Boş vaxtın
qurbanları
Esse
"Vaxt öldürmək", "Boş
vaxtımda..." ifadələrinin, demək olar ki, yox
olduğu bir zaman başladı. İndi zaman ölü
doğulur. Boş vaxtı doldurmaq qayğısından
arınmışıq. Gələcəklə bağlı
qurulan astagəl xəyallar "indi, vaxt itirmədən"
anlayışına uduzub. Cəmiyyətlər tələsir.
Aqibət duyğusu zamanın özünün də canına
bir qorxu salıb.
Müasir sosiologiyanın ən məşhur
imzalarından biri Byunq-Çul Handır. Cənubi Koreyada
doğulmuş, Almaniya və İsveçrə vətəndaşı
Byunq-Çul müasir fəlsəfənin, psixologiyanın və
sosiologiyanın dünyada əsərləri ən çox
satılan imzasıdır. Müasir insanın problemləri,
sosial həyatı, sosial şəbəkələrin və
internet divlərinin yaratdığı yeni psixoloji xəstəliklərin
araşdırmaçısıdır.
Kapitalist eranın son iyirmi ilində insanların
düşüncəsini dəyişən, onların həyatını
şəkilləndirən nüansları araşdıran
yazıçının ən məşhur əsəri
"Yorğun toplum"dur. Bundan başqa, onun "Şiddətin
topologiyası", "Erosun iztirabı",
"Psixipolitika" və digər kitabların müəllifidir.
Byunq-Çul "Yorğun toplum"da insanların
psixoloji davranışlarını onların həyatının
aktivliyi ilə izah edir. Həyatımız sürətli şəkildə,
bəzən bizdən xəbərsiz başlayır və
bitir. Günümüzdə zaman anlayışını
iyirmi dörd saatla ifadə etmək sadəcə simvolistikdir.
Bizlər iyirmi dörd saat yaşaya bilmirik. Tıxac, növbə,
uzun-uzadı davam edən boş, məzmunsuz söhbətlər,
yolda canımıza daraşan "nə var, nə yox?!
Başqa nə var, nə yox?!"lar, hiss etməsək də,
faydalı iş əmsalımızı əlimizdən
alır. Əgər iyirminci əsrin ortalarında praqmatik
yaşamaq cansıxıcı görünürdüsə, o
vaxtlar bunun həyatın gözəlliklərini yaşamamaqla əlaqələndirirdilərsə,
indi praqmatiklik bir şərt olub. Zamanı dəyərləndirmək,
iyirmi dörd saatın hamısını dolu yaşamaq istəyirsənsə,
məcbur əlində gün boyu nə edəcəklərinin
siyahısı olmalıdır. Və heç bir kəs,
heç bir xüsusi hadisə bu siyahını
pozmamalıdır. Təbii ki, bizim kimi cəmiyyətlərdə
dost çağırışına, "yağlı, duzlu məclislərə",
qarşı cinsin görüş dəvətinə
"Yox!" demək qədər çətin ikinci sosial
problem yoxdur. Avropada "Yox!" demək mədəniyyəti
onları inkişaf etdirən əsas amillərdən biridir. Məsələn,
alman dəqiqliyi, skandinav soyuqqanlılığı dediyimiz
anlayışlar "Yox!" cavabının
yaratdığı praqmatik mədəniyyətdir.
Bütün bunlara baxmayaraq, hər mədəniyyətin əks
təsiri olduğu kimi praqmatikliyin də əks təsirləri
müasir cəmiyyətlərdə yeni xəstəliklər
yaradıb.
İyirmi birinci əsrin psixoloqları yeni
çağın insanın şiddətə meyilliyini,
depressivliyini, stress çoxluğunu və bu qəbildən
olan ictimai-sosial həyatımızda ciddi travmalar yaradan xəstəliklərin
məhz praqmatiklikdən yarandığını
araşdırıblar. İndi biz pis, ürəkyaxan xəbərlərə
görə deyil, vərdiş etdiyimiz əyləncələrin
yoxluğuna, aktivliyin və adrenalinin daha az xərcləndiyi məkanlara
əsəbiləşirik. Əyləncə və media sahələri
bizi milli "Joker"lərə çevirir.
Sistemli şəkildə həyatında hər şeyə
yer verməyə çalışan insanın ən
böyük stressi onun vaxtının əlindən
alınmasıdır. İnkişaf etmiş mədəni cəmiyyətlərdə
bir nəfəri boş yerə yubatmaq ən böyük əxlaqsızlıq
sayılır. Müqayisədə Qafqaz cəmiyyətləri
bu qədər aqressiv yanaşmır məsələyə.
Daha rahatdırlar. Bu lazımsız rahatlıq onları (yəni
biz qafqazlıları) tənbəl böyüdür. Tənbəl
cəmiyyətlərin düşüncə tərzi isə
heç vaxt inkişaf etmir. Eyni hal İslam cəmiyyətlərinə
də aiddir. Nə qədər müqəddəs kitabları
onlara oxumağı əmr etsə də, bugünkü
İslam coğrafiyası vaxtını daha çox
çilçıraqlı əyləncələrə xərcləyir.
Zaman keçdikcə bu əyləncələr
xırda toplumları yormağa başlayır. Əzginlik,
yorğunluk, bədbinlik çökür həmin cəmiyyətlərin
üstünə. Nəticədə Byunq-Çulun ifadə
etdiyi yorğun toplumlar yaranır.
Bu toplumları yaradan başqa bir səbəb isə fərdiyyəçi
sinifləndirmədir. Marksın sinfi cəmiyyət
anlayışının əksinə olaraq bu gün kollektiv
mübarizədən daha çox fərdi mübarizənin
yaratmaqda olduğu cəmiyyət modeli ilə üz-üzəyik.
İnsanları cəmiyyət deyil, öz həyatlarının
məcrası daha çox maraqlandırır. Fərdiyyətçiliyin
yaratdığı ən böyük problemlərdən biri
isə xaricə qarşı olan reflekslərimizin ölməsidir.
Bu vaxt ötdükcə sosial əxlaqı da zədələyir.
Sosial əxlaqı zədələnmiş cəmiyyət
üçün bütün günahlar mübahdır. Zombiləşmiş
küçələrin qurduğu qaranlıq və dumanlı
şəhərlər beləcə peydə olur.
Modern insan alış-verişin, əyləncənin,
işıqlı məkanların, yüksək səsli ritmbaz
musiqilərin, aktiv həyatın, robotların, brendlərin və
reklamların əsiridir. Bəzi cəmiyyətlər (yenə
skandinavları misal çəkmək məcburiyyətində
qalırıq, çünki yeganə ideala yaxın cəmiyyəti
onlar qura bilib) bu vərdişləri tərgidə bilib, bu tip
süni şəkildə xoşbəxt edici nəsnələrə
"yox!" deməyi bacarıblar. Bu xəstəliklərdən
əziyyət çəkən toplumlarda isə bitkinlik,
yorğunluq hökm sürür.
Amerika adlı böyük bir şirkətin uzanan ən
böyük qolu da əyləncə sektorudur. Bu qol
dünyanın hər yerində, hətta Afrikanın ən
ibtidai toplumunun bir fərdinə də üzərində
Messinin şəkli olan köynəyi geyindirə bilir. Ən səfil
ölkə olan Brundidə bir aya on beş dollar qazanan ailəni
telefona, meqabaytlara, internet və sosial şəbəkələrə
möhtac buraxır. İnsanlar gülmək istəyir, amma bu
görkəmsiz qəhqəhələrin altını doldurmaq
istəmir.
Bir tərəfdə siyasi anlaşılmazlıqlar,
bir tərəfdə ekoloji problemlər, digər tərəfdə
dərmanı tapılmayan xəstəliklər, bir digər tərəfdə
yenidən alovlanan dini və irqi ayrı-seçicilik
insanların altşüurunda bədbinliyi, tükənmişliyi
böyüdür. Bu qədər ciddi problemlərdən
qaçmağın yolunu əllərindəki bir qarış
telefonda tapan toplumlar özləri də bilmədən
başqa bir bəlanın əsir-yesiri olurlar - İnternetin.
Byunq-Çul bu kimi problemlərin həllini artterapiyada
(sənətlə terapiya), sənətlə məşğul
olmaqda, səyahət etməkdə və günün boş
saatlarında boş olmamaqda görür. Vaxtımızı
boşaltmaq yox, doldurmaq üçün
çalışmalıyıq ki, ruhumuzu ölü zamanın
bədbin qalıqlarından təmizləyə bilək.
Rəvan
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.23.