"Əgər ayaq üstəyəmsə,
özüm yatıb-dura bilirəmsə..."
70 yaşlı veteran futbolçu Şakir Qəribov:
"Yaşamaq üçün gərək ətrafında
pozitiv insanlar çox olsun"
Dünən veteran futbolçu Şakir Qəribovun 70
yaşı tamam oldu. SSRİ dönəmində ustalardan ibarət
"Neftçi" komandasında çıxış
etmiş, uzun müddət əsas millidə və
aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət
göstərmiş, hazırda AFFA-nın Məşqçilər
Komitəsinin üzvü olan Şakir müəllimlə
görüşdük, yubilyarla bir qədər keçmişə
"ekskursiya" etdik, bir qədər isə
"yetmiş"dən danışdıq.
- 1956-cı il yanvarın 15-də Sabirabadda dünyaya gəlmişəm.
Ailədə 8 uşaq idik - 6 qardaş, 2 bacı. Atam Dadaş
kişi, anam Reyhan xanım və 4 qardaşım
dünyasını dəyişib. Kasıbçılıqla
böyümüşük. Atam külfətini evimizin
yaxınlığındakı çayxananı işlətməklə
dolandırıb. Orta məktəbi yaxşı
oxumamışam. Hətta 1 il sinifdə qalmışam. Bunun da
səbəbi futbola sevgim idi. Boş vaxtlarımda atama kömək
edirdim. İmkan tapan kimi isə futbol oynamağa
qaçırdım.
SSRİ dönəmində bütün rayonlarda idman məktəbləri
fəaliyyət göstərirdi və həmin məktəblərin
təşkilatçılığı ilə gənc
futbolçular müxtəlif rayonlara yarışlara
aparılırdı. Özlərini göstərə bilən
uşaqlar haqqında məlumatları Bakıya - İdman Komitəsinə
oyunları izləyən məşqçilərlə
yanaşı, hakimlər də ötürürdülər.
Sabirabadlı uşaqlardan mənimlə Ruslan Həbibovu
gözaltı edən həmin seleksiyaçılar
Göygöldəki oyundan sonra hər ikimizi hər il
Bakıda keçirilən perspektivli futbolçuların
turnirinə dəvət etdilər. Baş məşqçimiz
Eldar Dərgahov üçün bundan gözəl hədiyyə
ola bilməzdi. "Spartak" stadionunda bakılılardan ibarət
"Bakı-1" və rayon uşaqlarının təşkil
etdiyi "Bakı-2" komandası arasında keçirilən
oyundan sonra məşqçilər bizi bəyəndilər.
1973-cü il oktyabr ayı idi. Çayxanada atama kömək
edirdim. Bir də gördük ki, poçtalyonumuz İbrahim
kişi qaça-qaça böyük qardaşım Bəhrəmə
yaxınlaşıb "Neftçi"yə
çağırılmağımla bağlı muştuluq
istəyir. Uşaqlıqdan "Neftçi"nin
futbolçularının şəkillərini cibimdə gəzdirirdim.
İndən belə onlarla bir komandada oynayacaqdım.
- Amma "Neftçi"də ilk oyununuza 5 il sonra
çıxmısınız.
- Bir müddət əvəzedici komandada, Gəncə
"Dinamo"sunda və hərbi xidmətlə əlaqədar
OİK-də oynadım. 1978-ci il yanvarın 1-dən isə əsas
komandaya qoşuldum. İlk maaşım 180 rubl idi. Sonradan
artırdılar. İlk oyunum isə Bakıda
Voroşilovqradın "Zarya" komandasına qarşı
olub. 2:1 qalib gəlmişdik. Oyunum da pis
alınmamışdı. Ondan sonra əsas heyət
oyunçusuna çevrildim.
- "Neftçi"də 6 qol vurmusunuz. Az deyil?
- İndiyə kimi "Neftçi"də heç
bir müdafiəçi mənim qədər qol vurmayıb. 6
qol sizə az gəlməsin. 2 dəfə də kubok
oyunlarında fərqlənmişəm.
- Bəlkə bir az dəqiqləşdirək. O vaxt
"Neftçi"nin müdafiəçiləri kimlər
idi? Götürək Əsgər Abdullayevi...
- Özünü yorma, onsuz da məndən çox
qol vuran müdafiəçi tapa bilməzsən. Əsgər
cəmi 1 qol vurub. Vilnüsdə "Jalgris" ilə
oynayırdıq. Oyun 1:1 hesabı ilə başa
çatmışdı və qolu da Əsgər vurmuşdu.
Amma çox gözəl qol idi. İsgəndər Cavadov cərimə
zərbəsindən asma etdi, Əsgər isə "uçaraq"
başla super qol vurdu. Yüz qola dəyərdi.
- Yaxşı, yormayacam. Bəs "Neftçi"nin
heyətində neçə oyunda meydana
çıxmısınız?
- Rəhmətlik Abbas Əzimov 213 olduğunu deyirdi.
Kubokla bir yerdə 240 civarında olar.
- İlk qolunuzu xatırlayırsınız?
- Əlbəttə. İlk qolumu Tiflisdə
"Dinamo"ya vurmuşam. Tarixini də deyə bilərəm
- 1980-ci il sentyabrın 13-ü. Yaxşı yadımdadır,
"Dinamo"ya bir qapıçı gətirmişdilər,
ilk oyununa çıxırdı. Uzaqdan topu
"doqquzluğ"a göndərdim. Həmin qoldan sonra
qapıçını komandadan göndərdilər. 2:1
hesabı ilə qalib gəlmişdik. O biri qolu isə İsgəndər
Cavadov vurmuşdu.
- "Neftçi"də ən çox kimə
ürək isindirirdiniz?
- Uşaqların hamısı ilə münasibətim
yaxşı idi. Ən çox Əbdülqəni Nurməmmədov
və rəhmətlik Səmədağa Şıxlarovla
oturub-dururdum. Çünki həm oyunumuz, həm də xasiyyətimiz
tuturdu. Hətta bizə ayama da qoşmuşdular - "Mükəmməl
üçlük".
- Uşaqlıqda şəklini cibinizdə gəzdirdiyiniz
Banişevski yadınızda necə qalıb?
- Komandada həmişə özümdən
böyüklərə hörmətlə yanaşmağa,
kiçiklərə isə həyan olmağa
çalışmışam. Banişevskiyə gəlincə,
o, mənə böyüklük eləyib, yol göstərib.
Onunla ilk görüşüm mənə yuxu kimi gəlirdi. Cəmi
bir neçə ay əvvələ kimi onun şəkli ilə
yatıb-dururdum. Təkcə onun yox, Tuayev, Kramarenko və digərlərinin
də şəkilləri həmişə üstümdə
olurdu. Kramarenkodan ötrü "ölürdüm".
Yaxşı qapıçı olmaqla yanaşı, o qədər
"simpatiçni" idi ki, əsl futbolçu "vid"i
vardı. Banişevski ilə uzun müddət bir yerdə
oynadım, bir dəfə də olsun onu "Tolik" deyə
çağırmadım. Ölənə kimi də ona
"Anatoli Andreyeviç" deyə, müraciət etdim.
- SSRİ çempionatında güclü
hücumçular çox olub. Kimə qarşı oynamaq
çətin idi?
- Əsasən sürətli hücumçulara. Kiyev
"Dinamo"sundan Oleq Bloxin və İqor Belanov, Tiflis
"Dinamo"sundan Vladimir Qutsayev, "Şaxtyor"dan Viktor
Qraçov... Bekkenbauer, Foqts kimi müdafiəçilər
Bloxinin qarşısında aciz qalırdılar. Elə
götürək Maşallah Əhmədovu. İndi onun kimi
sürətli futbolçu var? Müdafiəçi tərpənənə
kimi Maşallah ondan 2-3 metr aralanırdı. Maşallaha,
İsgəndərə və digərlərinə heykəl
qoymaq lazımdır.
- O halda nəyə görə irəli gedə bilmədilər?
Azından SSRİ yığmasına dəvət ala bilərdilər.
- İstəyirsən inan, istəyirsən yox, sapı
özümüzdən olan baltalar imkan vermirdilər. Yoxsa, nə
Maşallah, nə də İsgəndər yığmada
oynayanların heç birindən zəif deyildi.
Çoxlarına onların SSRİ yığmasında
oynaması sərf eləmirdi. Necə olurdu ki,
"Ararat"dan, Tiflis "Dinamo"sundan yığmaya
futbolçu çağırırdılar,
"Neftçi"dən yox?
- "Neftçi"də ən yaddaqalan hadisə
hansı olub?
- Bir əhvalat danışım, özünüz qərar
verin. Deməli, 1987-ci ilin mayında Bakıda Tiflis
"Dinamo"su ilə oynayırdıq. 3:0 hesabı ilə
qalib gəldik. Qolları Maşallah Əhmədov, mən və
Nazim Süleymanov vurmuşduq. Özü də mənim qolum
çox baxımlı alınmışdı. Ertəsi
gün qəzetləri oxuyanda gördüm ki, qolum Nazimin,
onunku isə mənim adıma yazılıb. Belə də səhv
olar, bəyəm camaat bilmir ki, ikinci qolu kim vurdu,
üçüncünü kim? Sonradan "yerdəyişmə"nin
səhv yox, bilərəkdən belə
yazıldığı mənə bildirdilər. Məsələ
burasındadır ki, həmin vaxt "Neftçi"dən
Yunis Hüseynovla Nazim Süleymanov SSRİ yığmasına
namizəd idilər. Onları hər vəchlə irəli
çəkmək lazım idi. Ona görə mənim qolum
Nazimin adına yazdırmışdı. O vaxtlar mərkəzi
televiziyada "Futbolnoye obozreniye" adlı həftəlik
veriliş efirə gedirdi və ayda bir dəfə vurulan
qollardan 3 ən baxımlısı seçilirdi. Nazimə hədiyyə
etdiyim qol may ayında 2-ci yeri tutmuşdu. Həm Yunis, həm də
Nazimin xətrini çox istəyirəm. O vaxt 30 yaşım
var idi, gənclərə irəli getmələri
üçün dəstək olmaq lazım idi. Qolumun Nazimi
adına yazılması onun işinə yaraya bilərdi.
- Bəs "Neftçi"nin baş məşqçisi
olmuş Yuri Sevidovun sizdən üzr istəməsi?
- O da yadımdadır. Sevidov "Neftçi"yə
gələndə özü ilə 2 müdafiəçi gətirmişdi.
Onlara görə məni ehtiyatda saxlayırdı. Uğursuz nəticələrə
görə komandadan göndərildi və Ağasəlim
Mircavadov məni əsas heyətə qaytardı. Bir müddət
keçdi, Moskvada "Dinamo" ilə oyundan sonra, mənə
yaxınlaşıb haqsızlıq etdiyini söylədi və
üzr istədi.
- Veteran futbolçularla söhbətimdə həmişə
"Neftçi"nin "Ararat"la oyunları haqda fikirlərini
öyrənmişəm. Bəlkə, bir az da bundan
danışaq?
- Ermənilərlə oyun həmişə çətin
olurdu. Həm İrəvanda, həm də Bakıda. Tiflis
"Dinamo"su "Ararat"dan güclü komanda idi. Amma
gürcülərlə oyuna rahat çıxırdıq.
İrəvandakı "Razdan" stadionu 70 min azarkeş
tutumuna malik idi. Dağı yarıb stadion düzəltmişdilər.
Bizimlə oyunda ağzınacan dolurdu. Çox
maraqlıdır, orada həmişə yaxşı
oynayırdıq, amma qalib gələ bilmirdik. Bir dəfə
İrəvanda böyük hesabla məğlub olduq - 1:6. İnanırsınız,
bəlkə də 20 real qol şansından istifadə edə
bilmədik. Təkbətək çıxdıq vura bilmədik,
boş qapıya düşə bilmədik, penaltidən istifadə
edə bilmədik. Görün vəziyyət nə həddə
çatmışdı ki, həmişə penaltini yerinə
yetirən İqor Ponomaryov sinəsini kənara çəkdi.
Yazıq neyləsin, görürdü ki, top qapıdan
keçmir. Asim Xudiyev gəldi ki, mən vuracam. Vurdu, amma qol
olmadı. Bəxtləri gətirirdi. Futboldu da. Hər dəfə
güclü qalib gəlmir ki. Bakıdakı oyunlarda isə
bizim üstünlüyümüz var idi. Cəmi bir dəfə
ermənilər Bakıda bizi udublar. Baxmayaraq ki, "Ararat"
SSRİ çempionu olub, heç vaxt "Neftçi"dən
güclü oyun göstərməyib.
- 70 yaşdan geri boylananda nə
düşünürsünüz?
- Sözlə ifadə etmək çətindir. Əgər
70 yaşımda özüm yatıb-dura bilirəmsə, ayaq
üstəyəmsə, kiməsə möhtac deyiləmsə,
deməli, xoşbəxt adamam. Hər yaşın öz
gözəlliyi var. Yaxşı günlər də olub, pis
günlər də. Bildiyim odur ki, yaşadıqca ildən-ilə
insan təkmilləşir, həyat təcrübəsi zənginləşir.
Doğrudur, qocalırıq. Amma qocalıq da hər kəsə
qismət olmur. Ən əsası, bu yaşa
alnıaçıq çata bilmişəm. Bu, hər bir
insan üçün ən böyük sərvətdir.
- 10 il əvvəl Şakir müəllim 60 illik
yubileyini təmtəraqla qeyd etmişdi. Bu il nədən
sakitlik oldu?
- Hələ gənc olanda əhd etmişdim ki, 50
yaşıma çatanda yubiley keçirəcəm, ondan sonra
yox. 60 yaşım tamam olanda tədbir, yığıncaq təşkil
etmək fikrim yox idi. Amma dostumuz Vaqif Sadıqov məcbur etdi. Yəni,
əhdimi pozdum. Amma bu dəfə sözümün
üstünda dayandım, təmtəraqlı tədbirdən
vaz keçdim. 70 yaşımı ailəmlə qeyd etdim.
- Bu 10 ildə Şakir müəllim çoxmu dəyişib?
- Demək isyəirsən ki, çoxmu
qocalmışam? Əlbəttə, insan hər yaşda bir qədər
də qocalır. 60-la 70-in arasındakı dəyişikliklər
çoxdur. Düzü, özümü o qədər də
qoca hiss etmirəm, amma 10 il bundan əvvəlki Şakir də
deyiləm. Bu 10 ildə ən yaddaqalan hadisə mənim 2-ci dəfə
dünyaya gəlməyimdir. 2021-ci il oktyabrın 23-də
ağır əməliyyat keçirdim. Ürəyimdə
ciddi problem var idi. Hətta məni müalicə edən həkim,
deputatımız Rəşad Mahmudov əməliyyatın
riskli olduğunu demişdi. Türkiyədən bu tip əməliyyatlarda
böyük təcrübəsi olan həkim dəvət olundu
və əməliyyat uğurla başa çatdı.
- Futbol ictimaiyyəti 70 yaşlı Şakir Qəribovu
unutmayıb ki?
- Qətiyyən. Bir neçə gün əvvəl
"Neftçi" məni qonaq çağırdı. Bir
xeyli söhbətləşdik, akademiyanın yeni binası ilə
tanış oldum, eynim açıldı. Dünən AFFA da,
digər klublarımız da təbrik etdi. Xeyli zənglər gəldi.
Özbəkistandan gələn zəngi isə xüsusi qeyd
etmək istəyirəm. Bir vaxtlar "Neftçi"də
komanda yoldaşım olmuş Mustafa Bilalovun təbriki əsl
sürpriz idi.
- Üzü "səksən"ə ən
böyük arzunuz nədir?
- 80 yaşa çatmaq üçün yaşamaq
lazımdır. Yaşamaq üçünsə ətrafında
gərək pozitiv, müsbət enerjili insanlar çox olsun. Bu yaşa
çatmağımın bəlkə də ən
böyük səbəbkarları onlardır. Ən
böyük arzum Azərbaycan futbolunu Avropa, dünya səviyyəsində
görməkdir. Bəlkə də bunu görməyə
ömrüm çatmayacaq, amma nə vaxtsa gerçəkləşəcəyinə
inanıram. Biz 30 il işğal altında olan torpaqlarımızı
azad edən xalqıq. Bununla müqayisədə futbolu
inkişaf etdirmək nədir ki?
İlqar TAĞIYEV
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.23.