Rövşən
Məmmədov: Dil normalarının pozulma səbəbləri
barədə geniş müzakirələr
aparılmalıdır
Azərbaycan dilinin saflığının qorunması
məsələsinə praktiki prizmadan yanaşmalı,
dilimizin pozulma məqamları üzərində ciddi şəkildə
düşünməliyik. Biz çox vaxt nəticə ilə
mübarizə aparırıq, lakin həmin nəticəyə
aparan səbəblər və yollar kifayət qədər
müzakirə olunmur. Əslində isə Azərbaycan dilinin
normalarının pozulma səbəbləri ətrafında
geniş və məqsədyönlü müzakirələr
aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri
“Audiovizual mediada Azərbaycan dilinin saflığının
qorunması yeni çağırışlar müstəvisində”
mövzulu elmi-praktik konfransda “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rövşən Məmmədov deyib.
O qeyd edib ki, media cəmiyyətin
güzgüsüdür. Cəmiyyətdə baş verən
bütün müsbət və mənfi hallar, o cümlədən
dil mədəniyyətinin səviyyəsi ilk növbədə
mediada əks olunur. Bu baxımdan media nümayəndələrinin
üzərinə böyük məsuliyyət
düşür. Dil normalarına riayət olunması, ədəbi
dilin qorunması və düzgün təqdim edilməsi cəmiyyətə
birbaşa təsir göstərir.
R.Məmmədov bu sahədə atılmalı olan
ilkin və ən vacib addımlardan danışıb. Onun
sözlərinə görə, hansı dildə təhsil
almasından asılı olmayaraq, uşaqlar Azərbaycan dilini
səlis və düzgün şəkildə öyrənməlidirlər.
“Ulu Öndər Heydər Əliyevin ana dilində səlis,
aydın və nümunəvi çıxışları gənclər
üçün əsl örnək olmalıdır. Onun dilə
olan hörməti və diqqəti bu gün də hər bir Azərbaycan
vətəndaşı üçün yol göstərən
bir nümunədir. Bu mühüm vəzifənin effektiv
icrası isə ilk növbədə orta məktəblərdən
başlamalıdır”, - deyə R.Məmmədov
vurğulayıb.
525-ci qəzet .- 2026.- 16 yanvar (¹2).- S.4.