Yaponiya - böyük transformasiyalar ölkəsi 

 

(Əvvəli ötən cümə sayımızda)

 

İmperator Hirohito uzun sürən hakimiyyətindən və faciələrlə üzləşməsindən sonra, 1989-cu ildə 87 yaşında öldükdə Akihito varis kimi imperator oldu. Akihito 1933-cü ildə anadan olmuşdu, ailənin beşinci uşağı və Hirohitonun birinci oğlu idi. Atasının ölümündən sonra, 1989-cu ilin yanvarında taxt-taca çıxmışdı, onun idarəçiliyi Heysey erası adını daşıyırdı. O, Yaponiyanın 125-ci imperatoru idi və 2019-cu ildə, 20 il hakimiyyətdə olduqdan sonra taxt-tacdan getmişdi. Onun böyük oğlu Naruhito yeni imperator olmuşdu. Akihito yaşının ötməsinə və səhhətinin pisləşməsinə görə belə addım atmış və "İstirahətə gedən imperator" tituluna yiyələnmişdi. O, son 200 ildə ilk imperator idi ki, könüllü qaydada istefaya getmişdi. Həm də onun dövrü Yaponiya üçün tam sülh dövrü olmuşdu.

Naruhitonun impertorluğu ilə  Reya erası başlandı. O, imperator Şouanın (Hirohitonun) nəvəsi və imperator Meydzinin (Mütsihitonun) nəticəsi kimi sülalənin sayca beşinci nümayəndəsidir.

 İmperator hakimiyyətinin irsi qaydada ötürülməsi ənənəsi lap çoxdan mövcud idi. Taxt-tacda olan imperatorun ölümü isə milli matəm xarakteri daşıyırdı, hətta hərbçilər hüzndən intihar edirdilər. Böyük yazıçı Akutaqavanın bir hekayəsinə görə, 1912-ci ildə imperator Mutsihito öləndə, məşhur general intihar etmişdi ki, imperatorun ölümündən sonra yaşamağa dəyməz.

Böyük transformasiyaların Yaponiyanın taleyinə təsiri

Yaponiya qədim tarixə malik olsa da, Misir, Çin, Hindistan, Persiya və Yunanıstan kimi ölkələrdən nisbətən cavan sivilizasiya kimi tanınır. Yalnız XVII əsrin əvvəlində Yaponiya mərkəzləşmiş dövlətdə birləşmişdi. Normandiyalı Uilyam Fateh isə bu işi altı əsr əvvəl İngiltərədə həyata keçirmişdi.

Yaponiya son bir əsr yarıma qədər feodalizm buxovlarında ömür sürmüşdü. 1868-ci ildən Meydzi Bərpasından sonra kapitalizm formasiyasına keçən Yaponiya həm də izolyasiyadan çıxmaqla, modernləşmə yolunu tutmuşdu. Bu transformasiya inqilabi dəyişikliklər xarakteri daşımaqla yanaşı, olduqca sürətlə getmiş və ölkə qısa müddətə xeyli inkişafa nail olmuşdu. Bunu da yapon xalqının hər bir yeniliyə böyük ehtirasla yanaşması ilə izah edirlər. Təəssüf ki, ümumi inkişaf həm də militarizmin ölkə həyatına geniş cəlb olunması ilə müşayiət olunmuşdu. Nəhayət, II Dünya müharibəsindəki məğlubiyyət Yaponiyanı bu ağır virusdan uzaqlaşdırmış və ölkə ölümcül zərbədən çıxmağı bacarmış, müharibə nəticələrini qısa müddətdə ləğv etməyə müvəffəq olmuşdu. Yaponiya təkcə yaralarını sürətlə sağaltmadı, həm də yeni konstitusiya qəbul etdi, işğal müharibəsini qanundan kənar elan etdi. Militarizm ruhu uzaqlaşdırıldı və onun yerini dinc quruculuğa həsr olunan tarixi mübarizə tutdu.

Həyat özü insanın mübarizəsinə məna verir, həm də onun vektorunu müəyyən edir. Biz bunu Yaponiyanın təcrübəsində aydın görürük. Ölkədə vətəndaş müharibələrinə son qoymaq üçün bu adalar diyarını, vahid mərkəzləşmiş dövlətdə birləşməsi ehtiyacı yarandı və zamanın bu tələbinə nəhayət, müsbət cavab verildi.

Meydzi Bərpası ölkəni, heç vaxt görmədiyi yeni inkişaf yoluna çıxarmalı və ona yüksək sürət verməli idi. Yeni imperial rəhbərlik ölkəni qüdrətli olana çevirmək qərarına gəldi və feodal bataqlığında ilişib qalmış xalqı dünyanın qabaqcıl nümunələri əsasında yaxşı idarə etməyi bacardı. Təəssüf k, ölkə digər təsirlərə də biganə qalmadı, mənfi olanları da təqlid etməyə başladı və qonşularına qarşı işğal müharibələri apardı. İlk işğallar onun imperialist iştahını daha da gücləndirdi və Yaponiya Cənubi-Şərqi Asiyada və Sakit okean adalarında ağalıq etmək eşqinə düşdü. ABŞ-ın mühüm hərbi-dəniz bazasına hücum isə gələcək fəlakətinin bünövrəsi rolunu oynadı. Militarizmə böyük ümid bəslənsə də, nəticədə o, Yaponiyaya ağır məğlubiyyət və işğal bəxş etdi, II Dünya müharibəsinin sonunda ölkə fəlakətli nəticəyə düçar oldu.

Lakin qalib Amerika düşmənçiliyə baxmayaraq, Yaponiyaya kömək əlini uzatdı. Yaponiyada mütləq monarxiya əvəzinə demokratik dövlət quruldu və qısa müddətdə ölkə iqtisadi cəhətdən dirçələ bildi və ən inkişaf etmiş dövlətlərdən birinə çevrildi. Bu, yapon xalqının və onun rəhbərlərinin gec də olsa zamanın tələblərinə cavab verməsi, dünya inkişafının nəbzinə uyğun olaraq hərəkət etməsi idi. Əlbəttə, bu böyük transformasiyada yapon xalqının malik olduğu enerji və yaradıcılıq ehtirası daha aydın göründü.

Feodalizm bataqlığı yapon xalqını əzirdi, əhali yoxsul olmaqla yanaşı, zorakılıq mühitində yaşayırdı. Samuraylar ağasına sədaqət naminə doğma xalqına qənim kəsilirdi, onun "xidmət" mənasını verən adı bundan uzağa getmirdi. Kəndlilər hüquqsuz kütlə kimi zülm altında yaşayırdı. Bu bədbəxtlər insanlığa məxsus olan adlardan da məhrum idi, yalnız fəaliyyət növlərinə uyğun olaraq adlanırdılar. Ada və familiyaya malik olan samuraylar isə kəndlini heç adam da saymırdı, güman edilən adi xətaya görə onun həyatına da qəsd edə bilirdi. Samuraylar, hərbi hökmranlığın dayaqları rolunu oynayırdılar. Son syoqunun devrilməsi ilə, yeni imperator samuray sinfini ləğv etdi.

Meydzi Bərpası Qərbin təsiri altında sürətli sənayeləşmə proqramını həyata keçirdi. Lakin ölkə həm də militarizm çökəkliyinə yuvarlandı.

Qədim yaponların mistikasına görə, taledən qaçmaq mümkün deyildir, həyat özü isə sadəcə illüziyadır. Həyatın illüziya olması reallığa uyğun gəlmir. Tale barədəki konsepsiya isə həqiqətən də öz gücünü daim göstərir. Təsadüfi deyildir ki, qədim yunanlar taleyi, roku, fatumu allahlardan güclü bilirdilər. Tarixi şəxsiyyətlərin bir çoxu şöhrət gölündə üzdükləri halda, acınacaqlı sonluqla, ağlına gəlmədiyi finalla üzləşməli olmuşdu. Qay Yuli Sezarın da, Səlib yürüşlərinin cəngavərləri olan tampliyerlərin də, ispan kralı II Filippin məğlubedilməz Armadasının məhvini də, Napoleonun Rusiyaya fəlakətli yürüşdən sonra iki dəfə məğlub olub, ömrünü uzaq Müqəddəs Yelena adasında sürgündə başa vurmasını da, II Dünya müharibəsində Müttəfiqlərin qələbəsinin müəlliflərindən biri olan Uinston Çörçillə ingilis xalqının etimad göstərməməsini də buna misal göstərmək olar. İosif Stalin SSRİ adlanan dövlətin yaranmasında və inkişafında böyük xidmət göstərsə də, ölümündən sonra onun xatirəsinə müharibə elan edilmişdi. Uinston Çörçillin dediyi kimi, Xruşşov "ölü ilə müharibə aparmış, özü də məğlub olmuşdu". Ölkədə Stalin adının və xatirəsinin yox edilməsi kampaniyasına başlanmışdı. Yapon imperatoru Hirohito ölkəsini II Dünya müharibəsinə cəlb etsə də, məğlubiyyətdən sonra qalibə boyun əyərək, əsrlər boyu qəbul edilən ilahi mənşədən imtina etdiyini özü elan etmişdi. O, taxt-tacı, hər şeylə razılaşmaq hesabına saxlaya bilsə də, malik olduğu real hakimiyyətlə vidalaşmalı olmuşdu.

Yaponiya müharibədən sonra qanadları qırılmış quşu yada salırdı, lakin özünü sağalda bildi və daha möhkəm qanadların köməyi ilə iqtisadi atmosferdə uçmağı bacardı. 80 il əvvəl dünyanın nailiyyətlərini ilk dəfə görməyə gözlərini açan bu xalq II Dünya müharibəsində yenidən ağır xəstəlik keçirsə də, özünün nəyə qadir olduğunu bir daha göstərə bildi. Əlbəttə, Yaponiyanın uğurlarının sirri olduqca çoxdur, lakin bunlardan başlıcası, xalqın yeniliyə olan böyük həvəsi, qeyri-adi ehtirasıdır. Yapon hansı sahəyə əl atmışdısa, orada dünyanı təəccübləndirən xariqələrə müəlliflik etmişdir. Bu mənada xalqın yaradıcı ilhamına və fövqəl fərasətinə həsəd aparmaq olar.

  Yaponları idealizə etmək düzgün deyildir, onların da qüsurları, nöqsanları vardır, lakin ağır yaralarını qısa müddətdə sağalda bilməsi bu xalqın unikal qabiliyyətə malik olduğunu sübut edir. Yaponu Herakl kimi igidlik simvoluna çevirməyə ehtiyac yoxdur, xoşbəxtlikdən o, axırda öz enerjisini hara və necə sərf etməyi də yaxşı bacara bildi.

Yaponiya miqrantlara xoş olmayan münasibət hesabına əvvəlki izolyasiya siyasətini bu ölçüdə yenə də davam etdirir. Heç bir əcnəbiyə vətəndaş statusu verilmir.

Lakin miqrantlar ölkəsi olan ABŞ, həmçinin Böyük Britaniya oraya leqal yolla gələn əcnəbilərdən yalnız fayda görmüşdür. Kaliforniyadakı Solikon vadisindəki transmilli şirkətlərində çox sayda hindistanlı, iranlı və digər xalqlardan olan proqramistlər işləyir.

Zaman dəyişir, Yaponiya da öz siyasətində yəqin ki, dəyişiklik aparacaqdır, əcnəbilərin xidmətindən geniş istifadə edəcəkdir. Bu da yəqin ki, Yaponiya tarixinin yeni bir səhifəsi olacaqdır.

Yaponiya tarixi boyu uzun müddət qaranlıq mühitdə dolaşmışdı. Sonuncu sınağa məruz qaldıqda nüvə silahının ölüm saçan caynaqları ölkənin bədənini dağıdır, işğal olunan bu diyar iqtisadi və sosial aqoniyasını yaşayırdı. Qəribə də olsa, xalqın ruhu ölümü dəf etməyə, ölkəni yenidən dirçəltməyə qadir etdi. Qısa müddətdə bədbəxtliklərin zülmət tuneli arxada qaldı, enerjinin, inkişafa sərf olunan şəfəqləri onun orqanizminə əlavə hərarət verdi, xalq öz gələcək xoşbəxtliyinin möhkəm təməlini qoydu. Ölkə və xalq əvvəlkilərdən fərqli bir erada yaşamağa, yaratmağa başladı. Bu dəfə də yaponların həyat eşqi, onu ifadə edən ehtirası qalib gəldi.

Onillliklər ərzində Yaponiya ABŞ-ın himayəsi altında idi. Bu ona öz hərbi və texnoloji imkanlarını sakitcə inkişaf etdirməyə şərait yaratmışdı. Ölkə, hərbi-dəniz donanmasını gücləndirdi, onu Asiyadakı ən müasir donanmalardan birinə çevirdi. Bundan əlavə, sənayenin, çiplər və yarımkeçiricilər istehsalı da daxil olmaqla, əsas sahələrinin inkişafında lider oldu, bu isə qlobal iqtisadiyyatda və texnoloji qarşıdurmada onun mühüm rol oynamasını təmin edir.

Lap qədimdə yapon adaları ağır zəhmət hesabına əmələ gələn düyü tarlalarının yaşıllığına bürünmüşdü. İlahə Ametarisu bu mənzərəyə görə Yaponiyaya valeh olmuş, onu öz himayəsinə götürmüşdü. İndi isə bu ölkə gözəl şəhərləri, adaları birləşdirən körpüləri, ən müasir müəssisələri ilə heyranlıq obyektinə çevrilmişdir. İnkişaf səviyyəsinə və tətbiq etdiyi qaydalara görə ölkə başqa planetə məxsus olduğunu xatırladır.

Qəhrəmanlar haqqında söhbət təkcə onların igidliklərinə həsr olunmur, yaşadıqları adi həyat səhifələri də müəyyən maraq doğurur. Yaponiya öz tarixi, uğurları və hətta səhvləri ilə özünəməxsusluğunu təsdiq edir, adamda onu tanımaq, öyrənmək həvəsi yaradır. Lakin onun haqqında hekayət, uzadılmaq yolu ilə sui-istifadə imkanına keçməməlidir. Yaponiyanın tarixi və bu günü maraqlıdır, lakin onun gələcəyinə daha böyük ümidlər arzulamaq da xeyirxah münasibətin nişanəsi sayılmalıdır. Doğma xalqımıza bəslədiyimiz sonsuz məhəbbət ifadəsinə, başqa millətlərə də hörmət bəsləməyimizə müvafiq olaraq, uzaq Yaponiya əhalisinə də xoş gələcək diləməklə, söhbəti başa çatdırırıq, Lakin bu heç də həmin ölkəyə və yapon xalqına marağın azalması, zəifləməsi əlaməti kimi başa düşülməməlidir. Təəccübə səbəb olan hər bir şey, müşahidəçi insanın diqqətini daim özünə cəlb edir. Yaponiya və yaponlar da çox saydakı fərqli cəhətləri ilə özlərinin diqqət və yaxşı anlamaq hədəfi olmalarını saxlamaqda davam edirlər.

 

SON

 

19.10. 2025-ci il

Telman ORUCOV

525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.22.