Uzaq ellərin doğma töhfəsi
Mənalı ömrünün yarım əsrdən
çoxunu İraq-türkman xalqının tarixi, məişəti,
bədii söz yaradıcılığı, folklor və
etnoqrafiyasının öyrənilməsinə həsr
etmiş filologiya elmləri doktoru, Əməkdar elm xadimi,
professor, iraqşünas alim Qəzənfər Paşayev və
gənc alim Orxan İsayev yeni bir monoqrafiya ilə oxucuların
görüşünə gəlmişlər. Onların nəşrə
hazırladığı İraq-türkman ədəbiyyatı
tarixi elmi yaradıcılıqlarının yüksək zirvəsi
olmaqla uzun illərin axtarış və
araşdırmalarının nəticəsi kimi oxucuda məmnunluq
hissi doğurmaqla milli təəssübkeşlik hisslərinə
rəğbətlə yanaşmağı tələb edir...
Ayrı-ayrı vaxtlarda İraq türkmanlarının
məişəti, folklor və etnoqrafiyası, dil, ləhcə
və üslub xüsusiyyətləri haqqında qiymətli əsərlər
yazmaqla ziyalı audioriyasının, geniş oxucu kütləsinin
diqqətini cəlb edən ədəbiyyatşünas alimlər
bir daha bu xalqın yaratdığı ədəbiyyatın bizə
nə qədər doğma olduğunu, onun Azərbaycan ədəbiyyatının
bir hissəsi olduğunu, bu xalqın böyük hissəsinin
vaxtilə Azərbaycandan gedənlər olduğunu önə
çəkdilər. Odur ki, bu ədəbiyyatın bizə
doğma olduğu bir daha təsdiqləndi.
Doqquz bölmə və nəticədən ibarət
olan kitabda İraq türkmanlarının mənşəyi
haqqında verilmiş tarixi qeydlər hər şeydən
öncə diqqəti cəlb edir. Burada türkmanların qədim
Mesapotamiya ərzilərində məskunlaşma tarixindən,
onların böyük qisminin Azərbaycandan o yerlərə
köçməsindən, bu xalqın Məhəmməd
Füzuli kimi dahini dünya ədəbiyyatına bəxş
etməsindən, İraq-türkman ədəbiyyatının
ilkin olaraq Azərbaycan, sonradan isə Osmanlı türk ləhcələrində
yazılması səbəblərindən
danışılır.
Bu bölmədə Xətib Təbrizi, Xətib Urməvi,
Nəsr Təbrizi, Əbdülqədir Marağayi, Cahanşah
Həqiqi, Şah İsmayıl Xətai haqqında
yazılmış oçerklər ilk növbədə diqqəti
cəlb edir. Məlum olur ki, İraq-türkman ədəbiyyatşünas
alimləri yuxarıda adları çəkilən şairləri
həm də İraq ərazisində yaranan türkdilli ədəbiyyatın
nümayəndələri kimi qəbul etmişlər. Professor
Qəzənfər Paşayev və Orxan İsayev Əta Tərzibaşının
"İraq-türkman ədəbiyyatına toplu bir
baxış" və Əbdüllətif Bəndəroğlunun
"İraq-türkman ədəbiyyatı tarixinə bir
baxış" əsərlərinə münasibət bildirərək
yazırlar ki, XVI əsrin II yarısına qədər
İraq-türkman ədəbiyyatı mətnləri Azərbaycan
ləhcəsində yazılmış, bu ədəbiyyat Azərbaycan
ədəbiyyatının bir qolu kimi Mesapotamiyada
yaranmış və Azərbaycan ədəbiyyatı kimi qəbul
edilmişdir.
Eyni sözləri Azərbaycan ədəbiyyatının
XVI əsrdə yaşayıb-yaratmış nümayəndələrindən
Məhəmməd Füzuli və onun oğlu Fəzli
haqqında da söyləmək olar. Füzuliyə həsr
edilmiş çoxsaylı elmi əsərlərdə onun Kərbəlada
doğulub yaşaması haqqında fikirlər var. Əksər
araşdırıcılar bu fikirləri söyləyərkən
şairin:
Ey Füzuli, məskəni çün
Kərbəladır şeirim,
Hörməti hər yerdə vardır
xəlq onun müştaqıdır.
Nə qızıldır, nə gümüş,
nə ləlü, nə mürvaridir,
Sadə torpaqdırsa,
lakin Kərbəla torpağıdır.
Bir həqiqət məlumdur ki, əksər qaynaqlarda
Füzuli "Füzuli əl-Bağdadi" kimi
yazılmışdır. Görünür, tarixin Füzuli ilə
bağlı bəzi məqamlarına işıq
salınmamışdır. Professor Qəzənfər
Paşayev İraqda olarkən Kərkükə getmiş, Kərkükün
Tuzxurmatu əyalətinin Füzulinin doğulduğu Qaranaz kəndində
olmuş, Kərkükdə Füzulinin evini ziyarət
etmiş, Dr.Şəmsəddin Kuzəçinin filmində
Füzuli məscidini görmüşdür.
Füzuli Bağdadda təhsil alıb uzun müddət
orada yaşayıb-yaratmış, ömrünün son
dövrlərini Kərbəlada keçirmişdir. Məhəmməd
Füzulinin əsərlərindən aydın
görünür ki, o, dövrünün tibb, nücum, məntiq,
fəlsəfə və s. kimi elm sahələrinə dərindən
yiyələnmişdir. Şeir, sənətlə bağlı
görüşlərinin izahından bəlli olur ki, o, əruz
və qafiyə elmlərinə, məcazlar sisteminə -
mübaliğə, bədii təyinlər, obraz yaratma, sufi fəlsəfəsinə
və s. dərindən bələd olmuşdur. Bunların sayəsində
o, əlçatmaz zirvəyə yüksəlmiş,
Bağdadlı Füzuli adını almışdır.
Çox güman ki, bu, Şərqdə məşhur olan
Nizamiyyə mədrəsəsində olmuşdur.
Kitabda maraq doğuran bölmələrdən biri də
İraq-türkman şifahi xalq yaradıcılığına
geniş yer verilməsidir. Türkman xalq şeir nümunələri,
xoyratlar, aşıq yaradıcılığı, Azərbaycanda
və İraqda geniş yayılmış aşıq
şeirinə, dastan yaradıcılığına geniş
yer ayrılmışdır. İraq türkmanlarının
dilindən düşməyən "Arzu-Qəmbər",
"Əsli və Kərəm", "Leyli və Məcnun"
və s. kimi məhəbbət dastanlarının poetik özəlliklərindən,
Azərbaycan dastanları ilə eyniyyət təşkil etməsindən
bəhs edilir.
İraq-türkman ədəbiyyatında yer tutan, Türkmanelidə
yazıb-yaradan Əbdürrəzaq Növrəs, Lütfullah
bin Vəli, Ömər Naci, Mahmud Tifli, Abdullah Vəzihi, Yusif Qəribi,
Abdullah Namidar, Osmani, Hacı Abdullah Safi, Məhəmməd
Mihri, Şeyx Əbdülrəhman Xalis, Əbdülqədir
Fariz, Şeyx Rza Təlabani, Əbdürrəzaq Ağa və
b. şairlərin həyat və yaradıcılığı
haqqında ətraflı məlumat verilir, onların
yaradıcılığından nümunələr təqdim
edilir ki, bütün bunlar İraq-türkman ədəbiyyatı
barədə tam təsəvvür yaratmaqda oxucularımıza
yardım edir.
XX əsr İraq-türkman ədəbiyyatı özünün
yeni inkişaf mərhələsinə qədəm qoymuş,
şair və ədiblərin həyatında əsaslı
keyfiyyət dəyişmələri ilə yadda
qalmışdır. Yeni şeirə, yeni mövzu və məzmuna
uyğun poetik forma axtarışlarına güclü meyil
olmuşdur. Şairlər məhz bu dövrdən heca vəznli
şeirdə və sərbəstdə əsərlər
yazmağa daha çox meyl göstərmişlər.
Bu şeirdə ənənə və novatorluğun
keyfiyyətcə yeni bir inkişaf dövrünə qədəm
qoymasından xəbər verir. XX əsr İraq-türkman ədəbiyyatı
həm kəmiyyət, həm də keyfiyyət
baxımından özünün intibahını
keçirmişdir. Bu dövr ədəbiyyatında Hicri Dədə,
Məhəmməd Sadiq, Əsəd Naib, Məhəmməd
İzzət Xəttat, Əbdülxaliq Bayatlı,
Əbdüllətif Bəndəroğlu, Salah Növrəs, Nəsrin
Ərbil, Salah Növrəs və başqalarının sayəsində
İraq-türkman ədəbiyyatı inkişaf etmiş və
zənginləşmişdir.
Kitab müəllifləri İraq-türkman ədəbiyyatında
nəsr və dramaturgiyanın inkişafı haqqında da məlumat
vermişlər. Nəsrin inkişafında Mahmud Nədim, Məkki
Ləbib, Ərəb Fəhmi, Əli Marufoğlu, Cəlal
Polad, Mövlud Taha Qayaçı, Xeyrəddin Faruki və digərlərinin
rolunu qeyd etmişlər.
Kitabda İraq-türkman ədəbiyyatında
dramaturgiyanın yaranması və onun tarixi inkişafından
danışılmışdır. Dram janrının
yaranmasında Haşim Nahid Ərbil, Habil Əhməd
Hüsnü, Abdulla Cümə, Məhəmməd Qasım və
başqalarının rolu qeyd olunmuşdur.
Ədəbiyyat tarixi hər bir millətin milli-mənəvi
dəyərlərinin maddiləşmiş sərvəti
olmaqla xalqın bütövləşməsinə şəhadət
verən ölməz abidədir. Azərbaycanın sinəsindən
qopub uzaq ellərdə məskunlaşmış bu xalqın
yaradıcılıq dühası, onun dünya mədəniyyətinə
bəxş etdiyi misilsiz sərvət Azərbaycan ədəbiyyatının
bir qolu kimi bizə çox doğmadır. Odur ki, onu,
sözün tam mənasında uzaq ellərin doğma töhfəsi
adlandıra bilərik.
Məmməd ƏLİYEV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.15.