Azərbaycan 57-ci Qahirə
Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bu gün Misirdə 57-ci ənənəvi Qahirə
Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
Fevralın 3-dək davam edəcək kitab sərgisində 83
ölkədən 1457 nəşriyyat iştirak edir. Budəfəki
sərgi iştirakçı sayına və bu çərçivədə
keçiriləcək mədəni və ədəbi
proqramların müxtəlifliyinə görə əvvəlkilərlə
müqayisədə böyük sayılır.
AZƏRTAC xəbər verir ki, Misirdəki səfirliyimizin
dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi
yaradılıb.
Misirin bir sıra nazirliklərinin rəhbərləri,
xarici ölkə səfirliklərinin nümayəndələri,
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, o cümlədən
səfirliyimizin digər əməkdaşları sərginin
açılışında iştirak ediblər.
Azərbaycana dair yeni nəşr olunan qiymətli
kitabların nümayiş olunduğu milli stendimizi Misirin və
Rumıniyanın mədəniyyət nazirləri, eləcə
də digər mədəniyyət xadimləri ziyarət ediblər.
Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə
bağlı geniş məlumat verilib. Stendimizdə
nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə
olunacaq.
“Bir saat mütaliədən qalan bir əsr geri qalar”
devizi altında keçirilən sərgi çərçivəsində
mədəni tədbirlərin, o cümlədən
simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların
keçirilməsi planlaşdırılır.
Rumıniya builki tədbirdə fəxri qonaq qismində
çıxış edir. Misir yazıçısı Nəcib
Məhfuz sərginin və misirli rəssam Muhyiddin əl-Ləbbad
isə uşaq kitabları sərgisinin simaları seçiliblər.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə
sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir.
Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən
böyük ikinci kitab sərgisi hesab edilib.
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.15.