Kurultay sədri, qurultay nümayəndəsi
Birinci Türkoloji
qurultay iştirakçılarının izi ilə
SONDA... "VƏTƏN XAİNİ"
Birinci Türkoloji qurultayın azərbaycanlı
iştirakçılarını çıxmaq şərti
ilə dil, tarix və ədəbiyyatımıza, XX əsrin əvvəllərindəki
mili mətbuat və ədəbi-mədəni mühitimizə
yaxından bələd olan, Azərbaycan mətbuatında fəal
iştirak edən, hətta bu mühitin yetirməsi
adlandırıla bilən şəxs Krım
türkü-yazıçı publisist, Krım milli hərəkatının görkəmli xadimi Asan Səbri
Ayvazov (1868-1938) idi.
Yerli mədrəsədə bir neçə il oxuyandan
sonra Məkkə, Mədinə mənziləsində
gördükləri İstanbula getmişdi. Tam təsdiqini
tapmayan məlumatla görə burada pedaqoji məktəb
bitirmiş, məktəblərdə dərs demək hüququ
qazanmışdı.
1898-ci ildə vətənə dönən 20
yaşlı Asan Səbri Alupkada dərslərin səsli
üsulla aparıldığı, proqramında türk-tatar
dili, coğrafiya, tarix, riyaziyyat kimi fənlərin yer
aldığı yeni tipli məktəb
açmışdı. 1923-cü ildə Krımda onun ədəbi,
ictimai və pedaqoji fəaliyyətinin, habelə qurduğu təhsil
ocağının 25 illik yubileyi qeyd edilmişdi. Etirafına
görə, Quran təliminə əsaslanan ənənəvi
tədris proqramından imtina etdiyinə görə fəaliyyətinin
başlanğıcında qaragüruhçuların təqibinə məruz
qalmış, həyatına sui-qəsd cəhdi göstərilmişdi.
Asan Səbri Ayvazov (sağda) Azərbaycan Cümhuriyyətinin
gələcək Baş naziri Nəsib bəy Usubbəyovla
birlikdə.
Krım-tatar alimi Hakan Kırımlı çarizmin
ruslaşdırma siyasəti yürütdüyü
yarımadada ictimai şüurun yayılması, milli mənlik
duyğularının kök salması uğrunda
çalışan ziyalılar sırasında Asan Səbrinin
də adını çəkərək yazır: "1905-ci
ilə qədər hər şeyə sadəcə rusların
daxili işi kimi baxan, bu işə qarışmaqla
başlarına bəla açacaqlarını
düşünən Krım tatarlarının əksəriyyəti
siyasətlə maraqlanmırdı. İsmayıl Qaspralı və
tələbələri - Asan Sabri Ayvazov, Mahmud Refat,
İsmayıl Limanov, Osman Akçokraklı maarifçilik işi aparmağa,
yenilikçi hərəkat yaymağa çalışsalar da,
yalnız 1905-ci ilə doğru Krım tatarları arasında
üsuli-cədid və rus-tatar məktəblərində
yetişən, ədəbiyyat və maarif məsələləri,
habelə digər intellektual məsələlərdə fəal
olan bir qrup təşəkkül tapmışdı".
XX əsrin başlanğıcında İstanbulla
yanaşı, Krımın üz tutduğu digər mədəni
mərkəz, heç şübhəsiz, Bakı idi. Bu məsələdə
həmvətənlərinə şəxsi nümunəni Azərbaycan
türkləri ilə qohumluq əlaqələri də daxil
sıx münasibət bəsləyən İsmayıl bəy
Qaspralı göstərmişdi. Krım-tatar cəmiyyətində
türkçülük, milliyyətçilik və
çağdaşlıq duyğularının
yayılması, inkişafı baxımından Bakı ilə
əlbir çalışmaq məsələsində Asan Səbri
də müəllimindən geri qalmırdı.
Milli ucqarlarda oyanış və tərəqqiyə
yol açan 1905-ci il inqilabı
onu Krım tatarlarının tanınmış
ziyalıları sırasına çıxarmışdı.
Az vaxtda xalqın sözünü deyən, hüququnu qoruyan
şəxslər sırasında yer ala bilmişdi. 1905-ci ilin
noyabrında o, yeni siyasi qurumun Rusiya Müsəlman
İttifaqı Krım şöbəsinin üzvü
seçilmişdi. 17 oktyabr
Manifestindən az sonra Krım tatarlarının
aralarında Asan Səbrinin də olduğu 7 nəfərlik
nümayəndə heyəti Peterburqa yollanmış, daxili
işlər naziri P.N.Durnovo və digər dövlət rəsmiləri
ilə görüşüb müzakirələr
aparmışdı.
Nisbi azadlıq mühiti yarandığı bu dövrdə
Asan Səbri II Dövlət dumasında Krımı təmsil
edən Rəşid Mediyevlə (1887-1912) birlikdə "Vətən
xadimi" qəzetinin nəşrinə
başlamışdı. O, həmvətənləri
arasında iş aparmaqla yanaşı, Bakıya,
"Kaspi" və "Həyat"a yazılar göndərmiş,
"Tərcüman"la əməkdaşlığı
davam etdirmiş, habelə ittihadçılıq məfkurəsinin
ideoloqu Abdullah Cövdətin Misirdə
çıxardığı "İctihad" məcmuəsində
türkçü-islamçı ruhlu yazılar müəllifi
kimi tanınmışdı. Cəfər Seyid Əhmədin
yazdığına görə, Birinci rus inqilabından sonra
Asan Səbri türk heyranı və müsəlman siyasi hərəkatına
bağlı olduğunu kimsədən gizlətmir, ictimai yerlərdə
yalnız İstanbul şivəsi ilə danışır,
nümayişkaranə şəkildə türk libasında gəzir,
başına ənənəvi qırmızı rəngli
türk fəsi qoyurdu.
1905-ci ildə Bakıda "Həyat" qəzeti nəşrə
başlayanda Asan Səbri onun fəal müəllifləri
sırasında yer almışdı. İlk irihəcmli əsəri
- "Üsuli-tədris və təlim-tərbiyə"
kitabı da 1906-cı ildə Bakıda, "Kaspi" mətbəəsində
"Həyat" qəzetinin kitabxanası seriyasında
çap olunmuşdu. Artıq həmin dövrdə Asan Səbri
Bakının ədəbi-ictimai mühiti ilə sıx təmasda
idi. Kiçik əyalət şəhəri
Bağçasaray, patriarxal Kazan, yaxud Orenburqla müqayisədə
dünyanın neft paytaxtının genişlənən
imkanlarının fərqində idi. Rusiya türklərinin milli-siyasi
zəmində təşkilatlanması işində
Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi qüdrətli qələm
sahibləri ilə təmsil olunan "Həyat" tipli yeni, cəsarətli
dəsti-xəttə malik mətbu nəşrin rolunu, ayıldıcı və birləşdirici
gücünü aydın başa düşürdü. "Həyat"da iştirak onu qəzetin
iki redaktorundan biri - Əli bəy Hüseynzadə ilə daha
da yaxınlaşdırmışdı. Görünür,
"Füyuzat"ın nəşrinə hazırlaşan
Əli bəyin yeni nəşrin daimi müəllifi kimi
görmək istədiyi qələm adamları arasında
krımlı dostu da olmuşdu.
Bunu Asan Səbrinin 1906-cı il sentyabrın 14-də,
"Həyat" bağlanandan az gün sonra Əli bəyə yazdığı
aşağıdakı sətirlər də təsdiq edir:
"Həyatımıza həyat bəxş edən "Həyat"ın
guşeyi-inzivayə çəkilməsi bəni nə qədər
dilgir etdiysə şəxsinizin himməti-aliləri sayəsində
tülu edəcək "Füyuzat" da o dərəcədə,
bəlkə daha ziyadə məmnun etmişdir. Əfəndim,
"Həyat"ın adəmi-rəvacı yüzündən
tətilə məcburiyyəti sizin ümid mənbələrinizi
qurutmasın. "Həyat" ölməz! Əsl "Həyat"
bundan sonra aləmə feyz saçacaqdır. Məktubunuzdakı
təklifi-aliyi mövcud şərt ilə bərabər məali-məmnuniyyət
ilə qəbul ediyorum və bu gündən etibarən min
qayri haddin (heç nəyə baxmadan) "Füyuzat"
xadimliyinə giriyorum. "Füyuzat"da
iştirakımı ilk elanınızda bəyan edə
bilirsiniz. Baqi təşəbbüs etdiyiniz işdə hər
türlü müvəffəqiyyət dilər və
"Füyuzat"ın gözlərinə pərdə
çəkilmiş olan millətimizə gözlük
olmasını təmənni edərək xitami-məqam eylərim,
əfəndim".
"Füyuzat"ın fəal müəllifləri
sırasında yer alanda Asan Səbri artıq Krımda müəllim,
ictimai xadim, jurnalist kimi yaxşı tanınırdı. Zəhmət
sayəsində qazandığı erkən nüfuz və
şöhrətə baxmayaraq özünü
İ.Qaspralı ilə bir sırada həm də
Ə.Topçubaşovun, Ə.Hüseynzadənin,
Ə.Ağayevin yetirməsi saymaqdan, Azərbaycan mədəniyyətinin
vurğunu kimi təqdim etməkdən qürur duyurdu.
Onu "Füyuzat"la sıx əməkdaşlığa
cəlb edən amillərdən biri də Ə.Hüseynzadənin
ilk sayda yer alan "məcmuənin səhifələri
qüdrətli, ədəbi qələm sahibi cəmi
hürriyyətpərvər mühərrirlərə
açıq bulunacaqdır" - vədi idi.
"Füyuzat" nəşrə başlayanda Asan Səbri
"qüdrətli qələm sahibi" olmasa da, türk xalqlarının
azadlığı, milli inkişafı, siyasi fəallığı
ideyasının qızğın tərəfdarı kimi
yaxşı tanınırdı. Azərbaycan-Krım ədəbi
əlaqələri baxımından diqqəti çəkən
digər məqam onun təşviqi ilə Əli Rza Krımzadə,
müəllim Bəkir Əməkdar kimi krımlı
ziyalıların məcmuədə iştirakı
sayılmalıdır.
"Füyuzat"ın ömrü bir ildən az
sürmüş, cəmisi 32 sayı işıq üzü
görmüşdü. Bu saylardan 24-də Asan Səbrinin
yazıları yer almışdı. Bura onun aktual mövzulu
publisist məqalələri ilə birlikdə 1907-ci ildə
Bakıda kitab şəklində çap olunan, bəzi məlumatlara
görə, Azərbaycanda tamaşaya qoyulan "Nədən bu hala
qaldıq?" pyesi daxil idi. Yazılarının mövzu dairəsi
geniş idi. Məqalə və hekayələrində
yalnız Krım türklərini deyil, ümumilikdə
türk-islam dünyasını düşündürən məsələlərə
toxunmağa çalışırdı. Əli bəy
Hüseynzadə və Əhməd Kamalla birlikdə Asan Səbri
məcmuənin istiqamətini müəyyən edən, əsas
ağırlığı üzərinə götürən
üç aparıcı ədəbi simadan biri idi. Bunu
jurnalın 1907-ci il 23-cü sayının üz
qabığında "Mühərrirlərimizdən Həsən
Səbri Ayvazov" alt yazısı ilə onun portretini verilməsi
də göstərməkdədir.
Məcmuənin 2-ci sayında dərc olunan "Həyat"ın
qürubundan və "Füyuzat"ın tüluundan hasil
olan təəssüratım" məqaləsi bir tərəfdən
ruh və məzmun etibarı ilə müəllifin Əli bəyə
göndərdiyi cavab məktubu ilə tam səsləşirdi.
Digər tərəfdən isə Azərbaycan və
türklüyün öncül hissəsinə çevrilən
Azərbaycan üzərindən türk-islam dünyasına təsirli,
yanğılı çağırışının təzahürü
kimi meydana çıxmışdı:
"Həyat"ın vidasından ən ziyadə
mütəəssir və mütəəllim olanların biri də
şu sətirləri qaralayan acizdir... "Həyat"ın
vidanaməsini oxuduğumda şiddəti-təəssürümdən
acı-acı ağladım. Axıtdığım göz
yaşları nə üçün idi? Altı-yeddi milyonluq
bir cəmaəti-islamiyyənin iki qəzetəyi ("Tərcüman"
və "Həyat" nəzərdə tutulur - V.Q.) maddətən
idarə və müntəzəmən davam etdirəcək qədər
müavinət, qeyrət, həmiyyət ibraz edəmədikləri,
daha doğrusu, əsrlərdən bəri xaki-məzəllət
içərisində dalmış olduqları xabi-qəflətdən
hənuz oyanmadıqlarına idi".
Məşhur latın ifadəsində
"İşıq Şərqdən doğur" - deyilir.
Asan Səbri isə Rusiya türk-müsəlmanları
üçün maarif işığını, mədəniyyət
nurunu Qafqazdan, dəqiq deyisə, Azərbaycandan gözləyirdi:
"Qafqaz qitəsi Rusiya müsəlmanlarına, hələ bəlkə
Osmanlı türklərinə belə hər kəsdən ziyadə
xidmət etmişdir, etməkdədir və edəcəkdir.
Qafqaz hər xüsusda Rusiya türklərinə müəllim
olmuşdur və olacaqdır. Bu gün iyirmi sənə
müddəti-davamiyyəsi ilə fəxr etdiyimiz "Tərcüman"
Qafqaz "Əkinçi"lərinin əkdiyi toxum deyilmidir?
Keçən sənə İsmayıl bəy həzrətlərinin
"Yaşa, Həsən bəy, yaşa!" namı
altında yazdığı xitablar kimə və nə
üçün idi?"
Stolıpin irticasının tüğyan etdiyi
dövrdə Asan Səbri milli ziyalıların çoxu kimi təzyiq,
təqib və hədələrə məruz
qaldığından Krımı tərk etmişdi. Türkiyə,
Misir və İsveçrədə yaşamışdı.
Jurnalistlik fəaliyyətini davam etdirmişdi. 1913-cü ilə
hakim Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə
verilən əfvi-ümumiyə düşərək Vətənə
qayıda bilmişdi. Növbəti il Ustadı
İ.Qaspralının ölümündən sonra onun ən
böyük işinin davamçısı olmuş,
naşirlik hüququ Qaspralı ailəsində qalan "Tərcüman"
qəzetinin baş yazarı kimi Krım mətbuatının
lideri səviyyəsinə yüksəlmişdi.
Asan Səbri Krım tatar-nümayəndə heyətinin
tərkibində 1917-ci ilin mayında Moskvada Ümumusiya müsəlmanlarının
qurultayında iştirak etmişdi. İimperiyanın gələcək
dövlət quruluşu və idarəçilik üsulunun
müzakirəyə çıxarıldığı mötəbər
məclisdə Ə.Topçubaşov və M.Ə.Rəsulzadənin
irəli sürdükləri federal demokratik respublika forması
üstünlük qazanmışdı. Gərgin müzakirələr
və səsvermə zamanı Krım heyəti azərbaycanlı
həmkarlarının mövqeyinə tərəfdar
çıxmışdı.
Qərarın təcrübəyə tətbiqində
- Krımda müstəqil tatar dövlətinin qurulması məsələsində
Asan Səbri ardıcıl, prinsipial mövqeyi ilə
seçilmişdi. Həmin il noyabrın 26-da onun sədrliyi ilə
Bağçasarayda toplanan "Krım Tatar Kurultayı
(Parlament) milli-azadlıq hərəkatının lideri, Milli
Firqənin sədri Numan Çələbi Cahanı (1885-1918)
yeni dövlətin başçısı elan etdi. Asan Səbri
isə qanunverici quruma ilk sədr, habelə Rusiya Müəssislər
Məclisinə nümayəndə seçildi. Cəfər
Seyidəhməd, Əhməd Şükrü, Əhməd
Özənbaşlı, Seyid Cəlil Xəttat kimi
tanınmış ictimai-siyasi xadimlər yeni Krım Xalq
Cünhuriyyəti hökumətinin tərkibinə daxil oldular.
Müstəqillik uğrunda ağır, qanlı mücadilə
başlandı.
Krım Xalq Cümhuriyyəti hökuməti Almaniya,
Polşa, Türkiyə kimi güclərin himayəsi
altında yarımadada milli dövlətçiliyi bərpa etmək
uğrunda mübarizə aparırdı. Bu məqsədlə
Krımda tatar əhalisinin sayını 600 min nəfərə
çatdırmaq (onların 200 minini mərkəzi quberniyalardan,
70 minini Rumıniyadan, 30 minini isə Polşa və Litvadan
köçürmək nəzərdə tutulurdu), dövlət
aparatını Türkiyədən dəvət olunmuş təcrübəli
məmurların, ordunu Polşa və Litva tatarlarının,
habelə neytral mövqeli rus zabitlərinin hesabına
formalaşdırmaq, Qərb dövlətləri ilə
qarşılıqlı maraqlara cavab verən sazişlər
imzalamaq, vətənpərvər və milliyyətçi
qüvvələrlə iş birliyi şəraitində
çalışmaq nəzərdə tutulurdu.
1918-ci ilin iyununda tatar əsilli general Masey Sulkeviç
(1865-1920) mövcudluğu bir neçə ay sürən
müstəqil Krım Respublikası quranda Asan Səbri
Osmanlı dövlətinin siyasi və maliyyə
yardımını təmin etmək məqsədi ilə
diplomatik nümayəndə statusunda İstanbula göndərilmişdi.
Burada Azərbaycan Cümhuriyyəti hökumətinin fövqəladə
və səlahiyyətli naziri, əvvəldən
tanıdığı Ə.Topçubaşovla sıx əməkdaşlıq
şəraitində çalışmışdı. Lakin
çətinliklər məngənəsində boğulan,
süqut ərəfəsində olan Osmanlının hər
hansı köməyini təmin etmək mümkün
olmamışdı. Sovet Krımına qayıdan Asan Səbri
yeni hakimiyyətlə əməkdaşlıq yolunu
tutmuşdu. Hətta Krım MİK üzvü
seçilmişdi. 1922-ci ildə isə həmkarı Mahmud Nədimlə
birlikdə aclıq təhlükəsi ilə üz-üzə
qalmış vətəninə Türkiyənin humanitar
yardımını təmin etmək üçün bir
neçə aylığa İstanbul və Ankaraya ezam
olunmuşdu...
lll
Asan Səbri Ayvazov 1926-cı ildə Bakıda
keçirilən Türkoloji qurultayın işində
iştirak etmişdi. Krım tatarları digər türk
xalqları ilə müqayisədə azsaylı olmalarına rəğmən,
türkoloqların keçmiş SSRİ-dəki ilk forumuna
kifayət qədər geniş
tərkibli nümayəndə heyəti ilə gəlmişdi.
8 nəfərlik tərkibinə həmin dövrdə Azərbaycanda
yaşayan Bakı universitetinin professoru Bəkir Çobanzadə,
Osman Akçokraklı, Asan Səbri Ayvazov, Həbibulla
Odabaşlı, Şefki Bektörə, İsmayıl Lemanov,
Mahmud Nədim və Yaqub Kamal daxil idi. Onların demək olar
ki, yalnız Krımda deyil, digər türk respublikalarında,
hətta Moskva və Leninqradda da tanınırdılar.
Qurultayın stenoqrafik hesabatından da
göründüyü kimi, həmvətəni Bəkir
Çobanzadə ilə müqayisədə Asan Səbri
xüsusi fəallığı ilə seçilməmişdi.
O, yalnız iki iclasda, hər ikisində də türkcə
çıxış etmişdi. Günümüzə gəlib
çatan stenoqramlar rus dilində aparıldığı
üçün çıxışı barədə
yalnız ümumi məlumat verilmiş, mətn əlavə
olunmamışdı. Birinci dəfə martın 4-də, Həbib
Cəbiyevin sədrliyi ilə keçən, islah olunmuş ərəb
əlifbası tərəfdarları ilə
"latınçılar" arasında qızğın
mübarizənin getdiyi iclasda kürsüyə
qalxmışdı. Fikirlərin haçalandığı, əsas
etibarı ilə Volqaboyu tatarlarının zəngin milli tarixi
irslə əlaqələri qırmamaq üçün ərəb
əlifbasında islahat apararaq ora sait səsləri bildirən
işarələr əlavə etmək təklifini səsləndirdikləri
müzakirələr zamanı Krım-tatar təmsilçisi
latın əlifbasına keçidin qətiyyətli tərəfdarı
kimi çıxış etmişdi. Ərəb
yazısını cəhalət və irtica rəmzi
adlandırıb onun sadəcə islahını
yarımçıq, ziyanlı addım kimi dəyərləndirmişdi.
Onun fikrincə, hər şeyi kökündən dəyişdirməyin
tələb olunduğu bir vaxtda mədəni inqilabın
başlıca şərti kimi köhnəlmiş əlifbadan əl
çəkmək lazım idi. Tərəddüddə
qalanları, qətiyyətsizlik göstərənləri həyat
özü tezliklə buna vadar edəcəkdi. Krım-tatar
ziyalısının çıxışı rəsmi
hökumət qəzetinin - "Kommunist"in də diqqətindən
yayınmamışdı. Qəzetin 7 mart 1926-cı il tarixli
sayında qurultay müxbirinin "Yeni əlifba haqqında
Ayvazov yoldaşın nitqi" adlı məlumat xarakterli məqaləsi
dərc olunmuşdu.
Latın əlifbasına keçid tərəfdarlarının
7 səsə qarşı 101 səslə mütləq
üstünlük qazandıqları səsvermədən sonra
qurultayın qərarı ilə təklif və düzəlişləri
nəzərə almaqla yeni əlifba layihəsi ilə
bağlı qətnamənin son variantını hazırlayan 26 nəfərlik
redaksiya şurasının tərkibinə seçilmişdi.
Növbəti çıxışı isə ertəsi
gün - martın 5-də Səmədağa
Ağamalıoğlunun sədrliyi ilə keçən,
türk xalqlarının dil və ədəbiyyatına həsr
edilən toplantıda olmuşdu.
Burada toxunduğu mövzu və məsələlər
haqqında qurultay sənədlərində, eləcə də
öz qeydlərində hər hansı məlumata təsadüf
edilmir. Nəhayət, Asan Səbri türkoloqların Bakı
forumu zamanı sonralar şəraitin tələbi ilə əleyhinə
çıxdığı, siyasi damğalar vurmağa məcbur
olduğu bir sıra görkəmli şəxsiyyətlərlə,
o cümlədən hələ fəal müəllifi
olduğu "Füyuzat" jurnalından
tanıdığı, bir müddət məktublaşdığı
Əli bəy Hüseynzadə ilə görüşüb
fikir mübadiləsi aparmışdı. Türk tədqiqatçısı
Ömər Özcanın yazdığına görə,
qurultay zamanı o, həm Əli bəy, həm də
Türkiyədən gəlmiş digər nüfuzlu qonaq -
İstanbul Darülfünunu tarix-ədəbiyyat fakültəsinin
dekanı, professor Mehmet Fuad Köprülü ilə söhbətləri
zamanı şəxsi problemlərini də dilə gətirmiş,
Sovet İttifaqında yaşamağın həyatına təhlükə
olduğunu bildirib mümkün qədər tezliklə
Türkiyəyə dəvət edilməsi üçün hər
ikisinin yardımını istəmişdi.
Krıma qayıtdıqdan sonra yarımadada Yeni Türk
Əlifbası Komitəsinin sədri kimi regionda yeni əlifbanın
qızğın tərəfdarı kimi
tanınmışdı. Krım tatarları üçün
latın qrafikası əsasında əlifba hazırlanması
işində yaxından iştirak etmişdi.
Bütünlükdə, 1920-ci illərin ortalarında həyatı
hələlik nisbətən sakit axarda keçsə də, gələcək
fırtınaların yaxınlaşdığını
özü də hiss edirdi. Etirafına görə, hələ
də müəyyən gizli tellərlə bağlandığı
"Milli Firqə"dən olan keçmiş həmkarları
ona şübhə ilə yanaşırdılar. Səmimiyyətinə
inanmırdılar. Həm "köhnələrin", həm
də "yenilərin" yanında etibarını itirməsi
Asan Səbriyə çətin, əzablı anlar
yaşadırdı. Keçirdiyi stress
yaradıcılığına da təsirsiz
qalmırdı. 1930-cu illərdə
tam siyasi-mənəvi təcrid vəziyyətinə
salınması nəticəsində düşdüyü gərgin
ruhi vəziyyət bir zamanlar ədəbi fəallığı
ilə seçilən, proseslərin mərkəzində
olmağa can atan müəllifi susmağa, bir küncə
çəkilməyə və ehtiyatlı şəkildə xilas
yolu aramağa məcbur etmişdi.
lll
Birinci Bakı Türkoloji qurultayında
türkoloqların növbəti forumunun iki il sonra, 1928-ci ildə
o zaman Özbəkistanın paytaxtı olan Səmərqənddə
çağırılması haqda qərar qəbul
edilmişdi. Bu alimlərin fikri idi. Rejim isə tamamilə fərqli
fikirdə idi. Məşhur ifadədə deyildiyi kimi, "mavr
öz işini görmüşdü, mavr gedə bilərdi".
Tələb olunan hədəfə ilk cəhddən nail
olunmuşdu - əlifbanın dəyişməsi haqda elmi qərar
qəbul edilmişdi. Odur ki, yeni qurultaya heç bir ehtiyac
qalmamışdı.
İllüziyaları dağıtmaq üçün
I Türkoloji qurultaydan bir müddət sonra hələlik xəbərdarlıq
xarakterli təqib və həbslər
başlanmışdı. Krım heyətinin bütün
üzvləri kimi, Asan Səbrinin də adı "qara
siyahıda" idi.
1920-ci illərin ikinci yarısından etibarən
Krımda milli hərəkat təmsilçilərinə -
müstəqil tatar dövləti qurmaq iddiasına düşən "Milli Firqə" üzvlərinə
qarşı il gedirdi. Krım Cümhuriyyəti
Kurultayının sədri, "Millət" qəzetinin
baş redaktoru, Krımın Türkiyə təmsilçisi və
s. təmtəraqlı vəzifələrin sahibi kimi Asan Səbrini
ilk dəfə birinci dalğadan sonra, 1930-cu ildə həbs
etmişdilər. Amma o vaxta qədər
də çekistlərin sayıq nəzarəti altında
olmuşdu. Keçmiş Milli Firqə üzvləri ilə əlaqələri
diqqətlə araşdırılmışdı. Bir neçə
ay çəkən rəsmi Türkiyə ezamiyyəti də
daxil az qala hər addımı izlənmişdi. Bütün
görüşləri, şəxsi yazışmaları nəzarətdə
saxlanmış, yaxın əhatə və ünsiyyət nəzarətə
götürülmüşdü. Nəticədə, həbsin
zəruriliyini əsaslandıran sənəddə
"günahı" tam şəkildə ortaya qoyulmuşdu.
Belə əsaslı "hazırlıq" işlərindən
sonra nə ictimai statusu, nə də özünü sovet
yanlısı kimi göstərmək cəhdləri onu illərdən
bəri başı üzərində dolaşan fəlakətdən
xilas edə bilmişdi. Krımlı tədqiqatçı
A.V.Yefimovun sovet çekistlərinin Asan Səbrinin şəxsiyyət
və fəaliyyəti ilə yeni quruluşun ilk illərindən
maraqlanmaları haqda yazdıqları da dairənin bir gün
mütləq qapanacağını göstərirdi.
OQPU-nun 1929-cu ildə "Tam məxfi" qrifi ilə
hazırladığı "Tatarların Krımda
milli-azadlıq hərəkatının mənşəyi və
inkişaf yolları haqda tarixi arayış"da Asan Səbri
ilə bağlı aşağıdakı sətirlər yer
almışdı: "Ayvazov Asan Səbri, 1878-ci il təvəllüd,
ali pedaqoji təhsilli, hazırda Krım Pedaqoji İnstitutunun
türk dili müəllimi. İxtisasca ədəbiyyatçıdır.
Eser partiyasının (1906-1908) keçmiş üzvü.
1907-1913-cü illərdə Krımdan kənarda,
sürgündə yaşayıb. 1915-1916-cı illərdə
(əslində 1906-1908 olmalıdır - V.Q.) panislamist "Vətən
xadimi" qəzetini nəşr edib. 1917-ci il fevral
inqilabından sonra "Millət" qəzetinin redaktoru olub və
Krımın tam muxtariyyəti ideyasını təbliğ
edib. Müəssislər Məclisinin üzv seçilib.
Oktyabr inqilabından sonra Kurultaya sədrlik edib. Almaniyanın
Krım üzərində himayə xahişi ilə II Vilhelmə
müraciət məktubu imzalayanlardan biridir. 1918-ci ilin
ortalarında Krım Hökumətinin (Kurultay) səfiri kimi
Türkiyəyə göndərilmişdi".
Dövrün sovet gerçəkliyi şəraitində
hətta ayrılıqda bu ittihamların hər biri həbs etməyə
yetərli idi. 1930-cu ildə artıq həmin vaxta qədər
bir neçə dəfə şahid qismində istintaqa
çağırılan Asan Səbrinin həbsi ilə
bağlı qərar verildi.
Onu həbs etdilər, amma zindanda çox
saxlamadılar. İki ay sonra azadlığa çıxdı.
Səbəbi başa düşmək olardı: məhbus
inadkarlığı faydasız saymış, təzyiq və
işgəncələrdən qorxub NKVD ilə əməkdaşlıq
yolunu tutmuşdu. 1937-ci il dekabrın 27-də, təkrar həbsindən
sonra istintaqa ifadəsində Asan Səbri özü də ilk
həbsi zamanı gizli agent kimi müvafiq sənəd
imzaladığını etiraf etmişdi. Aradakı
"centlmen sazişi" çekistlərin işinə
yarayırdı. Milli hərəkatın tanınmış
siması və geniş əlaqələrə malik ictimai-siyasi
xadim kimi ondan mümkün qədər çox məlumat
almağa çalışırdılar. Eyni zamanda, yeddi il ərzində
keçmiş mübarizə yoldaşları ilə
bağlı ifşaedici materialları çekistlərə
ötürməsi də istisna olunamamalıdır. Əks-təqdirdə,
1930-cu ildə salındığı zindandan
çıxması qeyri-mümkün idi...
Bəlli şərtlər daxilində canını
müvəqqəti qurtarsa da, Asan Səbri tələyə
salındığını, tələnin isə istənilən
an qapana biləcəyini yaxşı başa
düşürdü. Odur ki, vəziyyətdən
çıxış yolu axtarırdı. Əlaqələrindən
istifadə edib Türkiyə, yaxud Polşada
sığınacaq tapmaq məsələsi üzərində
ciddi düşünürdü.
1932-ci ildə onu Pedaqoji İnstitutdakı işindən
uzaqlaşdırmışdılar. Mətbuata yolu
bağlanmışdı. Hər tərəfdən təcrid olunmuşdu. Yaşamaq imkanları
tükənmişdi. Ünsiyyət saxlaya biləcəyi kimsə
qalmamışdı. Fikir və əməl dostlarının
sürətlə seyrəldiyini, yoxa çıxdığını
görmək bir vaxtlar ədəbi-mədəni həyatın
mərkəzində dayanan bir şəxs kimi ona xüsusi ilə
ağır gəlirdi. Çevrəsindəki insanlar da
artıq Asan Səbridən
şübhələndiklərini gizlətmir, arada məsafə
saxlamağa çalışırdılar.
Belə vəziyyətdə yeganə ümidi
keçmiş əqidə yoldaşlarına - Türkiyədəki
Krım mühacirəti nümayəndələrinə
qalırdı. Şəraitin təsiri altında dəfələrlə
ləkələməyə, böhtan atmağa məcbur olsa
da, təhlükə anında onlardan başqa ümid yeri
görmürdü. Ankarada münaqişə edib
ayrıldığı Cəfər Seyidəhmədə 1934-cü
ildə gizli yollarla göndərdiyi iki məktub bu cəhətdən
səciyyəvidir. Xüsusən ikinci məktub ümidsizlik və
həyəcan motivləri üzərində köklənmişdi:
"Əzizim Cəfər, Həmdi Bəkir,
qardaşlar, dostlar! - deyə Asan Səbri yazırdı: -
Mehmet əfəndi ilə göndərdiyim məktuba indiyədək
cavab almamışam. Vəziyyətim çox
ağırdır. Burada bir müddət də qalmaq ölmək,
ya da öldürülmək deməkdir. Ölümdən
qorxmuram, gizlində it kimi gəbərdilməkdən qorxuram.
Ölümdən, əzab-əziyyətdən qorxsaydım,
getməyin asan olduğu vaxtlarda aradan çıxardım. Amma
təkbaşına qalsam da, 35 il əvvəl
başladığım işi davam etdirdim. Daha belə şəraitdə
yaşamaq mümkün deyil. Həyatım təhlükədədir.
Ömrümdə ilk dəfədir ki, yardım istəyirəm
- məni bacardığınız qədər tez buradan
aparın.
Məni ümidsiz vəziyyətdə atıb getməklə
ölümümə səbəb olmayın. Qardaşım,
dostum olduğunuzu əməldə sübuta yetirin. Tarix
üçün yazmalı, deməli sözlərim
çoxdur. Onları məndən başqa kimsə eləyə
bilməz".
Şübhəsiz, Asan Səbrinin Türkiyədən
gözlədiyi xilas yolu - universitet, yaxud elmi müəssisədən
rəsmi dəvət almaq və
geri qayıtmamaq planı xam xəyaldan başqa bir şey
deyildi. NKVD xalq düşməni kimi həbsi zaman məsələsi
olan "pantürkistin" bu yolla ölkədən
çıxmasına çətin razı ola bilərdi.
1937-ci il aprelin 5-də Krım-tatar ədəbiyyatının
canlı klassiki sayılan Asan Səbri ikinci dəfə həbs
edildi. Və maraqlıdır ki, çekistlərin təklifi,
yaxud tələbi ilə həbsxana kamerasında
"Krımda milli hərəkatın tarixi"
kitabını yazdı.
Mətni ilk dəfə Krımın
"Vatanım" jurnalında, Tavriya Universitetinin professoru
A.V.Yefimovun "Asan Səbri Ayvazovun həbsxana qeydləri"
adlı giriş sözü ilə çap olunan əlyazmasında
XIX əsrin ortalarından 1930-cu ilə qədər
Krım-tatar xalqının ictimai-mədəni və milli-mənəvi
inkişaf yolu nəzərdən keçirilmişdi. Asan Səbrinin
qeydləri avtobioqrafik səciyyə daşıyırdı.
İnsafən, kitabın istintaq üçün əlavə
"ipucuna" çevrilməməsi, günahsız
adamların həbsi üçün donosa çevrilməməsi
üçün müəllif mümkün bildiyini
etmişdi. Ən azı yaxşı tanıdığı
pantürkistlərdən danışarkən Türkiyədə
(Yusif Akçura, Əli bəy Hüseynzadə, İsmayıl
Hikmət və b.), yaxud Azərbaycanda (Bəkir Çobanzadə,
Yusif Vəzir Çəmənzəminli və b.) olan şəxslərdən
bəhs etmişdi. Amma bu səmimi etiraf da onu xilas etməmişdi.
Asan Səbri Eyvazov 1938-ci il aprelin 17-də
Krımın 40 nəfər partiya-dövlət xadimi,
ziyalı və elm adamı ilə birlikdə Ağməscid
(Simferopol) həbsxanalarının birinin zirzəmisində
güllələnmişdi. Onunla birlikdə öldürülənlər
arasında I Bakı Türkoloji qurultayının Krımdan
olan daha iki nümayəndəsi - tarixçi və etnoqraf Osman
Akçokraklı ilə pedaqoq və publisist, Krım Muxtar
Respublikasının keçmiş maarif naziri Mahmud Nədim də
vardı...
Sarayevo
Yanvar, 2026-cı il
Vilayət QULİYEV
525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.10-11.