Şair Əjdər
Olun şeirləri ilə poetik dərdləşmə
Payızın narıncı-sarı rənginə
bürünmüş dünyada şairlər hamısı
darıxır. Çünki bu dünya onlar üçün
qürbətdi. Qəriblik alın yazısıdı
bütün şairlərin. Taleləri də qəribədir.
Heç kəs bu fanidə taleyinə güvənməsin. Necə
ki, payız rüzgarları saralmış yarpaqları
qabağına qatıb aparır, eləcə də tale
adamı hara desən, elə payız yarpağı kimi rəngdən
rəngə salaraq aparır. Ya özündən uzaqlara, ya da
kim bilir... Havada uçuşan qərib yarpaqlara baxa- baxa bilmirəm
niyə, elə qəribə taleyin yiyəsi, Azərbaycanı
canından artıq sevən Şair Əjdər Olu
xatırladım. İçində, ruhunda bu boyda sevgi ola-ola
taleyin səninlə oynadığı oyuna bax!!! Kitabları
masamın üstündə, bir kitabı isə əlimdə
- "Günəbaxan zəmisi". Van Qoqun "Günəbaxanlar"ı
gəldi ağlıma, sarı rəngin harmoniyası... Axı
sarı həm kədərin, həm də
işığın rəngidi. Şeirlərini oxuduqca ruhum
darıxdı, amma özü demişkən hələ qabaqda
gözəl günlər var... Elə bu məqamda, bu payız
ovqatıyla da şeirləriylə poetik bir söhbət eləmək,
xəyali dərdləşmək keçdi içimdən...
Salam, Əjdər müəllim.
- Salamdan gözəli nə var?
Hamıya vermək olur,
Hamıdan almaq olur.
Kefiniz necədir?
- Bu dünya hamının xətrinə dəyib,
Qara ağı sevməz, ağ bulaşmağı.
Halını soranda "Yaxşıyam" deyib
Hər adam bacarmaz yaxşılaşmağı.
Alfred Adlerin təbirincə desək, "Şairlər
yalan danışır. Amma onların yalanı xoşagələndir".
Şairlərin al-əlvan yalanları olmasaydı, dünya necə
də bomboz görünərdi. Şeirləri şairlərin
kimliyidir və onları ələ verən də elə
şeirləridir. Kimdir Əjdər Ol?
- Hansı gələn qaldı qalam, mən kiməm?
Çox şişirtmə, əziz balam, mən kiməm?
Geci-tezi çəkəcəklər məhşərə,
Canlı-cansız bir sualam, mən kiməm?
Gördüm, duydum, yazdım, sevdim,
çalışdım,
Uzaq başı Əjdər Olam, mən kiməm?
Əjdər müəllim, elə sizin
yazılarınızdan bilirəm, həyatınız heç
də rəvan olmayıb. Enişli-yoxuşlu,
girişli-çıxışlı, mərtəbə-mərtəbə,
əzabla dolu. Bəlkə elə buna görə taleyiniz sizi
şair eləyib, ya da belə deyəsi olsaq, Əzab gözəldimi,
yoxsa çəkən gözəl çəkir?
- Əzabı mən elə gözəl çəkirəm,
çəkdiyim əzabdan heç kəs usanmır.
Özüm öz başıma sığal çəkirəm
Məndən söz düşəndə söhbət
uzanmır.
Dərd məndən əlini büsbütün
çəkib,
Dərdi sonalayıb, qəmi seçirəm.
Əzabın altından bir tütün çəkib,
Üstündən şipşirin su da içirəm.
Şair uşaqdır - o, dünyanın ən gözəl
təbəssümüylə, göz yaşları içərisində
təbəssümlə gülür (Lev Karsavin). Göz
yaşını içində gizlədib təbəssümlə
gülümsəyən o uşaq kim idi?
- Çiçəkləri yeddi rəngə mən
boyadım, bilmədiniz,
Bilmədiniz nədir adım və soyadım, bilmədiniz.
Yadımdadır, göydə mələk körpələrə
bəxt yazardı,
Nə qədər ki, orda idim, nə
çaşırdı, nə azırdı.
Sığışmırdım yerə-göyə, nə
toz-duman, nə qar-şaxta,
Uçub gəldim uzaqlardan, qonub düşdüm sizin
vaxta.
"İnsan ancaq öz Məni ilə həmahəng
mühitdə xoşbəxt ola bilər. Xoşbəxtliyə
də azadlıq vermək lazımdır, - deyir Əbu Turxan.
Xoşbəxtlik daimidirmi? Xoşbəxtliyi arada xoşbəxt
edə bilirsiz?
- Xoşbəxt günlərim olub,
Anlarım olub,
Xoşbəxtliyi üzümdən
Oxuyanlarım olub.
Xoşbəxtlik qəfildən gəlir
Qəfildən gedir
Hər nədisə, tez əldən gedir.
Ən ağır yük sirdir. Xoş o yükü
daşıya bilənə (Jan de Lafonten). Sirriniz və yaxud
sirrinizi etibar elədiyiniz sirdaşınız varmı?
Sizin aranızdan bəlkə də qaçdım,
Şərik yox dərdini bölən adama.
Bəlkə də dözməyib sirrimi açdım,
Özgə planetdən gələn adama.
Ölüm bizə həyatı və var olduğumuzu
başa salan fəlsəfi anlayışdır. Ölüm də
çox adiləşdi, ucuzlaşdı elə bil...
Ölümlərin ucuz vaxtı ölmək istəmir
heç kim. Amma...
- Ölüb getdi atam-anam
Ölümlərin ucuz vaxtı.
Yerin-göyün bizə yağı,
Yağıların quduz vaxtı.
Ömrün ilk yarısı; ikinci yarısını
gözləməklə, ikinci yarısı da; ilk
yarısının həsrətiylə keçər.
Düzmü deyir Nəcib Fazil? Ömür nədir, Əjdər
müəllim?
- Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış,
yorulma,
Çalış ölmə, çalış itmə,
vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!
Vətən sevdası ayrı imandı, alayı dindi.
Bu dinə biət edənlərin gecəsi-gündüzü
olmur. Vətəni elə sevmək zülmdü? Nə
deyirsiz? Nədi Vətən sevdası?
- Kim aramır ötənini,
Ölənini, itənini?!
Hamı sevir vətənini,
Mənim sevgim bambaşqadı.
Həyat tapmacadı. Qarşıda səni hansı
sürprizlə qarşılaşdıracağını bilmədiyin.
Barışdız, yoxsa sevdiz?
Altdan altdan gizlicə sevdim həyatı, sevdim,
Daşıdığım qart adı, nimdaş soyadı
sevdim.
Poeziya söhbətdir. Artıq üzbəüz
danışmaq çox gec olan insanlarla söhbətdir (Dennis
Odriskoll). Möhkəm dost olduğunuz gözəl şair
Sabir Sarvanla bir şeirlik söhbətiniz var.
Darıxırsınızmı uzaqlarda qalan dostlar
üçün?
- Arın-arxayınam könül sarıdan,
Daha nə çək-çevir, nə elə, belə...
Ömür basməmmədi keçdi yarıdan,
Mən elə beləyəm, mən elə belə...
Dostunuz Sabir Sarvanın sizin iki şeirinizdən daha
çox xoşu gəldiyini bilirdim. Birini
ölümqabağı, xəstəxanada tez-tez deyirdi. Bəlkə
ürəyinə nəsə dammışdı? Axı
şairlər həssas olurlar...
- Mən gedərgəlməzdən qayıda bilsəm,
Dur çıx yol üstünə, gedən gələr
də...
Mən gedərgəlməzdən dönməyib
ölsəm,
Üzülmə, birdənəm, adam ölər də.
Onlar yer üzünə elə-belə gəlməyiblər.
Ona görə də başlarına gələnləri Allahdan
bildikləri üçün sevə-sevə qəbul edirlər.
Onların ruhani azadlığı onları o böyük
darıxmaqdan xilas edir... Azadlığın, istiqlalın rəngi
bir başqadı şairlərin dilində? İstiqlal nə rəngdədir?
- Ey salam tək hamıya söylədiyim istiqlal!
Rəngini yaxşı ayırd eylədiyim, istiqlal!
O böyük gün gələcək. Mütləq gələcək...
Qalibiyyət günü qarşıdadırmı?
Əjdər Ol, qarşıda yol, bir balaca çən
görürəm,
Özümü şölə saçan istəyimə
tən görürəm,
Qalibiyyət günümüz qarşıdadır, mən
görürəm,
Sevgilim tək qoluna girdim, Azərbaycanım!
Ölmədən ağ gününü
gördüm, Azərbaycanım!
Anton Çexov: "Necə də gözəl
gündür! Çaymı dəmləyim,
özümümü asım, qərar verə bilmirəm".
Deyəsən, yuxunuz gəlir?
- Çağırsaydın, qaranəfəs gələrdim,
Ayaqlarım pişik kimi büzüşmüş.
Sağ olsaydı anam,
Elə bilərdim,
İsti əli saçlarımda gəzişmiş.
Yuxum gəlir...
Qış da gəldi, bəs hanı qış yuxusu,
Nə deyirlər xeyirimdən-şərimdən?!
İndi mənim yuxum da qış yuxusu,
Bir çırtma çal, dik atılım yerimdən.
Yuxum gəlir...
"Mənə dayaq nöqtəsi verin, dünyanı
yerindən oynadım" - bunu Arximed deyirdi. Bəs sizin dayaq
nöqtəniz?
- Mən heç vaxt qapını çırpıb
getmədim,
Özümlə bacara bildim həmişə.
Təşəxxüs satmadım, təhər etmədim,
Böhtandanışmışa, yalandemişə.
Zor nə meylimdədir, nə gücümdədir,
Həyatla başbaşa, qolboyun oldum.
Mənim dayaq nöqtəm öz içimdədir,
Hər zaman könlümdən arxayın oldum.
İnsan çətin anlarında saman
çöpündən yapışır. Sizin saman
çöpünüz misralarınızdır. Biz də o
saman çöpünə ümid bəsləyirik nədənsə...
Sizcə, saman çöpünə ümid etmək olar?
- Vəssalam, tikildi şeytana papış
Misram saman çöpü... Ondan bərk
yapış.
Hərdən salamlayırmı sizi canınızdan
çox sevdiyiniz Vətən Xəzri dilində, Giləvar
dilində? Bakı küləyi üçün
darıxırsız?
- Bir adın Xəzridir, biri Gilavar,
Gəmiyə yelkənsən, qayığa avar,
Arxamsan, Bakıdan səni kim qovar,
Qoşunlu, alaylı Bakı küləyi!
İnsan həmişə bütün görə bilmədiyi,
alayarımçıq işləri vaxtın üstünə
atır. Vaxt həmişə ya uçur, ya da ləngiyir. Siz
nə deyirsiz, vaxt gedir?
- Payız soldu... qışı qəfil şaxta
vurdu,
Qaranquşlar uçub gəldi yuva qurdu.
indi də yaz baş qaldırır
puçur-puçur,
Vaxt getmir ki... Vaxt ya qaçır, ya da uçur.
Hə, gəldik söhbətimizin son məqamına.
Sonda ayrılıq var, sonda həsrət var, sonda darıxmaq
var, sonda bir ev var, gözləmək var, sonda gələcəyə
ümid var, işıq var. Var, var, var... Yollarınız
işıqlı, ümidli olsun. Biz də yeni şeir və
romanlarınızı ümidlə gözləyirik. Hələlik,
sağ olun, Əjdər müəllim!
- "Sağ ol" dan gözəl nə var?
Bəzən bircə "sağ ol" dan
tamam sağalmaq olur.
Üzü işığa və üzü evə
sarı... Bulud yavaş-yavaş çəkilir. Əlçatanda
bir ev görünür. İşıq yaxınlşır...
...Tutulub göy üzü,
Payızdır, gün gödək.
Görmürəm öy üzü,
Evimizə gedək!
lll
... Yandır tutqun üzünün
sönmüş işıqlarını
Ürəkləndir həm bizi,
həm də uşaqlarını...
Gülnarə CƏMALƏDDİN
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.18.