Müəllimlər müəllimi -
Kərim Əsgərov
QƏRBİ AZƏRBAYCANIN FƏDAKAR MAARİF
XADİMİNİN 100 İLLİYİ TAMAM OLURƏsgər
ƏSGƏROV,
Mətbuat aləmində işə başlayıb əlimə
qələm götürdüyüm dövrdən (rayon qəzeti,
noyabr 1960) çox keçməmiş gərəkli bir məqamı
dərk edib onun sehrinə düşdüm. Yazı-pozu əhli
ürəyindən keçəni ağ vərəqlərə
köçürməyə girişəndə, adətən,
iki halda bərk tərəddüd hissi keçirir, çətinliklə
qarşılaşır. Birincisi, yazacağı mövzuya, vəsf
edəcəyi şəxslərə yetərincə dərindən
bələd olduqda: haradan başlayım, hansı faktı
ön plana çəkim ki, süjet oxucunu ələ ala
bilsin? İkincisi isə, qələmə alacağı
obyekti, şəxsi və ya sahəni lazımınca
tanımadıqda... Başqa sözlə, aşığın
"neynim-neynim"i yazının gündəliyinə
düşəndə çətinlik qaçılmaz olur.
Ağbaba mahalının Amasiya rayonundakı
Qaraçanta (1939-cu ildən Əzizbəyov adlanan) kəndinin
dəyərli ziyalısı Kərim Qələndər
oğlu Əsgərov haqqında ürəyimdən keçənləri
bir araya cəmləyib, bu tanınmış kənd müəlliminin
bir əsrlik yubileyinə ərməğan hazırlamaq qərarına
gələndə də məhz bu hissləri yaşadım. Kərim
müəllim özgəsi deyil, mənim yaxın qohumumdur,
soyadımız da eynidir. O, 1944-cü ildə məktəbə
ayaq basdığım gündə mənə əlifbanı
tədris edən ilk müəllimim olub. Beşinci-yeddinci
siniflərdə isə dil-ədəbiyyat dərslərini bizə
o deyib; Azərbaycan dilinin qrammatik kateqoriyalarını
bütün incəliklərinə qədər öyrətməyə
çalışıb və buna nail də olub. Həm də
evlərimiz divar-divara qonşu idi. Belə bir "əlverişli"
mühitdə yaşamaq mənə müəllimim barədə
yüzlərlə maraqlı fakt, məlumat və
müşahidə qazandırmışdı. Bu "tarixi və
coğrafi" yaxınlıqda mənə məlumat
qıtlığı çəkmək mümkün deyildi.
Odur ki, ən ümdə xatirələri seçərək
yubiley yazıma davam edirəm.
Kərim müəllim ailənin ilki idi. O, 15
yaşına çatanda qardaşları Baxşəli 13,
Abbasəli 10, sonbeşik bacısı Möhtəbər isə
9 yaşın içində idilər. Ata cəbhədə,
ana evdar qadın, baba Əşrəf əmi isə yataq xəstəsi
idi. Ailənin bütün ağırlığı Kərimin
çiyinlərində idi. Kolxozun mal-qarasını otarar, ot və
taxıl biçinində işləyərdi. Son vaxtlar isə
Arpaçayı üstündə tikilmiş qədim dəyirmanda
usta köməkçisi kimi fəaliyyət göstərirdi.
Dəyirmançı ustanın hərəkətlərinə
diqqət yetirməklə, daşları işə
salmağı və növbətçilərə
(nobatçılara) xidmət etməyi tez öyrənmişdi.
Dəyirman, ana babası Kərbəlayi Əsədin onilliklər
əvvəl tikdirib işə saldığı bir yadigar idi.
Erməni dəyirmançı, gənc Kərimin səriştəsinə
bələd olduğundan, tez-tez Gümrüyə, evinə gedər,
yalnız meyli çəkəndə iş başına
qayıdardı.
Lakin bir hadisə gəncin dəyirmançılığına
son qoyur. Bir gecə Kərim kiçik qardaşı ilə un
üyüdən növbətçini yola saldıqdan sonra dəyirmana
əldə silah iki erməni daxil olur. Biri yaşlı, digəri
cavan olan bu şəxslər yorğun imişlər;
görünür, ordudan qaçan fərarilərmiş
(sonradan bu ehtimal təsdiqlənir). Qardaşlar bərk həyəcan
keçirir və qəti qərara gəlirlər ki, dəyirmanı
tərk edib kəndə qayıtsınlar. Ucsuz-bucaqsız
sıldırım qayalıqlarda yeganə həyat rəmzi
olan dəyirman hər an qaçaq-quldur yuvasına çevrilə
bilərdi. Qaçaqlar dincəlib sübhçağı gedəndən
sonra Kərim dəyirman daşının "dabanını
qaldırır", suyu kəsir, qapını
qıfıllayıb Qaraçantaya yollanır. Bununla da
"Köhnə dəyirman" fəaliyyətini
dayandırır və az sonra sökülüb
dağılır.
Kərim kolxozda işləməklə yanaşı,
yeddinci sinfi bitirir və İrəvan Pedaqoji Texnikumunun qiyabi
şöbəsində təhsil almağa başlayır.
1942-ci ilin sentyabrında, hələ 17 yaşı tamam
olmamış, o, kənd məktəbinə müəllim təyin
olunur.
Qışın qarlı-boranlı fevral günlərindən
birində Kərim Əsgərov ağır qəza
keçirir. Nəsibovların məhəlləsində
küləyin aşırtdığı elektrik dirəyini bərpa
edərkən dirək onun boyun nahiyəsinə
düşür. Xəstəni xərəkdə evə gətirəndə
ağız-burnundan, qulağından qan axırmış. Kənddə
şüvən qopmuşdu, hamı əl-ayağa
düşür. Belə bir gərgin anda anam Maya Yusif
qızı gözlənilməz bir çeviklik göstərərək
başındakı yaylığı açıb Kərimin
sol qolundan ilgək (jqut) salaraq bərk sıxdırır. Az
sonra qan dayanır. Gecdən-gec rayonun baş həkimi
Ağunik gəlib çatır və xəstə tədricən
özünə gəlir. Bəlkə də bu, taleyin qisməti
idi ki, Kərim ölümün pəncəsindən xilas olur
və sonralar yüzlərlə gəncin təlim-tərbiyəsində
yaxından iştirak edir.
Pedaqoji Texnikumu bitirdikdən sonra Kərim müəllim
İrəvan Pedaqoji İnstitutuna daxil olur. 1947-1948-ci illərdə
Stalinin əmri ilə həyata keçirilən deportasiya nəticəsində
institut da, texnikum da... Azərbaycana
(Bakı və Xanlara) köçürülür. Sonra o, təhsilini
Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda davam
etdirir və 1953-cü ildə oranı uğurla bitirir.
Bu illərdə Kərim müəllimin fəaliyyəti
təkcə doğma kəndi ilə məhdudlaşmırdı.
O, bütövlükdə rayon gənclərinin tərbiyəsində
yaxından iştirak edirdi. Özünün imtahan
sessiyalarına, dövlət imtahanına
hazırlaşmasına rəğmən, rayon mərkəzindəki
orta məktəbdə təhsil alanlar "kamal
attestatı" verilmək ərəfəsində tez-tez onun
yanına gələr, gecə də olsa konspektlərini
yoxlatdırar, yazdıqları inşalara düzəliş etməsini
xahiş edərdilər. Kərim müəllim gecənin bir
vaxtı olsa da, yorulmadan onlara kömək edər, dəyərli
məsləhətlərini əsirgəməzdi. O, daima
mütaliə edər, öz üzərində
çalışardı. Sonralar ali təhsilini başa vurduqda
riyaziyyatçı Bəşir Məmmədovdan sonra kənddə
alitəhsilli ikinci müəllim oldu.
Bunu görən rayon Təhsil İdarəsinin rəhbərliyi,
raykom onu məsul işlərə daha fəal cəlb etməyə
başladı. Kərim müəllim tezliklə İmtahan
Komissiyalarının üzvü, sonra isə Əzizbəyov,
Güllücə, Göllü kəndlərində məktəb
direktoru işlədi. Maarif Nazirliyinin nümayəndəsi kimi
müxtəlif imtahanlarda iştirak etdi. Nəhayət,
1966-1971-ci illərdə Amasiya Rayon Təhsil İdarəsinin
müdiri vəzifəsinə yüksəldi. O dövrün
ziyalıları və yerli əhali onu təmiz və ülvi,
neqativ hallardan uzaq bir rəhbər kimi tanıdı.
Düzlük və halallıq onun fəaliyyətinin ana xətti
idi. Rayon Təhsil İdarəsinin inspektoru T.Matevosyan söhbət
əsnasında deyərdi: "Mən öz ana dilimdə bir
yoxlama aktı yazana qədər Kərim müəllim erməni
dilində məzmunu və məğzi qüsursuz, orfoqrafik səhvsiz
iki aktı hazırlayıb makinaçıya təhvil
verirdi".
Kərim Əsgərovun sonrakı 15 illik gündəlik
fəaliyyəti "Əmək" rayon qəzeti ilə
bağlı oldu. Redaktor kimi o, Ağbabanın təsərrüfat
və quruculuq işlərini, qabaqcıl əmək
adamlarının nailiyyətlərini qəzet səhifələrində
geniş işıqlandırırdı. Bədii
yaradıcılığa həvəsi olanlar üçün
redaksiyada xüsusi güşə açmışdı. Eyni
zamanda Amasiya Rayon Partiya Komitəsinin büro üzvü və
bütün çağırışlarda rayon sovetinin
deputatı seçilmişdi. Büroya dəvət olunanlar,
xüsusən partiya sıralarına qəbul edilənlər Kərim
müəllimin savadlı (bəzən də
yardımçı) suallarından ehtiyat edərək
(faydalanaraq), iclasa tam hazırlıqlı gələrdilər.
Bu, xalqın ona olan böyük ehtiramının təzahürü
idi.
Mən özüm yuxarı siniflərdə oxuyarkən
Kərim müəllimin "əziyyət"ini çox
çəkmişəm. O, bizi kitablar aləminə daxil
olmağa həvəsləndirərdi. Qiyabi təhsil
aldığı vaxtlarda yoxlama işlərini mənə verib
deyərdi: "Apar poçta, ünvana yola sal (Bakı, Bir May
küçəsi 101)". Bu tapşırıqlar məndə
təhsilə və ictimai işlərə böyük maraq
oyatmışdı. Hətta uşaqlıqdan onun təşviqi
ilə məqalə yazmağa başlamışdım. 1945-ci
ildə rayon qəzetində dərc olunan "Hüseyn əminin
bostanında" adlı ilk yazım onun verdiyi göstərişlərin
nəticəsi idi. Məqaləyə görə redaksiya mənə
pul da göndərmişdi.
Onun öyrətdiklərinin bəhrəsini 1955-ci ildə
Bakıda, V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat
fakültəsinə imtahan verərkən gördüm.
Şifahi imtahanda cavablarım yazıçı İsmayıl
Şıxlını və dilçi Abbasqulu Məhərrəmovu
tam razı saldı (bu şəxsiyyətləri sonra yaxından
tanıdıq, bizə dərs dedilər). Abbasqulu müəllim
cümlə təhlilinə xüsusi diqqət yetirərdi.
İsmayıl müəllimin "fikrinizi deyin"
sözünə onun cavabı belə oldu: "Mən
razı". Elə buna bənd imiş kimi müəllim
imtahan vərəqəmə əla yazdı, sonra da stolun
üstündəki yazımı (inşa) qiymətləndirdi
- əla. Müəllimlərə minnətdarlıq bildirdim.
Ancaq ilk sözü minnətdarlığı qəlbimdə Kərim
müəllimə yönəltdim. Çünki o, bizə
cümlə təhlilinin ən yaxşı, ən optimal
variantını elə öyrətmişdi ki, son dərəcə
tələbkeş A.Məhərrəmov cavabıma bir dəfə
də olsa müdaxilə etmədi.
Kərim müəllim həm də şən və
zarafatcıl insan idi. Aramızda 11 yaş fərq olsa da, mənimlə
söhbətdə yeri gəldikcə yumordan istifadə edərdi.
Hələ 5-ci sinifdə oxuyarkən məktəbin
"Divar" qəzetinə yazdığı mənzum felyetonu
bütün şagirdlər əzbərləmişdilər.
O, həm də sənədli oçerklərin, hekayələrin
və çoxsaylı məqalələrin müəllifi idi.
Qarabağ hadisələri ilə əlaqədar Qərbi
Azərbaycandan köç başlayanda Kərim müəllim
doğma yurdunu ən son tərk edənlərdən biri oldu.
1989-cu ildə Sumqayıta pənah gətirdi. Təəssüf
ki, Sumqayıtda bu təhsil fədaisinə bir neçə
saatlıq dərs belə tapılmadı. O, məcbur qalıb
Xızının Qarabulaq kəndində işə
başladı. Müəllimlərin yay müşavirəsindəki
çıxışı Xızı ziyalılarını elə
heyran etdi ki, arxa cərgədən yüksələn heyrət
dolu səda hələ də qulaqlardadır.
Qızı Sürəyyadan atasının xarakteri,
hobbisi haqqında soruşanda güldü və əlavə
etdi: "Özün yaxşı bilirsən, o, nəfsibütöv,
gözütox adam idi. Marağı da futbol və nərd
idi". Kərim müəllim "Neftçi" və
"Dinamo Tbilisi" komandalarının sadiq azarkeşi kimi,
Banişevski və Tofiq Axundovu, Mesxi - Metrevelini xüsusi bəyənərdi. Kənd
klubunda keçirilən nərd yarışlarında isə
onun bənzərsiz gedişləri həmişə
heyranlıq doğurardı.
Lakin taleyin acı hökmü Sumqayıtda onu yaxaladı.
Dənizkənarı parkdan qayıdarkən, atasının
maşınını qaçıran məsuliyyətsiz bir
yeniyetmə Kərim müəllimi vuraraq ağır
yaraladı. Vaxtında lazımi tibbi yardım göstərilmədiyi
üçün bu böyük ziyalını, təhsil əlaçısını
itirdik (1991). Bu itkiyə bütün rayon və kənd əhli
dərindən kədərlənib heyifsiləndi.
Dəyərli şəxsiyyət, unudulmaz pedaqoq Kərim
Əsgərovu 100 illik yubileyində bir daha ehtiramla
xatırlayırıq və onu tanıyan hər kəs xatirəsini
əziz tutur. Ruhun şad olsun, əziz müəllimimiz!
Əsgər ƏSGƏROV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.20.