Qaranlıqda böyüyən işıq

 

- Sənin gördüyün dünya hansı rəngdədir?

- Ağ...

- Bəs sevdiyin rəng?

 - Mavi...

 - Bir səbəbi varmı?

 - Səma mavi rəngdədir, orada uçan sülh göyərçinləri ağ...

Dünyanın min bir çaları var...

Diqqət yetirsək, görərik ki, dünya bizimlə elə rənglərin dililə danışır - payızın qızılı yarpaqları astaca keçmişi xatırladır, qışın sərt bəyazı sanki ümidlərin üzərinə çəkilmiş zərif bir pərdədir, baharın yaşıl donu oyanışdan xəbər verir, yayın mavi səması isə bizi qucaqlayan azadlığın duyğusudur...

Rənglər insan talelərinin səssiz dilidir - biri sakitləşdirir, biri oyadır, digəri içimizdə gizlənən bir xatirəni yuxulardan çağırır... Hərə istədiyi rəngdə görür dünyanı... Və bir də hərənin öz sevdiyi rəng var... O isə doğulduğu gündən dünya işığına həsrət qalsa da, ağ və mavi rəngləri sevir. Ağ təmizlik rəmzi olaraq, sanki bütün çirkinlikləri öz üzərinə götürmək üçün yaranıb. Mavi isə səmanın nəfəsidir, insanın içindəki dərinliyi danışdıran sirli bir sükutdur...

Adı Fatimədir, on yaşı var. Tanrı onu dünya işığından məhrum edib. Amma əvəzində ona elə bir istedad, ilahi bir səs nəsib edib ki, dünyanı yalnız ağ rəngdə bilsin, onun üzərinə düşən ləkələri görməsin. Böyük qətiyyət, inam, həvəs, istək də bəxş edib ona Yaradan. Yəqin ona görə ki, bizlərin gözündə zəif görünməsin deyə. Fatimənin səsini, ifasını eşidənlər üçün ona biganə qalmaq, o avazı dinləməmək qeyri-mümkündür. O sırada olanlardan biri də mən oldum, axtarıb tapdım və görüşüb söhbət etdim.

Fatimə Qafarova:

- Hələ məktəbə getmirdim, kiçik idim. Bir musiqi eşitdim, xoşuma gəldi və rəqs etməyə başladım. Sonra eşitdiklərimi oxumağa başladım və bu, xoşuma gəldi. Aralarında daha xoş olan mahnıları bir neçə dəfə dinləyəndən sonra oxuyurdum. İlk oxuduğum bir türk mahnısı oldu. Amma sonra öz mahnılarımızdan da ifa etməyə başladım. Gözəl mahnıları ifa etməyi daha çox xoşlayıram. İfaları xoşuma gələn müğənnilərin də mahnılarını oxuyuram. Şövkət Ələkbərova, Flora Kərimova, Aygün Bəylərin mahnılarını həm dinləməyi, həm oxumağı sevirəm. O mahnılarda içim çox rahatdır. Ən böyük arzum Xalq artisti olmaqdır. Bilirəm, hələ çox kiçiyəm, o ada çatmaq üçün çalışmaq, öyrənmək lazımdır. Bunlar məni heç də qorxutmur. Biləndə ki, kanalların birində "Tanıyın, tanıdın bizi" adlı yarışma var, çox istədim ki, orada iştirak edim. Valideynlərim, xüsusən də nənəm bu istəyimə yox deməyib, mənim üçün imkan yaratdılar ki, həmin layihədə iştirak edim. Hər dəfə səs çoxluğu qazananda, həvəsim daha da artırdı. Sonda yarışmanın qalibi mən oldum. Qalib olmaq qəribə bir hissdir, elə istəyirsən ki, həmişə, hər yerdə birinci olasan. Ondan sonra "Talantlar aləmi" festivalında iştirak etdim. Orada "Elegiya" mahnısını oxudum və yenə də birinci yeri qazandım. İndi televiziya kanalları məni proqramlara dəvət edir və böyük həvəslə iştirak edirəm. Artıq yolumu müəyyənləşdirmişəm - sənət və musiqi. Çox sevinirəm ki, evdə hamı mənə dəstək verir və bir neçə aydır ki, vokal dərslərinə başlamışam. İstədiyimə çatmaq üçün var gücümlə çalışacağam.

Fatimə danışdıqca masanın üstünə salınmış örtüyün naxışları üzərində barmaqları ilə gəzişirdi. Və sanki demək istədiklərinin hamısını barmaqlar yalnız ona məlum olan dildə naxışlara söyləyirdi. Söhbətimizə daima Fatimənin yanında olan nənəsi Aygün xanım qoşulur.

Aygün Qafarova:

- Fatimənin görmə qüsuru anadangəlmədir. Onun bu problemini xəstəxanadan gələndən sonra evdə bilmişik ki, göz bəbəkləri yoxdur. Bilən kimi müxtəlif xəstəxanalara, klinikalara müraciət etdik və hər yerdə bir cavab eşitdik - belə bir halla birinci dəfədir ki, rastlaşırıq. Fatimə isə qeyri-adi bir uşaq kimi böyüyürdü. Daima nəzarətimiz altında olsa da, özü sərbəst gəzirdi, evin pilləkənlərini düşüb-qalxırdı, bütün uşaqlar kimi rəqs edir, mahnı oxuyurdu. Qəribə bir hadisə oldu. Fatimə danışmağa başlayanda dedi ki, üç yaşım olanda Allah baba gözlərimi açacaq. Təbii ki, bunu bir körpənin arzusu, ümidi kimi qarşıladıq. Lakin ən qəribəsi o oldu ki, iki yaş yarımlığında Fatimənin gözünün birində bəbək yaranmağa başladı. Heydər Əliyev Fonduna müraciət etdik. Qısa bir zamanda fond müraciətimizə baxdı və bizi müayinə üçün Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə göndərdi. Fatimə burada bir müddət müalicələr aldı və həkimlərin gəldiyi nəticə o oldu ki, onun bir gözü müəyyən faiz görə bilər.       Özümüz Şabran rayonunda yaşayırıq, lakin Fatimənin təhsilinə görə Bakıda yaşamağa məcburuq. Hazırda o, 5 saylı respublika xüsusi internat məktəbinin beşinci sinfində oxuyur. Elə məktəbə yaxın ərazidə kirayə ev tutmuşuq ki, Fatimə çox çətinlik çəkməsin. Fatimənin doqquz yaşlı bacısı kəskin leykoz  xəstəsidir, mütəmadi kimyaterapiya qəbul edir. Bütün bunlara rəğmən, ailəmiz ümidini heç zaman itirməyib. Ailəmiz Vətənə çox bağlıdır. Həyat yoldaşım Qarabağ müharibəsi iştirakçısı və birinci qrup əlildir. Fatimənin atası da Vətən Müharibəsinin və antiterror əməliyyatının iştirakçı olub. Deyirlər ki, Tanrı sevdiyi bəndələrini sınağa çəkir, yəqin ki, yaşadıqlarımız bir imtahandır. Allahın Fatiməyə verdiyi bu fitri istedad onun ailəmizə böyük lütfüdür. İnanırıq ki, bu da keçəcək. Hamılıqla Fatimənin professional musiqi təhsili almasında maraqlıyıq, çünki oxumaq uşağın arzusudur. Fatiməni izləyicilər həm sosual şəbəkələrdən, həm televiziya proqramlarından tanıyırlar. Düzdür, bəzən bizi üzən məqamlar olur, lakin xeyirxah, təmənna güdməyən insanlarımız az deyil. Fatiməyə dəstək olmaq istəyən hər kəsə ailə olaraq təşəkkürümüzü bildiririk. Hazırda bütün diqqətimiz Fatimənin təhsili ilə yanaşı, onun vokal dərslərinə də yönəlib və müəlliməsi Arzu Qurbanova bu istiqamətdə öz işini peşəkarcasına görür.

Balaca Fatimənin ifası insanı öz sehrinə sala bilsə də, onun seçdiyi mahnılar yalnız öz istəyilə olduğundan, bu uşağın düzgün istiqamətlənməsinin vacib olduğunu görməmək mümkün deyildi. Düzü, məni də narahat edən bu məqam idi ki, artıq tanınmağa başlayan bu səs ara müğənniliyi səviyyəsinə, maddi maraq istiqamətinə yönlənməsin. Fatimənin vokal müəllimi Arzu Qurbanova ilə fikirlərimiz üst-üstə düşdü.

Arzu Qurbanova:

- Fikrinizlə razıyam. İyirmi ildən artıq iş təcrübəm var, sənətim vokal dərsləri verməkdən ibarətdir və uşaqlarla əsasən fərdi şəkildə məşğul oluram. Bunu xüsusi olaraq ona görə vurğuladım ki, dərs dediyim uşaqları daha yaxından tanınaq imkanım olur. Gələk Fatimə qızımıza. Fatimənin durumunu bilirsiniz və ilk onu vurğulamaq istəyirəm ki, çox həssas, kövrək, tez inciyən, eyni zamanda inadkar bir qızdır. Düz vurğuladınız ki, onun repertuar seçimi yaşı ilə uyğunluq təşkil etmir. Mən ilk növbədə Fatimənin səs imkanlarının yerində olmağında, düzgün inkişaf etməyində maraqlıyam. Mənim üçün bu, vokalın ən vacib amilidir. İfa etmək istədiyi mahnını Fatimə özü seçir. Bir neçə dəfə dinləyir və sonra onu sərbəst oxuya bilir. Amma olub ki, mən ehtiyatla ona repertuar seçiminə diqqət etməyimizi eşitdirmişəm. Lakin onun incidiyini görəndən sonra bir qədər ara verib təkrar bu mövzuya qayıtmaq qərarına gəlmişəm. Fatimə hisslərini içində daşımağa, kədərli notlarda olan mahnıları ifa etməyə daha meyillidir, səbəbi də məlumdur. On yaşlı bir qız hələ gün işığı görməyib, onun nələr yaşadığını, nələr düşündüyünü bilmirik. Onu tanıdığım ilk gündən düşünürəm ki, Fatiməni kədərli, qəmgin ifalardan uzaqlaşdırmaq, ona daha çox pozitivlik aşılamaq lazımdır. Lakin o kövrək qəlbi incik salmaq istəmədiyim üçün düzgün zamanı gözləyirəm. Xüsusi vurğulamaq istəyirəm ki, Fatimənin zil səsi var və seçdiyi mahnıları ifa etməkdə çətinlik çəkmir. Tanrı onun səsi, ifası, seçdiyi mahnılarla bizim bu uşağı tanımağımıza imkan yaradıb. Bilmirəm onunla neçə il məşğul olacağam, amma inanıram ki, zaman keçdikcə, o böyüdükcə, özünün də fikri dəyişəcək. Çünki Fatimə artıq ifaçı olmağı qarşısına məqsəd qoyub. Hətta Xalq artisti adını qazanmaqda israrlıdır. Əslində yaxşıdır ki, həvəs, maraq, hədəfə çatmaq iddiası var. Artıq yarım ildir biz dərslərə başlamışıq. Fatimə korifey sənətkarlarımızın mahnılarını dinləyir, onlara hörmətlə yanaşır, çünki bu haqda bizim çox söhbətlərimiz olub. Lakin etiraf etməliyəm ki, mərhum Əməkdar artistimiz Aygün Bəylərin repertuarına onun xüsusi sevgisi var, seçimlərini də oradan edir. Bu uşaqda bir xüsusiyyəti də hiss etmişəm ki, Fatimə öz seçdiyi mahnıda daha rahatdır və onu ifa edəndə çox xoşbəxtdir. Fatimədə liderlik xüsusiyyəti var ki, bu, məni də ruhlandırır. Keçən il "Talantlar aləmi" Beynəlxalq yaradıcılıq müsabiqə-festivalında Fatimə sözləri Leyla Əliyevaya, musiqisi Kamala aid olan "Elegiya" mahnısını ifa edərək, estrada vokalı nominasiyasında birinci yerə layiq görülüb. Əminəm ki, Fatimə ilə imza atacağımız uğurlar çox olacaq.

"Talantlar aləmi" Beynəlxalq yaradıcılıq müsabiqə-festivalının münsiflər heyətinin bir üzvü ilə əlaqə saxlamaq imkanından istifadə edib Azərbaycan Milli Konservatoriyasının aparıcı konsertmeysteri Mahirə Quliyevanın Fatimə haqqında fikirlərini bilmək maraqlı oldu.

Mahirə Quliyeva:

- Fatimə istedadlı qızdır, gözəl səsi var. Belə uşaqlara biz hər zaman dəstək oluruq. Bu cür həssas uşaqlarının istedadını görməzdən gəlmək olmaz, onları mütləq təqdim etmək, ayrıca müsabiqələr keçirmək lazımdır. Mən bu fikrimi müsabiqənin təşkilatçılarına da bildirdim. Fatiməni çox bəyəndim, onu dinləyəndə göz yaşlarıma hakim ola bilmədim. Yəqin ki, belə bir istedadı olan uşağın səsi üzərində düzgün işlər görülür və ümid etmək olar ki, Fatimə gələcəkdə böyük uğurlar qazana bilər, çünki onda belə bir potensial var.

SÖZARDI: Gün işığına həsrət qalan insanlar dünyanın görə bilmədiyi işığı tapır. Fatimə məhz həmin işığın adıdır. Gözləri qaranlığa açılsa da, səsi işıqda doğulub. Onun görmədiyi dünyanın içində gəzdirdiyi səs ətrafı aydınladır. Bu qızcığazın səsi qaranlığı yarıb keçən bir ümiddir, sabahdan soraq verən bir işartıdır. Fatimənin səsi bir gücün, inamın səsidir ki, oradan işıq hər zaman yol tapa bilir.

 

Tamilla M-ZADƏ

525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.13.