“Şirməmməd Hüseynov
mükafatı” Qulu Məhərrəmliyə təqdim olunub
Azərbaycan jurnalistikasında peşəkarlığın,
prinsipial mövqenin və milli düşüncənin təcəssümü
sayılan “Şirməmməd Hüseynov mükafatı” bu il
tanınmış jurnalist, pedaqoq və ictimai xadim Qulu Məhərrəmliyə
təqdim olunub. Təqdimat Bakı Dövlət Universitetinin
(BDU) jurnalistika fakültəsində keçirilib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı mükafatın
yaranma tarixi və mahiyyəti haqqında qısa məlumat
verib.
“Mükafat hələ 6 il öncə təsis ediləndə
düşündük ki, media təkcə informasiya vermir, həm
də milli dövlətçiliyi, dövlətin
gördüyü işləri, dövlət adamlarını
tarixiləşdirir. Mükafatı da məhz həmin prinsiplərə
uyğun gələn şəxslərə veririk. Bu prinsip əsasında
qoyulan meyarlarımız hər zaman davam etdiriləcək.
Mükafatçının Qulu Məhərrəmli olması
ümumilikdə mükafat komissiyasının yekdil rəyidir.
İndi tarixi günlər yaşayırıq. Şirməmməd
Hüseynov irsi cümhuriyyət irsidir. Ona görə tarixi
gün yaşayırıq ki, ərazi
bütövlüyümüz təmin olunub, Zəngəzur məsələsi
aktuallaşır, Qərbi Azərbaycana yol görünür,
Təbriz səssiz deyil. Elə cümhuriyyət
qurucularının, Ulu öndər Heydər Əliyevin də
istəyi bu idi. Bu istəkləri Azərbaycan xalqının
böyük lideri İlham Əliyev məharətlə həyata
keçirir. Bu gerçəyin içində təsis etdiyimiz
mükafatın da işığı hər zaman görünəcək”.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu
bildirib ki, ustadın, müəllimin adını
daşıyan və onun yolunu davam etdirən böyük
ustadlara, həmkarlara verilən bu təltif onu göstərir
ki, jurnalistika fakültəsi və jurnalistika fakültəsinin
tələbələri bu yoldan dönmürlər, bu yolun
davamçısıdırlar.
“Bu adı yaşatdığınız
üçün sizə təşəkkür edirəm. Bu
mükafat həm Azərbaycan jurnalistikasının
inkişafında, həm də Azərbaycan
jurnalistikasının öyrənilməsində böyük
xidmətləri olan müəllimimizin adının
yaşadılmasıdır. Bu vəfa borcudur və təşəkkür
edirəm ki, siz bu vəfa borcunu ödəyirsiniz. Qulu müəllimi
ürəkdən təbrik edirəm. Belə hesab edirəm ki,
Şirməmməd müəllimimizin adını
daşıyan bu mükafata layiq görülən ən əsaslı,
öz həyatı, fəaliyyəti və peşəkarlığ
ilə bunu sübut edən simalardandır. Ümid edirəm
ki, nə zamansa biz də bu mükafata layiq görülərik.
Bu mükafatı almaq üçün 70 il yaşamağa dəyər”.
Mətbuat Şurasının sədri Rəşad Məcid
çıxışı zamanı qeyd edib ki, indiyədək
bu mükafat ancaq layiq olunanlara verilib.
“Təsis olunandan bəri “Şirməmməd
Hüseynov mükafatı” çox layiqli şəxslərər
verilib. Qulu müəllimlə Şirməmməd müəllimin
dostluğunun şahidlərindən biri də mənəm. Qulu müəllim də hərdən
Şirməmməd müəllimə oxşamağa
çalışır, yerişin yerimək istəyir. Bəlkə
10 ildən sonra yeriyə biləcək. Amma hər bir halda onu ən
layiqli adamlardan birini hesab etmək olar. Bu mükafata layiq olan
adamlar barmaqla sayıla bilər, lakin indiyədək layiq
olanlara bu mükafat verilib. Bundan sonra da mükafatın verilməsində
təsisçilərin səviyyəni qoruyub saxlayacaqlarına
inanıram. Qulu müəllimi təbrik edirəm”.
Real Televiziyasının rəhbəri, Şirməmməd
Hüseynovun tələbəsi Mir Şahin Ağayev qeyd edib
ki, bu gün də hamımız bu auditoriyada tələbə
yerində, Şirməmməd müəllim isə müəllim
yerində qalıb.
“Biz tarix və jurnalistikadan danışarkən adətən
onları fərqli-fərqli sahələr hesab edirik. Məndən
ötrü tarix-jurnalistika, bunlar ikisi bir sahədir.
Günün tarixini yazan jurnalist, tarixin günün yazan
tarixçidir. Bu baxımdan jurnalistika elə tarixin
davamıdır. Buna görə də məndən
ötrü Şirməmməd müəllim tarixçi
olmaqla yanaşı, böyük jurnalistdir. Burada oturan hər
bir kəsin belə mükafat almağa iddiası
olmalıdır, arzusu olmalıdır və mən bu arzumu gizlətmirəm.
Hər kəsə uzun ömür can sağlığı
arzu edirəm, əsas da ruh sağlığı arzu edirəm”.
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi
kafedrasının müdiri, Şirməmməd Hüseynovun
yaxın dostu Cahangir Məmmədli bu tədbiri böyük
hadisə adlandırıb.
“Seçiminiz sözün həqiqi mənasında
çox gözəldir. Qulu müəllim təkcə Şirməmməd
müəllimdən dərs almayıb, həm də onun
“sürücüsü” olub. Cavan vaxtı Şirməmməd
müəllimin “sürücüsü” mən oldum, mənim
yaşlı vaxtımda isə bu işi Qulu müəllim
görüb. Biz heç vaxt onun piyada gəzməsinə imkan
verməmişik. Amma ona borcumuzu heç vaxt ödəyə
bilmərik. Ona görə ki, biz o borcu vermək
üçün çox iş görməliyik. Bir yerdə
ki, Şirməmməd Hüseynov məktəbi, o məktəbi
qoruyanlar var ora haqqında yüksək fikirdə olmaq
lazımdır. Uğurlar arzu edirəm, Qulu müəllimi təbrik
edirəm”.
Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar
rəssam və iki il əvvəl bu mükafata layiq
görülən Rais Rəsulzadə Qulu Məhərrəmlini
bu sahədə özünü təsdiq edən jurnalist
olduğunu qeyd edib:
“Görünən dağa nə bələdçi?
Buradakı insanların hamısı medianın ən parlaq adamlarıdır.
Qulu Məhərrəmlinin televiziyada işlədiyi vaxtlar,
universitetdə dərs deyərkən yazdığı
kitablara hər kəs bələddir. Qulu Məhərrəmlinin
mən xarici səfərlərdən tanımışam. O,
özünü vətənpərvər, istiqanlı,
ideyası üçün mübarizə aparan şəxsiyyət
kimi tanıtdırıb. Bir daha təbrik edirəm”.
“Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov:
“Baxıram ki, hamı bu mükafatı almaq istəyir.
Burada da əsas amil şəxsiyyətin böyük
olmasıdır. Çox adam istəyər ki, adı Şirməmməd
müəllimin adı ilə eyni zamanda hallansın. Şirməmməd
müəllim mənə həyatda dərs keçib. Mən
ondan çox şey, necə obyektiv olmaq lazımdır, bu
ölkəni necə sevmək lazımdır, öyrənmişəm.
Hamımıza bu keyfiyyətlərin aşılanmasında
onun böyük təsiri olub. Təşəkkür edirəm
ki, belə mükafat təsis etmisiniz. Bir təklifim də
olacaq. Şirməmməd müəllimin fəaliyyəti Azərbaycanla
məhdudlaşmayıb. Onun, Türk dünyası ilə
bağlı fikirləri həmişə olub. Mən əminəm
ki, bu mükafat davamlı veriləcək və bunu
uzunömürlü saxlamaq üçün bu mükafata layiq
olan, Türk Dünyasından olan jurnalistlərə də vermək
olar. Qulu müəllim demişkən bu mükafat yaşa
görə deyil, başa görə verilir. Qulu müəllim
də buna kifayət qədər layiqdir. Bu yaşına kimi
bir institutun görə biləcək işləri
görüb. Təbrik edirəm”.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif
Əliyev:
“Bu çox nadir mükafatlardandır ki, onun adına,
təqdimat formasına, mükafatı verənə,
mükafatı alana heç bir irad söylənmək
mümkün deyil. İndi bilirsiniz ki, bizim mükafatların
verilməsi çox müzakirə oluna bilər. Adətən
mükafatların böyük əksəriyyəti mücərrəd
olur, burada qəribə situasiya ondan ibarətdir ki,
mükafatın adını daşıyan adamlarla, onu alan
adamlar bir məclisdə oturan, bir yerdə işləyən
insanlardır. Mən dünən Quluya dedim ki, yəqin ki,
yaxın vaxtlarda bizim də adımıza mükafatlar olacaq. Təbii
ki, sağlığında olsa daha yaxşıdır. Bir daha
bu mükafat üçün çox təşəkkür
edirəm. Bizi təkcə gedəndən sonra yox,
sağlığımızda da qiymətləndirmək və
dəyərini vermək çox böyük əhəmiyyətə
malikdir və siz o bacarığı nümayiş etdirdiniz”.
Azərbaycan Jurnalistlər
Birliyinin sədri Elçin Şıxlı:
Arif Əliyev dediyi kimi bu dəyəri
sağlığında vermək yaxşıdır. Biz dəyərlərimizə
dəyər verməyi bacarmalıyıq. Sizin bu mükafat da dəyərlərimizə
dəyər verməyin bir nümunəsidir. Qulu müəllim,
sizi təbrik edir və uğurlar arzu edirəm. Eyni zamanda
Elşad bəy sizi də təbrik edirəm, çünki
çox dəyərli mükafat təsis edərək dəyərli
insanlara təqdim edirsiniz”.
"Azad Azərbaycan" Teleradio Şirkətinin bədii
şura sədri, Bakı Slavyan Universitetinin professoru Etibar
Babayev digər həmkarları kimi Qulu Məhərrəmlinin
bu mükafata layiq olduğunu bildirib:
“Şirməmməd müəllimi mən də
yaxından tanımışam. Böyük adamın
adını daşıyan bu mükafata Qulu müəllimin
layiq görülməsi münasibəti ilə onu da,
mükafatı təsis edənləri də təbrik edirəm.
Qulu müəllim Allahın qulu olub, ondan başqa heç kimə
baş əyməyən ziyalımızdır. Öz yolu,
öz dəsti-xətti var. Həyatın
eniş-yoxuşlarını da gedəndə heç vaxt
öz sürətini itirməyib. Qulu Məhərrəmli ilə
həmişə birlikdə addımlamağı və hər
kəsə layiq olduğu mükafatı almağı arzu edirəm”.
Parlament Jurnalistlər Birliyinin üzvləri Aqil Camal,
Aqil Aslan, Alim Hüsynli, Şərq
qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistika
Fakültəsinin müəllimləri Qulu Məhərrəmlini
təbrik edərək, ona fəaliyyətində uğurlar
arzu ediblər.Təbriklərdən sonra Qulu Məhərrəmliyə
“Şirməmməd Hüseynov mükafatı” təqdim olunub.
Q. Məhərrəmli təqdimata toplaşan hər kəsə
təşəkkürünü çatdırıb:
“Mükafat elə bir şeydir ki, onu hamı almaq istəyir.
Layiqli mükafat olanda adam istəyir ki, adının
qabağında o mükafatın adı olsun. Bəzi
mükafatlar da olub ki, onunla bağlı heç vaxt həyacan
olmayıb, kim istəsə onu da ala bilib. Amma “Şirməmməd
Hüseynov mükafatı” elədir ki,bu mükafat çox
şeyləri özündə ehtiva edir. Bəlli yaşdan
sonra insan özünü dərk edəndə, mükafat onun
üçün o qədər də önəmli olmur. Amma əlbəttə
ki, mükafatın çəkisi çox önəmlidir.
Şirməmməd müəllim mənə də dərs
deyib, televiziyada da həmkarlıq etmişik, daha sonra
auditoriyada da birlikdə dərs deyib, müəllim kimi həmkar
olmuşuq. Əlbəttə ki, şəxsi münasibət
yaranıb və bu münasibət də dəyərlər
üzərində qurulub. Cahangir müəllim dedi, mən
Şirməmməd müəllimi maşınımla evlərinə
aparıb-gətirirdim, amma bu bir göstəricidir. Onun
arxasında çox böyük münasibət dayanır.
Şirməmməd müəllim birinci növbədə millətə-xalqa,
dövlət düşüncəsinə təmannasız
sevgini öyrətdi. Doğurdan da fərdi maraqları kənara
qoyub, ictimai maraqlarla yaşaya bilirsənsə, bu başqa
yoldur. İkincisi sözün həqiqi mənasında dəyərləri
öyrətdi. Təkcə Məmməd Əmin Rəsulzadə,
Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi
haqqında bilmək deyil, onları yaşatmağı öyrətdi.
Bunun əsasında çox böyük təmənassızlıq
dayanır. Şirməmməd müəllimin müsahibələrinin
birində belə bir yanaşma var, deyir ki, işıq
düşməyən yerdə zəlzələ olur,
işıq düşməyən yerlərdə bədbəxtliklər,
faciələr olur. Mən arzu edirəm ki, Şirməmməd
müəllimin adı ilə olan və olmayan, onun yolu ilə
gedilən və gedilməyən hər yerdə işıq
olsun. İnsanların içində işıq olmasa onlar həmişə
balaca ölçülərlə düşünəcəklər.
İşıq olanda insanlar böyük ölçülər
görə bilir. Şirməmməd müəllimə rəhmət
diləyirik. Onun qoyduğu, cızdığı yolun əsası
da jurnalistika fakültəsi, azdan-çoxdan onu tanıyan
insanlarla bağlıdır. Ona görə də, onu
tanımayanlar o yolu gedə bilməyəcəklər. Mən
gələn hər dostuma təşəkkür edirəm. Dəyərlər
üst-üstə düşəndə o enerji, güc əmələ
gətirir. Mən hər kəsə təşəkkür
edirəm. Sevdiyim insanlara xüsusi ilə minnətdarlığımı
bildiriəm, məni sevənlərə isə min qat təşəkkürümü
bildirirəm. Çox sevindim sizlərin gəlişinizə”/
Təqdimatı Şirməmməd Hüseynovun
ömür-gün yoldaşı, jurnalist Ülkər
Hüseynova bitirib:
“Mən burada Şirməmməd müəllimin ən
qədim tələbəsiyəm. Təxminən 70 il bundan
qabaq o mənim müəllimim oldu. Onu hamıdan çox mən
tanıyıram. Şirməmməd müəllim
üçün hər şeydən əvvəl dövlət
olub. 7-8 il əvvəl ictimaiyyətdə ciddi müzakirə
olunan söhbətlər qaldırıldı. Mən ona dedim
ki, sən qarışma, yaşlı adamsan, övladların
var. O mənə dedi ki, dövlət olan yerdə övlad nədir.
Mən o rəhmətə gedəndə çox fikirləşdim
ki, qəbrinin üstünə nə yazdırım. Sonda onun
da ən çox sevdiyi kəlmələri yazdırdım, -
Ata-babalarınız bizə bu cənnət-məkan Azərbaycanı
əmanət qoyub gedib. Bizdən sonra gələn nəsillər
o əmanəti göz bəbəyi kimi qoruyub, gələcək
nəsillərə çatdırmalıdır. Doğurdan da
dünyada hər şey fərqli olub. Biz həmişə
ayıq olmalıyıq. Bütün bunların
hamısını Şirməmməd müəllim o vaxt da dərk
edirdi. Burada yığışan hər kəsə, Elşad
müəllim, sizə də çox təşəkkür
edirəm. Biz söz də deyim. Şirməmməd müəllimin
oxşarı yoxdur, olmayacaq da. Çünki onu mənim qədər
tanıyan adam yoxdur. Sizə də təşəkkür edirəm
ki, bu mükafatı təsis etdiniz. Çox istərdim ki, bu
mükafatı alanlar həmişə ona layiq olsunlar”.
Qeyd edək ki, “Şirməmməd Hüseynov
mükafatı” altı il əvvəl Parlament Jurnalistlər
Birliyi tərəfindən təşəbbüsü
ilə təsis edilib. Mükafatın əsas məqsədi Azərbaycan
mətbuatında milli dövlətçilik ideyalarına sədaqət
göstərən, jurnalistikanı yalnız informasiya vasitəsi
deyil, eyni zamanda tarixi yaddaş və ictimai məsuliyyət
kimi dərk edən media nümayəndələrinin fəaliyyətini
qiymətləndirməkdir. Bu mükafat hər il fərdi
yanaşma və şəxsi münasibətlər əsasında
deyil, təşkilatın yekdil mövqeyi ilə, ciddi meyarlar əsasında
təqdim olunur.
Arifə Kərimzadə
Modern.az
525-ci qəzet.-2026.- 16 yanvar (¹2).-S.9.