Ədəbiyyata, elmə və təhsilə
təmənnasız xidmət nümunəsi
Məmməd Qocayev - 85
2026-cı təqvim ili respublikamızın elmi və
pedaqoji ictimaiyyəti üçün əlamətdar hadisə
- görkəmli ədəbiyyatşünas-alim, pedaqoq,
elmi-filoloji mətnlərin mahir tərcüməçisi, Azərbaycanda
Dostoyevskişünaslıq elmi məktəbinin
yaradıcısı, filologiya elmləri doktoru, professor, Əməkdar
elm xadimi, Bakı Slavyan Universitetinin (BSU) məsləhətçi-professoru
Məmməd Qoca oğlu Qocayevin anadan olmasının 85,
elmi-pedaqoji fəaliiyətinin 60 illik yubileyləri ilə
başlanıb.
Professor M.Q.Qocayev 1 yanvar 1941-ci il tarixdə
Gürcüstan Respublikasının Kosalar kəndində anadan
olub. Səkkizillik məktəbi doğma kənddə bitirib təhsilini
Marneuli Pedaqoji Məktəbində davam etdirib. 1960-cı ildə
M.F.Axundov ad. ADPRƏİ-yə (indiki BSU-ya) daxil olub. 1965-ci
ildə ali məktəbi fərqlənmə diplomu ilə
başa vuran Məmməd müəllim institut Elmi
Şurasının qərarı ilə elmi-pedaqoji fəaliyyətə
cəlb edilib. Fəal və məhsuldar elmi-pedaqoji fəaliyyəti
ilə seçilən professor M.Q.Qocayev BSU-da fakültə
dekanı, kafedra müdiri, elmi işlər üzrə prorektor
vəzifələrində çalışıb. Müxtəlif
illərdə "Ədəbiyyat nəzəriyyəsi və
tarixi" elmi məqalələr məcmuəsinin, "Azərbaycanda
rus dili və ədəbiyyatı" ictimai-siyasi və
elmi-metodiki jurnalının redaktoru kimi
çalışıb. Azərbaycan Respublikası Prezidenti
yanında AAK-ın Filologiya elmləri və Pedaqogika üzrə
Ekspert Şurasının üzvü olub. Hazırda BSU nəzdində
Doktorluq dissertasiyalarının müdafiəsi üzrə
Dissertasiya şurasının üzvüdür. 1975-ci ildə
namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları
müdafiə edib. 1991-ci ildən professor elmi, 2016-cı ildən
"Əməkdar elm xadimi" fəxri adlarını
daşıyır.
Yuxarıda vərəqlənən həyat yolu,
sadalanan faktlar və rəqəmlər dünya səviyyəli
Azərbaycan aliminin elm və təhsilimiz üçün
uzunmüddətli faydalı fəaliyyətinin qısa göstəriciləridir.
Bu göstəricilərin arxasında yüz minlərlə
universitet məzununun, müəllimin, alimin, yubilyarın təmsil
etdiyi ali məktəbin müvəffəqiyyətləri durur.
Ən əsası isə öz fədakar və təmənnasız
qayğı və münasibəti ilə gənc nəsillərin
elm və təhsil yoluna işıq salan xeyirxah və
müdrik bir insan obrazı dayanır. Burada Məmməd müəllimin
75 illik yubileyinə yazdığımız məqalənin
başlığı - "Yaxşı ki, dünyada
yaxşılar varmış / Yoxsa heç olardıq yaman əlindən"
deyimi yada düşür ("Mütərcim" jurnalı,
2016, № 1. - S.7-12).
Məmməd müəllimi onun tələbəsi,
yetirməsi, həmkarı olaraq təqdim edərkən
böyük alim-pedaqoq, ədəbiyyatşünas, tərcüməçi,
ədəbiyyat nəzəriyyəçisi və filosofun
yaradıcılıq irsi, fikir, araşdırma, tədqiqat sahələrinin
miqyası nəzərdən qaçmır. Bu, sadəcə
onun məşğul olduğu elmi, fəlsəfi, ədəbi-tənqidi,
bədii-nəzəri və elmi-pedaqoji fəaliyyətin
genişliyi və çoxaspektliliyi ilə bağlı deyil.
Onun kitab və məqalələri, tədqiqat istiqamətləri
ədəbiyyatşünaslığımıza
qazandırdığı elmi-metodoloji təhlillərin və
yanaşmaların yeniliyi və dərinliyi ilə
yanaşı, həm də qloballığı ilə
seçilir. Bu qloballığın və dərinliyin kökündə
duran əsas cəhətlər ondadır ki, əvvəla, Məmməd
müəllim Azərbaycan, rus və digər xarici ədəbiyyatların
mahir tədqiqatçısı kimi antik dövrdən
tutmuş müasir mərhələyədək dünya ədəbiyyatının
inkişaf meylləri barədə nəzəriyyə,
konsepsiya və təsəvvürləri ədəbiyyatşünaslığımıza,
ədəbi-nəzəri, fəlsəfi, estetik
görüşlərimizə tədqiqatçı
ustalığı, maarifçi missisiyası və mütəfəkkir
düşüncə genişliyi və dərinliyi ilə gətirə
bilir. İkincisi, o, yüksək erudisiya, geniş mütaliə,
tədqiqatçılıq istedadı ilə dünya mədəniyyətləri
və ədəbiyyatlarının inkişaf tarixi və
qanunauyğunluqlarını təhlil etməyi, onlara qiymət
verməyi və bunu aydın şəkildə Azərbaycan
oxucusuna və tələbə auditoriyasına təqdim etməyi
bacarır. Üçüncüsü, yüksək dəyər
kəsb edən dünya ədəbiyyatı mətnlərinin
və onların müəlliflərin, ədəbiyyatşünaslıq
üzrə araşdırmaların, tənqiq və təhlilin,
nəzəri-metodoloji, bədii-estetik görüşlərin
dünya fəlsəfi fikir kontekstində təqdimatı ilə
Antik, Orta əsrlər, Yeni dövr, XIX və XX əsrlər
üçün səciyyəvi ədəbiyyat nümunələrinin
müasir oxucu tərəfindən dərkinə açar
tapır; onun təqdimatı ilə Nizami də, Şekspir də,
Tolstoy və Dostoyevski də, Coys da insan düşüncəsində
paralellərlə dolu bir nizam və ya həyat həqiqətlərini
dərketmə modeli yaradır. Bu tədqiqatlar
mövcudluğunu və onun fəlsəfəsini dərk edən
insanı ali məqama ucaldır. Digər tərəfdən,
Azərbaycan ədəbiyyatşünaslığına bədii
ədəbiyyatda insan konsepsiyası və poetika məsələləri
ilə bağlı fərqli tədqiqat təcrübəsi gətirərək,
xüsusilə Mixail Baxtinin polifonik roman nəzəriyyəsini,
onun bədii yaradıcılığı ideologiya və
ictimai fikirdən azad dərk və təqdimetmə
mövqeyini təlqin edir.
Bu gün ədəbiyyatşünaslığımızın,
bütövlükdə təhsil və mədəniyyətimizin
qarşısında duran əsas məsələlərdən
biri rus ədəbiyyatı ilə qarşılıqlı əlaqələrimizin
düzgün resepsiyası, mövcud ədəbi irs, arxada
qalan iki əsrlik tarixi yol, mədəni dəyərlər, rus
dilində yaradılan bədii ədəbiyyat, ədəbiyyatşünaslıq
materialları barədə təsəvvürlərin adekvat
transformasiyasına nail olmaq, bu materialları
saf-çürük etmək, bütövlükdə zibil
qutusuna göndərilməkdən sığortalamaqdır. Bu
cəhətdən Məmməd müəllim ədəbi əlaqələr
tariximizin xarakter və məzmununa özünəməxsus
yanaşması ilə də seçilir. Dostoyevski
yaradıcılığı, onun ədəbi portreti ədəbiyyatşünas
Məmməd Qocayevin bütün tədqiqatlarının, bədii
ədəbiyyatla bağlı
bütün mülahizə və müqayisələrinin
baş predmeti və obyektidir. Buna rəğmən, Azərbaycan
tədqiqatçısı Qərb slavyanlarının
türklərlə müharibəsi məsələsində
müharibənin əleyhinə qalxmış Lev Tolstoyla
mübahisəyə girişən və bu müharibəni həm
də rusların türklərə qarşı müharibəsi
adlandıran Dostoyevskini tənqid və təftiş etməkdən
çəkinmir. O, haqlı olaraq qeyd edir ki, "Dahi və
humanist yazıçı kimi tanınan Dostoyevski türklərdən
söz düşəndə tamamilə dəyişir və
öz mülahizələrində səhvlərə və
haqsızlığa yol verir... Yazıçı bədii həqiqətlərdən
kənara çıxaraq, ona yad olan siyasi məsələlərə
qarışanda, hökmən ağır səhvlərdən
yaxa qurtara bilmir. Odur ki, dahi yazıçı, bədii söz
ustası, publisist olaraq zəif və cılız
görünür. Dostoyevskinin türklər və ümumiyyətlə,
türk milləti haqqındakı ədalətsiz qənaətləri
onun publisist kimi siyasi səhvlərindən xəbər
verir" (F.M.Dostoyevski. Yazıçının gündəliyi.
- Bakı: Qanun, 2014. - S. 8-9).
Yuxarıda gəldiyimiz qənaəti əsaslandırmağa
iki məqamı vurğulamaq kifayət edər: birincisi, bu,
M.Qocayevin kitablarının siyahısıdır:
"F.M.Dostoyevski yaradıcılığında xarakter
problemi" (1990); "Ədəbi xarakterin tarixi və nəzəriyyəsi"
(1991); "Nizaminin insan fəlsəfəsi" (1996); BSU-da
"Filoloqun kitabxanası" seriyasında onun tərcüməsi,
giriş məqaləsi və qeydləri ilə çapdan
çıxmış "Baxtin M.M.Dostoyevski poetikasının
problemləri" (2005); Ədəbiyyatşünaslığımızın
və rusistikamızın çox ciddi uğuru hesab etdiyimiz
"F.M.Dostoyevskinin xarakterləri və ideyaları" (2007);
1973-cü ildən 2007-ci ilədək elmi məcmuələrdə
və jurnallarda rus dilində nəşr edilmiş 40-dan
çox məqalənin toplandığı "Ədəbiyyatda
obraz və xarakterlər" (2009); "Dünya ədəbiyyatı
kitabxanası" seriyasında nəşr edilmiş
F.M.Dostoyevskinin üçcildliyinə daxil olan
"Şeytanlar" romanının dilimizə ilk tərcüməsi (2012), F.M.Dostoyevskinin
"Yazıçının gündəliyi" publisistik əsərinin
Azərbaycan dilinə bəzi ixtisarlarla tərcüməsi və
kitab şəklində nəşri (2014), M.Baxtinin "Fransua
Rablenin yaradıcılığı, Orta əsrlər və
Renessans dövrü xalq mədəniyyəti" fundamental əsərinin
dilimizə tərcüməsi (2021).
Digər bir cəhət M.Qocayevin
yaradıcılıq, tədqiqat və elmi maraq dairəsinin
genişliyi ilə bağlıdır: 1) Azərbaycanda
Dostoyevskişünaslıq məktəbinin
formalasdırılması ki, bu da özünü dahi
yazıçının yaradıcılıq irsinin
araşdırılması ilə bağlı professor Məməd
Qocayevin rəhbərliyi altında çoxlu dissertasiya işlərinin
müdafiəsi və monoqrafik tədqiqatların
aparılmasında, rus ədibinin "beşlik"
adlandırılan məşhur romanlarının
hamısının dilimizdə işıq üzü görməsi
və bəzilərinin hətta ikinci dəfə tərcüməsində
təsdiqlədi; 2) rus ədəbiyyatının bədii-estetik
və fəlsəfi-nəzəri prob-lemlərini Avropa ədəbiyyatları
kontekstində dəyərləndirmə istiqamətində qələmə
alınan məqalələr (məsələn, "Hamlet və
Raskolnikov (Şekspir və Dostoyevskidə humanizim problemi"),
"C. Coysun "Uliss" romanında insan. Yerə
yıxılan şeyi bir az da kənara itələmək gərəkdi"
(F.Nitşe), "Don Kixot və Don Juan", "O.Şpenqler mədəniyyət
və sivilizasiya barəsində", "O.Şpenqler rus ədəbiyyatı
barədə", "F.M.Dostoyevski
yaradıcılığında Qərb və Şərq
motivləri", "Antik faciədə katarsis probleminə
dair", "Y.Polyakov və onun "Süddə çəpiş"
romanı" və s.; 3) Azərbaycan ədəbiyyatşünaslığında
yaradıcılıq metodları ilə əlaqəli
boşluqlara aydınlıq gətirilməsi (Nizami "Xəmsə"sinin
mətni əsasında Orta əsrlər Azərbaycan ədəbiyyatında
İntibah, "Koroğlu"da baroko, H.Cavid
yaradıcılığında sentimentalizm, klassik və
müasir ədəbiyyatımızda romantizm, realizm və tənqidi
realizm).
Böyük alimimizə, müəllimimizə və
ustadımıza, sadə və təvazökar
ziyalımıza, elm və təhsilimizə təmannasız
xidməti ilə gənc və orta nəsillərə örnək
olan Məmməd müəllimə cansağlığı
arzulayırıq.
Telman CƏFƏROV
Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar
müəllim
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.19.