"Azərbaycanlılar Misirdə, misirlilər isə Azərbaycanda özlərini qəriblikdə hiss etmirlər"

MİSİRİN AZƏRBAYCANDAKI SƏFİRİ HOUSSAMELDİNE EFFAT MOSTAFA: "BİZİM OXŞAR CƏHƏTLƏRİMİZ FƏRQLİ CƏHƏTLƏRİMİZDƏN DAHA ÇOXDUR"

 

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Houssameldine Effat Mostafa Redanın "525-ci qəzet"ə müsahibəsi

 - Cənab səfir, siz üç aydır ki, Azərbaycanda diplomatik missiyaya rəhbərlik edirsiniz. İlk növbədə ölkəmiz, insanlarımız barədə təəssüratlarınızı bilmək maraqlıdır.

- Əvvəlcə qeyd edim ki, bu, mənim ikinci diplomatik missiya rəhbəri təyinatımdır. Misirin Azərbaycana təyin etdiyi missiya rəhbərləri həmişə daha əvvəl hansısa ölkədə fəaliyyət göstərmiş olurlar. Yəni Bakı onların ikinci diplomatik missiyası olur. Bu da istər mədəni, istər tarixi əlaqələr baxımından Qahirənin Bakıya göstərdiyi diqqətin nümunəsidir. Mən Misirdə olan azərbaycanlıların özlərini qəriblikdə hiss etmədiklərinin şahidi olmuşam. Onlarla görüşmüşəm və azərbaycanlıların heç biri Misirdə özlərini yad hiss etmədiklərini söyləyiblər. Eyni zamanda da Azərbaycanda misirlilərin özlərini qəriblikdə hiss etmədiklərinin şahidi olmuşam. Hər iki xalq arasında həm mədəni, həm digər cəhətdən yaxınlıq mövcuddur.

- Azərbaycanla Misir arasında əlaqələrin uzun bir tarixi var. Amma deyərdim ki, xüsusilə son illər iki ölkənin münasibətlərində aktiv bir dinamika, inkişaf müşahidə olunur, yüksək səviyyəli səfərlər həyata keçirilir. Siz münasibətləri necə xarakterizə edərdiniz?

- Həqiqətən də Misirlə Azərbaycan arasında tarixi əlaqələr mövcuddur. Mən düşünürəm ki, akademiklər, tədqiqatçılar, media nümayəndələri Azərbaycan-Misir əlaqələrinin tarixi ilə bağlı araşdırmalar aparsınlar. Bu əlaqələr hətta 14-cü əsrə gedib çıxır. Təəssüf ki, bu gün xalqlarımız bir-birini kifayət qədər tanımır. Bizim oxşar cəhətlərimiz fərqli cəhətlərimizdən daha çoxdur. Hesab edirəm ki, xalqlarımızın bir-birini daha yaxından tanımamasının səbəbi oxşar cəhətləri bilməmələrindən irəli gəlir.

Misirlə Azərbaycan arasındakı hazırkı əlaqələr son 2-3 ilin nəticəsi deyil. Misirin sabiq Prezidenti Camal Abdul Nasir vaxtilə Azərbaycana səfər edib. Sabiq Prezident Hüsnü Mübarəkin Azərbaycanla, mərhum Prezident Heydər Əliyevlə çox yaxşı əlaqələri var idi. Prezident Əbdülfəttah Əs-Sisi 2023-cü ildə Azərbaycana səfər edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə Misirdə rəsmi, daha sonra isə işgüzar səfərdə olub. Yəni on illərdir ki, iki ölkə liderləri arasında möhkəm siyasi əlaqələr var. Siyasi iradənin, əlaqələrin mövcudluğu xalqların bir-birinə yaxınlaşmasına öz töhfəsini verir. İnanıram iki ölkə arasında olan siyasi əlaqələr Qahirədən və Bakıdan dəstək verilməklə ən yüksək səviyyəyə çatacaq.

- İqtisadi sahədə iki ölkənin prioritet istiqamətləri hansılardır?

- Ölkələrimizin iqtisadi əlaqələri istənilən səviyyədə deyil. Düşünürəm ki, Misirlə Azərbaycan arasındakı siyasi əlaqələr biznes baxımından iki ölkənin yaxınlaşmasına öz töhfəsini verəcək.

- Cənab səfir, bu regionda uzun illər əsas problem olan Qarabağ münaqişəsi artıq bitib, Azərbaycan-Ermənistan normallaşma prosesi davam edir. Misir Cənubi Qafqazdakı yeni vəziyyəti necə qiymətləndirir?

- Mən bu məsələ ilə bağlı daha əvvələ qayıtmaq istəmirəm. Onu deyim ki, sizin də vaxtilə torpaqlarınız işğal olunub, bizim də. Misirin Sinay yarımadası İsrail tərəfindən işğal olunmuşdu, sonra müharibə nəticəsində ərazi azad olundu, sülh sazişi imzalandı. Buna görə də Misir digər dövlətlərdən fərqli olaraq torpağının işğal altında olmasının, işğalla üzləşməyin nə demək olduğunu yaxşı anlayır. Biz, həmçinin ərazilərin işğaldan azad edilməsinin necə qürurverici olduğunu da bilirik. Həmin ərazinin azad edilməsi, orada yenidənqurma işlərinin aparılması, sakinlərin öz evlərinə qayıtması və s. proseslərin hər birindən biz də keçmişik. Bu səbəbdən də deyə bilərəm ki, Misir Azərbaycanla minaların təmizlənməsi, yenidənqurma prosesində əməkdaşlıq etməyə tam açıqdır. Misir öz şirkətlərinin, müəssisələrinin bu prosesdə iştirak etməsini səbirsizliklə gözləyir və bunu çox arzulayır.

- İnvestisiya imkanları barədə soruşmaq istərdim. Misir Prezidenti Əbdülfəttah Əl-Sisi Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı olaraq investisiyaların yatırılması barədə danışdı. Hətta əczaçılıq sahəsində müştərək müəssisələrin yaradılmasını qeyd etdi. Hazırda bu istiqamətdə hər hansı inkişaf var?

- Biznes sahəsində əlaqələr o dərəcədə inkişaf etməyib və iki ölkə liderinin arzu etdiyi, istədiyi səviyyəyə çatmayıb. İstərdim ki, atılan addımlar bu sahədə inkişafa, irəliləyişə öz dəstəyini vermiş olsun. Təkcə əczaçılıq sahəsində deyil, bütün digər sahələrdə də.

-Turizm sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?

-Turizm əlbəttə ki, çox əhəmiyyətli bir sahədir. Təəssüf ki, biz iki ölkə arasında bu sahədəki potensialı tam reallaşdıra bilməmişik. Mən Azərbaycan və Misir turizm şirkətlərini çağırıram ki, iki ölkənin turizm potensialını tanıtmaq, təşviq etmək üçün daha çox səy göstərsinlər. Şarm əl-Şeyxin azərbaycanlılar üçün çox populyar və ən çox tələbat olan turizm istiqamətlərindən biri olduğunu eşitməkdən çox məmnunam. Bu o deməkdir ki, turizm sahəsində irəliləyiş artan templə davam edir. Misir zəngin turizm potensialına malikdir. Ölkəmizdə turizmin çox müxtəlif növləri var. Məsələn, dini, tarixi, səhra, qum turizmi Misirdə mövcuddur. Həmçinin bütün tarixi dövrləri, mədəni dəyərləri Misirdə tapa bilərsiniz. Məsələn, fironlar dövrü, yunan, Roma, xristian, islam, yeni tarix, Osmanlı irsi və s. bunlar hamısı mövcuddur və qorunub saxlanır.

Bildiyimə görə, Azərbaycan ötən il kulinariya sahəsində mükafat qazanıb. Bizim də zəngin mətbəximiz var. Eyni zamanda, Azərbaycanın geniş turizm potensialını vurğulamaq istəyirəm. Bakı ən təmiz, gözəl, səliqəli və təhlükəsiz paytaxtlardan biridir. Bəzi ölkələrdə ailə dəyərləri, ailədə ehtiram, böyüyə hörmət anlayışları yoxdur. Azərbaycanda, həmçinin də Misirdə isə bu dəyərlər mövcuddur. Ən önəmlisi isə burda hökm sürən təhlükəsizlik və sabitlikdir. İnsanlar istənilən saatda rahat, təhlükəsiz şəraitdə gəzə bilirlər. Azərbaycan da, Misir də təhlükəsiz ölkələrdir. Xidmətə gəlincə, heç də digər ölkələrdən geri qalmır. Mən bir daha turizm şirkətlərini çox çalışmağa, daha çox səy göstərməyə çağırıram ki, bu da iki ölkə arasında qeyd edilən sahədə əlaqələrin inkişafına təkan verəcək.

- Cənab səfir, Misir öz regionunda mühüm aktordur, sabitləşdirici rola malikdir. Qəzzada atəşkəs sazişinin əldə edilməsində Misirin xüsusi rolu oldu. Bu gün Qəzzada mürəkkəb vəziyyət qalır, siz proseslərin inkişafını necə görürsünüz? Misirin bundan sonrakı rolu nədən ibarət olacaq?

- Hesab edirəm ki, Fələstin məsələsinə başlanğıcından Qərb ikili standartla yanaşıb. Bəzi dövətlərin hər hansı qanun pozuntusu olduqda, yaxud BMT Təhükəsizlik Şurasının qərarlarına riayət edilmədikdə, ora hətta hərbi müdaxilə də edilə bilir. Amma BMT-nin TŞ-nin qərarlarını, müharibə qanunlarını pozan dövlətə qarşı heç bir tədbir görülmür, o da istədiyi kimi hərəkət edir. Həmin qanunları təşviq edən dövlətlər də buna səssiz qalırlar. Bu məsələnin bir həll yolu var, o da hər kəs üçün aydındır. Sadəcə olaraq Qərb ikili standartlar tətbiq etməkdən kifayətlənməlidir.

- Bu gün bir sıra ölkələrin HƏMAS-la təmasları mövcuddur. Misirin HƏMAS-la əlaqələri nə yerdədir?

- Bəli, Misirin bütün tərəflərlə, o cümlədən HƏMAS-la əlaqələri var. Məqsəd orda qırğının, bütün pozuntuların  qarşısını almaq, bunu dayandırmaqdır.

- Sizcə, Qəzza ilə bağlı sülh planının ikinci hissəsinə başlamaq mümkün olacaqmı?

- Sülh prosesi planı o deməkdir ki, sülhü əldə etmək niyyətimiz var. Sülh prosesi hücumların azaldılması, qarşıdurmanın səngiməsi deməkdir. Son zamanlar qarşıdurma sahəsinin genişləndiyini görürük. İsrailin Livana, Suriyaya, İrana, Qətərə və Yəmənə qarşı etdiyi hərbi hücumlar qarşıdurmanın bu miqyasda genişlənməsi sülhə səmimi yanaşmasını sual altında qoyur. Əgər Təl-Əvivi qaydalara əməl etməyə məcbur edən hər hansı tərəf olmasa, onda bu qarşıdurma davam edəcək. Son vaxtlar bir səra Qərb ölkələri tərəfindən Fələstinin bir dövlət kimi tanınmasını və buna cavab olaraq səfirliklərin açılmasını alqışlayırıq ki, bu da ikili standartlara son qoyur. Baxmayaraq ki, bəziləri iddia edirlər ki, Fələstin dövlət deyil. Mən bu məsələdə Azərbaycanın balanslı mövqeyini qiymətləndirmək istəyərdim. Bu da ondan ibarətdir ki, Azərbaycan daim məsələnin iki dövlət prinsipi ilə həllini dəstəkləyir. Bakının Təl-Əvivlə çox yaxşı əlaqələrinin olmasına baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq qanunların tərəfində olduğunu sübut edib, buna daha bir nümunə isə ondan ibarətdir ki, Azərbaycan İsrailin Somaliləndi dövlət kimi tanımasını qəbul etmədi. Bu, beynəlxalq hüquqa, qanunlara əsaslanan mövqedir.

 

Pərvanə Sultanova

525-ci qəzet .- 2026.- 16 yanvar (№2).- S.5.