Allahın ucaltdığı baş
Bu misraları 1901-ci ilin oktyabrında Bakıda
qapılarını Azərbaycan qızları
üçün ilk dəfə açan Birinci Müsəlman
Qız Məktəbinin müəllimlərindən olmuş
böyük şair Hüseyn Cavid yazıb: "Qadın
gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla
yüksələcək!"
Bu, hər kəsin dərk etdiyi, doğruluğuna
inandığı həqiqətdir. Cəmiyyətin özəyi
olan ailə qadından başlanırsa, aydındır ki, bu həqiqət
şüurlu insan var olduqca elə indiki gücündə olub.
Aşağı-yuxarı XX əsrin ortalarından üzü
bəri ta bizim günlərəcən qadının
mühitimizdəki çoxdan məhz belə olmasına
alışdığımız aparıcı yeri ilə elə
həmin yüzilin əvvəllərindəki vəziyyətini
tutuşduran yeni zamanın tarixə nabələd insanı
heyrətlənər ki, belə cəmiyyət necə
yaşayırmış, niyə müvazinətindən
çıxmırmış?
Lakin zənnimcə, ikiqat heyrətli, həm də
çox ibrətli və düşündürücü
olansa ardıcıl savad almamış, yazı-pozudan, kitabdan-dəftərdən
uzaq bir adamın artıq XIX yüzilin sonlarından etibarən
çətin maneələri aşa-aşa qibtəediləsi
bir ardıcıllıq və dəyanətlə Azərbaycan
qadınını maarifləndirmək, onu cəmiyyətin
aparıcı bir hissəsinə çevirmək yolunda sadəcə
iş görməməsi, məqsədli mübarizə
aparmasıdır. Bu, dünyada misli az görünən bir nəciblik
missiyasıdır ki, onun təkanının haradan gəldiyini
- bir ürəyə İlahidənmi qonduğunu, ya qeyrətli
bir kişinin öz qız balalarının da sabah içərisində
yaşayacağı mühitin daha sağlam olması naminə
səylərindənmi yarandığını, yaxud millətinə,
yurduna sonsuz sevgidənmi qaynaqlandığını indi müəyyən
etmək mümkünsüzdür. Amma hər halda bu
ehtimalların hər birinin izi o dürüst və xeyirxah əməldə
hökmən var.
İşinin adı pul qazanmaq, sərvət toplamaq
olan, yaxın vaxtlaracan hər qəpiyi qazanmaqçün nə
qədər ağır zəhmətlərə
qatlaşmağın gərək olduğunu şəxsi təcrübəsindən
yaxşı bilən bir adamın çoxlarının qəfil
gələn zənginlikdən harınladığı
çağda bir-birindən müdrik addımlar atması,
ümummilli mənafeyə xidmət edən işlər görməsi,
o sıradan, vətəninin tarixində ilk qızlar məktəbi
açması üçün var gücüylə
çalışmağa başlaması həm İlahinin, həm
Vaxtın, həm də Millət Aqibətinin sifarişi idi.
XIX yüzilin sonları, XX əsrin əvvəllərində,
Bakının Qala divarları arasından asta-asta dışarıya
çıxdığı, İçəri şəhərin
onillər ötüncə ondan qat-qat böyük olacaq
davamı Bayır şəhərə doğru böyüməyə
başladığı günlərdə səhərlər əllərdə
təzə qəzetlər satılardı və onlardan biri, həm
də ən nüfuzlusu hər sayı elə balaca bir kitab
kimi əhatəli olan, bütün olub-olacaqları əhatə
edən "Kaspi" qəzeti idi.
İlk dəfə 1881-ci ildə işıq
üzü görən bu qəzet tədricən şöhrətlənmişdi
və yeni əsrin əvvəllərində artıq yalnız
Qafqazda deyil, rus imperiyasının bir sıra şəhərlərində,
eləcə də bəzi Avropa ölkələrində yayılıb
oxunurdu. 1884-cü ildən etibarən gündəlik nəşr
edilən və dövrünün ən ciddi mətbuat
nümunələrindən birinə çevrilmiş
"Kaspi" redaksiyasına 1897-ci ilə qədər (arada 3
aya yaxın müddətdə Məhəmməd ağa
Şahtaxtinskinin (1846-1931) redaktorluğunu nəzərə almasaq)
milliyyətcə rus olan şəxslər rəhbərlik
etmişdi. Yeni zamanın həm də söz dövrü
olduğunu, qəzetin təzə vaxtın içərisində
getdikcə kəskin və gərəkli silaha çevrildiyini
duyan Zeynalabdin Tağıyev 1897-ci ildə "Kaspi"ni
alır və redaktorluq da Əlimərdan bəy
Topçubaşova tapşırılır. Bakı həyatının
güzgüsünə dönən və hər məlumatı,
elanı, irili-xırdalı məqaləsi şəhər
camaatı arasında müzakirə mövzusuna çevrilən
qəzetin 1901-ci il aprel ayının 22-də çıxan
sayında dərc edilən xəbərdə bildirilirdi ki, bu
axşam Hacı Zeynalabdin Tağıyevin evində Aleksandrinski
Rus-Müsəlman Qızlar Məktəbinin Hamilər
Şurasının yığıncağı olacaq.
Həmin yığıncaqda nələrdən
söhbət gedəcəyi də burada qeyd olunub: tədris
personalı müəyyənləşdiriləcək,
qızların geyim forması haqqında qənaətlər
yekunlaşdırılacaq və məktəbin başlanacaq
gündəlik həyatı ilə əlaqədar bəzi təfərrüatlar
müzakirə ediləcək.
Qəzetin bu xəbəri zahirən Hamilər
Şurasının üzvlərini həmin
yığıncağa dəvət edirdisə də, əslində
məqsəd hamını yaxın günlərin əlamətdar
hadisəsindən xəbərdar etməkdi.
Təlaşlı, narahat günlər arxada
qalmışdı. O narahat günlər ki, məktəbin
açılıb-açılmayacağı, bu sevdanın
baş tutub-tutmayacağı qapqaranlıq sual altında idi,
artıq dünən idi.
Redaktorla qəzet sahibinin - Əlimərdan bəylə
Hacı Zeynalabdin Tağıyevin bu yöndəki fəaliyyətləri
sinxron davam edir: "Kaspi"nin sonrakı saylarında da
Qız məktəbi ilə əlaqədar ayrı-ayrı xəbərlər
işıq üzü görməkdədir.
Ancaq günlər vardı ki, bu niyyət hələ
ürəkdə idi və indi açılacaq məktəbin
binasının yerləşdiyi ərazisi də bomboş bir
sahə idi.
Və milyonçu Tağıyev həyatının ən
böyük arzularından birini gerçəkləşdirmək
yolunda nə qədər nigaran aylar, günlər
yaşamışdı.
Əvvəlcə məqsəd bu imiş ki, həmin
boş ərazidə böyük bir məscid tikilsin. Əlbəttə,
bu, şəhər rəhbərliyinin deyil, içərişəhərli
ağsaqqalların, Abşeron ruhanilərinin istəyi və
müəyyən mənada həm də tələbi idi ki, məhz
həmin yerdə Azərbaycanın və Bakının ən əzəmətli
məscidi ucalsın.
Bakının ən böyük məscidinin ayrı
bir məkanda yox, məhz tən mərkəzdə, o boş ərazidə
tikilməsi istəyi təsadüfən
yaranmayıbmış. Çünki az aralıda, bir qədər
yuxarıdakı Persidski adlanan küçədə (indi
Murtuza Muxtarov) təkcə Bakıdakı deyil, bütün
Qafqazdakı ən iri kilsə yüksəlməkdə idi. Həmin
Aleksandr Nevski kilsəsinin hündürlüyü 55 metr idi və
onun inşa edilməsinəcən Bakının ən
hündür tikilisi ucalığı 28 metr olan Qız
qalası idi. Aleksandr Nevski kilsəsini bəlkə də qəsdən,
siyasi məqsədlərlə Qız qalasından ikiqat
hündür etmişdilər. Bakıya qədəm basan insan
ilkin olaraq uzaqdan elə Aleksandr Nevski kilsəsini
görürdü. Aleksandr Nevski kilsəsinin el
arasındakı adı həm də "Qızıllı
kilsə" idi. Çünki günbəzi qızıldan
idi, ya qızıl suyuna çəkilmişdi və günəş
bərq vuranda par-par yanırdı.
Gendən gəl-gəl deyən Aleksandr Nevski kilsəsinin
tam mərkəzdə yerləşməsinin, bu
hündürlükdə olmasının məhz siyasi səciyyə
daşımasının bir sübutu da ondan ibarətdi ki,
1888-ci ildə həmin kilsənin təməlqoyma mərasiminə
Çar III Aleksandr şəxsən özü təşrif gətirmişdi
və həm də tək gəlməmişdi. Ailəsi ilə
birgə idi və yanında da az sonra taxta çıxacaq vəliəhd
II Nikolay.
Bakının hər nöqtəsindən görünəcək
və elə çar hökumətinin düşüncəsinə
uyğun olaraq müəyyən mənada Bakının rəmzlərindən
birinə çevriləcək Aleksandr Nevski kilsəsinin
inşası 1898-ci ildə başa çatır. Kilsənin zəngi
çalınır və ta 1938-ci ilə qədər - Bibiheybət
məscidi ilə bərabər, Aleksandr Nevski kilsəsini də
allahsız kommunistlər dağıdanadək hər gün o
səda Bakı boyu yayılır.
Əski ədəbiyyatımızın mükəmməl
araşdırıcısı, həm də yaxşı
şair olan Cəfər Rəmzi İsmayılzadə
(1905-1996) 91 il ömür sürdü və Hacı Zeynalabdin
Tağıyevi görənlərdən və Hacının Mərdəkanda
tikdirdiyi məktəbi bitirənlərdən idi. Qız məktəbi
kimi tikilən, sonralar Darülmüəlliminə çevrilən
bina da ona doğma idi. Cəfər müəllim də 1920-ci
illərdə orada təhsil almışdı. Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda onunla eyni şöbədə işləyirdik,
yanaşı masalarda otururduq və yeri düşdükcə
qocaman həmkarım məni hekayətləri ilə həmin
günlərə aparırdı.
Qızıllı kilsə haqqında da birinci dəfə
o mənə 1980-ci illərin əvvəllərində
danışmışdı, şəklini də
bağışlamışdı, həmin fotonusa sovet
dövründə hansısa arxivdə belə görmək
imkan xaricində idi. Cəfər müəllim söyləyirdi
ki, səhər dan yeri qızaranda elə sanırdın ki,
Bakının səmasında iki günəş var.
Çünki günəşin şəfəqləri
Aleksandr Nevski kilsəsinin qübbəsinə düşəndə
onun qızılı qübbəsi elə ikinci günəş
kimi bərq vururdu.
Cəfər müəllim bu əhvalatı da
danışırdı ki, bir dəfə Mərdəkanda
çörək satılan köşkün yanında
imiş, bu əsnada Hacı Zeynalabdin Tağıyev faytonla
oradan keçib gedir. Çörək dükanının
yanına Mərdəkanın ağsaqqalları
toplaşıbmışlar və Hacı keçib gedəndən
sonra öz aralarında nəsə
pıçıldaşırlar və bir az ötüncə,
Hacı geri dönürkən onlardan biri qalxır, dayanır
faytonun qabağında, hörmətlə salam verəndən
sonra Tağıyevi təndirdən təzəcə
çıxmış çörəkdən bir tikə kəsməyə
dəvət edir.
Hacı da arif adammış, yaxşı anlayır ki,
onu dəvət edirlərsə, məqsəd çörək
söhbəti deyil, nəsə umacaqları var.
Faytondan enir, gəlir onlarla bir yerdə əyləşir,
kəlmə kəsirlər, hal-əhval tuturlar, ağsaqqallar
qayıdır ki, Hacı, kəndimiz sizdən çox
razıdır. Mərdəkan üçün çox işlər
görmüsünüz. Ancaq indi bir ayrı təvəqqemiz
var. Həm də bu, bütün kənd camaatının istəyidir.
Kəndin bu başında bir yaxşı məscidimiz var. Elə
onu da siz tikdirmisiniz. Ancaq kəndin o başıyla bu
başının arası xeyli məsafədir. İlin
payızı, onun yağışı, küləyi var, ilin
qarı, şaxtası ilə qışı var. Camaatın o
başdan bu başa gəlməsi ağır məsələdir.
Əhalimiz qış günlərində, payızda məscid
yolunda çox əziyyət çəkir. Məsləhətdir
ki, bu savab əmələ də qol atasınız, kəndin o
başında da bir məscid tikilməsinə səxavətinizi
əsirgəməyəsiniz.
Hacı Zeynalabdin Tağıyev dillənir ki, sizin kənddə
mən bir məktəb tikdirmişəm. Əgər
lazımdırsa, ikinci məktəb də tikdirərəm.
Ancaq ikinci məscid mənlik deyil.
Ətrafdakıların ona şaşqınlıqla,
sualedici nəzərlərlə baxdığını
görüncə davam edir: "Çünki ikinci məscid
olsa, biri şiəyəm deyib bu məscidə gələcək,
o birisi sünniyəm deyib digər məscidə yollanacaq.
Etiqad fərqliliyi yaranacaq, ikinci məscid kəndin
camaatını bir-birindən ayıracaq".
Hacı belə hacı imiş. O, dinin də qədrini
və yerini, maarifin də mənasını və məqamını
gözəlcə bilirmiş, dediyini də yeritməyi
bacarırmış.
Elə Bakıda baş verən də təqribən
buna oxşar hadisədir.
Aleksandr Nevski kilsəsi hər gün şəhərin
təəssübkeş insanlarının, ruhanilərinin, lap
elə sıravi sakinlərinin gözü qabağında idi.
İnsanların şəstinə toxunurdu ki, axı Bakı
xristian şəhəri deyil bu yekəlikdə kilsəsi ola,
niyə bura yaxından-uzaqdan qonaq gələn hara baxsa, gərək
birinci o kilsəni görə, burada azı o möhtəşəmlikdə
məscid olmalıdır. Ona görə də qərar
qoyublarmış ki, yığışıb şəhər
bələdiyyəsinə, Dumaya müraciət etsinlər,
Qala divarlarının yanındakı boş ərazidə məscid
tikməyə icazə alsınlar. Ancaq hökumət tərəddüdlü
imiş, yəqin, elə kilsənin orada olmasına görə
yaxın bir yerdə nəhəng məscidin tikilməsinə
heç cürə razılıq vermək istəmirmiş.
Əslində o məscid tikiləcəksə, camaat elə
onun da maliyyəsinin ödənməsi məsələsində
yardımı Tağıyevdən istəmək fikrində
idi.
Ancaq Hacının qəsdi başqa idi. O, qət
etmişdi ki, Bakıda qız məktəbi olmalıdır və
haqqında düşündüyü məktəbin tikintisi
üçün də məhz həmin yeri gözaltı
etmişdi. Burasını da götür-qoy edirdi ki, hökumət
həmin yeri məscid tikintisi üçün ayırmaqda
maraqlı deyilsə də, din məsələsi olduğuna
görə hələlik süründürməçiliyə
salmaqla bu həssas müraciəti nisbətən soyutmaq,
gündəlikdən ehmallıca çıxarmaq fikrindədir.
Ona görə də Hacı bunun özünü də bir
münasib girəvə hesab edərək həmin yeri qız məktəbinin
binasını yerləşdirmək üçün istəyir.
Hesablaması doğru çıxır, həmin məkanda
Qafqazın ən böyük məscidinin tikintisi
üçün növbəti dəfə müraciət edilməsin
deyə şəhər rəhbərliyi müvafiq məşvərətlərdən
sonra orada qız məktəbinin tikilməsinə rüsxət
verir.
XIX yüzilliyin sonlarında, XX əsrin əvvəllərində
Bakıda müxtəlif məsul idarələrin yerləşdiyi
binalar nə qədər vacib idisə və oralarda nə qədər
mühüm məsələlər həll edilirdisə,
Hacı Zeynalabdin Tağıyevin özünün
yaşadığı mülk də bir o qədər əhəmiyyətli
idi. Təbii, binadan-binaya fərq var. Lap təmtəraqlı da
ola bilər, ortabab da, lap sadə də. Bina binadır, onu
hörmətə mindirən, ona əzəmət verən
daşı, torpağı, kərpici,
ucalığı-alçaqlığı deyil, içərisindəki
insanlardır.
Və Tağıyevin mülkünü də şəhər
idarəçilərinin yerləşdiyi binalar mərtəbəsinə
qaldıran orada oturan şəxsiyyət idi.
Bir yandan baxanda bura da mahiyyətcə başqa evlər
kimi bir ailənin yaşadığı imarət idi. Ancaq
Hacı Zeynalabdin Tağıyevin evini adi mənzillərdən
seçdirən ilk növbədə oranın bir mərkəz
olması idi. Bakının da, Azərbaycanın da,
ayrı-ayrı insanların da taleyindəki həlledici hadisələrin
əksəri burada baş verirdi. Bu binadakı otaqlarda, iş
masasının arxasında Hacı Zeynalabdin Tağıyevin gərgin,
narahat fikirlərlə baş-başa qaldığı saatlar
da az olmamışdı, Tağıyev sarayının
qapılarını təntənəli ziyafətlər
üçün açdığı günlərin də
sayı çox idi. Hər ziyafətin arxasında yemək,
içmək, şənlənməkdən savayı həmişə
xüsusi məqsədlər də vardı, elə
axşamlarda yeyə-içə hansısa ən qəliz məsələlər
də həll olunurdu. Hacı Zeynalabdin Tağıyevin bu
mülkünə Rusiyadan da, xarici ölkələrdən də
səlahiyyətləri geniş, sözükeçər
mötəbər qonaqlar tez-tez gəlirdi. Hacı da bu isti təmas
anlarından özünəxas müdriklik və ustalıqla,
ürəyindəki əsas arzunun, qız məktəbinin
gerçəkləşməsi yolunda ayrı-ayrı çətin
məsələlərin həlli üçün də məharətlə
istifadə etmişdi.
Hacı Zeynalabdin Tağıyev iş adamı idi. Təbii
ki, ürəyinə bu qız məktəbini yaratmaq arzusu
düşənəcən də yüzlərlə başqa
layihələri olmuşdu. Evdə-eşikdə o söhbətləri
heç açmazdı. Ancaq qız məktəbi söhbətini
həm də evin, ailənin qayğılarından birinə
çevirmişdi. İstəyirdi ki, ailəsi də bu
işin içərisində olsun. Məktəbin
açılması ərəfəsində isə artıq həyat
yoldaşını da Hamilər Şurasının üzvlərindən
biri etdi. Başqa sözlə, Qız məktəbinə
Hacı Zeynalabdin Tağıyev həyatının,
keçdiyi yolun ən taleyüklü biri kimi
yanaşırdı.
Azərbaycanın ilk əmək naziri olmuş Əhməd
bəy Pepinov-Ömərbəyovun (1893-1938) qızının
- unudulmaz Sevda xanım Pepinovanın babası Həsən bəy
Ağayev də, nənəsi Xədicə xanım Ağazadə
də həmin Qız məktəbində işləmişdilər.
Xədicə xanım söyləyirmiş ki, Bakıda
türk qızları üçün məktəb qurmaq həvəsi
Hacı Zeynalabdin Tağıyevin ürəyinə hələ
1880-ci illərin sonlarından, çar Bakıya səfər
edərkən düşübmüş. Bununçün də
çar ailəsinə və ətrafına
yaxınlaşmağın yollarını arayırmış.
Hətta söz gəzirmiş ki, bir senator vasitəsilə
çarın zövcəsinə qiymətli hədiyyə də
göndərib. Tağıyev tədbirli adam idi, bütün
yolları araşdırandan sonra bu fikrə gəlibmiş ki,
müraciətlərlə, rəsmi ərizələrlə nəyəsə
nail olmaq müşküldür, çünki çar
hökumətinin Azərbaycandakı hədəfləri
sırasında haçansa qız məktəbinin
açılmasına icazə vermək fikri yoxdu. Bəs neyləməli?
Ona görə də belə bir tədbir
tökmüşdü ki, bu məsələləri həll
etməkçün yuxarılardakı səlahiyyətli
adamları maraqlandırsın, onlar özləri daha
yuxarılara müraciət etsinlər və Bakıda qız məktəbinin
açılması təklifinin özü də elə
oralardan gəlsin, Hacıya sadəcə icranı
tapşırsınlar. Ona görə də Tağıyev həm
Peterburqda tanışlar, əlaqələr, vasitələr
tapmışdı, həm Qafqaz Tədris Dairəsinin rəhbərliyi
ilə işləmişdi, həm də Bakı
quberniyasının və Dağıstan vilayətinin Xalq məktəblər
idarəsinin rəisi ilə yaxınlıq
yaratmışdı. Görülmüş işlərin nəticəsi
olaraq 1896-cı il mart ayının 22-də Hacı Zeynalabdin
Tağıyev Bakı quberniyası və Dağıstan məktəblər
idarəsinin rəisi A.S.Txorjevskidən məktub alır. O məktub
Tağıyev üçün də, onun ailəsindən
ötrü də əsl Novruz bayramı hədiyyəsi idi.
Çünki Txorjevskinin məktubunda hökumət adından
təklif olunurdu ki, Bakıda qız məktəbi
yaradılsın və Hacı Zeynalabdin Tağıyev də
imkanı daxilində o məktəbin tikilməsinə,
qurulmasına kömək eləsin.
Əslində bu məktubda əksini tapanlar Hacı
Zeynalabdin Tağıyevin öz fikirləri idi. Ancaq işi elə
qurmuşdu ki, bu fikirlər, bu təkliflər artıq ona
yuxarıdan, hökumətin tapşırığı kimi gəlirdi.
Hər şey necə
düşünülmüşdüsə, o cürə də
gedirdi. Hacı Zeynalabdin Tağıyevin evində Qafqaz Tədris
Dairəsinin rəisi də olmuşdu, Bakı quberniyası və
Dağıstan vilayəti Xalq məktəbləri idarəsinin
müdiri də. Eləcə də Peterburqdan bu məsələlərin
həlli yolundakı vasitəçi adamlara - niyyətin,
müraciətin ən yüksək mərtəbəyə
çatmasına və müsbət həll olunmasına
kömək edə biləcək şəxslərə
Hacı öz evində qonaqpərvərlik göstərmişdi.
Tağıyevin öz təklifi və arzusu ona
hökumətin müraciəti və xahişi kimi gəlib
çatırdı. Qafqaz Tədris Dairəsindən, Bakı
quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri
idarəsindən gələn məktublarda deyilirdi ki,
qarşıda bizi müqəddəs təntənə -
Çar II Nikolayın tacqoyma mərasimi gözləyir. Bu
hadisə ilə əlaqədar imkanı olanların hər
biri müəyyən addımlar atmalıdır. Sizdən də
xahişimiz ondan ibarətdir ki, Bakıda qurulmasını istədiyimiz
rus-müsəlman qız məktəbinin tikilməsi
üçün köməklik göstərəsiniz, ianələr
ayırasınız. Ancaq bir əlavə xahişimiz də var
ki, açılacaq təhsil müəssisəsi
çarın qızının şərəfinə
"Olginski məktəbi" adlandırılsın.
Hacı Zeynalabdin Tağıyev məktubu alır, nə
istəyirdisə, bu namədə hamısı əksini
tapmışdı, ancaq bir məsələ ilə
razılaşmır.
Yuxarıdan gələn məktubla
razılaşmamağın nə demək olduğunu Hacı
Zeynalabdin Tağıyev yaxşı anlayırdı. Ancaq onun
razılaşmamasının arxasında da bir başqa siyasət
dayanmışdı. Hacı ləngimədən cavab məktubu
göndərir. Cavabında yazırdı ki, çarın
müqəddəs tacqoyma mərasimi ilə əlaqədar
öhdəmə düşən nə vəzifə varsa,
cani-dildən yerinə yetirməyə hazıram və
bunları özüm üçün şərəf hesab
edirəm. Ancaq xahişim də ondan ibarətdir ki, Bakıda
açılacaq bu müsəlman qız məktəbini
çarın qızı Olqanın deyil, çarın həyat
yoldaşı Aleksandra Fyodorovnanın (1872-1918) adı ilə
adlandıraq.
Hacı uzaqlara baxırdı, sabahı fikirləşirdi.
Bilirdi ki, qız məktəbi ilə bağlı onun gələcəkdə
də müəyyən tədbirləri, layihələri, niyyətləri
olacaq. Onların həyata keçməsi, irəliləməsi
də yenə Peterburqla, çar imzası ilə əlaqədar
olacaq. Ona görə də bəri başdan məktəbə
çarın həyat yoldaşının adının verilməsi
ilə gələcək işlərinin müsbət həll
olunması üçün münasib təməl
hazırlayırdı.
Bu söhbət də bizə ayrı-ayrı
qaynaqlardan və xatirələrdən gəlib çatıb
ki, Hacı Zeynalabdin Tağıyev həmin məsələlərin
həlli əsnasında çarın həyat yoldaşı
Aleksandra Fyodorovnaya bahalı zinət sovqatı da göndəribmiş.
Pul Hacı Zeynalabdin Tağıyevin başına
göydən yağmırdı. Nəyi vardısa,
hamısını zəhməti və ağlıyla
qazanmışdı.
Və sərvətindən sağa-sola, ən müxtəlif
insanlara səxavətlə paylayırdısa, ona-buna kömək
eləməkdən heç vaxt yaxasını kənara
çəkmirdisə, bu da yalnız ona görə deyildi ki, qəlbi
genişdi, həddindən artıq əliaçıq idi. Pulu
ağlla və zəhmətlə qazanan onu heç vaxt
gözüyumulu, hara gəldi xərcləməz.
Tağıyev fikir adamı idi. Hacı göründüyü
sadəlikdən qat-qat mürəkkəb və dərinmiş.
Ömrünün və yolunun bütöv mənzərəsinin
pıçıldadığı gerçək budur ki, o,
mahiyyətcə millət quruculuğu ilə məşğul
olan şəxsiyyətmiş. Belə olmasaydı,
ayrı-ayrı gənc azərbaycanlıları müxtəlif
şəhərlərə təhsil almağa göndərməzdi,
belə olmasaydı, Abşeronda və Bakıda
maarifçiliklə məşğul olmazdı,
sıra-sıra məktəblər tikdirməzdi, belə
olmasaydı, teatr açmazdı, sənətin
inkişafına kömək etməzdi, aktyorlara arxa
durmazdı. Bütün bunları və bu qəbildən olan
işləri görürdü ki, milləti sabah daha
güclü olsun. Elə onu qız məktəbini yaratmağa
sövq edən də yurdun və xalqın gələcəyi
ilə bağlı düşüncələrdi. Bunlar
yalnız mülahizələr deyil, bizim ayrı-ayrı hadisələri
təhlil edərək gəldiyimiz nəticələr deyil, bu
qənaəti Hacı Zeynalabdin Tağıyev özü də
söyləyib. Qız məktəbi yaratmaq fikrinə yenicə
düşdüyü, bu fikrini ən yaxın dostları və
məhrəmləri ilə bölüşdüyü günlərdə
ona canıyananlıqla deyirlər ki, bu arzudan vaz keç, xam xəyaldır,
nə illah etsən də, baş tutan məsələ deyil.
Hacı razılaşmır. Deyir ki, mən bu məqsədimə
mütləq çatacam. Çünki mən bu işə
millətin gələcəyi kimi baxıram. İndi, Allaha
şükür, yollar açılıb, cavanlarımız
gedirlər Avropada, Rusiyanın universitetlərində təhsil
alırlar, yüksək bilik qazanırlar, qayıdıb gəlirlər.
Amma qayıdıb gələndə görürsən ki, hərəsinin
yanında bir ayrı millətdən olan qız var. Bu da səbəbsiz
deyil. Çünki gediblər, yüksək təhsil
alıblar, ayrı bir mədəni mühitin içərisində
olublar, səviyyələri bir az da artıb. Fikirləşirlər
ki, qayıdandan sonra ailə qurmaq istəyəndə nə
qohum-əqrəbanın, nə dost-tanışın
arasından özlərinə uyğun, özlərinə
layiq qız tapa biləcəklər, ona görə özlərinə
oradaca münasib xanımlar tapıb evlənirlər. Sabah
bunların uşaqları dünyaya gələcək. Ayrı
millətdən olan analarının tərbiyəsi ilə
böyüyən o uşaqlar daha təmiz azərbaycanlı
olmayacaqlar. Həmin səbəbdən də mənim bu məktəbi
yaratmaqda məqsədim odur ki, qızlarımız savadlı,
dünyagörüşlü olsunlar ki, oğlanlarımız
da başqa səmtlərə üz tutmasınlar, öz
qızlarımızla ailə həyatı qursunlar.
Eyni düşüncəni Hacı Zeynalabdin
Tağıyev vaxtilə Məhəmməd ağa Şahtaxtinskiyə
göndərdiyi bir məktubunda da açıqca ifadə
edirdi: "Müsəlman ailə həyatını və onun
bütün çatışmazlıqlarını mən
çox yaxşı bilirəm. Müsəlman
qadınını indi düşdüyü qapalı, fanatik həyatdan
tədricən çıxarmaqdan ötrü yeganə yol var
ki, məktəb, yenə məktəb! Ancaq həmin məktəbi
elə bacarıqla yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar
heç bir kənar fikir olmadan ona rəğbətlə
yanaşsınlar və öz qızlarını etibar edib ora
göndərsinlər".
Tağıyev bu düşüncələri və hərəkətləriylə
sadəcə bir mesenat, xeyirxah milyonçu olmaq
hüdudlarından çıxaraq, sözün peşəkar
mənasında maarifçi mərtəbəsinə, yeni
dövrdə xalqın saf ziyalı qanını
qarışmalardan qorumaq kimi ciddi millət məsələsinin
həllinə töhfələrini verən ictimai xadim yüksəkliyinə
qalxır.
Tağıyev belə yazanda, belə düşünəndə,
bu istiqamətdə fədakarlıqla işlər görəndə
şura hökumətinin "Rədd olsun çadra!",
"Qadınlara azadlıq!" şüarlarıyla
başlayacağı hərəkata hələ onillər
qalırdı.
Savadı yetərincə dərin olmayanların
"bisavad" dediyi böyük Hacı Zeynalabdin Tağıyev
belə "basavad", belə xalqçı, belə gələcəkçi
düşünürdü.
Tağıyevin dövründə Bakının
başqa neftxudaları da olub ki, pula pul deməyiblər.
Hacının etdiklərini etməyiblər axı! Füsunkar
imarətlər tikdirməyi, adda-budda himayədarlıqları
demirəm (hərçənd bunlar da sayğıya layiqdir),
ardıcıl, düşünülmüş, bir sabit xətt
olaraq aparılan belə fəaliyyət onların heç
birində olmayıb. Həm də qız məktəbi
açmaq niyyəti hamıya bəlli olandan və bu yöndə
işlər sürətlənməyə üz qoyandan sonra
Hacının ən dürlü rəsmi razılıqları
almaq yolunda çəkdiyi əziyyətlərdən
savayı, qarşılaşdığı az qala düşmən
mövqeli əleyhdarları da vardı axı! Özü də
bir yox, beş yox, onlarla - qaragüruh, qatı
mövhumatçılar, mürtəce ruhanilər və
onların felinə uyan sayı bilinməyən cahillər,
korazehinlər.
Hansı mühitdə yaşadığını,
kimlərlə əhatələndiyini gözəlcə anlayan
Hacı bütün bunlardan işini başlamamışdan
agahdı və həmin səbəbdən də ruhanilərin
arasından da mütərəqqi düşünənlər,
alim siqlətlilər, həyata ayıq nəzərlərlə
baxmağa qadir olanlarla yaxınlıq edirdi, cəhalət
odrusunun həmlələrini bu nurlu insanların köməyi
ilə səngitməyə cəhd edirdi.
Bu da Hacının daha bir incə siyasəti idi. Belə
tədbirli hərəkət etməsəydi, lap yüz rəsmi
razılıq olsa belə, çətin ki, onun müsəlman,
türk qızlar üçün ayrıca məktəb
açmaq istəyi gerçəkləşəydi.
Hökumət razılığını verəcəkdi,
Hacı bütün xərclərini çəkərək
binanı da tikdirəcəkdi, qaragüruhun qorxusu və
qınağından çəkinərək o məktəbə
uşağını göndərən olmayacaqdı və nəticədə
Rusiyadakı ilk türk-müsəlman qız məktəbinin əvəzinə
ən yaxşı halda Bakıdakı daha bir rusdilli qız
gimnaziyası artacaqdı.
Hacının bir müdrikliyi də bu idi ki, Axund
Əbu Turab, Şeyxülislam Əbdüssalam Axundzadə
(1843-1907), Bakı qazisi Hacı Molla Cavad (1871-1954) onunla
çiyin-çiyinə idi, görkəmli ədib müfti
Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) onun ən
etibarlı müdafiəçisi və həmfikri idi.
Sözü cəmiyyətə eşidilən
aydınlar da Hacıya dayaq idilər. Onların qələmi və
sözü Hacının dedikləri və etdikləriylə
həmahəng idi. Nəriman Nərimanov 1900-cü ildə
Bakıda nəşr olunmuş "Hacı Zeynalabdin
Tağıyevin 50 illik məişəti və cəmaətə
xidmətləri" adlı kitabçasında həmin məsələnin
üstündə məxsusi dayanırdı: "Axır
zamanda oğlanlarımız mədəniyyət dalınca
gedib mərifətdə tərəqqi edirlər. Pəs bu mədəniyyətli,
mərifətli cavanlarımıza mədəniyyətli, mərifətli
övrətlər lazım gəlməyirmi? Günbəgün
təhsilli cavanların hesabı artır, amma çifayda, həmin
cavanlar evlənməkdən əsla fikir etmirlər,
çünki təhsilli qızlarımız yoxdur və təhsilsiz
qızları özlərinə ömürlük yoldaş
etmək məzkurlar üçün böyük məsələdir.
Hörmətli Hacının bu məsələlərdə
bizimlə həmfikir olmağına şübhəmiz yoxdur. Hərçənd
bir neçə nadan, dünyadan xəbərdar olmayan əşxas
həmin məktəbin düşməni hesab olunurlarsa da,
ancaq onları biz millətə quyu qazanlardan hesab edirik".
Hacı həm də el adamı idi, mütəmadi xalq
arasında idi və o qədər təmənnasız
yaxşılıqlar etmişdi ki, camaat arasına
çıxanda hər kəslə ərklə, müsahibinin
başına ağıl qoya-qoya danışa bilirdi. Olmuş əhvalatdır
- yenə növbəti dəfə nadanlardan birisi Hacıya
irad tutur ki, o nədir məktəb açıb
qızlarımızı üzüaçıq gəzdirmək,
arımızı-mamusumuzu ayaq altına atmaq istəyirsən.
Adını, da soyadını da xatirələrin tarix
üçün töhmət hədəfi kimi qoruyub
saxladığı o adamı Hacı məntiqli cavabı ilə
bu cür susdurur: "Ay Molla Əli Hacı Xəlil oğlu!
Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm,
naməhrəmlə üzüaçıq olmağa
çağırmıram. Srağa gün gecə iyirmi
yaşlı ortancıl qızın
sancılanmışdı, az qalmışdı ölsün.
Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı
yoxladı, dava-dərman elədi, qızı ölümdən
qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə
müsəlman arvad həkimi olsaydı, şəriətə
hansı daha düzgün gələrdi? Ay qardaş, qadın
həkimlərə, müəllimələrə millətimizin
ehtiyacı çoxdur. Bunun üçünsə gərək
məktəb olsun, oxusunlar. Savad alsınlar. Namus-qeyrət
deyirsiniz. Əksinə, mənim gördüyüm iş elə
ləyaqətimizi daha uca saxlamaq üçündür".
Bakı, Azərbaycan bayram astanasında idi. Bu bayram
bütün sevinci ilə həftələr, günlər
sonra yaşanacaq. Ancaq Bakının və Qafqazın qəzetlərindən
artıq həmin möhtəşəm bayramın sədaları
ucalırdı. Ziyalı qələmlər insanları bu millət
bayramına hazırlayırdı. Hazırlamaq da lazım idi.
İndiyədək belə misilsiz bayramı
yaşamamış kütlələrin intəhasız sevinci
bütünlüyü və bütövlüyü ilə
duymasından ötrü ən əvvəl yurda ərməğan
edilən bu xoşbəxtliyin nədən ibarət olduğunu
başa düşəcəyi qədər anlatmaq ehtiyacı
vardı.
Fransa Maarif Nazirliyinin Rusiyaya ezamiyyətə gələn
və 1901-ci ildə Bakıya da yolu düşən təmsilçisi,
Avropada tanınmış arxeoloq və xalqşünas alim
Baron de Bay Parisə qayıdınca orada fransız dilində nəşr
edilən "Rusiya icmalı" dərgisində
heyranlıqla belə yazırdı: "Bakıda Nikolayevski
küçəsində Şərq üslubunda inşa
edilmiş modern bir bina ucalır. Səxavətli xeyriyyəçini
ilhamlandırmış ideya və onun apardığı
mübarizə əbədi yad edilməyə layiqdir. Bu müsəlman
zəngini digər diqqətəşayan əməlləri ilə
yanaşı, Bakıda gənc müsəlman qızları
üçün məktəb açdırmaq istəyir. Bu
fikir çox müasir, cəlbedici vüsətlidir".
Qafqaz Canişinliyinin mərkəzində - Tiflisdə
nəşr olunan "Qafqaz" qəzeti 1901-ci ilin yayında,
yeni dərs ili ərəfəsində belə yazırdı:
"Bakıda açılacaq qız məktəbi indiyədək
müsəlman qadınını zəmanəmizin
bütün nailiyyətlərindən aralı salan Çin səddini
yox etmək məqsədi daşıyan ilk təhsil müəssisəsidir.
Məktəbin məramı olduqca yüksəkdir və təsisçi
Hacı Zeynalabdin Tağıyevin maarifpərvər addımı
böyük şərəf gətirən təşəbbüsdür.
Məktəbin yaraşıqlı binası, daxili tərtibatı,
mebeli tam hazırdır. Xidməti personal, eləcə də
şagird kontingenti tam yığılıb".
Bakıda "Kaspi" qəzeti isə məktəbin
açılışı ərəfəsində camaatın
gözünü bu savab və nəcib işə daha artıq
açmaq niyyəti ilə Zaqafqaziya şeyxülislamı
Əbdüssəlam Axundzadənin məqaləsini dərc
etmişdi. Axund belə yazırdı: "Tibbin atası
sayılan Əbu Əli İbn Sinanın anası Sitarə
xanım öz zəmanəsinin təhsilli qadını idi.
Onun oğlu məhz anasının təsiri və qayğısı
sayəsində 18 yaşında elmlərə yiyələnə
və sonradan bu qədər şöhrət qazana bildi. Əgər
bu vaxta qədər Qafqaz müsəlmanları öz
qızlarına təhsil verməyiblərsə, bunun səbəbi
təkcə məktəbin olmaması deyil, daha artıq
onların qız məktəblərinə yad
baxmasıdır. Açılacaq bu gözəl müəssisəyə
ürəkdən xeyir-dua veririk. Biz tam əminik ki, bu məktəbdə
oxuyan qızlar davranışları, xoş xasiyyətləri,
ağıllarıyla bütün digər bacıları
üçün nümunə olacaqlar".
...Sara xanım Tağıyeva (1899-1991) ilə mən
ilk tələbəlik illərimdə tanış oldum. Sara
xanım Tağıyeva Azərbaycan qadınının dəyanəti
və şərəfi haqqında düşünürkən
həmişə gözümün qabağına gələn
ilk insanlardandır. İndi Mərdəkanda, Hacıhəsən
qəbiristanlığında Hacı Mirzə Əbu Turab
Axundzadənin məzarının aşağı tərəfində
Hacı Zeynalabdin Tağıyevin qəbridir. Onun yanında isə
qızı Sara Tağıyevanın məzarı. Sara
Tağıyevanın məzarının yanında da bir
daş var. Üstünə Zeynal bəy Səlimxanov (1886-1942)
yazılıb. Əslində bu, bir rəmzdir. O qəbirdə
heç kəs yatmır. Zatən o daşın üstünə
adı yazılanın heç yerli-dibli qəbri də yoxdur,
olmayıb da!
Zeynal bəy Səlimxanov sovet repressiyalarının
qurbanlarındandır. Onun həlak edilmiş cəsədini
hara atıblar - Xəzərin sularınamı, hansısa
köhnə neft quyularınamı? Kimsəyə bəlli
deyil. Onu məhv etmişdilər, ancaq Sara xanım
yaşayırdı və bütün ömrü boyu da
usanmadan, ruhdan düşmədən, sınmadan mübarizələrini
davam etdirirdi.
Bakıda Elmlər Akademiyasının 1960-cı illərdə
tarixçi alimlərin iri dəstəsinin müəllifliyi ilə
ilk dəfə buraxdığı üçcildlik və hər
fəslində sovetin ağa qara, qaraya ağ deməkdə pərgar
olan, riyakar xisləti duyulan və görünən "Azərbaycan
tarixi" kitabı ali məktəblərdə dərslik kimi
istifadə olunurdu, yeni nəsillər bu saxtakar kitablarla
böyüdülürdü. Həmin kitablar qalmaqdadır,
amma orada yazılanların bir çoxunu indi adam içərisinə
çıxarmaq ayıbdır. Çünki bu üzəçıxarılmaz
səhifələrdə tariximiz və həqiqətlər
ideoloji maşının diktəsi ilə ən kobud və
idbar şəkildə təhrif edilib. Hacı Zeynalabdin
Tağıyevin haqları da o kitabın içərisində
dönə-dönə tapdalanıb.
Və o surət, o şəkil köhnə
bakılıların yaxşı yadındadır - hər əlində
və çiynində içərisinə atası
haqqında müxtəlif sənədlərin,
yazıların, xatirələrin, köhnə qəzetlərdən
kəsiklərin toplandığı ağır çantalar
olan beli bükülmüş qadın ünvan-ünvan gəzərək
atası uğrunda, böyük Hacı Zeynalabdin
Tağıyevin layiq olduğu haqlarının
qaytarılması yolunda heç bir müsbət nəticə
vəd etməyən mübarizəsini aparırdı. "Cənnət"
dedikləri gerçəksə, əlbəttə, bu
qadının yeri behiştin ən gözəl guşəsidir.
Haçansa hansısa heykəltəraş bir
övladın ataya sonsuz məhəbbət və sədaqətinin
heykəlini düzəltmək istəsə, elə Sara
xanımın surətini yaratsa, yetər.
Heç vaxt lentə alınmamış, amma
Bakının köhnə sakinlərinin yaddaşında daim
dolanmaqda davam edən, bu şəhərin tale filminin kadrlarının
ən gözəli və ən kədərlisi o kübarlar
kübarı xanımın cəfakeş görüntüləridir
- Kommunist, daha əvvəlki və daha sonrakı İstiqlaliyyət
küçəsi ilə ağır-ağır yoxuş
qalxır.
Hər gün eyni ünvanlara üz tutur, hər
gün eyni sözləri deyir, eyni sənədləri göstərir,
hər gün də sözləri elə dünənki,
srağagünkü, daha neçə gün əvvəlki
kimi sanki divara dəyərək yerə düşür.
Bu qadının, sadəcə bu qadın yox, bu müqəddəs
varlığın hər gün gördüyü o nəticəsi
olmayan iş Allah yanında ən ali ibadət, İlahinin nəzərində
savabların savabı idi.
Hacı Zeynalabdin Tağıyevin
qurub-yaratdığı imarətlərdə əyləşən,
Hacının hüsnünə gözəlliklər
qatdığı bu şəhərdə
yaşayıb-işləyən və zamanın hökmü
ilə nankor quruluşa, haqbilməz qəddar hakimiyyətə
xidmətdə olanlar həqiqətləri yaxşı bilsələr
də, xəbərdar olmadıqlarını da bu əzabkeş
qadının onların qarşısına düzdüyü
sənədlər, sübutlardan yaxşıca anlasalar belə,
nə bu qadının özünü, nə də həqiqətini
yaxına buraxırdılar. Onu qovurdular, qapıları
üzünə qapayırdılar, guya ən insaflılar, ən
hörmət göstərənlərsə uzaqbaşı səbirlə
dinləyib süni nəzakətlə yola salırdılar.
Sara xanımsa bezmirdi, ümidini itirmirdi, ildən-ilə,
aydan-aya taqəti azalsa da, atasının bu millətə
misilsiz və təmənnasız
yaxşılıqlarının təsdiqi olan qalaq-qalaq sənədlərin
toplandığı ağır çantalarla hər növbəti
səhərdə işə gedirmiş kimi evdən
çıxırdı.
Hamı görürdü, dövran elə idi, siyasət
elə idi ki, görən, qəlbi yanan kömək edə
bilmirdi. Amma bütün bunları Allah da görürdü.
Allah gözəl Allahdır, olardımı bunca sədaqəti,
bunca vəfanı, bunca etinasızlıqla yanaşılan,
küncə sıxışdırılan ədaləti
görsün və nəsə etməsin?
Hacı Zeynalabdin Tağıyev yaratdığı
Qız məktəbinə bütün həyatının
şah əsəri kimi baxırdı. Həmin kitabda əleyhinə
yazılan onlarca başqa iftira ilə yanaşı, bu məktəbi
yaratmaq haqqını da ondan qoparırdılar. Kitab iddia edirdi
ki, sən demə, "Həsən bəy Zərdabinin təşəbbüsü,
onun arvadı Hənifə xanımın iştirakı ilə
açılan və əvvəllər əsas etibarilə
kapitalist Tağıyevin ianə faizləri hesabına fəaliyyət
göstərən müsəlman qadın məktəbi
qadın təhsilinin inkişafında müəyyən rol
oynadı".
Özü millətəxeyir əməllərini
gerçəkləşdirməkdə qaragüruhun saysız
hücumlarına məruz qalmış Hacı Zeynalabdin
Tağıyev haqqında o üzüqara kitab yazırdı ki,
guya Tağıyev xalqa zülm etməkçün
qaragüruhçu dəstələr saxlayırmış.
Adil Pərvərdigar nə bu təhər
abırsız-həyasız yalanları götürərdi, nə
də atasını bu çirkablardan qorumağa
çalışan Sara xanımın zəhmətlərinə
biganə qala bilərdi. Qalmadı və Hacının da, onun
fədakar balasının da başını millət və
tarix gözündə yenidən ucaltdı, şəri,
böhtanı, nahaqı özünə şüar etmiş
quruluşu da, dövləti də külli-küf edərək
biryolluq axırına çıxdı.
8 yanvar 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 23 yanvar (№23).- S.16-17.