq və öhdəliklər
əldə etmişdilər. Həmin şəxslər təhsillərini
başa vurduqdan sonra ölkəyə qayıdaraq ali təhsil
müəssisələrində, xüsusən də
doktorantura və elmi bölmələrdə fəaliyyət
göstərirdilər. Lakin 2022-2028-ci illəri əhatə edən
sonuncu proqramda bu məsələlər əvvəlki
proqramlardakı kimi konkret şəkildə göstərilməyib.
Proqrama əsasən, xaricdə təhsil alan şəxslərin
ölkəyə qayıtdıqdan sonra dövlət sektorunda,
o cümlədən ali təhsil müəssisələrində
və ya digər dövlət qurumlarında fəaliyyət
göstərməsi nəzərdə tutulur. Proqramda qeyd olunur
ki, xaricdə təhsil almış şəxslər ölkəyə
qayıtdıqdan sonra minimum 5 il, bəzi hallarda isə 15 il
müddətində ölkə daxilində əmək fəaliyyəti
ilə məşğul olmalıdırlar. Bu tələbin
pedaqoji yönümlü ixtisaslar üçün məntiqli
olduğunu qəbul etmək olar. Lakin qeyri-pedaqoji ixtisaslar
üzrə də eyni tələbin tətbiq edilməsi,
düşünürəm ki, birmənalı
qarşılanmamalıdır və bu məsələ ilə
bağlı gələcəkdə müvafiq qərarların
verilməsi mümkündür. Qeyd etmək lazımdır ki,
həmin şəxslərin fəaliyyət sahəsi yalnız
ali təhsil müəssisələri ilə məhdudlaşmır;
onlar digər dövlət strukturlarında da
çalışa bilərlər. Beşillik əmək fəaliyyəti
tələbi yalnız ali təhsil sahəsi üçün
deyil, ümumilikdə dövlət sektorunda fəaliyyət
göstərmək şərti kimi müəyyən edilib. Məlumdur
ki, əvvəlki proqramlar çərçivəsində
xaricdə təhsil alan bəzi vətəndaşlarımız
dövlət büdcəsi hesabına maliyyələşdirilmələrinə
baxmayaraq, təhsillərini bitirdikdən sonra ölkəyə
qayıtmayıb, digər ölkələrin iqtisadiyyatına
və elmi potensialına töhfə veriblər. Halbuki
onların təhsil xərcləri Azərbaycan dövlət
büdcəsi və vətəndaşlarımızın
ödədiyi vergilər hesabına qarşılanıb. Məhz
bu səbəbdən sonuncu proqramda belə bir qərar qəbul
edildi ki, xaricdə təhsil alan hər bir vətəndaş
mütləq şəkildə ölkəyə
qayıtmalı və minimum 5 il ərzində ölkə
daxilində əmək fəaliyyəti göstərməlidir.
Bu fəaliyyət əsasən dövlət strukturlarında həyata
keçirilməlidir. Əslində məsələnin həlli
üçün iki qaydadan biri tətbiq edilsə, problem olmaz.
1) Əsas deyil, ikinci iş yeri olmaq tələbi. 2) Yüksək
məvacib hesabına əsas iş yeri".
Təhsil eksperti Elmin Nuri hesab edir ki, doktorantura səviyyəsi
üzrə təhsil alan şəxslər təkcə akademik
müstəvidə-universitet və elmi institutlarda deyil, həm
də müxtəlif istehsalat obyektlərində kifayət qədər
bacarıqlı ola bilərlər. Odur ki, onların bu səviyyə
üzrə təhsillərini bitirdikdən sonra 5 il ərzində
ancaq universitetlərdə işləmələri, yəni bu
müddətdə sırf akademik fəaliyyətlə məşğul
olmaları müəyyən məhdudluq və demotivasiya
hallarına yola aça bilər: "Doktorantura bitirənlərin
akademik fəaliyyətlə məşğul olmaları,
öz bilik və təcrübələrini universitetlərdə
daha da inkişaf etdirməklə yanaşı, müəyyən
hallarda yaya bilmə bacarıqları bu işin müsbət tərəfidir.
Lakin prosesin məntiqi zəncirinin sonrakı halqaları -
istehsalat, praktiki bacarıqların tətbiqi meyarı
qırılır ki, bu da gənc alim namizədlərə bir
neçə istiqamətdə problemlər yaradır.
Bugünün doktorantı həm də müasir
dünyanın trendlərinə uyğun olaraq akademik nəzəri
baza ilə, praktiki peşəkar bilgiləri sintez etməli və
hər iki meyar üzrə bacarıqlarını ortaya
qoymalıdır. Məhz bu zaman o bütöv halda hansısa
ixtisas üzrə öz verimliliyini daha da artırmış
olacaqdır. Məhz bu zaman ali təhsil pilləsi üzrə
bütün səviyyələrin-eləcə də PHD
(doktorantura) əsas inkişaf düsturu olan elm-innovasiya-sənaye
üçbucağı həm fərdin özünə, həm
də ətrafa çox ciddi fayda verə biləcəkdir. Təəssüf
ki, doktorantura təhsilindən sonra yalnız akademik fəaliyyətlə
məşğulolma tələbi ilk növbədə bu üçbucağın
inkişaf dinamikasına ciddi zərbə vurur. Bu fərdləri
iki seçim arasında - akademik müstəvi, universitet və
sənaye-istehsalat dilemması arasında qoyur. Nəticədə
onlardan yalnız birini seçməyə məcbur olan doktorant
məzunun məmnunluq və özünifadə faizi də
çox yüksək olmayacaqdır. Bu isə onun birbaşa
verimliliyinə, faydalılığına çox ciddi təsir
göstərmiş olacaqdır. Odur ki, doktorantura təhsilindən
sonrakı 5 il ərzində akademik müstəvi ilə sənayə
müstəvisinin sintezinin yaradılnması, doktorant məzuna
nəzəriyyə ilə yanaşı, praktiki bilgilərin də
tətbiqində yardımçı olmaq çox vacibdir. Belə
olduğu halda elm-innovasiya-sənaye üçbucağı da
müsbət tərəfə doğru dəyişmiş
olar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.9.