Banklarla bağlı
yeni qayda
KAPİTALINI BAZEL III STANDARTLARINA UYĞUNLAŞDIRMAQ
ÜÇÜN BANKLARA BİR İL VAXT VERİLİB
Məlum olduğu kimi, ölkədə yerli
bankların kapitalının Bazel III standartlarına
uyğunlaşdırılması
barədə qərar qəbul olunub. Bu addım
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası" çərçivəsində bank
sektorunun dayanıqlığının gücləndirilməsi
və beynəlxalq standartlara uyğunluğun
artırılması məqsədini daşıyır. Azərbaycan
Mərkəzi Bankı (AMB) banklara kapitalını Bazel III
standartlarına uyğunlaşdırmaq üçün 1 il
vaxt verib.
Bazel III standartları bankların fəaliyyəti ilə
bağlı yeni standartlardır, onlar 2008-ci il maliyyə
böhranından sonra Bank nəzarəti üzrə Bazel komitəsi
tərəfindən tərtib olunub. Bazel III-nün əsas hədəfi böhran ərzində üzə
çıxmış problemləri həll etməkdir. İlk
növbədə bu, bankların fəaliyyətinin nəticələrinə
görə səhmdarların daşıdığı məsuliyyətin
zəifliyidir, məhz bu böhran zamanı situasiyanın tənzimlənməsi
üçün dövlətin müdaxiləsini zəruri
etmişdir. Buna görə də kapital və bank ilə onun tədarükçüləri
arasında qarşılıqlı münasibətlər
anlayışı dəyişilir. Kapitala daxil edilməsi
üçün bankların belə öhdəlikləri
özlərində bankın gərgin vəziyyətə
düşdüyü təqdirdə silinmə və ya səhmlərə
konvertasiya olunma haqda şərtləri əks etdirməlidir.
İqtisadçı millət vəkili Vüqar
Bayramovun sözlərinə görə, Mərkəzi
Bankın həyata keçirdiyi pul-kredit siyasətinin əsas
istiqamətlərindən biri məhz Bazel standartlarının
tətbiqi ilə bağlıdır. Bazel standartları bir tərəfdən
banklarda korporativ idarəetmənin formalaşması, eyni
zamanda bank sisteminin sağlamlaşdırılması və
gücləndirilməsi baxımından vacibdir: "Bazel-3
prinsipləri birmənalı şəkildə bankların
menecmentinə təsir göstərən əsas qaydalar
sırasındadır. O baxımdan bankların Bazel-3
standartlarına uyğunlaşdırılması bank sektorunun
dayanıqlılığı aspektindən vacibdir. Bu,
bankların daha səmərəli fəaliyyətinə təsir
göstərər. Bankların dayanıqlılığı
növbəti mərhələdə kredit faizlərinin
aşağı düşməsinə gətirib
çıxara bilər. Çünki əsas məqsədlərdən
biri də məhz banklar tərəfindən təklif olunan
kredit faizlərinin aşağı salınması və
problemli kreditlərin həcminin azaldılmasına nail olmaqdan
ibarətdir".
İqtisadçı-ekspert Əkrəm Həsənov
bildirib ki, ölkədə fəaliyyət göstərən
bankların böyük əksəriyyəti beynəlxalq
standartlara uyğunlaşdırılıb: "Beynəlxalq
bank sektorunda Bazel I və Bazel II standartları mövcud olub,
ardıcıl olaraq qəbul olunub və tətbiq edilib.
Hazırda isə Bazel III standartları qüvvədədir və
Azərbaycan bank sistemi də mərhələli şəkildə
bu standartlara uyğunlaşdırılıb. Bazel III
standartları əsasən bankların kifayət qədər
kapitala malik olmasını nəzərdə tutur ki, onların
qarşısında duran risklər - kredit, bazar və əməliyyat
riskləri - effektiv şəkildə idarə olunsun. Bu
standartlar dünyada bir çox ölkələrin bank sistemində
artıq tətbiq olunub və vacib hesab edilir. Ona görə də
Azərbaycan banklarının da bu tələblərə
uyğunlaşması zəruridir.
İqtisadçı ekspert Asif İbrahimovun sözlərinə
görə, Bazel III standartları bankların formal balans
göstəriciləri ilə deyil, faktiki maliyyə
dayanıqlılığı ilə işləməsini tələb
edir: "Bazel III standartının tələblərinə
görə, banklar kapitalının payı
artırılmalı, yəni kapitalın böyük hissəsi
real səhmdar vəsaiti və bölüşdürülməmiş
mənfəətdən ibarət olmalıdır və banklar
borclanma hesabına süni şəkildə böyüməməli,
leverage ratio ilə həddindən artıq şişmənin
qarşısı alınmalıdır. Banklar hər zaman
likvid olmalı, 30 günlük stress ssenarisində belə
öhdəliklərini yerinə yetirəcək qədər vəsaitə
sahib olmalıdır. Uzunmüddətli kreditlər
qısamüddətli pullarla maliyyələşdirilməməli,
maliyyələşmə mənbələri sabit
olmalıdır. Bu tələblər bank sistemini daha
ehtiyatlı, daha şəffaf və daha davamlı edir.
Dünyada gedən mürəkkəb iqtisadi-siyasi proseslər,
regional gərginliklər, maliyyə bazarlarında qeyri-sabitlik
və qlobal risklərin artdığı bir şəraitdə
Azərbaycan iqtisadiyyatının, onun mühüm
dayaqlarından biri olan bank sektorunun qorunması xüsusi əhəmiyyət
daşıyır. Mərkəzi Bankın Bazel III
standartlarını tətbiq etməsi məhz bu risklərə
qarşı qabaqlayıcı və qoruyucu mexanizm rolunu
oynayır. Qəbul edilən dəyişikliklər nəticəsində
bank sektorunda təbii seleksiya prosesi baş verəcək, zəif
kapitallı banklar ya əlavə kapital cəlb etməli, ya
daha güclü banklarla birləşməli, ya da bazarı tərk
etməli olacaqlar. Bu prosesin məqsədi bankların
sayını azaltmaq deyil, sektorun keyfiyyətini,
etibarlılığını və
dayanıqlığını artırmaqdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 16 yanvar (№2).- S.7.