Yaponiya - böyük transformasiyalar
ölkəsi
(Əvvəli ötən cümə sayımızda)
Yaponiya beynəlxalq münasibətlərə
qayıtdı və hətta bir sıra işğal etdiyi ərazilərdən
imtina etdi. Qonşu dövlətlərlə dinc münasibətləri
meydana gəldi. Birləşmiş Ştatlar Okinavanın
işğalını qoruyub saxladı, sonralar ABŞ orada
Asiyadakı ilk hərbi bazasını yaratdı. Bu vaxt
SSRİ də Kuril adaları zəncirinə sahib oldu, üstəlik,
Cənubi Saxalini də tutub, öz ərazisi elan etdi. Buna
Müttəfiqlər razılıq vermişdilər. 1945-ci
ilin fevralındakı Yalta konfransında prezident Ruzvelt SSRİ
rəhbəri Stalindən Hitlerin məğlubiyyətindən
sonra Yaponiyaya qarşı müharibədə Amerika
qoşunlarına hərbi kömək göstərilməsini
xahiş etdikdə, Stalin bildirmişdi ki, Ali Soveti və sovet
xalqını buna inandırmaq çətin olacaqdır. Bunun əvəzində
SSRİ-yə də hansısa güzəştlər edilməlidir,
ona görə də, Kuril adalarının və Saxalin
yarımadasının cənubunun ona verilməsi belə
kompensasiya rolunu oynaya bilər. Ruzvelt bu təkliflə
razılaşdı, çünki Yaponiya ilə müharibədə
qalib ABŞ olacaqdı. Lakin bu sövdələşmə
heç bir beynəlxalq sənəddə əksini
tapmadığından, Yaponiya, sahilindəki su hövzəsinin
dəniz məhsulları ilə bol olduğu dörd Kuril
adasının ona qaytarılmasını tələb etməyini
dayandırmadı. Bu ərazi mübahisəsinə görə
nə SSRİ, nə də Rusiya ilə Yaponiya arasında
ötən 80 il ərzində sülh müqaviləsi
bağlanmışdır və II Dünya müharibəsinin
həllini tapmayan yeganə münaqişə irsi kimi qalmaqda
davam edir.
Makartur 1951-ci ildə Koreya müharibəsində
komandanlıq etdiyinə görə Yaponiyanın ali
komendantı vəzifəsindən getdi. 1951-ci ilin
sentyabrında San Fransisko konfransı Yaponiya ilə sülh
müqaviləsinin ratifikasiyası ilə nəticələndi.
Yaponiya Koreyanın müstəqilliyini tanıdı və
Tayvana (əvvəllər Formoza adası adlanırdı) olan
bütün iddialarından imtina etdi. Lakin ən azı
Yaponiyanın Kuril adalarını geri qaytarmaq ümidi baş
tutmadı, bu adalar isə Hokkaydoya çox yaxın idi.
San Fransisko müqaviləsi Yaponiyanın "fərdi
və kollektiv özünü müdafiə hüququnu"
tanıdı. ABŞ silahlı qüvvələri
"Yaponiyanın öz müdafiəsi üçün məsuliyyət
daşıyana qədər" orada qalacaqdı. ABŞ-ın
hərbi-dəniz bazası tədricən Okinavada mərkəzləşdi.
1953-cü ildə yapon özəl qrupları ilə
Çin Xalq Respublikası arasında qeyri-rəsmi ticarət
müqaviləsi imzalandı. Qərbi Avropa ölkələri
kimi, Yaponiya da bəzi mallarına qoyulmuş embarqonu
yumşaltdı. Lakin 1972-ci ilə kimi 167 növ əmtəə
üzrə embarqo hələ qalırdı. 1958-ci ildəki
Çinin İrəliyə Böyük
Sıçrayış kampaniyası Yaponiya ilə
bütün ticarət kontraktlarını müvəqqəti
olaraq yaxşılaşdırdı.
Çində 1960-cı illərdə baş verən
Böyük Proletar Mədəni İnqilabı həmçinin
ölkədə baş verən dramatik tənəzzüllə
nəticələndi. Buna baxmayaraq, Çin tədricən
Yaponiyanın ən mühüm ticarət partnyoruna
çevrildi.
1971-ci ildə ABŞ prezidenti Riçard Niksonun Pekinə
səfəri Yaponiyanı Çinlə yaxın əlaqələr
yaratmağa sövq etdi. Həmin ildə Çin Xalq Respublikası
Birləşmiş Millətlər Təşkilatına qəbul
edildi, ona qədər isə bu beynəlxalq təşkilatda
Çini Tayvan əvəz etmişdi. Bir il sonra isə Yaponiya
Pekinlə əlaqələrin normallaşdırmaq istiqamətində
addım atdı, Tayvanla bağlılığını isə
sərtləşdirdi.
Yaponiyanın sürətli iqtisadi inkişafı
Yaponiyanın II Dünya müharibəsindən
sonrakı dövrdəki güclü iqtisadi inkişafı təəccüb
doğurmaya bilməzdi. 1955-ci ildə adam başına
düşən istehsal müharibədən əvvəlki səviyyəyə
çatmışdı. Müharibədən əvvəl
Yaponiya XIX əsrin ikinci yarısından başlayaraq sənayeləşməyə
başladı, lakin yüngül sənaye və kənd təsərrüfatı
hələ də iqtisadiyyatın onurğa sütununu təşkil
edirdi. Fəhlə sinfi və kəndlilər arasında
yoxsulluq geniş yayılmışdı. Ağır sənaye,
birinci növbədə hərbi sahəyə istiqamətlənmişdi,
buna aviasiya, gəmi qayırma və digər hərbi vasitələr
daxil idi. II Dünya müharibəsi onun bütün müstəmləkə
mülkiyyətini itirməsi ilə nəticələndi, həm
də ölkənin özünün sənaye istehsalı
qabiliyyətinə və əhalisinə ağır zərbə
vurdu. Müharibədən sonra hökumət dərin borc
içərisində idi. Əhali isə həyati maddələrin
kasadlığından və onun yaratdığı
hiperinflyasiyadan əziyyət çəkirdi.
Müttəfiq işğal qüvvələrinin
hökmranlığı altında yapon iqtisadiyyatı
mühüm struktur dəyişikliklərinə məruz
qaldı, ağır sənaye və elmi axtarışlar yenidən
dirildi. Hökumət bu məhrumiyyətlər və
hiperinflyasiya altında iqtisadiyyatı yenidən qurdu. Birləşmiş
Ştatlar özünün köhnə düşməninə
bu sahədə böyük köməklik göstərdi ki,
hörmət bəslədiyi regionlarda kommunizmin genişlənməsinin
qarşısına almağa cəhd etsin.
1950-ci illərdə Yaponiyada iqtisadiyyat tədricən
sağaldı və iqtisadi möcüzə start
götürdü.
Ağır sənaye və orta sinfin yaranması ilə
daxili istehlak bazarı və bank əməliyyatları
böyüdü. Yaponiya ABŞ və Sovet İttifaqından
sonra dünyanın üçüncü ən böyük
iqtisadiyyatına malik olan bir ölkəyə çevrildi.
1960-cı illərdə həm də artıq qüdrətli
dövlətlərin Yeddilər qrupuna daxil oldu.
1946-cı ildə Yaponiya geniş milli aclıq həddində
idi, onun qarşısını Amerikadan daşınan ərzaq
alırdı. Birləşmiş Ştatlar Sovet
İttifaqının təhlükəsinə görə
Yaponiyanın iqtisadi sağalmasına köməklik göstərdi.1951-ci
ildə artıq sağalma baş verdi, 1960-cı ildə isə
müharibədən əvvəlki səviyyə 300 faiz
artdı. Birləşmiş Ştatlar Yaponiyanı qlobal
iqtisadiyyata uğurlu qaydada inteqrasiya etdi və iqtisadi
infrastrukturasını yenidən qurdu. Koreya müharibəsində
(1951-53-cü illər) isə artıq Yaponiya öz
resursları ilə Amerikanın müharibə cəhdlərinə
köməklik göstərdi.
1967-ci ildən 1976-cı ilədək ən
mühüm artım 1967-ci ildə baş verdi. Yaponiyanın sənayeləşməni
başa çatdırmasının səbəbləri mürəkkəb
idi. Dövrün başlıca xarakteristikası Hayato İkeda
administrasiyasının hökumət siyasətinin uğurundan
ibarət idi. Geniş istehsal və geniş ixrac başlıca
şüar olmaqla, ölkədəki həyat şəraiti
standartlarını da xeyli yüksəltdi. Yapon
iqtisadiyyatının möcüzəsi olan Qızıl
Altmışlıq ölkənin ümumi daxili məhsulunu 91
milyard dollara çatdırdı. 1980-ci ildə isə bu rəqəm
rekord həcmə çataraq, 1,065 trilyon dollar məbləğində
di.
1973-cü ildə yapon iqtisadi möcüzəsi sona
çatdı. Neftin bir barrelinin qiymətinin 3 dollardan 13 dollara
qalxması Yaponiya sənaye istehsalının 20 faiz
aşağı düşməsinə səbəb oldu. Belə
kəskin azalma faktiki olaraq yanacaq böhranının və
Birləşmiş Ştatların müdaxiləsinin nəticəsi
idi. Nəticədə, Yaponiya texnoloji cəhətdən mərkəzləşmiş
proqramını dəyişməli oldu. Ona görə də,
yanacaq böhranının mühüm ziyan vurduğu kapitalist
ölkələrindən kənarda dayanmağı bacardı.
İqtisadçı Milton Fridman Yaponiyanı nəzərdə
tutaraq bir dəfə demişdi: "Sürətlə
inkişafın ən yaxşı yolu, ölkənin
bombalanmasıdır". Bu sözlər bir qədər
ironiya xarakterli olsa da, əslində həmin ölkədəki
prosesə daha çılpaq sayıla bilən bir rəy idi.
Yaponiya müharibədə 2,6 milyondan 3,1 milyona qədər
insan həyatı və 56 milyard ABŞ dolları məbləğindəki
var-dövlətini itirmişdi. Yaponiyanın, demək olar ki,
heç nəyi qalmamışdı, lakin onun iqtisadiyyatı
görünməmiş bir sürətlə sağaldı.
Mühüm texnoloji dəyişikliklər baş verdi. Əməyin
həm kəmiyyəti, həm də keyfiyyəti
yaxşılaşdı. Beynəlxalq ticarət böyük
miqyas aldı. Sürətli sağalma və inkişaf etmə
təcrübəsi "İqtisadi möcüzənin"
doğulmasına səbəb oldu.
Sosial həyatda da 1953-cü ildən 1973-cü ilə
qədər gözəçarpan dəyişikliklər
baş verdi. Ölkədə uşaq doğumu dərəcəsi
stabilləşdi. Əhali kəndlərdən şəhər
mərkəzlərinə axışdı. Hətta əhali
artımı yavaşıyanda, iqtisadiyyat genişləndi.
Meydzi dövründə kəndlilər ölkə əhalisinin
85 faizini təşkil edirdi, o, 1970-ci ildə isə bu göstərici
20 faizdən az idi. Şəhər həyatı əhali
sıxlığından əziyyət çəkirdi. Amerikan
mədəniyyətinin təsiri hər yerdə hiss olunurdu.
Yeni ailə qurulması sahəsində açıq nikahlar tənəzzülə
uğradı və "məhəbbət" cütlüklərinin,
vətəndaş nikahlarının sayı böyüdü.
Nikah adətləri də həmçinin dəyişdi.
Beynəlxalq əlaqələr də genişləndi.
ABŞ Okinavanın və Ryukyunun işğalını davam
etdirdi. 1970-ci illərdən Yaponiyanın yüksək
inkişaf sürəti sona çatdı.
OPEC-in 1973-74-cü illərdəki embarqosu Yaponiya
iqtisadiyyatına ağır təsir göstərdi. Təbii
resurslara malik olmamaq, sənaye üçün vacib olan yanacaq
materiallarına görə başqa ölkələrdən
asılılıq öz rəvan gedişini itirdikdə,
böyük sənaye ölkəsi daha böyük ziyan
çəkməli olur. Lakin ixracın həcmi
böyüyürdü. İxrac mallarına avtomobil, rəngli
televizor şəbəkəsi, yüksək keyfiyyətli
polad, elektron məhsulları başçılıq edirdi.
Yaponiya ilə Avropanın və Birləşmiş
Ştatların ticarəti böyüyürdü.
Yaponiyanın min il davam edən feodalizm dövründən,
vətəndaş müharibələrindən və
xalqın qanının axıdılmasından, son bir əsr
yarımda isə böyük transformasiyalara məruz
qalmasından çox şey öyrənmək olar. II
Dünya müharibəsində ağır məğlubiyyətə
və işğala düçar olması ilə
yanaşı, bu fəlakətdən də düzgün nəticə
çıxarıb, sürətlə sağalmasından və
1960-cı illərdə "yapon iqtisadi möcüzəsi"
adlanan yüksək qaydadakı inkişafından digər millətlər
də ibrət götürə bilər. Tokuqava sülaləsi
hakimiyyətə gələnə qədər yaponlar vətəndaş
müharibələrinə cəlb olunur, onların
ağuşunda boğulurdu. Elə yeni sülalə
dövründə Yaponiya izolyasiya siyasəti aparmaqla, başqa
bir çuxura yuvarlanmışdı, oradan
çıxmağa, feodal buxovlarından azad olmağa can
atmırdı. Ona görə də əsasən kənd təsərrüfatı
ölkəsi kimi qalmaqda, dünyadakı inkişafdan
yayınmaqda davam edirdi.
XIX əsrin ortalarında Yaponiya dünyaya
açıldı, daha doğrusu, ölkənin
inkişafına güclü təkan verən dünyanın
ona açılması baş verdi. Sənayenin
inkişafına, bədbəxtlik nişanəsi kimi
militarizasiyaya nail olmaq üçün Yaponiya Qərb təcrübəsindən
geniş istifadə etdi və qısa müddətdə həm
də ölkənin uğurlu şəkildə kapitalizm relslərinə
keçirdi.
İşğal yolu ilə imperiyasını genişləndirmək,
Avropa dövlətləri kimi müstəmləkələr əldə
etməyə çalışdı və buna da müəyyən
dərəcədə nail oldu. XX əsrin
başlanğıcında Koreyanı tam şəkildə,
sonrakı dördüncü onilliyin əvvəlində isə
Çin ərazisi olan Mancuriyanı əsasən öz
müstəmləkələrinə çevirməyi
bacardı. Sonra bütün Cənubi-Şərqi Asiyanı
özünə tabe etmək üçün işğal
müharibələri apardı.
Amerikanların 1942-ci il iyunundan sonra müharibə əməliyyatları
teatrında üstünlük qazanması, Yaponiya rəhbərliyinin
işğal sahəsindəki iştahının kəskin surətdə
azalmasına və yoxa çıxmasına səbəb oldu.
II Dünya müharibəsinə daxil olmaq böyük səhv
addım olmaqla yanaşı, onu fəlakətli bir məğlubiyyətlə
üzləşdirdi, ölkənin şəhərləri
xarabalıqlara çevrildi. Tarixində ilk dəfə olaraq
Yaponiya ərazisi işğala məruz qaldı. Lakin Yaponiya bu
fəlakətdən də nəticə
çıxarmağı bacardı, qalib Amerika da bu sahədə
ona xilas yolu göstərdi və ölkə feniks quşu kimi
mifik deyil, real küldən də yenidən dirçəlməyə,
qamətini düzəltməyə başladı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.22.