Bakı metrosunda yeni gedişhaqqı
üsulu
GEDİŞHAQQI SƏRNİŞİNİN
MİNDİYİ VƏ DÜŞDÜYÜ STANSİYALAR
ARASINDAKI MƏSAFƏYƏ UYĞUN HESABLANACAQ
Bakı metrosunda gedişhaqqının sərnişinin
qət etdiyi məsafəyə görə ödənilməsi
metodunun tətbiqi nəzərdə tutulub. Bu barədə
"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi
Kamal Hüseynli deyib. O bildirib ki, hazırda vahid tarif modeli tətbiq
olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:
"Məsafə, zona və sərnişin seqmentlərinə
əsaslanan diferensial tarif modelləri üzərində
aparılan təhlillər gələcəkdə daha
balanslı və iqtisadi cəhətdən əsaslandırılmış
tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".
Məsafəyə əsaslanan tarif sistemi sərnişinin
mindiyi və düşdüyü stansiyalar arasındakı məsafəyə
uyğun olaraq gedişhaqqının hesablanmasını nəzərdə
tutur. Yəni qısa məsafə qət edən sərnişin
daha az, uzun məsafə qət edən isə daha çox
ödəniş edir.
Ekspertlərin fikrincə, metroda gedişhaqqının
sərnişinin qət etdiyi məsafəyə görə
ödənilməsi daha ədalətli və iqtisadi cəhətdən
əsaslandırılmış modeldir. Amma bu sistemin uğurlu
tətbiqi üçün güclü texnoloji baza, sosial
balans və effektiv kommunikasiya zəruridir.
Nəqliyyat məsələləri üzrə ekspert
Eldəniz Cəfərov deyir ki, sözügedən model, yəni
tariflərin differensiallaşdırılması Avropa ölkələrində
illərdir ki, tətbiq olunur. Sözügedən modelə əsasən
sərnişin neçə stansiya və ya neçə
kilometr yol qət edirsə, ödəniş də buna
uyğun hesablanır. Qısa məsafə qət edən sərnişin
minimal ödəniş edir. Yəni 2-3 stansiya
üçün daha aşağı tarif tətbiq olunur. Məsafə
artdıqca gedişhaqqı da artır. Bu zaman mərkəzi ərazilərdə
hərəkət edən sərnişinlə daha uzaq məsafəyə
gedən sərnişinin ödədiyi məbləğ
arasında fərq yaranır. Adətən mərkəzdə
yaşayanlar şəhərin kənar ərazilərində
yaşayanlarla müqayisədə daha az ödəniş edirlər:
"Əksər dünya ölkələrində metroda
gedişhaqqının hesablanması şəhərin
ölçüsünə, nəqliyyat şəbəkəsinin
quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli
modellərlə tənzimlənir. Əsas məqsəd həm
ədalətli ödəniş mexanizmi yaratmaq, həm də
sosial balansı qorumaqdır. Bu model xüsusilə Yaponiya, Cənubi
Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur.
Sərnişin metroya daxil olarkən və çıxarkən
kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və
ya neçə stansiya yol getdiyini hesablayır. Hesablamadan sonra
ödənişi buna uyğun çıxır. Bu yanaşma
"az gedən az, çox gedən çox ödəsin"
prinsipinə əsaslanır".
Onun sözlərinə görə, əksər Avropa
ölkələrində zona üzrə tarif modeli tətbiq
edilir. London, Paris, Berlin kimi şəhərlərdə metro
şəbəkəsi bir neçə zonaya
bölünür. Sərnişinin keçdiyi zonaların
sayına görə gedişhaqqı müəyyən edilir:
"Mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin
kənar ərazilərinə doğru isə daha yüksək
olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir,
həm də uzun məsafəli xətlərin maliyyə
yükünü balanslaşdırmağa imkan verir".
Nəqliyyat məsələləri üzrə ekspert
Elməddin Muradlı hesab edir ki, Bakı metrosunda
gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə
görə ödənilməsi modelinə keçid sərnişinlər
üçün sərfəli olacaq. Amma bu sistemi qurmaq elə
də asan deyil: "Bu sistemə keçid üçün
bütün stansiyalarda terminallar olmalıdır. Məsələn,
sərnişin kartını turniketə
yaxınlaşdıranda avtomatik ondan 60 qəpik
çıxılır. Stansiyadan çıxanda sərnişin
yenə də kartı oxutduracaq ki, getdiyi məsafəyə
görə gedişhaqqı çıxılsın. Az məsafə
qət edən sərnişindən məsələn, 30-40 qəpik
çıxılacaq, yerdə qalanı karta qayıdacaq. Bu
sistemin qurulması asan iş deyil. Hazırda ciddi təhlillər
aparılır, araşdırmalar gedir. Bu, metro
üçün ilk olsa da, ümumilikdə artıq dəmir
yollarında tətbiq edilir və həmin zaman ciddi
narazılıq olmadı. Əksinə, belə tarifdən
faydalananlar çoxdur. Sadəcə, burada elə bir addım
atmaq lazımdır ki, bütün yük sərnişinlərin
50 faizdən çoxunun üzərində qalmasın. Yeni
model üzərində ciddi şəkildə
düşünmək lazımdır".
E.Muradlının sözlərinə görə, differensial qiymət siyasəti
artıq dəmir yollarında tətbiq olunur: "Əvvəllər
standart tarif bir manat idi. Bir dayanacaq gedənlə 15 dayanacaq məsafə
qət edən eyni məbləğ ödəyirdi. Sonra
differensial qiymət siyasəti müəyyənləşdirildi.
Bu gün bəzi sərnişinlər 40, 50 qəpik,
başqaları 1 manat və ya daha çox ödəyir.
İndi uzaq məsafələrə səfərlər fərqli
formada hesablanır".
İqtisadçı ekspert Razi Abasbəyli hesab edir ki,
bu metod şəhərin kənar ərazilərində
yaşayan və gündəlik uzun məsafə qət etməli
olan vətəndaşlar üçün xərclər arta
bilər. Bu halda güzəştlər, aylıq limitlər və
ya abunə kartları kimi kompensasiya mexanizmləri nəzərdə
tutulmalıdır: "İqtisadi baxımdan səmərəli
olan hər qərar avtomatik olaraq sosial baxımdan optimal olmur.
Ona görə də məsafəyə əsaslanan tarif tətbiq
edilərkən gəlir səviyyəsi aşağı olan əhali
qrupları üçün kompensasiya mexanizmləri mütləqdir.
Əgər məsafəyə görə tarif tətbiq
olunursa, mütləq aylıq gediş limitləri, abunə
kartları və sosial güzəştlər nəzərdə
tutulmalıdır. Əks halda, şəhər kənarında
yaşayan vətəndaşlar üçün nəqliyyat xərcləri
artacaq. Məsafəyə görə gedişhaqqı modeli
sosial balans qorunduğu halda sərnişinlər
üçün faydalı ola bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 16 yanvar (№2).- S.7.