İnsan kapitalı -
gələcəyə aparan strateji seçim
Bu gün sürətlə inkişaf edən cəmiyyətlərin
təcrübəsi aydın şəkildə göstərir
ki, istənilən sistemin dayanıqlı irəliləyişini
təmin edən ən dəyərli sərvət insandır.
İnsan kapitalı artıq yalnız işçi qüvvəsi
anlayışı ilə məhdudlaşmır - o, bu
günün və gələcəyin əsas formalaşdırıcı
gücünə çevrilib.
Müasir dünyada inkişaf anlayışı təkcə
iqtisadi göstəricilərlə ölçülmür.
Artıq davamlılıq, çeviklik və dəyişən
gələcəyə hazır olmaq qabiliyyəti əsas meyar
kimi ön plana çıxır. Bu kontekstdə əsas məsələ
malik olduğumuz resursları necə idarə etməyimiz və
onları uzunmüddətli dəyərə necə
çevirməyimizmizdir. Texnologiya, infrastruktur və maliyyə
alətləri nə qədər inkişaf etsə də,
onları real strateji üstünlüyə çevirən əsas
amil insan faktorudur. Məhz buna görə insan kapitalına
yanaşma operativ idarəetmə məsələsi deyil, gələcəyi
müəyyən edən strateji seçim kimi qiymətləndirilməlidir.
Tarixin müxtəlif mərhələlərində
ölkələrin iqtisadi gücü fərqli göstəricilərlə
ölçülüb. Bir dövrdə torpaq ehtiyatları, təbii
sərvətlər və coğrafi mövqe əsas üstünlük
hesab edilirdisə, XXI əsrin reallıqları göstərir
ki, dayanıqlı inkişafın əsasını insan
kapitalı təşkil edir. İnsan kapitalı dedikdə
yalnız əmək qabiliyyətli əhalinin sayı deyil,
eyni zamanda qurumların rəhbər və işçi heyətinin
bilik səviyyəsi, peşəkarlığı,
sağlamlığı, düşüncə tərzi və
məsuliyyət anlayışı nəzərdə tutulur. Bu
resursları məqsədyönlü şəkildə
inkişaf etdirən rəhbərlər həm məhsuldarlığı
artırır, həm də təşkilatın uzunmüddətli
rəqabət qabiliyyətini təmin edirlər.
Texnologiyanın sürətli inkişafı bəzi rəhbərlərdə
insan faktorunu ikinci plana keçirmək riski yaradır. Lakin
praktika sübut edir ki, texnologiyanı səmərəli və
məqsədyönlü şəkildə istifadə edə
bilən, strateji düşüncəyə malik insanlar təşkilatlar
üçün əvəzsiz üstünlükdür. Rəhbərlər
üçün əsas sual işçilərin sayı
deyil, onların bilik və bacarıqlarını gələcək
dəyərə necə çevirmək
bacarığıdır. Müasir menecerlər texnologiyanı
yalnız avtomatlaşdırma aləti kimi deyil, innovasiyanın
sürətləndiricisi kimi dəyərləndirməli, əsas
gücün isə insanın yaradıcılıq və
analitik düşüncəsindən gəldiyini
unutmamalıdırlar.
Müasir əmək bazarında insan kapitalının
dəyəri artıq yalnız diplomlarla və formal ixtisaslarla
ölçülmür. Tənqidi düşüncə,
analitik yanaşma və öyrənməyə açıq
olmaq əsas fərqləndirici keyfiyyətlərə
çevrilib. Tənqidi düşüncə sadəcə tənqid
etməklə bitmir, informasiyanı təhlil etmək, səbəb-nəticə
əlaqələrini düzgün qurmaq, alternativləri
müqayisə etmək və qərarların uzunmüddətli
təsirini öncədən qiymətləndirmək
bacarığıdır. Bu yanaşma rəhbərlərə
strateji və taktiki qərarları yalnız cari ehtiyaclara əsaslanaraq
deyil, uzunmüddətli dəyər yaratmaq prizmasından qəbul
etməyə imkan verir.
Bu baxımdan rəhbərlərin əsas prioritetlərindən
biri işçilərin bilik və bacarıqlarının
davamlı inkişafıdır. Təhsil və peşə
hazırlığı müəssisələrin real
ehtiyaclarına uyğunlaşdırılmalı, yeni
bacarıqların əldə edilməsi üçün
sistemli və dəstəkləyici mühit
formalaşdırılmalıdır. Öyrənməyə
açıq və məsuliyyət daşıyan komanda təkcə
əməliyyat səmərəliliyini artırmır, eyni zamanda
yeni məhsul və xidmətlərin yaradılması
üçün zəmin yaradır. Təcrübə göstərir
ki, bu istiqamətdə sərmayə qoyan rəhbərlər həm
işçi motivasiyasını yüksəldir, həm də
təşkilatın maliyyə nəticələrini gücləndirirlər.
Sağlam iş mühiti və psixoloji rahatlıq insan
kapitalına yönələn investisiyanın digər
mühüm istiqamətidir. Təhlükəsiz və komfortlu
şəraitdə çalışan işçilər daha
təşəbbüskar olur, yaradıcılıq
potensialını daha rahat ortaya qoyur və nəticədə
məhsuldarlıq artır. İş mühitinə yönələn
investisiyalar qısa müddətdə görünməsə
də, uzunmüddətli perspektivdə dayanıqlı gəlirlilik
təmin edir. Bu yanaşmanın hüquqi əsası da
mövcuddur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi,
o cümlədən digər əlaqəli rəhbəredici
hüquqi normativ sənədlər işçilərin
sağlamlığının və təhlükəsizliyinin
təmin edilməsini işəgötürənin birbaşa
öhdəliyi kimi müəyyən edir. Bu sahəyə sərmayə
qoymaq təkcə qanuni tələb deyil, eyni zamanda strateji
biznes qərarıdır.
Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf
strategiyalarında insan kapitalının inkişafı
xüsusi prioritet kimi müəyyən edilib. Təhsilin keyfiyyətinin
yüksəldilməsi, əmək bazarının tələblərinə
uyğun kadr hazırlığı və bilik
iqtisadiyyatının formalaşdırılması əsas hədəflər
sırasındadır. Bu yanaşma onu göstərir ki, həm
dövlət, həm də uzaqgörən rəhbərlər
uzunmüddətli dəyər yaratmaq üçün insan
kapitalına sərmayəni əsas prioritet hesab etməlidirlər.
Rəhbərlik səviyyəsində insan kapitalına
yanaşma sistemli və düşünülmüş
olmalıdır. Strateji və taktiki vəzifələrə
sağlam düşüncəli, məsuliyyətli və
yaradıcı insanların seçilməsi ümumi iş
mühitinə birbaşa müsbət təsir göstərir.
Düzgün formalaşdırılmış komanda sağlam
korporativ mədəniyyət yaradır. Belə mühitdə əməkdaşlar
yalnız tapşırıqları icra etmir, eyni zamanda təşəbbüs
göstərir və təşkilat üçün əlavə
dəyər formalaşdırırlar.
Mütəxəssislər üçün əsas
çağırış biliklərin davamlı yenilənməsidir.
Artıq yalnız bir sahədə dərin bilik kifayət
etmir. Müasir mütəxəssis fərqli məlumatları əlaqələndirə
bilən, problemlərə kompleks yanaşan və dəyişən
tələblərə çevik uyğunlaşan şəxsdir.
Bu baxımdan təhsil ilə istehsalat arasında
uyğunluğun təmin edilməsi insan kapitalının səmərəli
formalaşmasının əsas şərtlərindən
biridir. Təhsil real əmək bazarının
ehtiyaclarından uzaq olduqda potensial tam reallaşa bilmir.
Sıravi işçilər üçün də tələblər
əhəmiyyətli dərəcədə dəyişib. Bu
gün intizam və məsuliyyətlə yanaşı,
görülən işin mahiyyətini anlamaq, nəticəyə
təsirini dərk etmək və öyrənməyə açıq
olmaq vacib keyfiyyətlər hesab olunur. İnsan
özünü dəyərli və güvənli hiss etdiyi
mühitdə daha məhsuldar olur və təşəbbüs
göstərməyə meyilli davranır.
Nəticə etibarilə, insan kapitalına
yatırım qısamüddətli iqtisadi addım deyil, gələcəyə
hesablanmış strateji seçimdir. Təhsilə,
bacarıqların inkişafına və sağlam iş
mühitinə sistemli şəkildə fokuslanan rəhbərlər
uzunmüddətli rəqabət üstünlüyü
qazanır, məhsuldarlığı artırır və
innovativ inkişafın önündə dayanırlar. Gələcəyin
uğurlu təşkilatları məhz bu prinsipləri rəhbərlik
səviyyəsində ardıcıl şəkildə tətbiq
edən qurumlar olacaq ki, bunu da təmin edə biləcək əsas
amil lider rəhbərlərdir.
Asif BƏKİRLİ
Əməkdar mühəndis, İnsan kapitalı
üzrə ekspert, peşəkar kouç
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.6.