"Oxucu həyat həqiqətinə
söykənən bədii həqiqət istəyir"
YAZIÇI ƏLİ ƏMİRLİ İLƏ
"MEYDAN" ROMANI HAQQINDA SÖHBƏT
Müstəqillik dövrü Azərbaycan nəsrinin ən
parlaq nümunələrindən biri də Əli Əmirlinin
"Meydan" romanıdır. Məncə, bədii
gücünə görə "Ölüm
hökmü", "Qətl günü" ilə eyni
sırada olan, dünyaya çıxarılası bu roman
1988-ci il meydan hərəkatının enerjisini bizə
xatırladır, ötürür. Paralel olaraq əsas
obrazlardan biri gənc evli kişinin (romanda obrazların
adları yoxdur) seks macəraları, yerli kommunist partiyası
nomenklaturası nümayəndələrinin öz hedonist həyatlarını
yaşamasının, eyni zamanda xalq hərəkatına
üstdən aşağı baxmasının şahidi oluruq.
Əsərin dramaturji baxımdan uğurlu olmasının səbəbi
də məhz budur. İndi daha çox dramaturq kimi tanınan
ustad nasirimiz Əli Əmirlinin istedadı hər iki həyatın
bədii təsvirini eyni dərəcədə mükəmməl
verə bilməsində özünü göstərir.
Axıcı dillə yazıldığından sürətlə
oxunan bu roman haqqında müəlliflə ətraflı
söhbətləşdik.
- Bu romana necə başladınız? Niyə bu
sualı verirəm? Əsərdə 1988-ci il xalq hərəkatının
enerjisi duyulur. Hətta mənə elə gəlir, o hadisələrin
şahidi olmayanlar belə bu romanı oxusalar, xalq hərəkatının
enerjisini, dövrün ruhunu hiss edərlər.
- "Meydan" yazılanda mən artıq bir
neçə romanın müəllifi idim.
"İldırımötürən" və "Axirətdən
qabaq gəzinti" əvvəl "Azərbaycan"
jurnalında, sonra "Yazıçı" nəşriyyatında
kütləvi tirajla nəşr olunmuşdu. Adını
çəkdiyim romanları həm özüm bəyənirdim,
həm də oxucular. Tənqidin də münasibəti müsbət
idi. "Meydan"ı isə zaman yaratdı. 1988-ci ilin meydan
hadisələri sovet rejimində analoqu olmayan ümumxalq
etirazının çox parlaq səhifəsi idi. On yeddi
gün sərasər ölkənin, millətin ürəyi o
meydanda döyündü. Bu möhtəşəm hadisələrə
biganə qalmaq mümkün deyildi. Roman da hələ meydan təəssüratlarının
soyumadığı bir zamanda, 20 yanvar qırğını ərəfəsində
yazıldı. Özü də çox sürətlə. Bir
qayda olaraq bədii əsər konkret tarixi hadisələrdən
uzun illər keçəndən sonra, bir növ ehtiraslar
soyuyandan sonra yazılır. Əlbəttə, istisnalar da olur.
Necə ki, mənimlə eyni vaxtda Sabir Əhmədli də
meydan hadisələrindən bəhs edən roman
yazmışdı. Təbii ki, müşahidəçi kimi mən
də həmin on yeddi günü meydanda keçirmiş və
bütün baş verənlərin, passiv də olsa,
iştirakçısı olmuşdum. Orda gördüyüm
yaxşı-pis nə varsa, yaradıcı yaddaşımda iz
qoyurdu. 1989-cu ildə əsər sürətlə
yazıldı. Maraqlı idi ki, yazı prosesinə fasilə
vermək istəmirdim. Hər gün işlədiyim elmi-tədqiqat
institutunda saat 5-də işçilər evinə gedəndən
sonra mən iş yerimdə oturub saat 9-a, 10-a qədər
dayanmadan yazırdım. Əgər siz deyən kimi bu romanda
xalq hərəkatının enerjisi, dövrün ruhu hiss
olunursa, deməli, zəhmətimiz hədər getməyib. Onu
da deyim ki, elə jurnalda dərc edildiyi vaxtda, yəni 1992-ci ildə
romanı səhnələşdirdim, çox istedadlı
rejissorumuz Hüseynağa Atakişiyev Gənclər
Teatrında elə "Meydan" adı ilə maraqlı bir
tamaşa qurdu.
- Roman ilk dəfə 1992-ci ildə "Azərbaycan"
jurnalında işıq üzü görüb. Əvvəlki
söhbətlərimizin birində demişdiniz ki, o zaman
Bakıda fəhlələr bu jurnalı oxuyub bir-birinə
ötürürmüşlər. Bəs ədəbi
mühitin əsərə reaksiyası necə oldu?
- Mən əsəri bitirən kimi "Azərbaycan"
jurnalına müraciət elədim. 1992-ci ildə ölkədə
siyasi-iqtisadi böhranın qızğın
çağında roman İntiqam Qasımzadənin köməyi
ilə işıq üzü gördü. Deyim ki, o zamanlar
redaksiyaya xeyli etiraz zəngləri olmuşdu. Meydan hadisələri
ilə paralel qəhrəmanımın "eşq" macəraları
ilə bağlı səhnələr bəzi oxucuları
möhkəm qıcıqlandırmışdı, amma bildiyimə
görə, jurnal oxucular arasında sürətlə
yayılırdı. Beş min fəhləsi olan böyük
bir zavodda sex rəisi işləyən, ədəbiyyatdan xeyli
uzaq bir qohum dedi ki, iş vaxtı görürəm fəhlələr
dəzgahların arxasında daldalanıb nəsə oxuyurlar.
Birini tutdum ki, iş vaxtı bu nədi oxuyursan? Baxdım
gördüm sənin romanındır. Onlar jurnalı növbə
ilə bir-birlərinə ötürürlər. Qohum deyir
maraqlandım, mən də oxudum, çox da bəyəndim. Sən
deyən kimi, Alpay bəy, ədəbi mühitin reaksiyası
isə az qala yox dərəcəsində idi. Hətta
"Yazıçı" nəşriyyatı planda olan bu
romanı mətbəədən geri qaytarıb nəşr etməkdən
imtina eləmişdi. Səbəbini və səbəbkarları
bilsəm də, indi açıqlamaq istəmirəm,
ümumiyyətlə, şikayətlənməyi sevmirəm.
Bu, mənim həyat prinsipimdir: şikayətlənmə və
istəmə! Həm də o zaman başım artıq
dramaturgiyaya möhkəm qarışmışdı. Nəhayət,
yaşımın bu vaxtında 35 ildən sonra
"Meydan"ı kitab kimi öz hesabıma nəşr elətdirdim
ki, itib batmasın.
- Əsərdə bir tərəfdən,
coşub-daşan xalq hərəkatı, öz haqlarını
tələb edən yüz minlərlə insanların, mitinqi
idarə edən liderin, ziyalıların səsini eşidirik.
Digər tərəfdənsə, xalq hərəkatına
lağ edən, mitinqdə gedənləri aşağılayan
yerli kommunist partiyasının harınlamış təbəqəsinin
nümayəndələrini görürük. Əsərdə
əsas süjet xətti həm də günlərini gah iyirmi
səkkiz yaşlı fahişəylə, gah da qatarda
tanış olduğu, sonra yoldan çıxartdığı
qızla keçirən, eyni zamanda
partnomenklaturaçının qızıyla evli olan oğlan
obrazının başına gələnlər üzərində
qurulub. Oğlan bəzən təsadüflər, bəzənsə
məqsədli şəkildə mitinqlərdə iştirak
edir, gah xalqın etirazını duyur, dərk edir, onlara haqq
qazandırır, hətta meydanda kövrəlir. Bəzənsə
onlara yuxarıdan aşağı, lümpenlər kimi
baxır. Romanda "süjetlərin harmoniyası" var desək,
yanılmarıq. Romanı qələmə alarkən yazı
və redaktə prosesində çətinliklərlə
üzləşdinizmi?
- Alpay bəy, romanın xülasəsini tənqidçi
kimi yox, əsl yazıçı kimi çox maraqlı şərh
elədin, əlavələr etmək istəmirəm, amma onun
yaranması haqqında bəzi məqamları yada sala bilərəm.
Qəhrəmanımın prototipi iki real adamın birləşdirilmiş
bədii obrazı idi. Burda meydanın liderləri də
vardı, meydanda gördüyüm təsadüfi adamlar da.
Yazıçı olduğun üçün bilirsən, əvvəl
ideya yaranır, sonra mövzu və nəhayət, ən vacib
olan süjet xətti. Süjet xətti inkişaf etdikcə
personajlar doğulur, ətə-qana dolur, hadisələrlə
bağlı xarakterlər formalaşır. Əlbəttə,
yazı prosesində hətta yazıçının
özünün belə gözləmədiyi hadisələr,
peripetiyalar, onların yaratdığı dönüş
nöqtələri meydana çıxır, əsərin
oxunaqlı olmasını təmin edir. Ümumiyyətlə, mən
hadisəni və onun iştirakçılarını elə
vəziyyətlərə salmağa çalışıram
ki, oxu sürət yığsın, oxucu kitabı fasiləsiz,
nəfəs dərmədən oxusun. Təsəvvür edin
ki, meydan hadisələrinə tam uyub hamının bildiyi,
gördüyü əhvalatları olduğu kimi yazıya
yükləyirsən. Bu oldu tarix, yazıçı isə
tarix yazmır, yazıçı tarixi məzmun
qazanmış hadisənin bədii obrazını yaradır.
Ümumiyyətlə, bir həyat həqiqəti var, bir də
bədii həqiqət. Oxucu həyat həqiqətinə
söykənən bədii həqiqət istəyir.
"Meydan"ı yazarkən mən buna
çalışmışam. Yazı və redaktə prosesində,
təbiidir ki, müəyyən çətinliklər olur,
amma bu işdir, həm də sevdiyin işdir. Etiraf edim ki,
yazı prosesi mənim üşün həzz mənbəyidir.
Bəyənmədiyim, narazı qaldığım hissələri,
epizodları heyifsilənmədən ixtisar edirəm. İlk
olaraq özüm yazını bəyənməliyəm.
Xoşbəxtlikdən görürəm ki, oxucularımla
zövqümüz çox vaxt üst-üstə
düşür. Pyeslərimin taleyi də bunu deməyə mənə
əsas verir, çünki teatrda əsərə münasibəti
əyani şəkildə görürsən, yüzlərlə
tamaşaçının alqışlarının şahidi
olursan.
- Roman dramatizmin artan xəttiylə oxunur. Otuz
yaşlı qızın aborta qədərki əzabları,
abort prosesində keçidikləri əziyyət,
ağrı, nəhayət, dünyasını dəyişməsi,
- əsərin bu yerlərində gözlərim dolmuşdu. -
oğlanın onun meyitini görməkçün yenidən
mamaçanın evinə tərəf getməsi, meyit təcili
yardım maşınına qoyularkən mamaçanın
izdiham içərisində oğlanı görməsə də,
ona ünvanlanan qarğışları bədii baxımdan
möhtəşəm yazılıb. Adətən, bu tipli əsərlərin
qəhrəmanları yazıçını bir müddət
izləyir. Siz yazı prosesində belə hal
keçirmişdinizmi?
- Romanın ən təsirli süjet xətti,
doğrudan da, yaşı ötmüş qızla qəhrəmanın
qəddar münasibətidir. Deyim ki, olmuş hadisədir,
tanıdığım real adamlardır, müəyyən yerədək.
Ana bətnində olan üç aylıq körpənin tələf
edilməsi (yeri gəlmişkən, mənim "Hasarın o
üzü" adlı pyesimdə inanclı xanım
uşaqları abort yolu ilə öldürən həkimləri
killer adlandırır), qızın cərrah masasında
ölümü, oğlanın meyiti qoyub qaçması, sonra
dözməyib cinayət yerinə gəlməsi və sair
artıq müəllif fantaziyası, uydurmasıdır. Qəhrəmanın
çox çətin vəziyyətə düşməsi, həlli
görünməyən situasiyadan çıxış yolu
axtarması və tapdığı o yoldan istifadə etməsinə
reallıqda haqq qazandıranlar da ola bilər. Doğrudan da,
qızın meyitini hara aparmalıydı, qızın kirədə
qaldığı erməninin evinəmi, ya ailəsi ilə
şəhərin ən gözəl yerində
yaşadığı öz evinəmi? Hər iki variant onun
üçün biabırçı məğlubiyyət
olardı. Müəllif qəhrəmanı üçün
çıxılmaz vəziyyət yaradır. Bax, bir az əvvəl
dediyim peripetiya öz işini görür, hadisələr
dönüş nöqtəsinə daxil olur. Əslində,
belə məqamlar dramatik əsərlərə məxsusdur.
Alpay bəy, sualına cavab olaraq deyim ki, yazı prosesində,
bəlkə də daha çox yazıya başlamazdan əvvəl
fikrimdə gələcək qəhrəmanlarımla ortaq bir xəyali
həyat yaşayıram. Bax, indinin özündə fikrimdə
yeni pyesimin qəhrəmanı olacaq Murtuza Muxtarov haqqında
düşünürəm, xəyalımda onun obrazını
canlandırıram, ona doğma hisslər bəsləməyə
çalışıram. Dramaturgiyada bu, çox vacibdir, qəhrəmanlarımı
birinci özüm sevməliyəm. Əgər bu sevgi əmələ
gəlmirsə, yazmağa başlamıram.
- Sizin onillər sonra meydan hərəkatına
münasibətiniz necədir? Sizcə, o hadisələr daha
çox Azərbaycana xeyir, yoxsa bədbəxtliklər gətirdi?
- Çoxdandır meydan hadisələri haqqında
düşünmürəm. Bəlkə bu ona görədir
ki, biz daha böyük hadisələr, faciələr,
müharibə və torpaq itkisi yaşadıq.
Şükür olsun ki, həmişə arzusunda olduğumuz
suverenliyimizə qovuşduq, Qarabağımızı
düşmən işğalından azad elədik. Bunula belə,
meydan hadisələri yaxın tariximizin ən şərəfli
səhifələrindən biri kimi yaddaşlarda qalır,
qalacaq da. Bütün sovetlər imperiyasında o cür etiraz,
o cür coşqu, birlik heç bir respublikada
olmamışdı. Sovetlərin dağılmasının,
çökməsinin başlanğıcı oldu bizim Meydan hərəkatı.
- Romanın ilkin jurnal variantı ilə 2025-ci ildə
çıxan kitab variantı arasında fərq
böyükdürmü?
- Mən indi dəqiq deyə bilmərəm, amma
romanı nəşriyyata verəndə də heç bir əsaslı
dəyişiklik etməmişdim. Uzun illərdir
"Meydan"ı oxumurdum, doğrusu, ehtiyac hiss eləmirdim,
amma 2025-ci ildə romanı kitaba çevirmək istəyəndə,
onu redaktor gözü ilə yenidən oxudum və heç bir
ciddi redaktəyə ehtiyacın olmadığını
gördüm.
- Bu romanı lider obrazının prototipi olan Nemət
Pənahlı oxuyubmu? Oxuyubsa, reaksiyası necə olub?
- Doğrusu, bu sual məni təəccübləndirdi.
Çünki heç vaxt ağlıma gəlməyib, meydan
liderləri bu romanı oxuyublar, ya yox? Bir də hardan
oxuyacaqdılar? Kitab təzəlikcə nəşr olunub,
satışa da verməmişəm, imkanım daxilində mərkəzi
kitabxanalara paylamışam. Bir də məndən kitab istəyənlərə
bağışlamışam. Əgər hansı bir nəşriyyat
romanla maraqlanarsa, onu yenidən yaxşı tirajla nəşr
etmək istərsə, əminəm, peşman olmaz.
- Sizin nəsr sahəsində bu əsərdən
başqa, səhv etmirəmsə, "Ölü doğulan
şəhər" və "Ağdamda nəyim
qaldı" romanlarınız da var. Hazırda dramaturgiyadan nəsrə
qayıtmaq həvəsi və istəyiniz varmı?
- Sumqayıt hadisələrindən bəhs edən
"Ölü doğan şəhər" romanımı 30
il əvvəl yazmışam. Teatrlarla o qədər intensiv
işləyirdim ki, nəsri unutdum. Nə
düşünürdümsə, pyes formatı
alınırdı. Uzun illərdən sonra 2015-ci ildə
"Ağdamda nəyim qaldı?" avtobioqrafik romanımı
yazdım, üstəgəl, "Mələk əmi"
adlı novellamı bitirdim. Bundan sonra, bu yaşda nəsrə
qayıtmağı düşünmürəm.
Alpay AZƏR
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.18.