Ana dili: xalqın tarixi,
milli kimliyin təyinatı
Müasir dilçilikdə Ana dili yalnız qrammatik və
leksik sistem kimi deyil, millətin tarixi yaddaşını, mədəni
kimliyini və dövlətçilik şüurunu
formalaşdıran əsas amildir. Bundan başqa, dil insanın
mənəvi-əxlaqi təzahürü, hissi-emosional durumu və ruhi təcəllasını əks
etdirən vasitədir. Məşhur dilçi alim Humboldt bunu dəqiq
ifadə etmişdi. O yazırdı: "Dil xalqın ruhunun təzahürüdür:
dil onun ruhu, ruh isə onun dilidir". Bu mənada, xüsusən,
qloballaşma şəraitində, bütün mənəvi və
intellektual dəyərlərin təmərküzləşdiyi
dövrdə milli dillərin qorunması problemi bir çox
dövlətlər üçün strateji xarakter alır. Azərbaycan
Respublikasında Ana dilinin qorunması və inkişafı
Prezident İlham Əliyevin siyasi fəaliyyətində
mühüm yer tutur və bu istiqamətdə səsləndirilən
fikirlər dilçilik baxımından böyük elmi maraq
doğurur.
Prezidentin bu istiqamətdəki konsepsiyası təkcə
ideoloji çağırış deyil, dövlət səviyyəsində
düşünülmüş dil siyasəti modelidir. Bu
modelin praktiki müstəvidə həyata keçirilməsi
isə elm və təhsil sahəsində konkret təşəbbüslərlə
müşayiət olunur. Bu baxımdan Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdullanın bir çox ölkələrdə
(Pakistan, Serbiya, Rumıniya, Özbəkistan, Çin, Rusiya,
Belarus, Macarıstan) dilimizin təbliği və
yayılması məqsədilə Azərbaycan dili və mədəniyyəti
mərkəzlərinin
yaradılması təşəbbüsü xüsusi əhəmiyyət
kəsb edir.
Bu, Azərbaycan dilinin daha geniş arealda
yayılmasına və dayanıqlılığına yol
açır. Azərbaycan dilinin işlək şəkildə
xarici ölkələrdə yayılması (deyək ki, ilkin
variantda, lap ibtidai formada) ciddi elmi-praktik əhəmiyyət
daşıyır. Əcnəbi vətəndaşların
dilimizlə təması respublikamıza davamlı və
sürəkli marağı təmin edir. Azərbaycan həqiqətlərinin
qlobal mənada dünyada təbliğ olunmasına ilkin şərait
yaranır.
Azərbaycan dilinin leksik-qrammatik özəllikləri,
çoxçalarlı ifadə funksiyaları, semantik
dayanıqlığı, axıcılığı, poetik
strukturu dilin mənimsənilmə vasitələrini
asanlaşdırır, onun kütləviliyini təmin edir.
Bütün bu cəhətlər xarici ölkələrdə
dilimizə marağı artırır, onun yayılma
arealını genişləndirir.
lll
Prezident İlham Əliyevin
çıxışlarında Ana dili milləti birləşdirən,
milli kimliyi qoruyan və dövlətçiliyi möhkəmləndirən
əsas amil kimi təqdim olunur. Bu yanaşma
sosiolinqvistikanın əsas prinsipləri ilə səsləşir.
Sosiolinqvistika dilin cəmiyyətdə sosial
funksiyalarını araşdırır və dili kollektiv
identikliyin əsas göstəricisi kimi qəbul edir.
Prezidentin "Dil milləti millət edir"
şüarı etnolinqvistik baxımdan dilin etnik şüurun
formalaşmasında oynadığı rolu təsdiqləyir.
Müstəmləkəçilik dövrlərinə istinad,
müstəmləkəçilikdən sonrakı illərdə
dilin milli müqavimət və kimlik qoruma xüsusiyyətini
vurğulayan dövlət başçısı bütün
bu keyfiyyətləri elmi dəqiqliklə dilçilik
kontekstində izah edir. Xarici dillərin təsiri nəticəsində
dilin müəyyən qatışıqlara məruz qalması
Prezident tərəfindən milli kimliyin tədricən zəifləməsi
təhlükəsi kimi qiymətləndirilir. Bu da dil
ideologiyası anlayışı ilə izah olunur.
lll
Dövlətimizin başçısının
çıxışlarında ana dilinin qorunmasının
birbaşa dövlətin vəzifəsi kimi təqdim edilməsi
strateji dil siyasətinin mövcudluğunu göstərir.
Müasir dilçilikdə bu siyasət dövlətin dili
normativləşdirmə, qoruma və inkişaf etdirmə mexanizmlərini
əhatə edir. Prezidentin media nümayəndələrinə,
ziyalılara və elm adamlarına ünvanladığı
çağırışlar dilin ictimai diskursda düzgün
istifadəsinin vacibliyini ön plana çıxarır. Bu
yanaşma dilin yalnız məişət səviyyəsində
deyil, elmi, mədəni və rəsmi müstəvilərdə
də qorunmasını zəruri edir.
lll
Ana dili ilə bağlı Prezident İlham Əliyevin
ortaya qoyduğu konsepsiyanın
praktiki və institusional davamı kimi akademik Kamal Abdullanın
xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti
mərkəzləri yaratmaq təşəbbüsü
xüsusilə diqqət çəkir. Bu təşəbbüs
diaspor mühitində ana dilinin qorunması, yəni
"heritage language" (miras dili) probleminə yönəlib.
Bu mərkəzlər Azərbaycan dilinin normativ
qaydalarının tədrisini təmin edir, dilin nəsillərarası
ötürülməsini gücləndirir və milli-mədəni
kimliyin qorunmasını formalaşdırır.
Prezidentin xaricdə yaşayan azərbaycanlıların
ana dilini mükəmməl bilməsi ilə bağlı
arzusunun elmi əsasda reallaşdırılması, məhz bu mərkəzlər
vasitəsilə mümkün olur. Bu arzu Ümummilli lider Heydər
Əliyevin də siyasi prioritetlərindən birini təşkil
edirdi. O, çıxışlarında, müraciətlərində,
diaspor nümayəndələri ilə görüşlərində
Azərbaycan dilinin öyrənilməsini, qorunub
saxlanılmasını, ən azı, məişət səviyyəsində
işləkliyinə nail olunmasını dəfələrlə
bəyan etmişdi. O vurğulayırdı ki, xarici dilləri
bilmək yaxşıdır, insanların inkişafına təkan
verir. Amma birinci növbədə Ana dilini mükəmməl
bilmək və onu qorumaq ən vacib vəzifə kimi
qarşıda dayanır.
Qeyd etdiyimiz kimi, akademik Kamal Abdullanın təşəbbüsü
ilə xarici ölkələrdə yaradılan Azərbaycan
dili və mədəniyyəti mərkəzləri diaspor
mühitində dilin qorunması və inkişafı
üçün model rolunu oynayır. Belə ki, 2018-ci ildə
Serbiyanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi açılıb; 10 noyabr 2022-ci il tarixində
Rumıniyanın Yassı Universitetində Azərbaycan
Multikulturalizm Mərkəzi fəaliyyətə
başlayıb; 6 iyun 2022-ci il tarixində Pakistanın
Müasir Dillər Universitetində Azərbaycan Dillər
Universitetinin təşəbbüsü ilə Azərbaycan Dil
və Mədəniyyət Mərkəzi öz işinə
başlayıb; 2 iyun 2025-ci il tarixində Özbəkistanın
Cahan Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət
Mərkəzi yaradılıb. Burada "Azərbaycanın gənc
dostları" adlı beynəlxalq layihə həyata
keçirilir və 2025-2026-cı tədris ilindən etibarən
Azərbaycan dili ayrıca fənn kimi tədris olunur. Eyni
zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət
Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
açılıb, Rusiya A.S.Puşkin adına Dövlət Rus
Dili İnstitutunda Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi fəaliyyət göstərir, Belarusun Minsk
Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər
Universitetinin təşəbbüsü ilə Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin
açılış mərasimi keçirilib, həmçinin
19 may 2024-cü il tarixində Macarıstanın Elte
Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
fəaliyyətə başlayıb.
Bu mərkəzlər Azərbaycan dilinin normativ
formalarının tədrisini təmin edir, dilin nəsillərarası
ötürülməsini gücləndirir və milli-mədəni
kimliyin qorunmasına xidmət göstərir. Dilçilik
baxımından bu model sosiolinqvistik davamlılığı təmin
edir, dil planlaşdırılmasını həyata
keçirir və milli diskursun qorunmasını dəstəkləyir,
beləliklə, ana dilinin qlobal miqyasda qorunması və təbliği
üçün praktik və institusional nümunə
yaradır.
lll
Prezident İlham Əliyevin
çıxışlarında Ana dili ilə əlaqədar irəli
sürülən ideyalardan ibarət konseptual çərçivədə
K.Abdullanın fəaliyyəti təhsil və elm müstəvisində
həyata keçirilməsi baxımından vacib əhəmiyyət
daşıyır. Bu uyğunluq da göstərir ki, Ana dilinin
qorunması Azərbaycan üçün yalnız mədəni
məsələ deyil, milli təhlükəsizlik və
dövlətçilik siyasətidir.
Dilçilik baxımından bu model sosiolinqvistik
davamlılığı təmin edir, dil
planlaşdırılmasını həyata keçirir və
milli diskursun qorunmasını dəstəkləyir.
Ana dili məsələsinə Prezident İlham Əliyevin
baxışı müasir dilçilik nəzəriyyələri
ilə uzlaşan sistemli bir konsepsiyadır. Akademik
K.Abdullanın xaricdə Azərbaycan dili və mədəniyyəti
mərkəzləri yaratması isə bu konsepsiyanın real və
effektiv tətbiq formasıdır. Bu vəhdət Azərbaycan
dilinin həm ölkə daxilində, həm də qlobal
miqyasda qorunmasına və inkişafına xidmət edir.
Beləliklə, ana dilinin qorunması və
inkişafı məsələsi dilçilik, siyasət və
milli ideologiyanın kəsişmə nöqtəsində
dayanır. Bu prosesdə dövlət iradəsi ilə elmi fəaliyyətin
sintezi həlledici rol oynayır.
Loğman RƏŞİDZADƏ
Amalya MƏHƏRRƏMZADƏ
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.19.