Tanrıya doğru

 "İnsan mənzərələri" silsiləsindən

 

Nəsir

 

 

Həyat yoldaşı rəhmətə gedəndən təxminən bir il sonra Səmədin psixikasında, həyata, dünyaya baxışında heç özünün də baş açmadığı qəribə bir dəyişiklik baş  verirdi. 65 yaşı vardı, hələ dizində təpər, qolunda güc vardı, amma artıq anlayırdı ki, ömrü qüruba doğru gedir, günlərin bir günü o da arvadı kimi gecə yuxuda qəfildən, yaxud sağalmaz xəstəliyə tutulub yavaş-yavaş, günləri saya-saya ölə bilər. Bir halda ki, belədir, deməli, bundan sonra Allahın verdiyi ömür payını - bu, bir gün də ola bilərdi, bir, üç, on, lap on beş il də - necə deyərlər, Allahın buyurduğu ssenari üzrə insan kimi yaşamaq, ancaq yaxşılıq eləməklə ömrünü bundan duyduğu məmnunluq hissləri ilə başa vurmaq lazımdır. Ələlxüsus da onun kimi övlad qarşısında ciddi bir öhdəliyi qalmayan valideyn üçün: iki qızı vardı və hər ikisini oxudub qonşu rayona ərə vermişdi, başları üstündə dam, yeməyə bir parça çörəkləri vardı. İndi qalırdı həyatının eniş dövrünü bu vaxta  qədər buraxdığı səhvləri düzəldə-düzəldə, savab qazana-qazana başa vurmaq.

Səməd Allahın varlığına inanırdı və əmin idi ki, Allah insanın seçim haqqına qarışmır, onun istəklərini, əməllərini idarə eləmir. İnsanın da bu dünyada missiyası etdiyi səhvlərə görə Allahın hüzurunda bəraət qazanmaq yox, əvəzi gözlənilməyən, təmənnasız yaxşılıqdır və əgər kimsə yaxşılığı Allaha xoş gəlmək, ondan mükafat gözləmək üçün edirsə, bu, artıq yaxşılığı alver predmetinə çevirməkdən başqa bir şey deyil.

Səməd belə fikirləşirdi və heç yatsa  yuxusuna da girməzdi ki, nə vaxtsa bütün varlığı ilə inandığı bu həqiqətin girovuna çevrilə bilər.

Hər şey isti avqust günlərinin birində axşamüstü həyətin taxta qapısının döyülməsi ilə başladı.

Səməd həyətə su açmışdı, ağacları sulayırdı. Üzünü qapı tərəfə tutub "Bəli" - dedi. Amma görünür, qapını döyən şəxs bunu eşitmədi.

Qapı təkrar döyüləndə əlindəki beli dibini qurdaladığı ağacın gövdəsinə söykəyib bu dəfə ucadan dedi:

- Kimsən, ay uşaq? Bir içəri baxsana...

Qapını döyən şəxs qapını azca araladı, amma Səmədin təklifinə rəğmən, həyətə boylanmadı. Hövsələsi daralan Səməd bir az dilxor oldu və elə bu əhvalla da ayaqlarını sürüyə-sürüyə küçə qapısına yaxınlaşaraq, azca aralanmış qapının dəstəyindən tutub özünə tərəf çəkdi.

Çöldə 20-22 yaşlarında sadə, amma suyuşirin bir qız dayanmışdı. Səməd qızı görəndə əvvəlcə bir balaca karıxdı. Ona görə yox ki, bu qızı ilk dəfə idi görürdü və onun gəlib burada - bu qapının ağzında peyda olmasını gözləmirdi. İş buradındaydı ki, bu qızın nəinki  ayağındakı nimdaş ayaqqabıdan tutmuş başına bağladığı yüngül yay yaylığına qədər köhnə dəbli bütün geyimi, hətta utancaq, ürkək baxışları, yaylığın boğazının altında düyünlənmiş uclarını difişdirən titrək barmaqları belə onun buraya hardansa keçmişdən, 25-30 il bundan əvvəlki bir mühitdən qopub gəldiyi təəssüratı yaradırdı.

- Eşidirəm, qızım. Sizə nə lazımdır, - Səməd soruşdu.

- Dayı, mən.., mən... - qız elə bil sözünün dalını gətirməyə ürək eləmirdi, sanki nədənsə çəkinirdi, ehtiyat edirdi. Nəzərlərini onun yaylığın uclarını az qala didib dağıdan titrək barmaqlarına yönəldən Səməd açıq-aşkar görürdü ki, qız çox həyəcanlıdır, rəng alıb rəng verir.

- Danış, qızım, utanma, - Səməd dedi. - Nəsə lazımdır?

- Dayı, mən bu şəhərdə yerləşən tibb kollecinə daxil olmuşam, - qız nəhayət cəsarətini toplayıb titrək səslə dedi. - Qalmağa kirayə ev axtarıram. Bilmirsiz, burda ev verən var? - sonra nəyə görəsə başını aşağı salıb astadan əlavə elədi: - Lap qulluqçuluq da eləyərəm o evdə.

Səməd başa düşdü ki, bu qız xam adamdır, hardansa qıraq yerdən gəlib. Özü də deyəsən, kölgəsi-filanı yoxdur, çünki rayon mərkəzindəki tibb kollecinə daxil olan qız uşaqlarına evi həmişə onların valideynləri axtarırdı. Bu qızın indi bu sayaq ortaya düşməyi bir az təəccüblü, bir az da müəmmalı idi. Amma indi bu barədə fikirləşmək məqamı deyildi - qız yaylığının uclarını didişdirə-didişdirə cavab gözləyirdi.

- Dəqiq bir söz deyə bilmirəm, qızım. - Səməd dilləndi.- Bəlkə də var. Amma belə evlər üçün müştəri yığan dəllallar elə kollecin həndəvərində fırlanır, şərtlərini, qiymətləri açıqlayırlar. Bir də nə əcəb gecikmisən? Bəs valideynlərin hanı?

Qızın üzünə qəribə bir kölgə çökdü, elə bil içində nəsə qırıldı, bayaqkı dilli-diravərliyi çəkilib getdi və dediyi sözlər sanki dərin bir quyunun dibindən gəldi:

- Mənim valideynlərim yoxdur, dayı, uşaq evində böyümüşəm...

Səmədin ürəyinə sanki biz batırdılar, hətta qeyri-ixtiyari əlini sinəsinə apardı və başa düşdü ki, əgər indi qapını bu qızın üzünə örtsə, bu yad şəhərdə çöldə tək-tənha qoysa, daha onun bu dünyada yaşamağa haqqı olmayacaq.

- Adın nədir sənin?

- Sevda, - qız cavab verdi.

- Keç içəri, Sevda.

Cavab gözləməyib çevrildi və bayaq beli söykədiyi ağaca tərəf getdi. Nəyə görəsə əmin idi ki, qız etiraz etməyəcək. Elə də oldu. Sevda həyətə keçib sol tərəfdəki üçotaqlı evi nəzərdən keçirə-keçirə Səmədin arxasınca addımladı.

- Bax, sağ kəllədəki otaqda mən qalıram. - Səməd əlilə ağaca söykənib dedi. - Bu biri kəllə otaqda sən gecələyərsən. Ortadakı otaqda isə qızlarımın köhnə pal-paltarları yığılıb. O da olacaq necə deyərlər, neytral otaq. Bugünü yola verək, sabah sənin ev məsələn barədə fikirləşərik.

Bunlar Səmədin ağzından çıxan sözlər idi, amma ürəyində fikirləşirdi  ki, onun evini bu qıza məhz Allah nişan verib və bir halda ki belədir, Sevda məhz burda onun evində sol tərəfdəki kəllə otaqda yaşayacaq...

Bir neçə gündən sonra dərslər başladı. Sevda hər səhər tezdən qalxır, həyəti süpürür, çay dəmləyir, Səmədin səhər yeməyini mətbəxdəki balaca masanın üstünə qoyub o, hələ yuxudan ayılmamış dərsə gedir, günorta qayıdan kimi stəkanları, qabları yuyub öz dili ilə desək, əppək yavanlığı hazırlayır, sonra da dərsləri ilə məşğul olurdu. Qız elə bil civə idi, bir an belə bekar durmurdu. Ev-eşik əməlli-başlı abıra düşmüşdü. Səməd öyrənmişdi ki, kollecə girməzdən öncə Sevda iki il Bakıdakı mehmanxanalarda xadimə işləyib və görünür, bu diribaşlıq da o vaxtlardan vərdişə çevrilmişdi. Səməd onu dükan-bazara getməyə qoymur, hər şeyi özü alırdı və bütün bunların əvəzini Sevda öz abırlı davranışı ilə artıqlaması ilə ödəyirdi...

Amma...

Bir gün günorta Səməd küçədən gələn sırtıq fit səsləri, ardınca eybəcər gülüş qarışıq nalayiq sözlər eşitdi. Küçə qapısına yaxınlaşıb açmağı ilə Sevdanın hıçqıra-hıçqıra özünü həyətə salmağı bir oldu. Üzbəüz səkidəki saqqallı yeniyetmələr Səmədi görən kimi çevrilib elə həminki şit hırıltılarla qaçmağa üz qoydular. Səməd işin nə yerdə olduğunu başa düşdü.

- Fikir vermə, qızım, meşə çaqqalsız olmaz, - deyərək qızı sakitləşdirməyə çalışdı. Bəlkə heç özü də buna o qədər əhəmiyyət verməzdi, əgər bir neçə gündən sonra hadisə bir qədər başqa ssenari ilə təkrarlanmasaydı.

Bazardan evə gəlirdi. Küçə qapısına çatar-çatmaz qonşuları Məcid  hardansa peyda olub başının üstünü aldı:

- Müəllim, bir dəqiqə olar?

Səməd əllərindəki zənbilləri yerə qoyub ona baxdı - yəni danış eşidirəm.

- Deyəsən, özünə təzə qulluqçu tapmısan? - Məcidin səsində zorla hiss olunan bir ironiya vardı, - Bəs nə əcəb gecəni də sizdə qalır?

- O, qulluqçu deyil, tələbədir, kollecdə oxuyur - Səməd cavab verdi.

- Kvatrirantındır? - Səməd gördü ki, Məcidin dodaqlarındakı bayaqkı o ölüvay ironiya yavaş-yavaş iyrənc, şeytani bir istehzaya çevrilir.

- Yox, mən evimi kirayə vermirəm...

- Bəs onda bunu necə başa düşək? Cavan bir qız hər səhər sənin evindən çıxır, hər günorta sənin evinə qayıdır. Bəlkə gizlincə evlənmisən onunla xəbərimiz yoxdur? Bilirsən, şəhərdə bu barədə nələr danışılır?

Səməd gördü ki, Məcid həddi aşır, yaşına bazbrutuna yaraşmayan sözlər danışır. Hətta bir anlıq ona elə gəldi ki, bu yaşlı kişi ilə Sevdanı fitə basan o yeniyetmələr arasında heç bir fərq yoxdur. Ona görə səsinin tonunu qaldırıb dedi:

- Yaşlı adamsan, danışanda sözü ağzında bişir, danış. O qız yetimdir, atasız-anasız böyüyüb. Öz evimdə heç bir təmənna güdmədən ona bir künc vermişəm. Bu cavab səni qane edir?

- Tutaq ki, dediklərinə mən inandım. Bəs bu camaatın ağzını kim bağlayacaq? - Məcid irişə-irişə dedi.- Hər günorta küçəni bürüyən fışdırıq səsindən qulaq tutulur. O tamaşada deyilir ey, deyirsən bir tikə müsəlmançılığımız qalıb onu da belə asanlıqla salaq ayaq altına?

- Bəs kimsəsiz, ata-anasız bir tifili yad şəhərdə o fışdırıq çalanların ümidinə qoymaq  müsəlmançılıqdırmı? - hirsindən Səmədin səsi boğulur, rəngi get-gedə qaralırdı.

- Əşi, yaxşı, sən Allah, qoy oturmuşuq. Zibili şokalad kağızına büküb baş aldatmaq buna deyirlər ey... - Məcid əlini yelləyib çevrildi. İki addım atıb nə fikirləşdisə dayanaraq üzünü Səməd tərəfə döndərib dedi:

- Heç olmasa hərdənbir işarə eləyəndə biz tərəflərə də göndər o tifil dediyini. Nə olar, bir-iki gün də bizdə gecələyər.

Sonralar bu əhvalatı yadına salanda Səməd fikirləşmişdi ki, nə yaxşı o anda əlində bıçaqdan, baltadan bir şey olmayıb, çünki ona tərəf baxan, o sözləri deyən Məcid deyildi, Məcidin qiyafəsini almış Şeytan idi, arsız-arsız dişlərini ağardırdı və həmin məqamda Səməd inanmışdı ki, Şeytanla məsələni birdəfəlik çürütmək - yəni ona daş atmaq üçün heç də neçə kilometr məsafə qət edib Həcc ziyarətinə getməyə ehtiyac yoxdur, yetər ki, o baltanı Şeytanın təpəsinə çırpa, yaxud bıçağı ürəyinə soxasan.

Hirsindən əsə-əsə həyətə girərib eyvana qalxdı, kranı açıb ovcunu su ilə dolduraraq üzünə, boynuna çəkdi və həmin anda böyük qızından zəng gəldi. Nədənsə ürəyinə damdı ki, bu zəng də xeyirliyə deyil, ümumiyyətlə, bu gün onun üçün uğursuz bir gündür.

Qızı salamdan sonra dərhal uzun, emosional bir nitqə başladı:

- Ay ata, yaşının bu vaxtında lazım idi sənə bu söz-söhbət? Gör nələr baş verir k, zıppıltısı bizim rayona da gəlib çatıb. Məgər yetim-yesirə arxa durmaq sənin alnına yazılıb? Ata-anasından bixəbər olan birisindən nə yaxşılıq gözləyirsən? Özü də də cavan, qızın yaşında. Deyirsən camaat cəmdəyimizə tüpürsün?..

Qız nəfəsini dərmədən düdüləyib tökür, arada onun sözünü kəsib nə isə demək istəyən atasına ağzını açmağa imkan vermirdi. Səməd Məcidlə bayaqkı söhbəti yadına saldı və fikirləşdi ki, əgər yaşlı, bazburutlu kişi elə danışırsa, qızının ona bu sayaq ədəb-ərkan dərsi keçməsinə təəccüblənmək lazım deyil.

                                                                                                                                  - Bax elə eləmə ki, iki bacı qoşalaşıb gələk, tutaq o ləçərin saçından sürüyək çölə. Yekə kişisən, yaxşı-yaxşı fikirləş...

Bəzən insan uzun müddət üzərində baş sındırdığı bir məsələnin cavabını, bir problemin həllibi bircə anın içindəcə tapır və indi də Səməd qızının bu alovlu nitqinin sonunu dinləyə-dinləyə daha ona cavab vermək, nəyisə izah etmək istəmirdi, çünki beynində ayrı, vacib bir şey haqqında fikirləşirdi

- Artıq fikirləşirəm, qızım, - Səməd dedi və telefonu bağladı.

Həyət qapısının cırıltısından bildi ki, Sevdadır. Pilləkən tərəfə gedib onu eyvana çıxmağa qoymadı.

- Şəxsiyyət vəsiqən üstündədir, qızım?

Sevda başının hərəkəti ilə "hə" cavabı verdi.

Səməd həyətə düşüb ayaqqabılarını geyinə-geyinə dedi:

- Onda düş yanıma, gedək.

Sevda təəccüblənsə də, heç nə soruşmadı, küçə qapısına tərəf gedən Səmədin arxasınca addımladı.

...On beş-iyirmi dəqiqədən sonra rayon məhkəməsinin ikimərtəbəli təzə binasında xudmani bir kabinetdə cavan bir oğlan ilə üz-üzə dayanmışdılar.

- Oğlum, mən 20 il əvvəl böyük bir səhv ucbatından itirdiyim qızımı tapmışam. Onun üzərində atalıq hüququmu bərpa etmək istəyirəm. Ərizə yazmaqda kömək edərsən?

- Söhbət bu qızdan gedir? - oğlan başı ilə Sevdanı göstərdi.

Səməd "bəli, elədir" demək istəyəndə arxadan hıçqırıq səsi gəldi. Çevrilib gördü ki, Sevda cib dəsmalını gözlərinə sıxıb uşaq kimi  xısıl-xısıs ağlayır. Ona yaxınlaşıb saçlarını sığalladı, gəlib boğazına dirənmiş qəhərini boğa-boğa

- Ağlama, qızım, - dedi. - Onlar Şeytana sığınırsa, bizim də güvəndiyimiz Allahımız var.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.21.