Dəyişkən iş qrafikinin tətbiqi
nəyi dəyişəcək?
Məlum olduğu kimi, ötən il Bakı şəhərində
və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
məqsədilə dövlət orqanları, təhsil və
tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi
barədə Dövlət Proqramı qəbul edilib. Proqrama əsasən,
dövlət qurumları, təhsil və tibb müəssisələri,
eləcə də digər hüquqi və fiziki şəxslərin
iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil
ediləcək. Bunun üçün aidiyyəti dövlət
qurumlarına təhlillərin aparılması və
müvafiq siyahıların təsdiq edilməsi barədə
tapşırıq verilib.
Bakıda illərdir davam edən tıxac və
sıxlığın aradan qaldırılması istiqamətində
müəyyən addımların atılmasına,
regionların inkişafı istiqamətində bir sıra
işlərin görülməsinə, dövlət
proqramlarının icra olunmasına baxmayaraq, problemlər
bügünədək öz həllini tapmayıb. Bu gün də
paytaxt yollarında saatlarla davam edən tıxaclar Bakı
sakinləri üçün ən ciddi problemlərdən
birinə çevrilib. Dəyişkən iş qrafikinin tətbiqi
bu problemin aradan qaldırılması istiqamətində
atılan əsas addımlardan biri hesab olunur.
İqtisadçı millət vəkili Vüqar
Bayramov hesab edir ki, fərqli iş qrafikinin tətbiq edilməsi
bütövlükdə Dövlət Proqramının istiqamətlərindən
biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf
edilmiş ölkələrə, xüsusən də Avropa
ölkələrinə diqqət yetirsək, görərik ki,
dövlət qurumları, özəl sektor, hətta xidmət
sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O
cümlədən bura təhsil müəssisələri də
daxildir: "Azərbaycanda da oxşar praktikaların tətbiq
edilməsi məqsədəuyğundur. Çünki bu da
artıq nəzərdə tutulub. Bu, yollardakı
tıxacın, sıxlığın aradan
qaldırılması baxımında vacibdir ".
Sosioloq Elçin Bayramlının dediyinə görə,
şəhər əhalisinin 95 faizi eyni vaxtda işə gedib gəlirsə,
bu, doğrudan da çox böyük problem yaradır.
Heç bir nəqliyyat şəbəkəsi bunun öhdəsindən
gələ bilməz. Bu, mümkün deyil. Hazırda
ikinövbəli təhsil müəssisələri də var.
Onların da saatını dəyişdirmək
mümkündür. Dəyişkən iş qrafiki olarsa,
işə tez gələn axşam tez də çıxıb
evinə gedəcək: "Elə iş yerləri var, səhər
saatlarında açılması vacibdir. Amma elə iş yerləri
də var ki, 1 və ya 2 saat gec başlanması problem yaratmaz,
iş əmsalına ciddi təsir etməz. O səbəbdən
də belə iş yerləri, müəssisələr işə
bir az gec də başlaya bilər. Elə dövlət
orqanları var ki, iş saatı standart olmalıdır. Amma məsələn,
tələbələrin dərs saatlarının irəli-geri
çəkilməsi heç bir problem yaratmayacaq. Bu məsələlər
dəqiq müəyyənləşməlidir".
İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə,
dəyişkən iş qrafiki sistemi ilk növbədə
dövlət orqanları, təhsil və tibb müəssisələri,
banklar, eləcə də xidmət-nəqliyyat sektorunda fəaliyyət
göstərən təşkilatlara şamil oluna bilər:
"Bu qurumların işə eyni vaxtda başlaması paytaxt
yollarında ciddi sıxlıq yaradır. Fərqli iş
saatlarının müəyyənləşdirilməsi nəqliyyat
axınının bərabər paylanmasına imkan verəcək.
Məsələn, səhər tıxacının əsas səbəblərindən
biri məktəblərin və dövlət idarələrinin
eyni vaxtda fəaliyyətə başlamasıdır. Bu
baxımdan, təhsil müəssisələrinin dərs
saatlarının bir qədər erkən, bəzi dövlət
qurumlarının isə daha gec başlaması prosesi effektiv
ola bilər".
Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədov hesab edir ki, dəyişkən iş
qrafikinin tətbiqi şəhərdə
sıxlığın, tıxacın qarşısını
almaq üçün görülən kompleks tədbirlərdən
biridir. Bu qərar yalnız kompleks tədbirlər çərçivəsində
səmərə verə bilər: "Hesab edirəm ki,
dövlət strukturlarında iş özəl sektorlara nisbətən
daha tez başlamalıdır. Özəl sektorun da iş
qrafikinə dəyişiklik edilməlidir. Bu, vacibdir. Əgər
dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa,
özəl müəssisələrdə ən azı 1-2 saat
gec tətbiq edilməlidir. Müəssisələr arasında
iş saatlarının bölgüsündə eyniləşmə
aradan qaldırılsa, tıxac problemi də həllini
tapmış olar. Özəl müəssisələrinin fərqli
saatlarda işə başlaması və fərqli saatlarda
işi başa çatdırması imkan verir ki, vətəndaşlar
tıxacda az zaman sərf etsinlər".
S.Məmmədovun dediyinə görə, paytaxtda əsas
tıxac yaradan təhsil müəssisələridir. Təhsil
müəssisələrində isə dərs saatını
bir saat irəli və yaxud geri çəkmək nə qədər
mümkün olacaq, onu demək bir qədər çətindir.
İqtisadçı Natiq Cəfərlinin fikrincə,
dövlət sektorunda dəyişkən iş qrafikinin tətbiqi
mümkündür: "Fikrimcə, büdcədən maliyyyələşən
dövlət təşkilatlarında dəyişkən iş
qrafikinin tətbiqi səmərə verə bilər. Həmçinin
heç bir ciddi problem yaratmaz. Üstəlik, əgər
iş qrafiki düzgün tənzimlənərsə, bu yollarda
sıxlığın azalmasına səbəb ola bilər.
Lakin özəl sektorda dəyişkən iş qrafikinə
keçid bir qədər çətindir. Demək olar ki,
mümkün deyil. Özəl sektor adındanda
göründüyü kimi, özəl qurumlardır və əsasən,
öz gəlirlərini düşünürlər. Bu səbəbdən
də özəl sektorda dəyişkən iş qrafikinin tətbiqi
problem yarada bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.9.