Prezidentin müsahibəsindəki
vacib məqamlar
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də
yerli televiziya kanallarına geniş müsahibə verib.
Dövlət başçısının bir sıra aktual
mövzularla bağlı fikirləri beynəlxalq auditoriya tərəfindən
də maraqla qarşılanıb və aparıcı dünya
KİV-də dərc olunub.
Azərbaycan lideri müsahibə zamanı ABŞ-la
münasibətləri qiymətləndirib, ötən ili iki
ölkənin əlaqələri kontekstində tarixi
dönüş ili adlandırıb. Məlumdur ki, Birləşmiş
Ştatların keçmiş administrasiyanın Azərbaycana
qərəzli yanaşması səbəbindən münasibətlərdə
böhran yaranmışdı. Tramp administrasiyası isə Azərbaycana
münasibətdə fərqli mövqe sərgiləyir,
ölkəmizin əhəmiyyətini qiymətləndirir.
Dövlət başçısının dediyi kimi, Azərbaycan
kimi bölgədə güclü potensialı və nüfuz
dairəsi olan ölkə ilə əməkdaşlıq
Amerika Birləşmiş Ştatları üçün də
önəmlidir.
Azərbaycan liderinin 8 avqust 2025-ci ildə ABŞ-a səfəri
şübhəsiz ki, ötən ilin əsas hadisələrindən
biri oldu. Ağ Evdə prezidentlərin görüşü
zamanı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması üçün Strateji
İşçi Qrupun yaradılmasına dair Memorandum
imzalandı. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal
sahə, sərmayələr, müdafiə və təhlükəsizliyi
əhatə edir. Həmçinin Prezident Tramp 907-ci düzəlişin
tətbiqini dayandıran sərəncam imzalayıb. ABŞ
Prezidentinin şahidliyi ilə Azərbaycan-Ermənistan Birgə
Bəyannaməsi imzalanıb, sülh sazişi layihəsi
paraflanıb və ATƏT-in Minsk qrupu ləğv edilib.
Vaşinqton Sammitinin mühüm nəticələrindən
biri Azərbaycan-Naxçıvan arasında maneəsiz
bağlantını nəzərdə tutan TRIPP marşrutudur.
Strateji Tərəfdaşlıq Xartiyası üzrə işlər
artıq yekun mərhələdədir və imzalanması
gözlənilir.
İndi Bakının gözləntisi 907-ci düzəlişin
Konqres tərəfindən rəsmən aradan qaldırmasıdır.
Bu düzəliş tarixi ədalətsizlikdir, bu gün
qalması tamamilə mənasızdır, yeni ABŞ-Azərbaycan
reallıqları fonunda birdəfəlik ləğv
olunmalıdır.
2025-ci il ümumilikdə Azərbaycanın xarici siyasətdə
mühüm uğurlarla yadda qaldı. Azərbaycan fəal, təşəbbüskar
və çoxistiqamətli xarici siyasətini davam etdirərək
ABŞ, Çin, Türkiyə və Avrasiya məkanında
mövqelərini gücləndirdi.
Prezident müsahibəsində böyük əhəmiyyət
daşıyan hadisələrdən biri kimi Çinlə olan
strateji tərəfdaşlığı vurğulayıb.
2024-2025-ci illərdə Azərbaycan-Çin münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib,
21 sənəd imzalanıb və yüksək səviyyəli
səfərlər intensivləşib.
Ölkəmiz Türk Dövlətləri Təşkilatında
aparıcı rol oynamağa davam edib, D-8-ə, Mərkəzi
Asiya platformasına tamhüquqlu üzv olub, İƏT-in Xankəndidə
Zirvə görüşü, TDT-nın isə Qəbələdə
sammiti keçirilib. Bir sözlə, Azərbaycan beynəlxalq
nüfuzunu əhəmiyyətli dərəcədə
artırıb və əsas regional-qlobal əməkdaşlıq
mərkəzlərindən birinə çevrilib.
Ötən il iqtisadi və regional inkişaf, sosial
siyasət, Böyük Qayıdışa dair Birinci Dövlət
Proqramı, müdafiə sənayesinin inkişafı və hərbi
təyinatlı məhsulların istehsalında da nailiyyətlərəldə
olunub. Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın
regional sabitlik və investisiya cəlbediciliyini gücləndirərək,
xüsusilə ABŞ və Qərb investisiyaları
üçün yeni imkanlar açır. Aşağı
xarici borc, yüksək valyuta və qızıl ehtiyatları,
kredit reytinqlərinin yüksəlməsi, nəqliyyat-bağlılıq
layihələri və Qarabağın bərpası Azərbaycanın
Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini möhkəmləndirir.
Dövlət başçısının toxunduğu
mühüm məsələlərdən biri də Yaxın
Şərqdəki vəziyyət və Qəzza məsələsi
oldu. Azərbaycanın Qəzzada sülhməramlı əməliyyatlarda
iştirakı ilə bağlı bir müddətdir ki,
müxtəlif fikirlər, ehtimallar, səsləndirilir, hətta
Bakının adından yalan məlumatlar tirajlanır. Prezident
ölkəmizin bu məsələdə mövqeyini aydın
şəkildə ifadə etdi.
"Təbii, bununla bağlı qərar qəbul etməzdən
əvvəl biz aydın şəkildə başa düşməliyik
ki, əməliyyatların mandatı necə olacaq və
hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda,
buna qədər isə həm Kosovoda, həm də
özlüyündə Əfqanıstanda sülhməramlı
əməliyyatlarda iştirak etmək təcrübəmiz var,
ona görə də fəaliyyətin strukturunu çox
gözəl bilirik.
Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə,
kimin mandat verəcəyi və onun necə olacağı indiyədək
aydın deyil. Bu, sülhməramlı əməliyyatlar, yaxud
sülhün bərqərar olması - ingiliscə deyildiyi
kimi, "peacekeeping" və ya "peace enforcement" olacaq.
Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz
ikinciyə hazır deyilik və hətta heç vaxt öz
iştirakımızı nəzərdə
tutmamışıq... Biz heç vaxt döyüş əməliyyatlarında
iştirak etmədik və Azərbaycanın
hüdudlarından kənarda döyüşlərdə
iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə,
nəzərdə tutulmur", - Prezident deyib.
Prezidentin vurğuladığı digər vacib məqam
dövlətin vətəndaşlarının həyatına
və sağlamlığına münasibətidir. İlham
Əliyev xatırladıb ki, Qarabağ müharibələrində
qurbanlar verən ölkə kimi Azərbaycanın hər bir vətəndaşı
bizim üçün qiymətlidir. Kiminsə naminə azərbaycanlıların
həyatını və sağlamlığını riskə
atmaq niyyətində deyilik.
Dövlət başçısı deyib ki, çətin
günlərdə heç kim Azərbaycanı müdafiə
etmirdi: "Heç kim bizi müdafiə etmirdi. O cümlədən
Fələstinə bütün hörmətimə və dərdlərinə
şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə
də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq
Təşkilatının hamının dəstəklədiyi
qətnamələri var idi. Biz buna görə bütün
ölkələrə minnətdarıq, eynilə Azərbaycan
da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm
də İslam Əməkdaşlıq Təşkilatında həmişə
Fələstini və Fələstin dövlətinin
yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin
səfirliyi də fəaliyyət göstərir, həm də
Azərbaycanın maliyyə yardımı sayəsində. Ona
görə də mənim mövqeyim həmişə ondan
ibarət olub ki, ərəb ölkələrinin məsələlərini
ərəb dövlətlərinin özləri həll etməlidir.
İndiyədək dərindən inanıram ki, qeyri-ərəb
müsəlman ölkələr parovozun önündə
qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə
verməz".
Azərbaycan Prezidenti, həmçinin bəzi
amerikalı diplomatların Bakının Qəzzada sabitləşdirmə
missiyasında iştirak etməyə artıq razılıq
verdiyi barədə iddialarını sərt şəkildə
tənqid edib, bu cür yalan bəyanatları qəbuledilməz
adlandırıb.
Politoloq Zaur Məmmədov "525"ə deyib ki, Azərbaycanın
öz hərbçilərini Qəzzaya göndərməməsinin
səbəbi bölgənin gələcəyi ilə
bağlı natamam layihələrlə və Qəzzaya dair
konkret yol xəritəsinin olmaması ilə əlaqədardır.
Hələ də heç kimə məlum deyil ki, bölgənin
gələcəyi necə olacaq.
Onun sözlərinə görə, hazırda
hansısa hərbi qüvvələrdən söhbət gedir,
lakin həmin hərbi qüvvələrin funksiya və vəzifələri
hələ də bəlli deyil.
Politoloq təəssüflə qeyd edib ki, Yaxın
Şərq və Azərbaycan mövzusu ilə bağlı
qonşu müsəlman dövlətlərindəki bəzi
qüvvələr ölkəmizin mövqeyi ilə
bağlı səhv informasiya təbliğatı aparmaqla məşğuldurlar.
Lakin bu bir həqiqətdir ki, Azərbaycan daim İslam həmrəyliyindən
çıxış edib və Fələstinin müstəqil
dövlət olmasını bütün beynəlxalq təşkilatlarda
bəyan edib, dəstəkləyib: "Bundan başqa, Azərbaycan
Qəzza ilə bağlı bu yaxınlarda Şarm əl-Şeyxdə
keçirilmiş Yaxın Şərq Sülh Sammitində
iştirak edib, Fələstinə dəstəyini
nümayiş etdirib. Bu gün regionda məhz Bakı şəhərində
Fələstinin səfirliyi fəaliyyət göstərir,
hansını ki, Azərbaycan dövləti özü maliyyələşdirir.
Fələstinlilərə Azərbaycan tərəfindən
humanitar yardımlar davam edir. Göründüyü kimi, Azərbaycan
fələstinlilər üçün əlindən gələni
edir. Lakin kimlərsə qonşu ölkələrdə din
altında ictimaiyyəti çaşdırmaqla məşğuldurlar.
Amma baxaq görək, Fələstinin siyasi elitası
nə edib? Məsələn, Fələstinin siyasi hakimiyyəti
qondarma "erməni soyqırımı"nın
ildönümündə marka buraxıb. Əgər həqiqəti
desək, Yaxın Şərqdə bir çoxlarının
Türkiyəyə münasibəti hər kəsə bəllidir.
Əlavə olaraq, Fələstinin lideri sayılan
keçmiş başçı Yasir Ərafat o zaman azərbaycanlılara
qarşı soyqırım törədiləndə,
torpaqlarımız işğal altında olanda Ermənistan rəhbərliyi
ilə qucaqlaşırdı. Onillərdir ki, erməni
terrrorçu qruplarının bir qismi məhz Yaxın Şərqdə
fəaliyyət göstərərək hərbi təlimlər
keçirdilər, həm 1990-cı illərdə, həm də
2020-ci ilin Qarabağ müharibəsində həmin
terrorçular Azərbaycan dövlətinə qarşı
döyüşürdülər. Qısacası, Yaxın
Şərqdə daim erməniləri dəstəkləyən
aktorlar hər kəsə məlumdur. Fələstinin indiki
XİN rəhbəri də ermənidir", - politoloq
vurğulayıb.
O əlavə edib ki, bu gün İslam dünyası,
ilk növbədə ərəb dünyası Qəzza
çağırışı ilə üz-üzədir,
lakin biz görürürük ki ərəb həmrəyliyi əməldə
hələ ki, yoxdur: "Yaxşı olardı ki, Qəzza və
ətrafında baş verənlərlə bağlı Ərəb
Liqası tərəfindən əməli addımlar
atılsın. Azərbaycan iki dövlət prinsipindən
çıxış edərək Qəzzadakı humanitar məsələlərdə
yaxından iştirak edəcək".
Milli Məclisin deputatı Arzuxan Əlizadə
"525"ə deyib ki, dövlət başçısı
müsahibə zamanı bir sıra sahələrlə
yanaşı, müdafiə sənayesi ilə bağlı da
danışdı və konkret rəqəmlər
açıqladı: "Məlum oldu ki, ötən il 1,4
milyard manat dəyərində hərbi təyinatlı məhsul
istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan
Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə
ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə
hərbi təyinatlı məhsullar ixrac edir. Hədəf
qısa müddət ərzində ixracı bir milyard dollara
çatdırmaqdır. Dövlət başçısı
üç-dörd il ərzində bu rəqəmə
çatmağın mümkünlüyünü də qeyd
etdi, xarici şirkətlərdən çox böyük maraq
olduğunu vurğuladı.
Eyni zamanda, Prezident regional durumla bağlı olaraq Azərbaycanın
müdafiə qabiliyyətinin daha da artırılması məsələsini
gündəmə gətirdi. Azərbaycan təbii ki,
müharibə istəmir, amma sülhün təminatı
üçün hər zaman güclü olmalıdır.
Ötən beş il ərzində müdafiə qabiliyyətimiz,
ordumuzun təchizatı bir neçə dəfə artıb,
ölkəmiz şəksiz olaraq regionun lider dövlətidir və
bu, təkcə siyasi, iqtisadi cəhətdən deyil, eyni
zamanda, hərbi cəhətdən də Azərbaycan Ordusu
regionun ən güclü ordusudur".
Deputat söyləyib ki, ötən il avqustun 8-də
çox mühüm bir uğur əldə olundu, Azərbaycan-ABŞ
münasibətləri yeni bir mərhələyə qədəm
qoydu. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması istiqamətində də vacib addım
atıldı: "Dövlət başçısının
qeyd etdiyi kimi, 5 aydır biz faktiki sülh şəraitində
yaşayırıq. Yekun sülh sənədinin imzalanması
üçün təbii ki, Ermənistan üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Ötən il ölkəmizin əldə etdiyi mühüm
uğurlardan bir də Azərbaycanın D-8 təşkilatına
üzvlüyü oldu. Bu təşkilat 30 ilə
yaxındır ki, yaradılıb, amma ötən müddət
ərzində yeni üzv qəbul etməyib. Azərbaycan təşkilatda
yeganə yeni üzv oldu. Daha vacib bir məqam Mərkəzi
Asiya Məşvərət Şurasına tamhüquqlu üzv
seçilməyimizdir. Azərbaycanın tamhüquqlu üzv
seçilməsi ilə C5 artıq C6-ya çevrilib. Bu gün
Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu
oynayır. Ərazimizdən keçən yüklərin
sayı artır. İlk dəfə olaraq artıq 100 min
konteyner Azərbaycan ərazisindən keçib".
Deputat Hikmət Babaoğlu isə Azərbaycan-Çin
münasibətlərinə diqqət çəkib:
"Prezident İlham Əliyev 2025-ci ilin yekunları ilə
bağlı yerli mediaya verdiyi müsahibəsində ölkəmizin
xarici siyasət uğurlarına toxunarkən Çin- Azərbaycan
əlaqələrinin yeni mərhələyə daxil
olmasından danışdı və bunu ötən ildə
diplomatiyamızın əldə etdiyi nailiyyətlərdən
biri kimi qiymətləndirdi. Həqiqətən də Çin
bu gün dünya iqtisadiyyatının mərkəzində
duran ölkələrdən biridir. Çin dünyanın
istehsal mərkəzi olmaqla bərabər, həm də
dünyada yeni innovativ hərbi sənayenin
yaradıcılarından biridir. Bir sıra parametrlərlə
bərabər, Çin hazırda Qlobal Cənub
adlandırılan yeni güc mərkəzlərindən biri
hesab ediləcək yeni dünyanın da liderlərindən
biri kimi çıxış etməkdədir. Bütün
bunlar Çini beynəlxalq münasibətlər sistemində
olduqca cazibədar bir tərəfdaşa çevirir. Azərbaycan
Prezidenti qeyd etdi ki, 2025-ci ildə Çinlə Azərbaycan
arasında iki mühüm sənəd imzalanıb. Bunlardan
biri strateji tərəfdaşlıq haqqında bəyanat, digəri
strateji əlaqələrin daha da dərinləşməsinə
dair əldə edilən razılaşmadır. Əgər
bütün bunların üzərinə Azərbaycanın
yeni yaratdığı reallıqlar kontekstində, Çin
yüklərinin Azərbaycan üzərindən Avropaya
daşınması məsələlərini də nəzərə
alsaq, o zaman həm də logistika və kommunikasiya sahəsində
Çinin əhəmiyyətli bir aktor olduğunu
görürük. Bütün bunlar heç şübhəsiz
ki, Çin-Azərbaycan münasibətlərinin tamamilə
yeni strateji səhifəsini təyin edir ki, ötən il bu sahədə
əldə edilmiş razılaşmalar gələcəkdə
bu münasibətlərin daha da dərinləşməsinə
xidmət edəcək".
Pərvanə
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.5.