Süni intellekt və
rəqəmsal texnologiyalar hazırda iş mühitini sürətlə
dəyişdirib
Süni intellektin iqtisadiyyata verəcəyi töhfə
işçilərin və şirkətlərin bu
transformasiyaya nə dərəcədə hazır
olmasından asılı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq
Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgievanın
bloq yazısında qeyd edilib.
Bildirilib ki, süni intellekt və rəqəmsal
texnologiyalar hazırda iş mühitini sürətlə dəyişdirib.
Böyük texnologiya şirkətlərindəki son işdən
çıxarılmalar, hətta innovasiyalar baxımından
ön sıralarda gedənlərin də bu dəyişikliyə
məruz qaldığını göstərir. Süni
intellekt və avtomatlaşdırma bəzi peşələrin
sonu olsa da, yeni bacarıqların, tapşırıqların və
tamamilə yeni peşələrin yaranmasına səbəb
olub. Bu da öz növbəsində artan rifah üçün
fərqli imkanlar təqdim edir.
Vurğulanır ki, iqtisadi qazanc isə bacarıqlara və
uyğunlaşmaya qoyulan investisiyalarla müəyyən ediləcək.
Süni intellekt dövründə iş tapmaq və iş yerlərini
qoruyub saxlamaq getdikcə yeni bacarıqlar əldə etməkdən
asılıdır. Hazırda bacarıqlara ehtiyac, xüsusən
də peşəkar və texniki sahələrdə sürətlə
artıb. İşçilərin iş tapmaq və ya
mövcud işlərini qoruyub saxlamaq qabiliyyəti getdikcə
bacarıqlarını yeniləməkdən və ya yenilərini
əldə etməkdən asılıdır. İnkişaf
etmiş iqtisadiyyatlarda hər 10 iş elanından biri,
inkişaf etməkdə olan iqtisadiyyatlarda isə hər 20
iş elanından biri hazırda ən azı bir yeni bacarıq
tələb edir. Yeni bacarıqlara ən çox ehtiyac duyulan
sahələr isə peşəkar, texniki və inzibati sahələrdədir.
Bu tələbatın yarısından çoxu məhz IT
sektorunun payına düşür. Həmçinin sektora tam səriştələrə
tələbat çoxalıb, səhiyyə sahəsində məsafədən
qulluq və rəqəmsal səhiyyə tətbiqlərinin,
marketinq sahəsində isə sosial medianın önəmi
getdikcə artırıb.
525-ci qəzet .- 2026.- 16 yanvar (№2).- S.6.