“Qarabağ” pley-offda!
SON TURDA MƏĞLUB
OLSA BELƏ...
Futbolun bəzəyi qoldur. İllah da o qol son saniyələrdə
vurula və komandaya qələbə gətirə. Təkcə
qələbə? “Qarabağ” dünən gecə daha bir tarixi
zəfərə imza atdı. Komandamız oyunun gedişində
həm də isveçrəli hakim Sandro Şörerin “köməyilə”
hesabda geri düşsə də, yekunda oyunun əsas
vaxtına əlavə edilmiş 4-cü dəqiqədə Bəhlul
Mustafazadənin qolu ilə “Ayntraxt” üzərində 3:2
hesablı qələbə qazandı. Oyun haqqında
uzun-uzadı yazmağı lazım bilmirəm. “Qarabağ” necə
qalib gəldi, oyunda və oyun sonrası nələr baş
verdi?.. Tarixdə nəticə qalır. Amma bu oyun da uzun
müddət yaddaşlardan silinməyəcək.
Dünənki qələbə həm də bir ilk
oldu. Artıq əminliklə demək olar ki, “Qarabağ”
Çempionlar Liqasının qrup mərhələsində
minimum vəzifənin öhdəsindən gəlib və
pley-offa yüksəlib. Düzdür, bu, riyazi olaraq hələ
təsdiqlənməyib. Amma son turda keçiriləcək
oyunları analiz etməklə pley-offa indidən
hazırlaşmaq olar. Hətta komandamız səfərdə
“Liverpul”a, özü də böyük hesabla məğlub
olsa belə.
Turnir cədvəlinə nəzər saldıqda
“Qarabağ” 10 xalla 18-ci pillədə qərarlaşıb.
Reqlamentə əsasən 36 komandalı Liqa mərhələsində
ilk 8 komanda birbaşa 1/8 finala yüksəlir. 9-24-cü yerlərin
sahibləri isə pley-offa vəsiqə qazanır ki, buradan da
qalib 8 komanda mübarizəni 1/8 final mərhələsində
davam etdirəcək. 25-36-cı yerdə qərarlaşanlar isə
mövsümü başa vurmalı olacaqlar.
Şər deməsən, xeyir gəlməz. Hesab edək
ki, “Qarabağ” son oyununda “Enfild Roud”da “Liverpul”a məğlub oldu.
Bu halda komandamızın pley-offdan kənarda qalması
üçün ondan aşağıda qərarlaşan və
son turda xal ehtiyatını azı 10-a çatdırmaq
ehtimalı olan bütün rəqiblərin qalib gəlməsi
mütləqdir. Turnir cədvəlinə fikir versək, bu rəqiblər
arasında ən az xalı olan 27-ci pillədəki
“Brügge”dir - 7 xal. “Marsel”, “Bayer” və “Monako”nun 9, PSV,
“Atletik”, “Olimpiakos”, “Napoli” və “Kopenhagen”in isə 8 xalı
var. 28-ci yerdən aşağıdakı komandaların qələbəsinin
əslində, “Qarabağ”a xeyiri dəyəcək. Bu komandalar
qalib gələcəkləri təqdirdə belə xal
ehtiyatı baxımından komandamıza çata bilmirlər.
Üstəlik, qələbə sayəsində
“Qarabağ”ı keçmək ehtimalı olan bəzi
komandaları büdrədəcəklər.
Gələk əsas məsələyə. 9 rəqibdən
hamısı “Qarabağ”ı keçə bilərmi? 8-ci turda
bu 9 komandanın 2-si bir-biri ilə qarşılaşacaq. Yəni
“Brügge” “Marsel”i qəbul edəcək. Bu isə o deməkdir
ki, istənilən halda 1 rəqib sıradan çıxacaq.
Pley-offa vəsiqəni təmin etmək üçün
azı 24-cü pilləni tutmaq lazımdır. Bunun
üçünsə daha 2 rəqibin xal ehtiyatını
“Qarabağ”a çatdırmaması gərəkir. Bu,
möcüzə nəticəsində mümkündür.
Möcüzə baş verə bilərmi? Oyunları
sadalayım, özünüz qərar verin.
20-ci yerin sahibi “Bayer” “Vilyareal”ı, 22-ci pillədəki
PSV isə “Bavariya”nı qonaq edəcək. Yalnız bu
cütlüklərdə meydan sahiblərinin qalib gəlməsi
ehtimalı böyükdür. Çünki “Vilyareal” formada
deyil, 7 oyuna cəmi 1 xal toplayıb. “Bavariya” isə 1/8 finala vəsiqəni
təmin edib və meydana arxayın çıxa bilər. Digər
rəqiblərimizdə isə vəziyyət fərqlidir. 21-ci
pillədəki “Monako” “Yuventus”u qəbul edəcək. Turinlilərin
özlərinə ilk “səkkizliy”ə düşmək
üçün qələbə çox vacibdir. 23-cü
yerdəki “Atletik” evdə “Sportinq”lə oynayacaq. “Sportinq” 10-cu
yerdədir və 13 xalı var. Bu komanda da 1/8 finala vəsiqə
üçün qələbə qazanmalıdır.
“Olimpiakos” “Ayaks”la səfərdə qarşılaşacaq.
“Ayaks”ın 6 xalı var və qələbə sayəsində
pley-offa düşə bilər. “Napoli”nin rəqibi
“Çelsi” olacaq. Hansı ki, xal itirəcəyi təqdirdə
8-ci yerdəki mövqeyini əldən verəcək və
pley-offa düşəcək. Nəhayət, “Kopenhagen”
“Barselona”nın qonağı olacaq ki, danimarkalıların bu rəqibdən
xal alması inandırıcı deyil. Qısası, gərək
“Bayer”, “Monako”, PSV, “Atletik”, “Olimpiakos”, “Napoli”, “Kopenhagen” –
bunlardan azı 6-sı qalib gəlməlidir ki, “Qarabağ”
pley-offdan kənarda qalsın. İnandırıcıdır?
Yeri gəlmişkən, Liqa mərhələsindəki
digər türk klubumuz “Qalatasaray”ın da azarkeşlərini təbrik
edirik. Riyazi hesablamaları kənara qoyub məntiqə inansaq,
Türkiyə təmsilçisi də 10 xalla pley-offda
iştirakını təmin edib. Son turda səfərdə
“Mançester Siti”yə məğlub olsa belə. Üstəlik,
pley-offda “Qarabağ”la “Qalatasaray”ın
qarşılaşması ehtimalı az deyil. Bu isə başqa
söhbətin mövzusudur.
İlqar TAĞIYEV
525-ci qəzet .- 2026.- 23 yanvar (¹3).- S.23.