Bəlkə bu gün elə dünəndir...
Esse
Bir gün küçələrdəki yad üzlər
bizə dünyanın qəribliyini yenidən xatırladacaq. Gəzdiyimiz
küçələrdə heç kim olmaq, salam verdiyimiz
adamların soyuqluğu, göz-gözə gəldiklərimizin
baxışlarındakı boşluq hər şeyi lap əvvələ
- heç kim olduğumuz günlərə qaytaracaq. Siqaret
tüstüsü meyxoşluğumuza yox, keçib gedən
zamanın faniliyinə qarışanda hiss edirik ki, dünya
sonsuz sayda tənhaların kövrək ruhlarının
yetimxanasıdır. Əl verib
görüşdüyümüz adamlar çox qədimdə
qaldı. Elə bil, hamı yuxu idi - oyandıq ki, heç kim
yoxdur.
Fürsət tapıb beş-on kəlmə kəsə
bilmədiyimiz nə qədər adamın
yaxınlığını, doğmalığını
unutmağa başlayırıq. Dəyərbilməzlik
insanoğlunun qədimyanə vərdişidir, unuda bilmir. Hər
şeyi yadından çıxarır, hər şey toz dənəsi
kimi küləklə sovrulub gedir, içimizdə qalan yekə
bir vecsizlik ölənə qədər bizimlədir.
Yaşamaq yazmağın yerini alanda həyatın hərflərin
təmtəraqlı karnavalından daha qorxunc olduğunu
başa düşürük. Hamı üçün
burnumuzun ucu göynəyir. Əlimizi atanda yapışa bilmədiyimiz,
əvvəllər saman çöpü bildiyimiz şeylər
gəlir ən son ümid yerimiz olur. Amma nafilə.
Aydınlanma dönəmi insanı "Tanrını,
ya da Mütləqi" axtarmaqdan vaz keçirdi. Böyük həqiqətlər
yerini balaca suallarla doldurdu. Böyük adamlar reklamın əsirinə
çevriləndə başa düşdük ki, bütün
böyük fikirlərin arxasında tənhalıqdan qurtulmaq,
çilçıraqlı salonlara qarışmaq, maskalı
karnavalların bir hissəsi olmaq dayanır. Küçələrdə
heç kimin hamı olduğu zamanlar, meqapolislərdə
hamının heç kim olduğu saatlarla əvəzləndi.
Tarix də sürətli maşınlara və ölüm
döşəyində nəfəsini israf etməkdən
qorxan xəstələrə çevrildi.
Kimdir müqəssir?! Bilmirik...
Yadlaşmaq həyata. Kimdənsə, nədənsə
qaçıb qurtulmaq. Baş götürüb
tanımadığın sahillərə qaçmaq.
Tanımadığın kəslərin arasında yerimək,
tanımadığn təamların dadına baxmaq,
tanımadığın şüşələri
başına çəkib tanımadığın
tütünə ciyərlərində yer eləmək.
Adı tanış gəlməyən balaca bir meyxanadan
adını hələ də əzbərləyə bilmədiyin
küçələrə atılmaq. İndi də belə
yaşamaq.
Keçmiş üçün darıxmaq, onu
qoyduğun yerlərdə axtarmaq, tapmayanda üzülmək,
tapanda sevinmək bizi formalaşdıran xarakterin bir
formasına çevrilməkdədir. Hər kəslə
keçmişdə dost olmaq daha asan gəlir. Xatırlamaq
yaşamaqdan daha az əzabvericidir. Yeni tanışlıqlar bir
az da yorur məni, səni, bizi. Tez unutmaq və unutduğumuz
andan yada salmağa çalışırıq adamları.
İnsan kədər və onun bütün məziyyətləri
üçün yaşayır. Başqa bir amalın
olmadığı dünyanın sakinləriyik hamımız.
Son vaxtlar çoxlu bioqrafiyalar oxuyuram.
Yazıçıların, şairlərin, bəstəkarların,
aktyorların, futbolçuların, siyasətçilərin,
din adamlarının özləri, həyatı və nəhayət,
aqibət duyğusunu yaşadığı günlər barədə
yazılanlar əvvəl-axır Allahdan borc alıb Allaha
qaytaracağımız balaca bir ömrün balaca nişanələridir.
Ətrafımda onlarla öz ölkəsindən qaçmış,
siyasi səbəblərdən yana gəlib Mərmərənin
sahilində kiçik bir şəhərdə özünə
yuva qurmaq istəyən gənclər var. Əfqan, suriyalı,
aclığın yağır elədiyi Afrika ölkələrinin
vətəndaşları həyata 0:10 geridə
başlamağın ağır nəticələrindən
danışdıqca yadlığı başqa rakurslardan
görürəm. Mən dostlarım, sevgilim, şəhərim
üçün darıxanda onlar xoşbəxt həyatları
və ailələri üçün darıxırlar. Mən
onlara bir gün qayıdacağım evimdən, onlar da bir
gün yaşayacaqları rahat günlərdən
danışırlar. Sahildə özünə əbədi
yer eləmiş nəhəng qaya parçasına
çırpılan dalğalar söhbətimizin ən
şirin yerində ağzımızdan vurur. Heç kim ən
gözəl arzuları eşitmir. Bir-birimizə kar olub dənizə
qulaq asırıq.
Səhvlərimiz yadımıza düşür,
gözlərimizi göyə dikib kimisə axtaranda qara bulud təzədən
günəşin qabağını kəsir. Buludlardan o tərəfdə
kim varsa, hamısı gizlənir bizim günahlarımızdan.
Onlar yenidən bulaşmaq istəmir boz şəhərin rəngli
adamlarına. Yağış başlayır. Kiminin
makiyajını, kiminin də üzündəki kubik tozunu
yuyub aparır. Yağışlar Allahın adamları görmək
üçün tutduğu ən yaxşı güzgülərdir.
Maşınların təkərlərindən
sürüşüb çıxan palçıq mahiyyətimizə
qaytarır bizi.
Günlər əl-ələ verib "sizdən bizə
kim düşər?" ritorikasında hər gün bir nəfəri
bizdən alıb aparır. Ya içimizdən, ya
çölümüzdən, ya yanımızdan, ya xatirələrimizdən.
Elə adamları elə yerdə itirmişəm ki,
xatırlayanda "niyə var idi o günlər, nə istəyirdik
onda həyatdan?" sualı boğazımdan
yapışıb boğur məni. Bu, yadlığın həmişəlik
formasıdır.
Yenə özümü sarı divarları olan
içi mavi kirayə qaldığım evdən küçəyə
atacağam. Sahildə isti çayla payıza hələ
yaşamaq və xatırlamaq istədiyimi
pıçıldayıb işə gedəcəm. Və
küçə boyu tanımadığım adamlar mənə
tanıdığım adamların yoxluğunu, bu balaca şəhərdəki
yadlığımı xatırladacaq.
Hər şey bu yazı masasında saatlarla oturub
düşünməyinizdəndir. Bəlkə də xəyal
etdiyiniz o şəhər küçələri, və
adamları, binaları, səkilərindəki məsumiyyəti
var. Pəncərədən baxanda hamısını görmək
olar bəlkə də. Bəlkə də. Dünyanın ən
kədərli sözüdür - "bəlkə".
Danışmaq da lazım deyil, yəqin. Şənbə
günləri adamlarla danışmağı sevirsiniz,
bilirsiniz ki, sizin kimi nə qədər adam içindəki
yalquzağı yemləyir. Yenə də yadınıza
düşür ki, Günəş çıxanda qar əriyir,
yağış romantik olur, göyqurşağı
uşaqları sevindirir. Günəş isə batmayıb. O,
heç vaxt küsmür və həmişə isti qalır.
Bunu da İçərişəhərdə bir rəssam
öz son tablosunu hazır edəndə demişdi mənə.
O, dayanmadan özünü çəkir və rəngləyirdi.
Qırmızı, sarı, açıq yaşıl, tünd
mavi. Ta ki özü yoxa çıxana qədər. O, həm
də deyirdi ki, min ildi bu şəhəri tanıyır və
bütün adamlar axşamlar sabah havanın necə
olacağından danışır. Sabah bizi
düşündürür, elə dünən də.
İndi isə bir o qədər vecimizə deyil. Çünki
axır-əvvəl indi də ya sabah olur, ya dünən.
Rəvan
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.15.