"İllüziya nömrələri
elmə, riyazi düsturlara əsaslanır"
"Sosial şəbəkələrə görə
sirlər tez açıldığı üçün
sehrbaz məcburdur ki, üsulları vaxtaşırı dəyişsin"
Müsahibimiz Bakı Dövlət Sirkinin artisti,
illüzionist Şəhadət Bağırovdur.
- Şəhadət bəy, illüzionist olmaq həvəsiniz
necə yarandı?
- Uşaqlıqdan çox güclü həvəsim
olub. O vaxt Şamaxıda yaşayırdıq. Ağ-qara
göstərən televizorumuz vardı. Onda sehrbazlar maraqlı
nömrələr göstərirdilər, amma mən onlara
fantastik film kimi baxırdım. Bir dəfə sehrbaz ekrandan
tamaşaçını dəvət etdi və seçəcəyi
rəqəmi tapacağını dedi. Yəni atam burda
hansısa rəqəmi, hərfi seçir, ekranın o tərəfində
sehrbaz onu tapır. Elə də oldu. Atam rəqəmi
seçdi və sehrbaz başladı bir neçə qəribə
hərəkət etməyə. Bütün rəqəmlər
töküldü və atamın seçdiyi o rəqəm
qaldı. Onda mən inandım
ki, deməli, həqiqətən belə bir şey var. 7-8-ci
sinifdə oxuyanda Devid Kopperfildin fokuslarına baxırdım.
Üstündən bir neçə il keçdi,
başladım yavaş-yavaş özüm taxtadan qutu düzəldib
içindən dovşan çıxardırdım.
Ona qədər yaxşı oxuyurdum, şəklim
şərəf lövhəsində idi. Amma ondan sonra
bütün fikrimi verdim bu sənətə. Təhsildən də
yayındım. İllüziya sənətinə qədər
rəssamlıqla məşğul olmuşam. Ailəmdə
atam, bacım, bibim yaxşı rəssamdırlar,
istedadları var. Mənim də yaxşı əl qabiliyyətim
vardı. Ancaq illüziya sənəti hər şeyi üstələdi.
- O zamanlar bu sənətə olan meylinizə görə
ailənizin, ətrafınızın sizə münasibəti
necə idi?
- Əvvəllər dəstək yox idi, bu işlə
məşğul olmağımı istəmirdilər. Təhsildən
yayınmağım da onları narahat edirdi. Amma mən qərarımda,
istəyimdə qəti idim. Hətta problemlərim yarandı,
məni məktəbdən çıxartdılar. Mən də
sənədlərimi götürüb başqa məktəbə
getdim. Üstündən az keçmiş artıq
tanınmağa başladım, bir-iki dəfə efirə
çıxdım və gördüm, həmin məktəbdən
evə zəng eləmə başladılar ki, qayıtsın
məktəbə. Amma mən görürdüm ki, onlar
sırf efirə çıxdığım üçün
çağırırlar. Ona görə də getmədim. Həmçinin
dostlarımın, qohumlarımın çoxundan
uzaqlaşdım. Çünki görüşəndə bu
sehrlərlə bağlı çox təzyiq edirdilər mənə.
Ya pul verirdilər ki, bunu çoxalt, ya da nömrələrin
sirrini istəyirdilər. Ancaq heç bir halda sehrbaz öz
sirrini aça bilməz, açmamalıdır. Buna görə
də çoxlarından uzaqlaşdım. Bu sənət mənə
verdikləri ilə bərabər, çox şeyi də
aldı məndən.
- Əsas çətinlikləri nələrdir?
- Maddi cəhətdən çətinlikləri var.
Çünki elə nömrələr olur, çox
böyük məbləğlər hesabına başa gəlir.
Qazanc isə heç də çox deyil. Fokusun ən çətini
baxanda sadə görünənidir. Deyirlər, sən qəpiklə,
kartla fokus göstərirsən, camaat qatarı yox edir. Amma
dünyanın ən çətin fokusları budur. Ən
çətini əl bacarığıdır. Digərləri,
məsələn, qatarı yox etmək texnikadır. Sadə
sirləri var. Hər kəs onu öyrənib edə bilər.
Sosial şəbəkələrə görə sirlər
tez açıldığı üçün sehrbaz məcburdur
ki, üsulları vaxtaşırı dəyişsin,
inkişaf etdirsin. Məsələn, qutunun içində
qızı kəsirlər. Bir müddət sonra bunun sirri
açılır. Mühəndislər bunu adi yox, şəffaf
qutuda hazırlayıb sehrbazlara satırlar. Başlayırlar
qızı şəffaf qutuda kəsməyə. Sonra onun da
üstü açılır, onda da şüşəsiz,
açıqda qızı bölürlər. Onun sirri
açılandan sonra isə tamaşaçını
bölürlər.
Hələ elə bir sehr nömrəsi olmayıb ki, mən
ona baxıb sirrini tapmayım. Ən çətin nömrələri
belə 2-3 gün ərzində tapa bilmişəm. Çoxuna
baxan kimi bilirəm.
- Deyirsiniz ki, sehrbaz öz sirrini heç bir halda
açmamalıdır. Onda bu sənətdə ustad-şagird
münasibətləri də ya yoxdur, ya da fərqlidir. Sizin tələbəniz
varmı? Kiməsə öz tələbəniz kimi bu sənətin
sirlərini öyrətmisinizmi?
- Xeyr, öyrətməmişəm. Bəzən olur,
müraciət edirlər ki, uşağıma bu sənəti
öyrət. Məsələn, 15-16 yaşı var və bu sənətə
maraq göstərir. Çağırıram, söhbət
edirəm və ən sadə, daha çox səbr tələb
edən nömrələrlə başlayıram.
Sehrbazlıqla ən vacib nömrələr barmaq cəldliyi və
səbr tələb edən qəpik, kart nömrələridir.
Mən də ondan başlayıram ki, görüm, səbri
varmı? 1-2 gün sonra görürəm ki, daha gəlmir.
Soruşuram niyə gəlmirsən? Deyir, müəllim, mənim
həvəsim olmadı, o nömrədən xoşum gəlmədi.
Mən istəyirəm ki, qızın başını kəsdikləri
nömrəni öyrənim. Hə, onda görürəm ki,
bu adamdan sehrbaz olmaz, çünki onun səbri yoxdur.
- İllüziya fövqəlgücdür, ya elm?
- Bütün bunların hamısı elmdir.
İllüziya nömrələrində fizika, kimya, riyaziyyat,
anatomiya var. Bunların hamısı elmə söykənir,
riyazi düsturlara əsaslanır. Bunlar hamısı sirli,
illüziya kimi gəlir. Əslində, bu, sehr deyil. Sadəcə
səhnədə elə göstərilir ki,
tamaşaçıya sehr kimi gəlir. Fizikanın elə gizli
metodları var ki, onu bəzi fiziklər belə bilmirlər.
Ora bir az fizika, bir az kimya və bir az da göz aldatmaq
qatılır, nəticədə belə bir şey ortaya
çıxır.
Vaxtilə məktəbdə müəllimlər məni
danlayırdılar ki, sən oxumursan. Mən də onlara
nömrələr göstərirdim və deyirdim ki, riyaziyyat
müəllimisiniz, bu nömrədə riyazi sirr var, onu
tapın. Tapa bilmirdilər. Yaxud fizika, kimya müəllimlərimə
elə nömrələr göstərirdim ki, sırf o elmlərlə
bağlıdır. Amma tapa bilmirdilər. Onların sirlərini
izah edirdim və il sonuna kimi mənə "5"
yazırdılar.
- 25 ildən bəri bu sənətdəsiniz, amma cəmi
5 ildir ki, Dövlət Sirkində çalışırsınız.
Ona qədər güzəranınızı necə təmin
edirdiniz?
- Azərbaycanda bu sənətdən ancaq ad günlərində,
uşaq şənliklərində iştirak edərək pul
qazana bilərsən. Təəssüf ki, böyük səhnələrdə
bu sənətə yer vermirlər. Elə bilirlər ki,
sehrbazlıq ancaq uşaqlar üçündür. Amma əslində
hər yaşdan olan insanlar üçün fərqli-fərqli
nömrələr var. Məclislərə rəqqasələr,
musiqiçilər çağırırlar, amma
illüzionistlər yada düşmür. Böyük səhnə,
şərait lazımdır bunun üçün. Elə
nömrələr var ki, onu ancaq səhnədə göstərə
bilirsən.
Bir müddətdən sonra mən efirə
çıxmağa başladım. Efirdə mental nömrələr
göstərirdim, məsələn, kiminsə fikrini oxumaq
kimi. Mental nömrələrlə çox tanındım.
Televiziyalara çıxdım, nələrisə partlatmaq, tərpətmək,
əşyanın yerini tapmaq kimi şeylər edirdim. Bu
nömrələr Azərbaycanda çox görünməmişdi
deyə, maraqlı gəldi. Artıq hamı məni ekstrasens
kimi qəbul etməyə başladı. Elə bilirdilər
ki, mənim hansısa fövqəlgücüm var. Mənə
o qədər zənglər gəlirdi ki, axırda nömrələrimi
dəyişdim. Deyirdilər ki, hardasa qızıl
basdırıblar, onun yerini tap. Hətta Rusiyadan durub gəlmişdilər
ki, filan problemimizi həll et. Deyirdim, mən axı onu edə
bilmirəm. O, fövqəladə güc deyil, mentalist
tamaşaçı üçün vizual görüntü
yaradır sadəcə. Hamısının arxasında öz
sirləri var.
Məndə belə bir təxmin var ki, "Azərlotereya"da
cekpotu udan rəqəmləri canlı verilişdə əvvəlcədən
yazıram. Onu şəffaf qutuya qoyurlar və ağzı
möhürlənib fotoları çəkilir. Onu verirlər
bir banka, 24 saat kamera nəzarəti altında 2 ay
saxlanılır. 2 ay sonra cekpot udulur və ondan sonra həmin
qutu açılır və həmin qutuda cekpotu udan rəqəmlər
hamısı çıxır. Bunu etmək istəyirəm,
amma televiziyalar razı olmadı. Çünki onu efirdə
göstərsəm, həm cəmiyyətimiz
üçün, həm də mənim üçün
heç də yaxşı nəticələri olmaz. Bilirəm
ki, çox təzyiqlərlə qarşılaşaram.
- Bəs Dövlət Sirkində
çalışmağa necə başladınız?
- Pandemiyanın təzə bitən vaxtları idi,
elanda gördüm ki, Dövlət Sirki artist axtarır. Mən
də müraciət etdim və məni tanıdılar. Dedilər
ki, bir neçə nömrə göndər. Mən də fərqli
nömrələr göndərdim və qəbul edildim.
- Heç şəxsi həyatınızda öz mənafeyiniz
üçün fokusdan istifadə etdiyiniz olubmu?
- Bəli, olub. Əsasən hərbi xidmət
zamanı. Orda yoxlama gələndə komandir
çağırırdı ki, gəl nəsə göstər.
Mən də generala, yüksək rütbəli zabitlərə
maraqlı nömrələr göstərirdim. Beləcə əsgərlərə
tapşırılan o işlərdən azad edilirdim. Həmçinin,
bayaq dediyim kimi, məktəbdə müəllimlər
üçün hansısa nömrələr göstərirdim
və qiymətim yazılırdı.
- Bu ölkədə sənət sizi dolandıra
bilirmi? Gəlirli sahədir?
- Əslində, mən dolandırıram bu sənəti.
Azərbaycanda bu sənətdən yalnız uşaq məclislərində
- bağçalarda, ad günlərində pul qazanmaq olur. Həmçinin,
sosial tədbirlər çox olur ki, onlara pulsuz gedirəm.
Əsas istəyim odur ki, bu sənəti tanısınlar,
bilsinlər. Bizim ölkəmizdə fokus deyəndə
uşaqlar yada düşür, amma xaricdə belə deyil.
Bakı Dövlət Sirkinin artistiyəm, oradan maaş
alıram. Amma maaş da tək insana çatır. Ailəlisənsə,
kənar işlərə getməlisən. Həmçinin,
etiraf edim ki, qazandığımın ciddi bir hissəsi də
yenə bu sənətə gedir. Çünki yüksək məbləğ
tələb edən nömrələr var. Onun texnikası
hazırlanmalı, müəyyən qədər pul
qoyulmalıdır. Bir də görürsünüz,
qazandığımdan aylarla kənara atıb gələcək
nömrəm üçün pul yığıram. Bu sənətin
şöhrəti çox, qazancı isə azdır. Bu da elə
bir sənətdir ki, pulun azdırsa, zəifsən.
- Xarici ölkələrə qastrola gedirsinizmi?
- Rusiyada, Türkiyədə, Qətərdə
olmuşam. Amma geniş beynəlxalq tədbirlərdə
çox da yada düşmürük.
- Sizcə, bu sənət incəsənətyönümlü
universitetlərdə tədris olunmalıdırmı?
- Bəli, məncə, olmalıdır. Xarici ölkələrin
bir çoxunda universitetlərdə bu ixtisas ayrıca olaraq
var. Bizdə isə reaksiyalara baxmaq lazımdır. Fikrimcə,
ali məktəblərdə tədris olunsa, bu sənət daha
çox ciddiyyət qazanacaq.
- Bu sənətdə ən böyük zirvə
kimdir, sizcə?
- Devid Kopperfild tək mənə görə yox,
bütün dünya üçün ən böyük zirvədir.
Onun nömrələrinə milyardlarla dollar xərclənib. Həm
də Kopperfildin gəlişi bu sənətin unudulduğu bir
zamana təsadüf etdi. XX əsrin ortalarında illüziya sənəti
unudulmuşdu. 1970-ci illərin sonu-80-ci illərin əvvəllərində
Kopperfild bu sənəti dirçəltdi və daha da yüksəltdi.
Ondan sonra sehrbazlara maraq artdı, onlar haqqında filmlər
çəkilməyə başladı, festivallar təşkil
olundu.
- Gələcək üçün bu sənətdən
gözləntiləriniz nələrdir?
- İndi daha çox qazancı düşünürəm.
Çünki bu sənətdə inkişaf etmək
üçün qazanmalısan. Təbii ki, o qazancı da elə
bu sənətlə düşünürəm. Maddiyyat
üçün sənətimi atmaq, başqa sahəyə
getmək fikrim yoxdur. İnanıram ki, gələcəkdə
istədiyim o yerə çatmağı və lazım olan o
maddiyyatı qazanmağı bacaracağam.
- Xoşbəxtsinizmi?
- Pullu xoşbəxt deyiləm (gülür). Amma
ölkəmizdə bu sənətdə edilə biləcək
çox ilkləri məhz mən etdiyim üçün
xoşbəxtəm. Sənətimlə fəxr edirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.14.