Aparat rəhbəri:
Xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlərin
nəticələri barədə televiziya kanallarına rəsmi
məlumat veriləcək
Prezident İlham Əliyev Azərbaycan dilinin
saflığının qorunması, xüsusilə də
xarici ifadələrin yersiz istifadəsinin
qarşısının alınması məsələsinə
dəfələrlə toxunub. Dövlətimizin
başçısı ana dilimizin zəngin imkanlarından səmərəli
istifadə olunmasının vacibliyini vurğulayıb, dilin
milli-mənəvi dəyərlərimizin əsas
daşıyıcısı olduğunu xüsusi qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri
“Audiovizual mediada Azərbaycan dilinin saflığının
qorunması yeni çağırışlar müstəvisində”
mövzulu elmi-praktik konfransda Audiovizual Şurasının
Aparat rəhbəri Fazil Novruzov deyib.
O vurğulayıb ki, yeni informasiya
çağırışları və rəqəmsallaşma
prosesi Azərbaycan dilinin mediada istifadəsinə müəyyən
yeniliklər gətirsə də, bu, dil normalarının
pozulması ilə müşayiət olunmamalıdır.
Ədəbi dil normalarına riayət edilməsi təkcə
estetik məsələ deyil, eyni zamanda hüquqi və ictimai əhəmiyyət
daşıyan bir məsələdir. Bu baxımdan mediada
dövlət dilinin qorunması istiqamətində müvafiq cəza
sanksiyaları da mövcuddur.
“Müasir media mühitində Azərbaycan dilinin
saflığına təsir edən ən böyük problemlərdən
biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə
keçən və geniş şəkildə istifadə edilən
sözlərdir. Bu cür halların qarşısının
alınması məqsədilə Audiovizual Şura ötən
ildən televiziya kanallarında xarici sözlərin istifadəsi
ilə bağlı monitorinqlər aparır. Hazırda bu
monitorinqlər davam etdirilir”, - deyə F.Novruzov bildirib.
O qeyd edib ki, aparılan monitorinqlərin nəticələrinə
əsasən, istifadə olunan bir sıra xarici sözlərin
siyahısı müəyyənləşdirilib. Nəticələr
təsdiq edildikdən sonra bu barədə televiziya
kanallarına rəsmi məlumat veriləcək və dil
normalarına riayət olunması ilə bağlı
müvafiq tövsiyələr təqdim ediləcək.
525-ci qəzet .- 2026.- 16 yanvar (¹2).- S.4.