O qaranquşların
qonacağı evlər
Bu küçə də, bu bina da mənə
çox əzizdir. Əslində doğma! Artıq 55 ildir ki,
mən Bakıda olduğum vaxtlarda hər gün bu
küçədən keçirəm, tez-tez də həmin
binanın qapısını açıram. Universitetdə tələbəliyim
dövründə 5 il bu bina həm də ikinci evim kimi olub.
İndi də hətta bazar günləri də gəldiyim
iş yerim elə həmin küçədədir. Bura
İstiqlaliyyət küçəsidir, o bina indi Əlyazmalar
İnstitutunun yerləşdiyi mülkdür.
Amma o vaxt XX əsr yenicə başlanırdı, bu
küçə Nikolayevski idi, həmin binada da Bakıdakı
ilk türk qızlar məktəbi yerləşirdi.
...O gün bu binanın da, artıq bir yaşı tamam
olmuş Qız məktəbinin də həyatında əsla
sıradan olmayan, son dərəcə əlamətdar bir
gün idi. Binanın zahirində də bu qeyri-adilik, sıradan
olmamaqlıq hiss edilirdi. Bir tərəfdə İranın, o
biri tərəfdə Rusiyanın bayrağı
asılmışdı. Girəcək xalçalarla bəzədilmişdi
və İran taxt-tacının sahibi Müzəffərəddin
şah (1853-1907) bura qonaq gələcəkdi. Bakıda məktəblər
çox idi. Ancaq bütün məktəblər arasında bu
məktəbin seçilməsi də əsla təsadüfi
deyildi. İran şahı qonaq gəlirdi, ətrafında əyan-əşrafı,
əshabələri. Və şahənşah qurucusunun
Hacı Zeynalabdin Tağıyev (1838-1924) olduğu məktəbə
qonaq gəlirdisə də, o, bilavasitə Hacının yox, Rusiya hökmdarının
qonağı idi.
Müzəffərəddin şah Rusiyaya rəsmi səfərdə
idi, çarın qonağı idi və həmin səbəbdən
bu məktəbə təşrif gətirəndə də
sağında-solunda öz əshabələrindən
savayı yüksək məqamlı rus məmurları
vardı. Elə qapının ağzındaca şahənşahı
Qız Məktəbi Hamilər Şurasının sədri
Hacı Zeynalabdin Tağıyev, Qafqaz Maarif Dairəsinin rəisi
Txarjevski, Qız məktəbinin müdirəsi Hənifə
xanım Məlikova (1856-1929) və digər müəllimlər
qarşıladılar. Hamısının əllərində
gül-çiçək dəstələri. 1902-ci ilin 12
sentyabrında, Müzəffərəddin şahın
Qızlar məktəbinə qonaq gəldiyi o tarixi gündə
ali qonağı qarşılamaqçün məktəbli
qızlar da sıralanmışdılar. Onların da
hamısının əllərində gül-çiçək
dəstələri vardı. Pilləkənlərin yanında
gül-çiçəkli dibçəklər
düzülmüşdü, bir tərəfdə də
üstündə şir-i xurşid toxunmuş xalça
asılmışdı. O da məktəbli qızların əl
işi idi. Amma tək bu deyildi. Elə orada qızların nəfis
tikmələrdən ibarət əl işlərindən
gözəl bir sərgi düzəldilmişdi.
Hacı Zeynalabdin Tağıyev Müzəffərəddin
şahı ehtiramla salamlayaraq dedi ki, Rusiyadakı 12 milyon
müsəlmanın arasında bu, birinci qız məktəbidir.
Bu məktəbi biz o ümidlə yaratmışıq ki,
müsəlman ailələri üçün savadlı analar
hazırlayaq.
Şah “Çox məmnun!”, “Çox gözəl!”
söylədi.
Və qızlar xorla dua oxumağa başladılar.
Sonra bir-bir şahənşaha yaxınlaşaraq
çiçək dəstələrini təqdim etdilər.
Şah onların əl işlərinə baxdıqca,
bu zərif uşaqların barmaqlarından
çıxmış sadə, amma cazibəli əsərləri
gördükcə məftun oldu, “Çox gözəl!”
söylədi, “Əhsən!” dedi. Ardınca Hacı Zeynalabdin
Tağıyev şahənşahı və onu müşayiət
edənləri ikinci mərtəbəyə, böyük zala dəvət
etdi.
Müzəffərəddin şah Rusiyaya dövlət
səfərinə gəlmişdi və bu səfər vur-tut
bir neçə gün çəkəcəkdi. Belə
qısa müddət ərzində vaxt tapıb və lazım
bilib Bakıdakı Qızlar məktəbinə gəlmişdisə,
bunun arxasında ciddi iş vardı. İran dövləti
başçısının yanında nazirləri, dövlət
məmurları, ölkənin Rusiyadakı səfiri. Bu
qısa səfərin proqramına Qızlar məktəbini
ziyarət də daxil edilmişdisə, səbəb Hacı
Zeynalabdin Tağıyevin uzaqgörən siyasəti, aylar
öncədən Peterburqdakı əlaqələrindən
istfadə edərək apardığı gərgin iş idi.
Əlbəttə ki, bu səfər ərəfəsində
Müzəffərəddin şahın haralara gedəcəyi,
kimlərlə görüşəcəyi irəlicədən
müəyyənləşdirilmişdi. Hacı Zeynalabdin
Tağıyev məqsədinə çatmaq, şahın səfər
cədvəlinə məhz Qızlar məktəbinə gəlişin
də daxil edilməsinə nail olmaqçün
imperatorluğun Xarici İşlər Nazirliyindəki və dəftərxanasındakı
münasib əlaqələrindən istifadə etmişdi. Bunu
niyə edirdi? Əvvələn, məktəb
üçün böyük şöhrət idi ki,
İranın şahı Bakıya gəldi və Qız məktəbini
ziyarət elədi. Başqa bir təhsil ocağını yox,
məhz Hacı Zeynalabdin Tağıyevin yaratdığı
Qız məktəbini! Bu, məktəbin nüfuzunu, çəkisini
qaldırmaqdan savayı, həm də Qız məktəbini
qoruyan əlavə bir vasitə oalcaqdı. Məktəbi
açana qədər Hacı Zeynalabdin Tağıyev
mövhumatçıların çox tənələrinə
tuş gəlmişdi, nadanların hədsiz hücumlarına
məruz qalmışdı. Ancaq ətrafında dostlar,
tanışlar, məsləkdaşlar, onun fikrini dəstəkləyənləri
toplayaraq, nəhayət, istəyinə nail olmuşdu. Di gəl,
təhlükələr hələ də tam bitməmişdi.
Ara-sıra ordan-burdan yenə sədalar gəlməkdə idi.
Yenə mane olmaq istəyənlər vardı, yenə məktəbin
əleyhinə danışanlar az deyildi. Ona görə
Hacı Zeynalabdin Tağıyev ətrafında daha bir ciddi
çəpər çəkmək, məktəbi qoruyan əlavə
bir zireh qazanmaq üçün şahənşahı da bura
gətirtmişdi. Bu isə həm Hacı Zeynalabdin
Tağıyevin, həm məktəbin nüfuzunu
qaldırmaqdan savayı, üstəlik ideyanı, məqsədi,
xətti qoruyan təsirli vasitə idi.
Pillələrlə qalxırdılar, Hacı
Zeynalabdin Tağıyev şahənşahın
yanındaydı, elə oradaca bir istəyini də dilə gətirmişdi:
“Əlahəzrət, izin versəydiniz, nəcib qulluğunuza
bir arzumu çatdırmaq istərdim. Mən toxuculuq fabrikimin nəzdində
də məktəb açmışam. O məktəb fəhlə
uşaqları üçündür. Əgər icazəniz
olsaydı, həmin məktəbi sizin adınızla
adlandırardıq”.
Şahənşah bu təklifi də razılıqla
qarşılayır, “Məmnuniyyətlə” deyir.
Bu da Hacı Zeynalabdin Tağıyevin daha bir
ağıllı addımı, daha uzaqgörən bir hərəkəti
idi. Bu cəhdi ilə də o, İran şahını öz
təhsil ideyaları, qurduğu məktəblərlə
bağlayırdı, artıq gələcəkdə onu
yaratdığı məktəbləri, görəcəyi
işləri mühafizə və müdafiə edən əlavə
bir dəstəkçi qüvvəyə çevirirdi.
Qız məktəbində oxuyanlar xırdaca
uşaqlardılar - yeddi, səkkiz, doqquz yaşlarında.
Və vur-tut bircə il idi ki, bu məktəbdə dərs
alırdılar. Ancaq bəhrələr göz
qabağındaydı.
Böyük zalda qızlar məhz bu gün
üçün - Müzəffərəddin şahın gəlişi
münasibətilə yazılmış himni xorla oxudular. Sonra
hökmdar bir-bir qızlara yaxınlaşdı, soruşdu ki,
“Quran” oxuya bilirsinizmi? Aldığı müsbət cavab da onu
xoşhal elədi.
Hökmdar qızların əl işlərinə
baxırdı, onların oxuduğu şeirləri dinləyirdi
və heyran qalmışdı. Şahənşahın
zövcəsi də qızlar məktəbinə gələn
qonaqların arasında idi. Onun məktəbdə oxuyan
qızların hər birinə məxsusi hədiyyəsi
vardı - qızıl zəncirə bənd olunmuş onluq.
Bunu hər bir məktəbliyə hədiyyə etdi (Və
qızlar da həmin sovqatı sonralar bir həmayil kimi
boyunlarından asarlarmış).
Fəqət məktəbin müdirəsi Hənifə
xanım Məlikovaya şahbanunun ayrı bir hədiyyəsi
vardı. O, Hənifə xanıma bahalı üzük
bağışlamışdı.
Hacı Zeynalabdin Tağıyev Müzəffərəddin
şahla bu isti münasibəti qura-qura həm də tarix
haqqında fikirləşirdi, onun dəst-i xətti ilə
bir-iki təqdir cümləsinin yazılmasını
arzulayırdı. Ona görə də təəssüratlar və
rəylər yazmaqçün irəlicədən
hazırlatdığı məxsusi kitabı qoyur Müzəffərəddin
şahın qarşısına və rica edir ki, şahənşah
bugünkü günlə bağlı düşüncələri
orada qısaca yazsın.
Az müddətdə məktəbin nail olduqları
Müzəffərəddin şahı da, onunla bərabər
İrandan gələnləri də və onları
müşayiət edən yüksək rütbəli rus məmurlarını
da mat qoymuşdu.
Ertəsi gün - 1902-ci il sentyabrın 13-də “Kaspi”
qəzetində Müzəffərəddin şahın
Bakıya gəlişi, Qızlar məktəbini ziyarət etməsi
ilə əlaqədar ayrıca bir yazı dərc ediləcək.
O məqalədə şahənşahın məktəbə
hansı dəqiqədə gəlib, hansı dəqiqədə
getməsinə qədər dəqiqliklə bütün
gedişat təsvir edilirdi.
Müzəffərəddin şah məktəbə
üçə on beş dəqiqə qalmış gəlmişdi,
dördə on dəqiqə qalmış getdi. Əslində
isə nəzərdə tutulmuşdu ki, 20-30 dəqiqə ərzində
bura ötəri baxsın və getsin. Ancaq Müzəffərəddin
şahın gördükləri elə xoşuna gəlmişdi,
onun ətrafındakılar şahid olduqları mənzərəyə
- şagirdlərin belə yüksək səviyyəsinə,
məktəbdəki bunca ideal səliqə-sahmana elə
vurulmuşdular ki, ayrıla bilmirdilər. 20-30 dəqiqə
olmuşdu 1 saat.
Məktəbdən ayrılırkən Müzəffərəddin
şah bir daha Hacı Zeynalabdin Tağıyevə
razılığını ifadə etdi. Dedi ki, mən
gördüklərimdən, eşitdiklərimdən, sizin
etdiyiniz işlərdən çox məmnunam. Arzum budur ki, gələcəkdə
də məktəbinizin şagirdləri müsəlman
qızlarına, müsəlman qadınlarına xas olan təvazökarlığı
qoruyub saxlaya bilsinlər.
Məktəbin həyatındakı daha əlamətdar
və həyəcanlı hadisə isə bu təmtəraqlı
gəlişdən də illər sonra baş verdi.
Arxada qalan 5 ildən uzun müddətdə həmin
binada fərəhli saatlar, özünəməxsus təntənəsi
ilə daşan dəqiqələr çox olmuşdu. Ancaq həminki
günün həyəcanı heç bir ölçüyə
gəlməzdi. On beş qız sınaq qarşısında
idi. Məktəbin ilk buraxılışı ərəfəsində
onlar imtahan verirdilər. İmtahanlar hesabdan, tarixdən,
coğrafiyadan və rus dilindən
idi. İmtahanların keçirilməsini 3 günə
bölmüşdülər. Birinci imtahan ayın 9-da, növbətiləri
11-i və 12-sində keçirilməli idi.
Və imtahanı götürmək üçün
çox mötəbər bir komissiya yaranmışdı.
Qızlar Məktəbi Hamilər Şurasının sədri
Hacı Zeynalabdin Tağıyev, Hamilər Şurasının
digər üzvü Əlimərdan bəy Topçubaşov
(1862-1934) əyləşmişdilər. Rəhilə xanım
Topçubaşova da buradaydı, məktəbin müdirəsi
Hənifə xanım Məlikova da, müdirə müavini Məryəm
xanım Sulkeviç (1861-1917) də, digər müəllimlər
də. Amma kənardan gələnlər də vardı. Qafqaz
Təhsil Dairəsinin müfəttişləri də
imtahanın gedişini izləyirdilər. Ayın 9-dakı bu
imtahanda da, sonrakı günlərdəki sınaqlarda da
qızlar dil-dil ötürdü.
Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy
Topçubaşov - iki məsləkdaş baxırdılar və
mütəəssir idilər. Onlar arxada qalan illərin
hamısında həyəcanla bu günü gözləmişdilər.
Nəhayət ki, onların övladı ayaq üstə
dururdu. On beş şagird bu məktəbi bitirəcəkdi.
Onlar əllərinə sənəd alacaqdılar ki, artıq təhsillidirlər,
dərs deməyə hazır olan müəllimlərdilər.
Və Hacı Zeynalabdin Tağıyev iftixarla doluydu.
Lakin həmin bəxtiyar günün
möhürünü Qafqaz Təhsil Dairəsindən gələn
çox tələbkar müfəttiş Kapitelovun sözləri
vurur. Üç imtahan ərzində onun sifətindən ciddi
ifadə əskik olmamışdı. Nəhayət, ayın
12-si gəlib çatmışdı. Son imtahan idi. Qızlar
bu sınaqdan da uğurla çıxırlar və Kapitelov
ayağa qalxır. Bu imtahanlara qədər Kapitelov Qafqazın
müxtəlif yerlərində ayrı-ayrı məktəblərdəki
çox bu qəbil yoxlama və sınaqlarda iştirak eləmişdi.
Heç vaxt da imtahanların əvvəlindən
axırınadək üzündəki sərt ifadə çəkilməmişdi.
Ancaq burada - 1906-cı il mayın 12-də son imtahandan sonra istər-istəməz
ayağa qalxır, üzünü tutur bu göyçək
qızlara, onlara şəfqətlə baxır və məhəbbətlə
sözlər deyir: “Mən sizin cavablarınızdan zövq
aldım”.
O gün bu binanın yaddaşında həmişəlik
qalacaq - 1906-cı ilin 12 mayı. Qızlar məktəbində
son imtahan idi və bundan sonra buraxılış gecəsi təşkil
edilmişdi.
Günü binanın tarixində əbədiləşdirən
və təkrarsız edən odur ki, bu mülk var olduğu
müddətcə heç vaxt orada həmin gündəki qədər
insan qəhərlənməyib, göz yaşı tökməyib.
Əlbəttə, bir əsrdən artıq müddətdə
bu binadan sonradan çoxları da gəlib keçdi.
Hansısa göz yaşlarının şahidi elə mən
özüməm. Qız məktəbi kimi bu bina
ömrünü başa vurandan sonra ilk milli parlamentimiz - “Məclis-i
məbusan” burada yerləşdi. Ardınca ora dönüb oldu
Darülmüəllimin. Amma binada Darülmüəlliminin
çalışdığı çağlarda burada ailələr
də yaşayırdı - şair Hüseyn Cavidin (1882-1941),
Darülmüəlliminin direktoru Pənah Qasımovun
(1881-1937), ictimai xadim Əsəd Verdiyevin ailələri. Sovet
dövründə burada əvvəlcə Mərkəzi
İcraiyyə Komitəsi yerləşirdi, onun ardınca isə
Ali Sovet burada qərar tutdu. Amma sonrakı onillərdə Azərbaycan
Dövlət Universitetinin bir neçə fakültəsi, o
sıradan Şərqşünaslıq burada idi. Təbii ki,
bu binada ayrı-ayrı təşkilatların müxtəlif
illərdə yerləşdiyi çağlarda insanlar gəlirdilər,
gedirdilər, gündəlik həyatlarını
yaşayırdılar, təşvişə düşən də,
sevinən də, kədərə qapılan da, göz
yaşı axıdanlar da az olmurdu. O binada
axıdılmış göz yaşlarına
özümün də canlı şahid olmam orada ötən
5 illik tələbəlik həyatımın günləri ilə
bağlıdır. Şərqşünaslıq fakültəsində
oxuyurduq, imtahanlar gedişində müvəffəq olanlarla
yanaşı, arzuladığı qiyməti almayanlar, kəsilənlər,
bunun ucbatından da istər-istəməz kövrələnlər, göz yaşı axıdanlar
rastımıza tez-tez çıxırdı. Ancaq 1906-cı
ilin 12 mayındakı qədər hərarət və islaq
gözlər bu binanın tarixində heç vaxt olmayıb və
yəqin ki, gələcəkdə də olmaz.
May ayının 12-də sonuncu imtahandan sonra ikinci qatda
buraxılış gecəsi keçirilirdi. Əvvəlki
günlərdəki imtahanlarda iştirak edən nəzarətçilərin,
yoxlayıcıların cərgəsinə bu gün yeni
qonaqlar da əlavə olunmuşdu. Təbii ki, Zeynalabdin
Tağıyev və zövcəsi Sona xanım Tağıyeva
başdaydılar və Əlimərdan bəy
Topçubaşov da onların yanında. Böyürlərində
Rəhilə xanım Terequlova (1882-1954) durmuşdu. Digər
müəllimlər, məktəbdə işləyənlərin
hamısı cəmləşmişdi. Qafqaz Təhsil Dairəsindən
gələn müfəttişlər də buradaydı.
Ayrı-ayrı hörmətli qonaqlar, din xadimləri də dəvətliydi.
O adamlar, o axundlar, o müdrik insanlar ki Hacı Zeynalabdin
Tağıyev daim onlarla məsləhətləşərdi,
onların sözünü eşidərdi, Mir Məhəmməd
Kərim ağa Mircəfərzadə (1853/55-1938), Hacı Mirzə
Əbu Turab (1817-1910), Axund Ruhulla (1850-1912) buradaydılar.
Məktəbi bitirən 15 qız əvvəlcə
xorla bir şərqi oxudu. Yenə onların düzəltdiyi əl
işləri göz oxşayan bir səliqə ilə
düzülmüşdü.
Və Hacı Zeynalabdin Tağıyev üçün
də, Sona xanımdan ötrü də qızlar məxsusi hədiyyələr
hazırlamışdılar. Hacı zəngin adam idi. O, ən
ağlasığmaz qiymətdə ola biləcək hədiyyəni
də özü almağa qadir idi. Lakin qızların
hazırladığı sovqatı dünyanın heç bir
yerindən heç bir məbləğə əldə etmək
mümkün deyildi.
Bu hədiyyə bir təşəkkürnamə idi. Təşəkkürnamədən
daha artıq bir sevginamə! Hacı Zeynalabdin Tağıyevə
ünvanı şagirdlərdən biri oxudu. Məzuna
çevrilən qızın dilindən bu sözlər səslənincə
hər kəs duyğulandı.
Bu böyük zal sükut içində idi. Balaca
qız mətni oxuyurdu, dinləyən elə zənn edərdi
ki, bu qızın qarşısında səsi dəfələrcə
qüvvətləndirən maqnitofonlar dayanıb.
“Siz bizi - müsəlman qızlarını öz
gözümüzdə yüksəltdiniz, elə cəmiyyətin
də gözündə çox ucalara qaldırdınız”.
Hamı kövrəlmişdi, Hacı Zeynalabdin
Tağıyev də qəhərlənmişdi. Axundlardan biri
üzünü çevirdi Hacı Zeynalabdin Tağıyevə:
“Hacı, budur sizin əməklərinizin mükafatı”.
Bu sözləri eşidincə artıq sevimli məktəblərindən
ayrılmağa hazırlaşan qızların neçəsi
hönkürdü.
Qızcığazların bu ağlayışına nə
Hacı biganə qala bildi, nə də o səhnəni izləyən
başqaları. Hamı təsirlənmişdi...
Tağıyevin də bu gün üçün məzun
qızlara özəl bəxşişi vardı.
O, bir neçə il əvvəl Mirzə Məhəmməd
Kərim Mircəfərzadədən xahiş etmişdi ki,
“Quran”ı Azərbaycan dilinə çevirsin. Tərcümənin
ilk cildi 1904-cü ildə Tiflisdə, “Kaspi”nin “Buxariyyə” mətbəəsində
nəşr edilmişdi, növbəti cildi isə 1906-cı ilə
çatdırılır. Həmin tərcüməni Mirzə
Məhəmməd Kərim Ağa Mircəfərzadə təkbaşına
etməmişdi. Hərçənd kitabda tərcümənin
müəllifi olaraq təkcə onun adı gedirdi, ancaq iş əsnasında
Axund Ruhulla da ona bacardığı köməkləri əsirgəməmişdi.
Amma üçün arasında həm özünün dərinliyi,
həm də “Quran” mətninin dərinlərinə sirayət
etmək baxımından daha güclü olan Hacı Mirzə
Əbu Turab tərcümənin səlis və dürüst
alınmasına çox köməklər göstərmişdi.
İndi Hacı bircə-bircə bu 15 qızın hər
birinə “Quran” dəstlərini təqdim edirdi, kitabları
verdikcə də onları bir-bir şəfqətlə
süzürdü və çətin hədəfi uğurla qət
etmiş yolçunun məmnunluğu ilə, əlbəttə
ki, bu 15 qızın heç birinin artıq adi insanlar
olmadığını dərk edirdi.
Onlar Azərbaycanın əlində təhsil sənədi
olan ilk qızları idilər, onlar ayrı-ayrı məktəblərdə
tam hüquqla müəllimllik edə biləcəkdilər -
Maral Bayraməlibəyova, Xeyransa Axundova, Sayad Usmiyeva.
Və sonralar əslində heç məktəblərə
də sığmayacaqlar. Hər biri sonralar Azərbaycan
maarifində, Azərbaycan ədəbi-mədəni gerçəkliyində,
Azərbaycan ziyalılığında və Azərbaycan
ictimai-siyasi həyatında silinməz izlərini qoyacaq.
Elə bircəsi anılsa yetər - Ayna Musabəyova
(1895-1938). O, Qəzənfər Musabəyovun (1888-1938)
doğmaca bacısı idi. Həmid Sultanova (1889-1938) ərə
gedəndən sonra həyat yoldaşının
soyadını götürmüşdü. Ayna Sultanova məşhur
“Şərq qadını”, sonralar “Azərbaycan qadını”
jurnalına çevriləcək dərginin birinci redaktoru
oldu. O, 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif
komissarının müavini, maarif komissarı və bir qədər
sonra ədliyyə komissarı və digər vəzifələrdə
çalışdı. Eləcə də Ayna Sultanova həmin
illərdə Moskvadakı Qırmızı Professura
İnstitutunda oxumuşdu. 1938-ci ildə o da qardaşı və
əri ilə bərabər sovet siyasi repressiyalarının
qurbanlarından birinə çevrildi. Amma meydanda olduğu illər
içərisində hər halda Azərbaycanın ən irəlidə
gedən ziyalı qadınlarından sadəcə biri yox, lap
birincisi kimi parladı.
Ümumən, bu 15 qızın hamısı,
bütövlükdə 1901-ci ildən 1918-ci ilə qədər
Tağıyevin Qızlar məktəbində təhsil
almış 700 nəfərin hər biri Azərbaycan tarixində
qalacaq qadınlara çevrildi. Onlardan hansısa müəyyən
məktəblərdə dərs dedi, hansılarsa
ayrı-ayrı vəzifələr tutdu, hansılarsa
ictimai-siyasi həyatda irəlilədi. Ancaq elələri də
oldu ki, evdar qadına çevrildilər, evlənəndən
sonra ailələri icazə vermədi ki, dərs desinlər,
camaat arasında olsunlar. Ancaq onların da hər biri ən
azı çox yaxşı anaya çevrildi,
ağıllı övladlar yetişdirdilər. Hacı
Zeynalabdin Tağıyevin millət atalarına xas siqlət və
hikmət daşıyan sözləri
də qalıb. Demişdi ki, “bir oğlana təhsil versən,
savadlı bir cavan qazanacaqsan, amma bir qıza savad versən,
savadlı, təhsilli bir ailə qazanacaqsan”.
Qız məktəbini yaratdığı dövrdə
Hacı Zeynalabdin Tağıyevi ən çox narahat etmiş
düyünlərdən biri mühafizəkarların,
gözü və şüuru yeni zamana və yeni olan hər
şeyə qapalı mövhumatçıların sərt
müqaviməti idi. Onsuz da irəlicədən təsəvvür
etməmiş deyildi ki, çadraya bürünmüş
dindar mühitdə qızların üzüaçıq gəzməsi,
kişilərin də bu məktəbə gəlib-getməsi
ehtimalı sadəcə narahatlıq deyil, hətta ən
şiddətli təhlükələr törədə bilər.
Ona görə işini əvvəldən ehtiyatlı
tutmuşdu, dedi-qoduların qarşısını almaq tədbirlərini
əvvəlcədən müəyyənləşdirmişdi,
Qızlar məktəbinin nizamnaməsində də
yazdırmışdı, camaata da elan etmişdilər ki,
qızlar burada örtülü olacaqlar, müəllimlər də
örtünəcəklər və məktəbdə bircə
nəfər olsun kişi işləməyəcək. Ona
görə də başlanğıcda - Qızlar məktəbindəki
ilk dərs həftələri və aylarında müəllimələrin
hamısı dərsə örtüklə gəlirdilər,
qızlar da bürünürdülər. Amma bir müddət
keçəndən, məktəb artıq oturuşandan, cəmiyyət
içərisində özünü təsdiqləyəndən
sonra çadra, bürünmək söhbəti keçdi
ikinci sıraya.
Və müəyyən müddətdən sonra tədricən
dərs deyənlərin sırasında kişi müəllimlər
də görünməyə başladı.
Başlanğıcda Həsən bəy Zərdabinin həyat
yoldaşı Hənifə xanım məktəbin
müdirliyini həyata keçirə-keçirə dərs də
deyirdi. O, ayrı-ayrı siniflərdə rus dili dərsini
aparırdı. Ancaq gedişatda hiss olundu ki, məktəbin təşkilati
işləri o qədər vaxt aparır ki, onları edə-edə
dərs də demək alınmır. Ona görə də rus
dili dərslərini deməkçün ayrı bir münasib
müəllimə tapdılar və Hənifə xanım
yalnız direktor kimi vəzifəsini yerinə yetirməyə
başladı. Məktəb müdirinin müavini, sonralar
direktorluq edəcək Məryəm xanım Sulkeviç isə
riyaziyyat dərslərini aparırdı.
Ruhani ailədən çıxmış,
tanınmış axundun övladı olan Səkinə
xanım şəriət dərslərini deyirdi. Nizamnamədə
məktəbdə kişilərin heç
olmayacağını yazmışdılarsa da, lap əvvəldən
kişisiz də keçinə bilməmişdilər. Məktəbdəki
yeganə kişi işçi yaşı yetmişi
ötmüş qarovulçu idi və əlavə
söz-söhbətlərə yer qalmasın deyə onun
arvadını da işə götürmüşdülər.
Müəllimlər öz yerində, xidmət
personalı, aşpazlar, həkimlər, qulluqçular
hamısı qadınlar idi. Ancaq vaxt ötəndən, məktəbin
nüfuzu yüksələndən, kənar təzyiqlərə
müqaviməti artandan sonra müəllimlərin
sırasında bir-bir kişilər də görünməyə
başladı. Kişilər də nə kişilər! Hərəsi
bir çıraq! Hərəsi Azərbaycanın iftixarı
olan bir şəxsiyyət! Hərəsi bu qızlara öz
doğmaca balaları kimi məhəbbət bəsləyən
millət pərvanəsi!
Məktəbin öz müalicəxanası vardı.
Uşaqlar iki dəstə idi - böyük qismi elə məktəbdə
qalırdı, amma tək-tək elələri də vardı
ki, dərslər bitəndən sonra evlərinə gedirdilər.
Təbii ki, burada qalanlara məxsusi qayğı
göstərilməli idi. Sevda xanım Pepinova burada işləmiş
nənəsinin - Xədicə xanım Ağazadənin
(1885-1957) xatirələrinə əsasən söyləyirdi
ki, hər 2-3 gündən bir uşaqların dişləri
yoxlanılırmış. Uşaqlara gün ərzində
üç dəfə yaxşı yemək verirlərmiş.
Bundan əlavə, tez-tez həftə ərzində bir
neçə dəfə nisbətən zəif olan uşaqlara
balıq yağı verirlərmiş ki, gözləri,
ümumiyyətlə, səhhətləri daha möhkəm
olsun. Hansısa uşaq naxoşlayanda onu məktəb xəstəxanasındakı
ayrıca bölmədə yerləşdirirmişlər ki,
başqalarını da yoluxdurmasın.
Məktəb yaşa dolduqca üçüncü,
dördüncü siniflərin də şagirdləri
yarandı. Nisbətən
böyük uşaqları idarə etmək asandı, amma daha
kiçik olanlarla davranmaq xüsusi yanaşma umurdu. Ona görə
də bunu özü bacarmayan xırda uşaqların
saçlarını daramaqçün də ayrıca bir xidmətçi
vardı. Yəni məktəbdə şagirdlərə əsl
ana qayğısı göstərilməkdəydi.
Qızlar məktəbinə kişi müəllimlərin
gəlməsi həkimlərdən başlandı. Onlardan ilki
Nəriman Nərimanov (1870-1920) olmuşdu. Daha sonra isə Həsən
bəy Ağayev (1875-1920) gəlir.
Nəriman Nərimanov cəmiyyət arasında
yaxşı tanınan, hörmət-izzət yiyəsi şəxsiyyət
idi və Hacı Zeynalabdin Tağıyev də
atdığı hər addımda işin hər tərəfini
ölçən-biçən aqil idi. Kişilərdən
ilk olaraq da Nəriman Nərimanovu gətirməsi də həmin
yüz ölçüb-bir biçmə səriştəsindən
idi. Anlayırdı ki, xəbər dərhal yayılır, məktəbə
kişi müəllimin gəlməsi elə ertəsi gün
şəhərdə hər kəsə məlum olacaq və əleyhdarlardan
kimsə qımıldanmaq istəyəndə Nərimanovun
adı sipərə dönəcək, donquldanmaların
qabağını kəsəcək.
Nəriman Nərimanov işə
başlamışdı, həkimliyini də etmişdi və
onun qız məktəbinə gəlişindən sonra burada səhiyyə işlərinin
təşkili daha yüksəyə qalxmışdı.
...Hacı Zeynalabdin Tağıyevin gördüyü
bütün işlərdə müvəffəq
olmasının əsas səbəblərindən biri bu idi ki,
o, fitrətdən tədbirli adam idi. Ağlın
ağıldan üstün olmasını heç vaxt unutmurdu,
daim məsləhətləşirdi, götür-qoy edirdi. Elə
qız məktəbini yaradarkən də tədrisin əsaslarını
yaxşı öyrənmişdi. Bu işdən yaxşı
baş çıxaranları ətrafına toplayaraq
onların hərəsindən bir söz soruşmuşdu və
elə bir məktəb qurmuşdu ki, orada hər şey ən
nümunəvi nizama tabe idi. Bu da nəzərə
alınsın ki, bu, bir ilk idi. Yalnız Qafqazda, yalnız Azərbaycanda
yox, bütün Rusiyada belə qız məktəbi yox idi. Yəni
yaxın ətrafda baxıb öyrəniləsi örnək
gözə dəymirdi. Deməli, Hacı müxtəlif
yollarla Avropada olan bu tipli qapalı məktəblərin təcrübəsindən
də nələrisə mənimsəmişdi.
Dərslər birinci mərtəbədə keçilirdi,
ikinci mərtəbədə isə müəllimlər yerləşirdi
və qızların yataq otaqları da buradaydı.
Əvvəlcədən belə qərara
alınmışdı ki, dərslər sentyabrın 1-də
başlayır, mart ayının 14-də - Novruz bayramı ərəfəsində
başa çatır. Sonra gəlirdi yay tətili. Həftə
içərisində isə dərslər şənbə
günündən cümə axşamına qədər davam
edirdi. Cümə günü artıq istirahət idi. Saat 8-də
şagirdlərə çay verərdilər. 8:30-da dərslər
başlanardı. Üçüncü dərsdən sonra -
11:20-də onların səhər yeməyi verilərdi.
Ardınca ta 14:20-yəcən dərslər davam edərdi.
14:20-də əvvəlcə nahar verilərdi. Nahara
hansı xörəklərin hazırlanmasının da
siyahıları qalıb. Heç çox adam evində o
cür yeməklər yemir. Geniş seçim vardı.
Cürbəcür duru xörəklər - düyü
şorbası, göy şorbası, əriştəli
şorba, gürcü şorbası, bunun üstündən -
bifşteks, dolma, bozbaş, küftə, evlərdə nə
yeyilirsə, hamısı. Əsas yeməkdən sonra müxtəlif
şirniyyat, hamısı da çox keyfiyyətli. Bunu elə
quruca söz olaraq yazmıram. O məktəbdə
oxumuşların, o yeməkləri nuş etmişlərin bir
çoxu illər sonra xatirələrini qələmə
alıb. Həmin yaddaşlarda diqqəti çəkən məqam
onların hamısının bir fikirdə yekdil
olmasıdır ki, məktəbin mətbəxi çox ləzizmiş.
Məktəbin balaca, amma rahat, dinclik saçan xudmani həyəti
vardı və həmin xudmanilik qismən idiyədək
qalmaqdadır. Dərslər bitəndən, nahar başa
çatandan sonra uşaqları
həyətə buraxırlarmış ki,
qırışıqları açılsın,
qaçsınlar, oynasınlar.
Sonra da istirahət saatları gəlirmiş - ta saat 5-ə
qədər.
Axşam saat 5 olunca yenə ikinci qatdan aşağı
mərtəbəyə enir, oradakı sinif otaqlarında
sabahkı dərsləri hazırlayırmışlar.
Axşam saat 8-də kiçik sinif şagirdlərindən
ötrü, saat 20:30-da isə yuxarı sinif şagirdləri
üçün yuxu saatı başlanırmış.
Bu gün də Azərbaycanda özəl məktəblər
var, yəqin, gələcəkdə yeniləri də yaranacaq.
Bütün bunları ona görə tarixin dünənindən
qopararaq bugünə yetirirəm ki, bəhrələri
könül sevindirən olmuş belə təcrübələrdən
də bəlkə nələrsə indikilərin karına gəldi.
...Tağıyevin
öyüdünə, məsləhətinə ən
çox etibar etdiyi ağsaqqallar sırasında Hacı Əbu Turab birinci idi. Məktəbin
açılması ərəfəsində o, Hacıya
tövsiyə etmişdi ki, sən ən əvvəl o məktəbə
qızlarının ikisini də yazdır, qoy onlar da orada
oxusunlar.
Tağıyev Əbu Turabın hansı simə
vurduğunu dərhal tutmuş, onun dediyinə müzakirəsiz
əməl etmişdi - qızları Leyla ilə Saranın
adları açılacaq yeni məktəbdə oxuyanların
siyahısında lap başda idi. Ancaq Əbu Turab yalnız məsləhət
verməmişdi, özü də elə həmin tövsiyəsinə
uyğun hərəkət etmişdi - o da qızını bu
məktəbə göndərmişdi.
Gendən baxan xəbis düşünənlər
görəndə ki, Tağıyev öz qızlarını
da bu məktəbə qoyub, o yandan hətta Hacı Əbu
Turabın uşağı da burada oxuyur, özlərini
yığışdırmağa, kiriməyə, latayır
söyləyişlərini içərilərindəcə
boğmağa vadar qalırdılar.
Hacı Zeynalabdin özünə həm çox məhrəm
dost, həm də böyük saydığı Əbu Turaba qəlbən
bağlı idi. Ən əvvəl ona görə ki, Mirzə
Əbu Turab Axundzadə əngin bilik sahibi,
dünyagörmüş kişi idi. O, Bakıda həm də
tanınmış şair olan Mirzə Həsib Qüdsinin
(1828-1908) mədrəsəsində ilkin təhsilini alandan sonra
Mədinədə, Bağdadda oxumuşdu, mötəbər
din xadimliyindən əlavə kamil alim idi. Bunun göz
önündəki nişanəsi Əbu Turabın XX əsrin əvvəllərində
qələmə aldığı və islamın nəzəri
məsələləri ilə bağlı əsərləridir.
Onun kitablarından biri - “İslamın təfriqəsi səbəbləri”
adlı risaləsi 1914-cü ildə Orucov
qardaşlarının mətbəəsində nəşr
edilmişdi. Yazdıqlarında, söz yox, din məsələlərindən
söz açılırdı, amma mətləblərə
alimanə yanaşır, onların mahiyyətini cəmiyyət
həyatı ilə əlaqələndirərək şərh
edirdi. Həm də yetərincə açıq təfəkkürlü
insandı. XX əsrin əvvəllərində Bakıda beyni
bulaşıq ifrat mövhumatçıları zəncir
vurmaqdan çəkindirən nadir ruhanilərdən idi.
Və Əbu Turab Axundzadə ilə Hacı Zeynalabdin
tez-tez könül söhbətləri edərmiş. Hacı
Zeynalabdin Tağıyevdən hələ axundun
sağlığında “Əbu Turaba necə qiymət verərsiniz?”
soruşanda qayıtmışdı ki, “onun ayağı biləni
mənim başım bilmir”.
Günlərin birində yenə oturub dərdləşirlərmiş.
Milyonçu, var-dövlətinin gəlhagəldə olduğu
Hacı Zeynalabdin Tağıyev soruşur ki, Əbu Turab, sən özün məni
yaxşı tanıyırsan. Bilirsən həmişə əlim
açıq olub, millətimə bacardığım
yaxşılıqları etməyə
çalışmışam, Allahın mənə verdiyini də
yalnız özümə deyil, həm də ümumi mənafe
üçün istifadə etməyə
çalışmışam, görəsən elə bir
gün gələrmi ki, bu sərvət, mal-mülk mənim əlimdə
olmasın?
Əbu Turab tərəddüdsüz dillənir ki, bu,
Allahın əlində olan bir işdir. Bir anın içində
elə edər ki, sən də heç nəsiz qalarsan, ən
sadə insanlardan biri olarsan.
Adətən Əbu Turabın bütün sözlərini
həqiqət kimi qəbul edən Tağıyev indi
eşitdiyinə şəkk gətirən kimi olur.
Çünki heç cürə təsəvvür edə
bilmir başından axan bu mal-dövlət bir anın içərisində
tamam yox olub gedə bilər.
Əbu Turab ömrünü yaşayıb gedir,
Hacı qalır və 1920-ci ilin yazında bolşeviklər gəlir
və onlarla birgə də bir vaxtlar Əbu Turabın heyrətamiz
bəsirətliliklə dediyi həmin gün yetişir.
Soyğunçu hökumət Hacı Zeynalabdin
Tağıyevin əlində nəyi vardısa tutub alır və
elə vəziyyət yaranır ki, sağ-salamat
qalmağına da şükür edir.
Və 1924-cü ildə əcəlin astanada
olduğunu hiss edəndə vəsiyyətini
edir ki, onu Əbu Turabın ayaq
hissəsində basdırsınlar.
Həyat səhnəsinin bu kədərli anı hələ
qarşıdaydı, hələ onu görən bircə Pərvərdigarın
Özü idi. Hələ 1900-cü illərin əvvəlləri
idi və Qızlar məktəbi ilk addımlarını
atırdı və bu mərtəbədə bu məktəbdə
hər gün dürlü həyat sərgüzəştlərinin
cərəyan etdiyi ayrıca bir səhnə vardı.
Qızların istirahətinin bir hissəsi də bundan
ibarət idi ki, mütəmadi olaraq onları Tağıyev
teatrına, tamaşalara baxmağa, bir də kinoteatrlara yeni
filmləri seyr etməyə götürərdilər. Ancaq bu
məktəbin özünün də “teatrxana”sı vardı.
Tamaşaları göstərənlər elə şagirdlər
özləriydi. Bakının teatrlarında gedən
tamaşalarda qadın rollarını kişilər
oynayırdı, Qızlar məktəbindəki səhnədə
isə bu məkana oğlanların girişinin yasaq olması səbəbindən
vəziyyət əksinə idi. Onların
hazırladıqları tamaşaları seyr edənlər də
yalnız müəllimlər deyildi. Hərdən anaları da
baxışa dəvət edirdilər.
Həmin məktəbdə təhsil alan qızlardan
ikisi - Tağıyevin
övladları Sarayla Leyla sonra oxumaqlarını Azərbaycandan
kənarda, Peterburqda, Smolnı Qızlar İnstitutunda davam
etdirmişdilər.
Hacı orasını da
düşünmüşdü ki, hər ailə
uşağını Azərbaycandan kənara, daha yüksək
təhsil almağa yollaya bilməz. Ona görə də əlaqələrindən
və təsir imkanlarından istifadə edərək rəsmən
Qızlar məktəbinin sadəcə ibtidai təhsil səviyyəsində
sənəd verməsini yox, ali ibtidai təhsil səviyyəsində
diplom verməsini təmin etmişdi. Bu isə qızların məktəblərdə
dərs verərkən daha geniş səlahiyyətlərə
malik olması üçün meydan açırdı. Amma
digər bir məsələ də var. Hacı Zeynalabdin
Tağıyev burada - Qızlar məktəbinin nəzdində
ikiillik pedaqoji kurslar açılmasına da nail olmuşdu ki,
bu, təxminən, elə o çağın ali təhsilinə
bərabər idi. Yəni ibtidai təhsil alırdılar. Sonra
o ikiillik kursu qurtarırdılar və onların
aldığı diplomun çəkisi, səviyyəsi daha
yüksək hesab olunurdu.
Hacı bütün bunlara nail olmaq yolunda ona görə
axıracan getmişdi ki, Azərbaycandan kənarda,
imperiyanın böyük şəhərlərində təhsil
almağın maddidən əlavə, hətta silklə
bağlı müşküllərini də şəxsən
yaşamışdı. Qızları Sara ilə Leylanı
Peterburqa göndərəndə institutda əvvəlcə
onların sənədlərini qəbul etməmişdilər. Hacıya onun zadəgan
olmadığını xatırlatmışdılar.
Demişdilər, siz nə knyaz, nə qraf ailəsindən, nə
bəy-xan nəslindənsiniz, yəni əsilzadə
olmayanların bu məktəbə yaxın durması, bu
institutda təhsil alması mümkün deyil. Belə olanda
Hacının zövcəsi Sona xanımın adından
müraciət edilmişdi - onun atası general Ərəblinskinin
çar ordusunda xidmət etməsi yolu
açmışdı.
Tağıyev yaratdığı məktəbdə
savad alan qızların həyatda qarşılaşa biləcəkləri
hər çətinliyi öncədən öz içərisindəcə
qayğıkeşliklə saf-çürük etdiyindən
çarəni də irəlicədən arayırdı. Nə
o qızların, nə onların valideyninin, nə məktəbdəki
müəllimlərin çoxu bunlardan xəbərdar olurdu. Bu
kişi vicdanı qarşısında cavabdeh idi, məsul millət
işini yerinə yetirdiyini dərk etmiş bir müdrik idi,
“sağ ol” gözləmədən yolunu gedirdi, o vaxt
özünün bu barədə
düşünüb-düşünməməsindən
asılı olmayaraq, belə savab əməllərə ən
layiqli cavabı tarixin verəcəyi də labüd idi.
...Bir vaxtlar Tağıyev məktəbinin dəhlizlərindən
keçən, həyətində oynayan balaca qızlar
çox keçməyəcək ki, qaranquşlara çevriləcək,
Azərbaycanda maarif
işığının yayıcılarına dönəcəklər.
Ancaq onların hər biri həm də çox yaxşı
ana olacaq. Tale onları hansı ocağa yönəltsə, o nəsillərin
bəxti gətirəcək, o evlərin nuru artacaq,
çünki bu qızlar hansı ünvana bağlansalar, ora dərs
aldıqları məktəbdə qazandıqları şəfqəti
aparacaqlar.
6 yanvar, 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.16-17.