Vyanada
“Türk həftəsi” çərçivəsində
qala-konsert keçirilib
Vyana şəhərində təşkil olunan
“Türk həftəsi” çərçivəsində
qala-konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri
Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin
Vyanada akkreditə olmuş səfirliklərinin birgə təşkilatçılığı
ilə keçirilən konsertdən öncə TDT-nin baş
katibi Kubanıçbek Ömüralıyev və
Qırğızıstanın mədəniyyət naziri Mirbek
Mambataliyev təşkilatçılar adından
çıxış ediblər. Bildirilib ki, Avropanın mədəni,
tarixi və elmi mərkəzlərindən biri olan Vyanada
keçirilən “Türk həftəsi” Türk dünyasının
strateji mövqeyinin, mədəni irsinin və əməkdaşlıq
potensialının çoxtərəfli mühitdə təqdim
olunmasında mühüm rol oynayır və bu təşəbbüs
beynəlxalq diplomatiyanın və əməkdaşlığın
daha da güclənməsinə xidmət edəcəkdir.
Konsertdə Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə və Özbəkistan
musiqiçiləri rəngarəng musiqi proqramı ilə
çıxış ediblər. Azərbaycandan Xalq artisti
Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı”
ansamblı, Qazaxıstandan “Temirlan və Yernat” dueti,
Qırğızıstandan “Kambarkan” folklor və etnoqrafik
ansamblı, Türkiyədən “Yeden” ansamblı və Özbəkistandan
“Xalqlar dostluğu” ansamblının təqdim etdiyi xalq və bəstəkar
mahnıları, eləcə də qazax və özbək rəqqasların
ifaları böyük maraqla qarşılanıb.
Vyananın ən müasir konsert salonları
sırasında yer alan “MuTh” konsert salonunda baş tutan tədbirdə
Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların
təmsilçiləri, yerli ictimaiyyət və media nümayəndələri,
türkdilli ölkələrin Avstriyadakı icmalarının
üzvləri və musiqisevərlər iştirak ediblər.
Azərbaycanın TDT-yə sədrliyi ilində təşkil
edilən qala-konsert Türk dövlətləri arasında mədəni
əlaqələrin dərinliyini göstərməklə,
Avropa tamaşaçılarında da bu mədəni zənginliyi
daha yaxından tanımaq imkanı yaradıb.
525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.15.