Anarın "Gəl qoşulaq
durnalara" kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri,
Xalq yazıçısı Anarın AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin xətti
ilə işıq üzü görən "Gəl
qoşulaq durnalara" şeirlər kitabının təqdimat
mərasimi keçirilib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru,
akademik Nizami Cəfərov tədbirdəki giriş
sözündə Anar yaradıcılığından, onun Azərbaycan
və ümumtürk ədəbiyyatındakı yerindən
danışıb.
Tədbirin moderatoru olan AYB Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd
Cahangir çıxış edərək kitabın ərsəyə
gəlməsindən danışıb. Qeyd edib ki, "Zərdabi
nəşr" MMC-də işıq üzü görən
kitab Azərbaycan və rus dillərində nəşr edilib.
Kitabda müəllifin müxtəlif illərdə
yazdığı şeirləri və "Anara 40 sual"
("40 voprosov Anaru") silsilə müsahibəsi
toplanıb. Həmçinin, Ə.Cahangir kitabda zəhməti
olan hər kəsə, Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin əməkdaşlarına,
eləcə də kitabın çapında göstərdiyi dəstəyə
görə "Zərdabi" nəşriyyatının
direktoru Elman Qasımova təşəkkürünü
bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
prezidenti, akademik İsa Həbibbəyli
çıxışında Anar
yaradıcılığından, onun poeziyasındakı
özəlliklərdən danışıb, kitab haqqında
öz fikirlərini bölüşüb.
Həmçinin, tədbirdə Xalq
yazıçıları Çingiz Abdullayev, Elmira Axundova,
AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri
Rəşad Məcid, AYB-nin katibləri Elçin Hüseynbəyli
və Səlim Babullaoğlu, AMEA Folklor İnstitutunun direktoru
Muxtar İmanov, professor Qəzənfər Paşayev, Milli Məclisin
deputatı Səyyad Aran, "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan, yazıçı-publisist Rüstəm
Dastanoğlu, professor Salidə Şərifova, tərcüməçi
Alina Talıbova çıxış edərək kitabın məziyyətlərindən
danışıblar.
Bildirilib ki, həyatın və dünyanın faniliyi,
ömrün mənası, zamanın keçiciliyi, Vətən
həsrəti, qürbət nisgili kimi fəlsəfi
mövzulara həsr olunmuş, müəllifin qələm
dostları və yaxınlarına, bir sıra görkəmli ədəbiyyat
adamlarına ithaf edilmiş, ənənəvi və modern
üslubda yazılmış bu şeirlər ədəbiyyatımızın
bir sıra problemləri, xüsusən də, 60-cılar ədəbi
nəslinin yaradıcılığı üzərində gəzişmələrdən
ibarət olan müsahibə rus dilində ilk dəfədir ki,
işıq üzü görür.
Qeyd edilib ki, nəşrin ideya müəllifi Azərbaycan
Yazıçılar Birliyi Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd
Cahangir, redaktoru Dürdanə Hüseynova, rus dilinə tərcüməçiləri
Alina Talıbova, Leyla Əliyeva, Fikrət Kazımov və Nərminə
Nəbiyevadır.
Sonda çıxış edən Xalq
yazıçısı Anar göstərilən diqqətə
görə tədbir iştirakçılarına və
çıxışçılara, kitabın ərsəyə
gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını
bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2026.- 16 yanvar (№2).-S.12.