Ali missiya və
müqəddəs borc
Prezident İlham Əliyev ana dilimizin qorunmasını Azərbaycan
televiziyalarına son müsahibəsində çox
mühüm vəzifə kimi bir daha önə çəkdi
Prezident İlham Əliyevin 2026-cı ilin ilk günlərində
yerli televiziya kanallarına, Azərbaycan mediasının
nümayəndələrinə geniş müsahibə verməsi
olduqca dəyərli bir ənənəyə çevrilib.
Ötən ilə yekun vurmaq, yeni başlanan il
üçün nəzərdə tutulanlar barədə fikir
bölüşmək baxımından cənab Prezidentin bu
müsahibələri xüsusi məna, müstəsna əhəmiyyət
daşıyır. Ölkə mediasına daha bir ali diqqət
nümunəsi üçün Azərbaycan Prezidentinə
ürəkdən təşəkkürümü bildirir və
dövlətimizin başçısından müsahibə
alan jurnalistləri bu növbəti nailiyyət münasibətilə
təbrik edirəm. Aydın məsələdir ki, cənab
Prezidentdən müsahibə almaq, ona suallar vermək əksər
jurnalistlərin arzusudur və ilin ilk günlərindəcə
belə bir imkanı qazanmaq son dərəcə xoşdur.
Müsahibə efirə getdikcə saytlarda və sosial
mediada paylaşılan sitatlar misilsiz reaksiyalar doğururdu.
Cənab Prezident 3 dildə – Azərbaycanın xarici
siyasətdəki uğurlarından beynəlxalq siyasi
arenadakı mürəkkəb duruma, ölkəmizin fəal
rol oynadığı qlobal və regional iqtisadi-nəqliyyat
layihələrinə, hərbi quruculuqdan daxili idarəçiliyə,
hətta məmurların davranışlarına qədər –
bütün suallara dolğun cavablar verməklə, qeyd edilən
məsələlərə ətraflı aydınlıq gətirməklə,
öz təbirincə desək, “hazırlıqlı adam
olduğunu” bir daha təsdiqlədi.
Dövlət başçısının
cavabları, toxunduğu mövzular ətrafında artıq
ciddi müzakirələr başlayıb, təhlillər
aparılır və sözsüz ki, bu proses hələ uzun
müddət davam edəcək.
Diqqətimi ən çox çəkən, məni qəlbən
təsirləndirən ən vacib məqamlardan biri Prezident
İlham Əliyevin cavablarında doğma vətənə
sevgisinin, Azərbaycan təbiətinə heyranlığının
həm rasional-əsaslı şəkildə, həm də səmimi
emosionallıqla ifadə edilməsi oldu. Ölkəmizin turizm
imkanlarından danışarkən dövlət
başçısı Azərbaycanın gözəlliklərini
necə də şövqlə, məhəbbətlə vəsf
edirdi: “Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir.
Həqiqətən, təbii cənnətdir”.
Cənab İlham Əliyev indi Qarabağ və Şərqi
Zəngəzuru daha yaxından, əyani formada, hətta, demək
olar, ovcunun içi kimi tanıyır. Şuşadan
Laçına, Laçından Kəlbəcərə yollar,
aradakı məsafələr və bunların tunellər
çəkiləndən sonra necə qısalaraq xeyli əlverişli
olacağı barədə o qədər rahat, ürəkdən
danışır, sanki ən gözəl duyğularından, ən
isti xatirələrindən söz açır. Mübaliğəsiz
deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərə
cənab Prezidentin sevgisi ilahi bir sevgidir və bu barədə
danışan kimi onun gözlərindəki qeyri-adi
işığı sezməmək mümkünsüzdür.
İki məqama da məxsusi diqqət çəkmək
istəyirəm. Cənab Prezidentin bir neçə dəfə
Mirşahinə üz tutaraq, etibarlı şahid kimi
keçmişi xatırlamasının da dərin mənası
vardı və müsahibəyə bir qədər də səmimiyyət
qatır, rahat ovqat yaradırdı. Elə Mirşahin də Azərbaycan
dili və Vətən torpağı haqqında
suallarının fərqli emosional tonu ilə Prezidentin daha da səmimi,
kövrək duyğularla cavab verməsinə zəmin
hazırlamış oldu.
Azərbaycan dilinin saflığının qorunması
məsələsinin Prezident İlham Əliyev
üçün xüsusilə vacib və həssas bir
mövzu olduğu əslində çoxdan aydındır. Bu
barədə dönə-dönə mühüm fikirlər
söyləyib, çıxışlarında Ana dili məsələsinə
dəfələrlə ayrıca toxunub. Yazıçılar və
jurnalistlər çevrəsində cənab Prezidentin səlis
nitqi, Azərbaycan dilini mükəmməl bilməsi barədə
çox müzakirələr aparmışıq. Prezident
öz çıxışlarında, adətən,
danışıqda işlətmədiyimiz, az qala, unudulan kəlmələri,
xalq dilindən gələn söz və ifadələri elə
ustalıqla, sərrast işlədir ki, heyran qalmamaq olmur.
Prezidentin nitqindəki bu yüksək məziyyət – dilimizdəki
söz və ifadələrin uğurlu istifadəsi, yerbəyer
işlədilməsi – əslində dilçilərimiz
üçün xüsusi tədqiqat mövzusu olduğu kimi,
xalqımıza, əsasən də yeni nəsildən
ötrü mötəbər nümunədir. Dövlət
başçısının noyabrın 3-də Elmlər
Akademiyasının yubileyində bu barədə söylədiyi
fikirlərin ardınca həmin mövzuda konfrans keçirərək
dilimizin saflığının qorunması ilə
bağlı cənab Prezidentin narahatlıqlarını
bölüşdük. Bu dəfə isə cənab Prezident
mövzunun daha da dərinliklərinə vardı, hətta Ana
dili məsələsinin ayrıca geniş bir müsahibə
mövzusu olduğunu deyərək jurnalistlərlə gələcək
söhbətin anonsunu da verdi.
Dil məsələsinə münasibət bildirərkən
cənab Prezidentin söylədiyi bu fikirlər onun Ana dilinə
sonsuz məhəbbətinin ifadəsi olmaqla yanaşı, həm
də bu sahədəki narahatlıq doğuran cəhətlər,
milli kimliyimizə, dövlətçiliyimizə qarşı
gizli və aşkar təhdidlər haqqında təsirli xəbərdarlıqdır:
“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə
də birincisidir... Dil milləti millət edir. Biz bütün
dövrlər ərzində dilimizi qorumuşuq və bu gün
danışdığımız Azərbaycan dili bizim ulu
babalarımızın danışdığı Azərbaycan
dilindən fərqlənmir.
...Bizim dilimiz zəngindir, sən istənilən ifadəni
deyə bilərsən, istənilən şeiri yaza bilərsən.
Çox zəngin, çox melodik və gözəldir...
Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir
və milli kimliyimizi də sarsıdır, damcı-damcı,
yavaş-yavaş. Bəlkə də özümüz heç
buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən
gedəndən sonra, yaxud da ki pozulandan sonra, ya da başqa dilə
tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək,
ondan sonra dövlətçilik də gedəcək, ondan
sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər,
böyük fəlakətlə üzləşə bilər...
Efir məkanında ən çox danışan
jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən
istifadə etməsinlər. Təbii ki, bizim
ziyalılarımız, şairlərimiz,
yazıçılarımız onların da sözünə
böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə.
Bunun çox dərin, necə deyərlər, layları var və
dilimizi nə qədər çox qorusaq, nə qədər
saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə
deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar
olacaq”.
Bu fikirlərdə xalqımızın bağrından
qopan narahatlıq dolu çağırışlar, müstəmləkə
dövründə dilimizin saflığını fədakarlıqla
qoruyan, “Dilim ölsə, mən də ölləm!”
hayqıran milli ruhlu şairlərimizin,
yazıçılarımızın duyğuları əks
olunub. Sovet dövrü üçün inanılmaz bir hadisə
– Xalq şairi Xəlil Rzanın yabançı sözlər
işlədən şəxsləri simvolik məbləğdə
cərimələmək təşəbbüsü və
bunun, hətta bir qədər zarafatyana olsa belə,
insanların şüuruna, dünyagörüşünə,
lüğət ehtiyatına təsir göstərməsi də
yaxşı yadımdadır. Ana dilimizin qorunması indi daha
ciddi şəkildə gündəmdədir və Prezident
İlham Əliyev sözügedən məsələni olduqca
ciddi tərzdə, həyəcanla vurğulayaraq
hamımızı bu sahədə daha ayıq, həssas
olmağa çağırır.
“Azərbaycanlıların yaşadıqları bəzi
ölkələrdə Azərbaycan məktəbləri yoxdur.
Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə
son qoyulmalıdır...” –
diplomatik məharətlə, ancaq həm də kifayət qədər
anlaşıqlı ifadə olunan bu fikirlərin arxasından
milli mövqedən, Azərbaycan sevgisindən və azərbaycançılıq
idealından qaynaqlanan dərin siyasi-geopolitik mesajlar boy verir.
Vətən və torpaq anlayışları barədə
suala cavabında da Prezident İlham Əliyev həm çox təsirli,
həm də tutarlı fikirlər söylədi və bu da, zənnimcə,
müsahibənin ən yaddaqalan məqamlarından oldu: “Vətən
müharibəsi dövründə torpaq mənim
üçün hər azad edilmiş kəndin timsalında,
necə deyərlər, ortalığa çıxırdı
və hər bir şəhidin şəhid olduğu yer torpaq
idi mənim üçün.
Hər dəfə bayrağımız bir kəndə,
şəhərə sancılanda, mənim üçün Azərbaycan
məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə
olmayan torpaq mənim üçün Azərbaycan idi.
Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan
o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu.
İndi, necə deyərlər, torpaq deyəndə,
sözün düzü, mən daha çox torpağın
keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada
yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə
baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm,
nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq
anlayışı, yəni o zədəli, yaralı torpaq
anlayışı yoxdur”.
Cənab Prezidentə xitabən sonda: “Sizə
bugünkü görüşə görə təkcə
müsahibədə iştirak edən həmkarlarımız
adından deyil, bütün Azərbaycan mediası adından təşəkkürümüzü
bildiririk” – deyən Mirşahinin duyğularına ürəkdən
qoşulur, dövlətimizin başçısına bir daha dərin
minnətdarlığımızı ifadə edirik.
Rəşad Məcid
Mətbuat Şurasının sədri
525-ci qəzet .- 2026.- 9 yanvar (¹1).- S.7.