Akademik
Kamal Talıbzadənin xatirəsi anılıb
Yanvarın 21-də görkəmli ədib Abdulla
Şaiqin oğlu, ədəbiyyatşünaslıq elminin
tanınmış nümayəndəsi, Azərbaycanda ədəbi
tənqid məktəbinin banilərindən biri, akademik Kamal
Talıbzadənin vəfatının 20-ci ildönümünə
həsr olunmuş “Elmdə iz qoyan ömür – Kamal
Talıbzadə” adlı anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə
şəhidlərimizin, eləcə də görkəmli alim
Kamal Talıbzadənin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Xalq artisti
Mübariz Tağıyevin ifasında Zeynəb İsmayılzadənin
Abdulla Şaiqin məşhur şeirinə yazdığı
“Şaiqanə yad et!” mahnısı səsləndirilib.
Akademik Kamal Talıbzadənin qızı, Abdulla
Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə
bildirib ki, atası Abdulla Şaiqin zəngin irsini yaşatmaq
naminə bu muzeyi yaradıb, ömrünün sonunadək ədəbiyyatşünaslıq
elminə və milli mədəniyyətimizin inkişafına
xidmət edib.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi katibi, Kamal Talıbzadənin aspirantı,
filologiya üzrə fəlsəfə doktoru Aygün
Bağırlı çıxışında Kamal müəllimin
ədəbiyyat tarixində apardığı tədqiqatların
bu gün də öz elmi əhəmiyyətini qoruyub
saxladığını diqqətə çatdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan
Əhmədov, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru
Şahbaz Musayev və başqaları çıxış edərək
Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığına
verdiyi mühüm töhfələrdən
danışıblar.
Tədbirdə alimin həyat və
yaradıcılığına həsr olunmuş videoçarx
nümayiş etdirilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.15.