Rəfibəylilər
Üzərində müəyyən fasilələrlə
otuz il ərzində işlədiyim "Keçən
keçdi, olan oldu" dastanını axır ki, bitirdim.
Çox-çox illər bundan əvvəl bu
dastanın "Məmmədxanlılar" boyu "525-ci qəzet"in
bir neçə sayında dərc edilmişdi. İndi qəzetin
oxucularına əsərin "Rəfibəylilər"
boyunu təqdim edirəm.
Bu kitab mənim ən uzun müddətdə
yazdığım əsərdir...
Keçən əsrdə, keçən minillikdə,
dəqiq desəm, 1996-cı ildə yazmağa
başladığım bu "Anılar, düşüncələr"
sənədli dastanı, - az qala otuz il ərzində qələmə
alınır. "Qələmə alınır" dəqiq
ifadə deyil. Romanı əslində
yarı kiril, yarı latın qrafikasıyla yazmağa
başlamışdımsa, indi kompüterə
alışdığımdan sonra noutbukda işləyirəm. Əlyazması
şəklində doqquz iri dəftərdə
yazılmış mətni haçansa kompüterə
köçürməyə gümanım azdı. Bütün
başqa işlərim, o cümlədən
yaradıcılıq planlarım da daxil olmaqla, bu zəhmətə
qatlaşacağım vaxt gündən günə
yubadılır, ildən ilə keçirilirdi.
2017-ci ilin noyabrında ağır açıq ürək
əməliyyatı keçirməkçün İstanbula
getdim. Şər deməsən, xeyir gəlməz. Əməliyyatın
nəylə nəticələnəcəyindən əmin
olmadığım üçün mətnin 9 dəftər əlyazmasını
dəyərli yazıçı-alim, mənim
yaradıcılığımı dərindən duyan, mənə
həsr olunmuş qiymətli kitabların müəllifi Pərvin
Nurəliyevaya verdim. Düşünürdüm ki, bu
yazımla tanışlıq onunçün maraqlı ola bilər.
Uğurlu əməliyyatdan Bakıya dönəndə nə
görsəm yaxşıdır? Pərvin möcüzə
yaradıb ilan-qurbağa xəttimlə yazdığım dəflərlərin
böyük qismini kompüterə
keçirib, daha sonra bu çətin
işi tamamladı.
Bu Sizif əməyinə görə Pərvinə dərin minnətdarlıq hissi
duyuram. Amma digər cəhətdən bu fədakarlıq məni
arxayınlaşdırdı. Əsərin mətni hazır
şəkildə kompüterdə durursa, deməli,
çapına tələsməmək də olar, başqa
yaradıcılıq işlərimlə məşğul olmaq
mümkündü. Bu - dastanın
yazılma və çap vaxtı arasında müddətin
belə uzun olmasının əsas səbəbidir. Amma
başqa səbəb də var.
Yazılışı mənimçün ən
çətin olan "Rəfibəylilər" boyunun ildən-ilə
keçirilməsinin, aydan-aya ötürülməsinin sadə
bir səbəbi də var: Görkəmli
yazıçı-alim, akademik Rafael Hüseynov Rəfibəylilər
haqqında iki kitabında mövzunu elə müfəssəl,
elə ətraflı və elə parlaq işləyib ki, bu barədə
nə isə yeni bir söz demək asan məsələ deyil.
Öz adımdan, ailəmiz adımdan dostum Rafaelə dərin
minnəddarlığımı bildirməklə bərabər,
zarafatla onu da əlavə edirdim ki, Rəfibəylilər
haqqında mənim nə isə yazmağıma heç nə qoymamısan. Amma axı bu ailə-xatirə
dastanını Rəfibəylilərsiz təsəvvür etmək
də olmaz. Rafaelin yazdıqlarını azacıq dəyişərək
təkrarlamaq çıxış yolu deyildir.
Odur ki, ancaq mənim yaddaşımda yaşayan ailə
söhbətlərini, eləcə də bu söhbətlərin
iziylə araşdırdığım sənədləri, məktubları,
özəlliklə rəhmətlik Nigar xanımın arxivində
saxlanmış və üstündə öz əliylə
yazdığı "Babam, atam və anam. Şəkillər,
vəsiqələr" qovluqda toplanmış materiallara
istinad edərək Rəfibəylilərin son dərəcə
zəngin və son dərəcə çətin, məşəqqətli
taleləri haqqında öz anılarımı və
düşüncələrimi yazmağa çalışdım.
Gəncənin ən qədim və köklü nəsillərindən olan Rəfibəylilərin
soyadı X1X əsrin birinci yarısında yaşamış Rəfi
bəylə bağlıdır.
Amma böyüklərimizdən eşitdiyim ailə rəvayətləri
bu nəslin köklərini daha dərinlərə aparır və
hətta ən ekzotik qohumluq əlaqələriylə
bağlayır. Belə söhbətlərə görə, Rəfibəylilərin
hətta məşhur şərqşünas Mirzə Kazım
bəyə də qohumluğu çatırmış. Nə yolla,
hansı əlaqələrlə? Bu barədə deyilənləri
xatırlamıram. Amma Mirzə Kazım bəyin məlum
bioqrafiyasıyla tanış olanda bu ehtimalın əsassız
olduğu aydınlaşır. Başqa bir ailə rəvayətinə
görə, Rəfi bəy Cavad xanla da qohum imiş. Ümumiyyətlə,
ailə şəcərəsini məşhur tarixi şəxsiyyətlərlə
bağlamaq tək Rəfibəylilərə
xas deyil. Gəncənin başqa bir tanınmış nəsli,
Rəfibəylilərlə də real qohumluğu çatan
Şeyxzamanovlar Şeyx Nizamini əcdadları sayırlar. Nə
dərəcədə haqlı olub-olmadıqlarını deyə
bilmərəm, amma tarixən təsdiq olunmuş faktdır ki,
daha bir tanınmış gəncəlilər nəsli
Ziyadxanovlar (Ziyaduşağı) həqiqətən Cavad
xanın nəvə-nəticələridir, Ədil xan
Ziyadxanovun (1877, Gəncə -1957, İstanbul) atası
Əbülfət xan - Cavad
xanın nəticəsi, anası İran şahzadəsi
Bəhmən Mirzə Qacarın qızı idi.
Rəfibəylilər isə Ziyadxanovlarla yaxın dost
olsalar da, qohum deyildilər.
Daha biri fantastik fərziyyəyə görə, Rəfibəylilər
nəslinin Osmanlı sultanlarına da qohumluğu
çatır. Ən qəribəsi odur ki, bu fərziyyə hətta
Vikipediyada da əks olunub. Vikipediyada belə məlumat verilir:
Qədim bir nəslin kökü Rəfi bəyin
adıyla bağlıdır, Rəfi bəy Osmanlı
sultanı Üçüncü Mustafanın nəticəsidir.
O həm də Cavad xanın kürəkənidir, onun
qızı Püstə xanımla evlənib.
Bundan sonra gələn cümlə əvvəlki məlumatların nə qədər
yanlış olduğunu təsdiq edir:
Bu izdivacdan (yəni Rəfi bəy - Püstə
xanım izdivacından - A.) oğulları Ələkbər və
Qara bəy dünyaya gəlir.
Dəqiq məlumdur ki, Rəfi bəyin oğlu Kərbəlayi
Həsən, onun oğlu isə Ələkbər bəy Rəfibəylidir.
Ələkbər bəyin Qara bəy adlı qardaşı
olmayıb. Bu əcaib "məlumatları" Vikipediya hardan
götürüb, məlum deyil.
Bütün bu yarı real, yarı mifik fərziyyələri
kənara qoyaraq, gerçək faktlara əsaslanaq. Bu
faktların ən mühümü Türkiyəyə
mühacirət etmiş böyük dayım Kamil Rəfibəylinin
(Kamil Arranın) tərtib etdiyi Rəfibəylilər şəcərəsidir.
Şəcərənin başında "Gödək
Rəfi" durur (bu ayamasından belə çıxır ki,
Rəfi bəy qısa boyluymuş). Rəfi bəyin
üç oğlu: Mirzə Kərim, Kərbəlayi Həsən,
Molla Abdulla və iki qızı Məsmə və Həlimə
göstərilir.
Kərbəlayı Həsən anamın babası, mənim
ulu babam Ələkbər bəyin atasıdır. Şəcərənin
digər nümayəndələrindən irəlidə
yazacam, amma Rəfibəylilərin Azərbaycan tarixində
mühüm yerləri olan bir
çox nümayəndələrindən ilk söz açmaq
istədiyim də elə Ələkbər bəydir (1954, Gəncə
- 1919, Gəncə).
Ələkbər bəy
Rəfibəyli
Babası gödək Rəfidən fərqli olaraq
Ələkbər bəy boylu-buxunlu bir kişi olub. Türkiyədə
Azərbaycan mühacirətinin görkəmli nümayəndələrindən
Hüseyn Baykara (1904-1984) "Azərbaycan İstiqlal
mübarizəsi tarixi" kitabında yazır:
"Eşitdiyimə görə, Ələkbər bəyin
yaxşı cəhətlərini saymaqla bitməz. Ucaboy,
enlikürək, sərt baxışlı, ciddi görkəmli,
gözütox, məntiqlə danışan, mərd, mədəni,
vətənsevər bir xalq rəhbəri imiş. Milli
mübahisələrin həll olunmasını öz üzərinə
götürmüş və Gəncə camaatına olduğu
kimi, Azərbaycan xalqına da çox xeyri dəymişdir. Gəncədə
"Difai" partiyası yarandığı zaman partiyanın
rəhbərliyini üzərinə götürmüş və
Gəncədə ermənilərə qarşı müvəffəqiyyətlə
aparılan döyüşü ustalıqla və cəsarətlə
idarə etmişdir.
Sovet tarixçiləri azəri xalqının qəhrəman
oğullarının adlarının unudulması
üçün əllərindən gələni edirdilər.
Bu səbəbdən Azərbaycanda Ələkbər bəy
kimi yüzlərlə igidin adları "adsız" şəhidlər
siyahısına qarışmış və yox
olmuşdur".
Nağı bəy Şeyxzamanlı da Ələkbər
bəy haqqında demək olar ki, eyni ifadələrlə
danışır:
"Ələkbər bəy 70 yaşlarında, uzun
boylu, gen kürəkli, sərt baxışlı,
açıq sözlü, məntiqlə və
ölçü ilə danışan, mədəni, cəsarət
sahibi və möhtəşəm xalq xadimi idi".
Türkiyədə əsasən ticarətlə məşğul
olsa da, Nağı bəy "Dərdləşmə" və
"Azərbaycan istiqlal mücadiləsi xatirələri"
adlı dəyərli kitabların
müəllifidir. Adı sonuncu çəkilən kitabda
yazır ki, Ələkbər bəyin atası "Həsən bəy o dövrdə
xalqın mütəəssüb və fanatik dindar durumuna
baxmayaraq, oğlunu Gəncədə rusların
açmış olduğu progimnaziya adlı məktəbdə
oxutmuşdur".
Anam altı yaşındaykən gördüyü babası Ələkbər bəydən
danışanda bir faktı xüsusi qeyd edirdi. Rəfibəylilərdən
Ələkbər bəy və onun əmioğulları
Hadı bəy, Mirzə bəy 9 ay at belində Gəncədən
Peterburqa təhsil almağa gediblər. Təhsillərini bitirəndən
sonra isə artıq Gəncəyə qədər çəkilmiş
dəmir yoluyla qayıtmışlar.
Ələkbər bəy Peterburqda kənd təsərrüfatı
üzrə təhsil almışdısa da, vətənə
qayıdandan sonra inzibati işlərdə
çalışmışdır. Gəncədə, Şəkidə,
Ərəş mahalında pristav işləmişdir. O vaxt
Göyçayın Ərəş mahalına daxil olduğunu
nəzərə alsaq, Ələkbər bəyin ata babam Mirzə
İbrahim Məmmədxanlıyla tanış olması istisna
edilmir.
Bir müddətdən sonra tutduğu vəzifələrdən
könüllü surətdə istefa edən Ələkbər
bəy ictimai siyasi sahələrdə səmərəli və
yorulmaz fəaliyyətinə
görə tezliklə "Gəncənin
atası" kimi tanınır. Ələkbər bəyin
ictimai-siyasi fəaliyyəti əsasən iki yöndə gedirmiş: maarifçilik və
milləti mənəvi təcavüzdən, silahlı təhlükələrdən
müdafiə etmək, qorumaq. Maarifçilik fəaliyyətinin
iki əsas istiqaməti olub: Birincisi, Gəncədə
şagirdlərə təhsil verə biləcək məktəblərin
açılması və bu məktəblərə əhalinin
kasıb, imkansız ailələrindən uşaqların cəlb
olunması, ikincisi, təhsil almaq üçün gənclərin
müxtəlif yerlərə, o sıradan Türkiyəyə
yollandırılması. Özünün maddi imkanları məhdud
olsa da, Ələkbər bəy bu işləri şəxsi nüfuzu
sayəsində varlı-karlı adamlara təsir etmək vasitəsiylə
həyata keçirirdi.
Bu cəhətdən Ələkbər bəyin məşhur
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevlə
(1838-1924) ortaq cəhətləri göz
qabağındadır. Haqlı olaraq "Millət
atası" sayılan Hacıyla "Gəncənin atası"
adlandırılan Ələkbər bəyin bir-birini ən
azı tanıması sənədlərlə təsdiq edilir.
Hacının mühasibət sənədləri arasında
onun 1909-cu ildə Gəncəyə - Ələkbər bəy
Rəfibəyovun adına Nizaminin qəbrinin bərpası
üçün 100 rubl keçirməsi qeyd olunur.
Tağıyevlə Ələkbər bəyin
adlarını yanaşı çəkərkən mən
heç də hər iki böyük şəxsiyyətin
gördüyü işlərin miqyas fərqini unutmuram. Əgər
Bakı milyonçusunun vəsaitiylə qəzet və jurnallar nəşr
olunurdusa, Ələkbər bəy qəzetin redaktoru Ceyhun bəy
Hacıbəylidən - intizarla "Azərbaycan"ımız
nə vaxt çıxacaq əşi? - deyə soruşurdu və
gücü ancaq mürəttibə təsir etməklə qəzetini
çapını tələsdirməyə
çatırdı.
Ələkbər bəyin təşəbbüsüylə
və nüfuzu sayəsində bir neçə gəncəli
gənc - İstanbula təhsil almağa yollanır. Onların
arasında Abdulla Sur da vardı. Böyük Hüseyn Cavidlə
birlikdə məşhur şair və filosof Rza Tofiqin tələbəsi
olmuş Abdulla Sur təhsilini bitirib
Gəncəyə dönəndən sonra mətbuatda bir
çox parlaq məqalələrlə çıxış
edir.
Ələkbər bəyi xatırlayaraq ondan yazan
çağdaşları və onun barədə böyüklərindən
eşitdiklərini qələmə alanların hamısı
bu müdrik insanın həm də
çox güclü məntiqə
əsaslandığını, çar məmurlarıyla
mübahisələrində - onlara möhkəm dəlillərlə
üstün gəlməsini xüsusi
qeyd edirlər.
Rafael Hüseynovun kitabından sitat:
"Vali: - Nə istəyirsiniz?" soruşur. Ələkbər
bəy: - Bizə savadlı alim adamlar lazımdır. Lakin əcnəbi
məmləkətlərdə təhsil almış müsəlmanların
Rusiya daxilində vəzifə icra etməyə nə
hüquqları, nə səlahiyyətləri
var. Rusiya daxilində isə dini və milli məktəblərimiz
yoxdur. Ona görə də rica edirik ki, həm öz işlərimizə
əncam çəkmək, həm də hökumət tədbirlərini
həyata keçirməkdən ötrü alim, bilikli adamlar
hazırlamaq üçün bizə milli məktəb
açmağa icazə verəsiniz".
Bu məntiqli sözlərə məntiqsiz bir cavab verilir:
- Olmazmı ki sizin uşaqlar rus məktəblərində
"Quran"ın rusca tərcüməsini oxuyaraq sonra sizlərə
axundluq, mollalıq, əfəndilik etsinlər?
Ələkbər bəyin bu sözlərə verdiyi
qarşılıq sərrast və inkarolunmazdır:
- Olmazmı ki, sizin rus uşaqları yəhudi dilində
təlim və tərbiyə alandan sonra yəhudi dilindəki
"İncil" ehkamını elə həmin təhər
sizlərə təbliğ etmək üçün kilsələrinizdə
işə başlasınlar?"
Bu səpkidə aparılan uzun söz-söhbətdən
sonra Ələkbər istəyinə nail olur: Gəncədə
milli məktəblərin açılmasına icazə
verilir.
Ələkbər bəyin müdrikliklə həll
etdiyi daha bir mühüm məsələ müsəlmanların
əsgər aparılmasıyla bağlıdır.
Azərbaycanı zəbt etdikləri zamanlardan
başlayaraq Çar siyasətinin
bir ehkamı da müsəlmanların əsgər
aparılmaması idi. Bu davranışın İkinci Dünya
müharibəsində azərbaycanlı
döyüşçülər üçün nəyə
başa gəlməsi barədə Rəsul Rzanın
"Babamın səhvi" adlı ibrətamiz şeiri var.
Birinci Cahan hərbində cəbhədə almanlar tərəfindən rus ordusu
sıxışdırılarkən Çar hökumətinin
"yadına düşür" ki, tabeliyində olan milyonlarla müsəlman əhalisi
var. Nədən onları güllə qabağına göndərməsin?
Birinci Dünya müharibəsində almanlar həm də
Osmanlı dövlətiylə müttəfiq idi. Deməli,
Rusiya müsəlmanlarını, o sıradan Azərbaycan
türklərini cəbhəyə göndərmək həm də
qardaş türklərlə ölüm-dirim savaşına
girmək deməkdi. Qoy türklər hər iki tərəfdən
bir-birini qırsın.
Azəri türklərinin, o cümlədən gəncəlilərin
bu çağırışdan boyun qaçırmaq istəyi
tamamilə təbii idi. Ələkbər bəy bunu çox
gözəl dərk edirdi. Bu münasibətlə Yelizavetpol
valisiylə görüşündə azərilərdən əsgər
çağırılmasından boyun
qaçırdıqlarını deyəndə vali qəti
etirazını bildirir: "Fərman artıq
imzalanıb".
Belə olduqda Ələkbər
bəy valiyə gözlənilməz sual verir: "Vali həzrətləri,
doğrudanmı hökumətin bizlərin axırına
çıxmaq barədə gizli qərarı var?"
Çaşıb qalmış vali: - Siz nə
danışırsınız - deyir - əsla belə bir niyyətimiz
yoxdur.
- Onda məni dinləyin - deyə Ələkbər bəy
sözünə davam edir:
- Daima bizlərə kölə kimi
baxmısınız, təbəənizliyə belə qəbul
etməmisiniz. Gürcülərə, ermənilərə məktəblər
açdığınız halda bizi qaranlıqda saxlamağa
çalışmısınız. İndi savadsız, cahil
saydığınız kütlədən nə istəyirsiniz?
Belə kütlədən etibarlı əsgərmi olar?
Topladığınız cahil insanların içində həm
də onları belə qaranlıqda saxlayan üsul-idarəyə
bir kin var. Hətta silahları qisas almaq üçün
öz komandanlarına qarşı çevirə bilərlər.
Dediklərimi bu qərarı verənlərə
çağdırmağınızı xahiş edirəm.
Nəticədə Ələkbər bəy azəri
türklərinin yalnız öz xahişiylə
könüllü olaraq əsgər aparılmasına nail olur.
Günlərin bir günü Ələkbər bəy
xəbər tutur ki, üç qadın yol gedərkən
kefli rus soldatları onların
çadralarını dartıb çıxarır və
onları kazarmaya aparmağa cəhd edirlər.
Qadınların haray-qışqırığına adamlar
tökülüb gəlir, soldatların çirkin niyyətlərinin
qarşısını alırlar. Bunu eşidən Ələkbər
bəy qərara gəlir ki, məsələ bununla bitməməlidir.
Bu məlunlar layiqli cəzalarını almasalar, belə
yaramazlıqlar davam edə bilər.
Gəncənin əfsanəvi qəhrəmanlarından
biri Qaçaq Məmmədqasımın Türkiyədə
dayım Kamil Arran tərəfindən qələmə
alınmış xatirələrində bu məsələylə
bağlı belə bir epizod canlandırılır:
"Ələkbər bəy on beş nəfər dəliqanlını
toplayıb dedi: Hamınız qadın paltarı geyib
üstündən çarşaba bürünəcəksiniz.
Silahınız da çarşab altında olmalıdır. Rus
əsgərləri həyasızlığa başlayanda atəş
açacaqsınız.
Onun tapşırığı yerinə yetirildi və
nəticədə rus əsgərləri rədd olub getdilər.
Mərhum Ələkbər bəyi öldürmək
üçün ermənilər və ruslar nə qədər
hiylə qursalar da, xalq onu qoruyurdu".
Ələkbər bəyin danılmaz millətsevərliyiylə
bərabər, dar mənada millətçi olmaması da
faktlarla sübut olunur. Elə həmin Birinci Dünya hərbində
almanlarla vuruşan Çar hökuməti artıq yüz ildən
bəri Azərbaycan torpaqlarında məskunlaşmış
almanları yerindən dəbərdib Sibirə sürgün
etmək qərarına gəlir.
Bu məsələylə əlaqədar olaraq Ələkbər
bəy Yelizavetpol valisi Kovalyovla görüşür və
fikrini ona çatdırır:
- Rusiyanın o biri ucunda Almaniya ilə müharibə
aparılırsa, buradakı almanların nə suçu var?
Buradakı almanlar vaxtlı-vaxtında vergi ödəyir, hətta
rus ordusuna əsgər belə verirlər. Nəyə görə
onlar yuvalarından qoparılıb Sibirə sürgün edilməlidirlər?
Xalqımız bu məsələdə almanlarla tamamilə həmrəydir. Həm də
"bu gün almanlara olunan sabah bizə tətbiq olunacaq"
deyə düşünürük. Əgər hökumət
qərarında israrlıdırsa, müsəlmanlar
almanların tərəfində olacaq və buna görə məsuliyyəti hökumət daşıyacaq.
Uzun sözün qısası, möcüzə baş
verir. Çar fərmanının əksinə olaraq almanlar ta
Stalin dövründə sürgün edilənə qədər
yaşadıqları torpaqlarda qalırlar.
Ələkbər bəyin ictimai fəaliyyətində,
maarifçilik davalarında Gəncədə
teatr tamaşalarının təşkili önəmli yer
tutur.
Gəncədə yaşayan yazıçı və tərcüməçi
- Cahanbəxş Cavadzadə Nigar Rəfibəyli və Rəsul
Rzayla keçən əsrin otuzuncu illərində Moskvada tələbəlik
dövründən tanış idilər və xoş
münasibətləri vardı.
Anamın arxivində Cahanbaxşın Gəncədən
Nigar Rəfibəyliyə və Rəsul Rzaya
yolladığı bir neçə məktubu, atamın ona bir
cavab məktubu saxlanılıb. Cahanbaxşın məktublarından
məlum olur ki, anam da ona cavab yazıbmış, amma surətini saxlamayıb.
1970-ci ildə Cahanbaxş anama Gəncədən iri
bir paket göndərib. Bu "Ələkbər bəy Rəfibəyov"
adlı yazdığı povestin makinada mətni idi. Qovluğun üstündə:
"Başlandı 10 oktyabr 1969, qurtardı 5 dekabr 1970"
sözləri yazılıb. Üç ay sonra anama
Cahanbaxşın məktubu gəlir:
"Əziz bacım Nigar.
Nəhayət ki, povestin əl-ayağını
yığdım... Nə çıxdığını mən
özüm təyin etməkdən acizəm...
Qoy atam-anam Niyar öz babası haqqında, Rəsul Rza
öz qayınatası haqqında nə
yazdığımı insafla qiymətləndirsinlər, amma
nasir Anar oğlumuz lap obyektiv şəkildə dəyərləndirsin.
Artıq-əysiyini hər üçünüz müəyyənləşdirin,
görsəniz ki, çapa layiqdir, onda Anar "Ulduz"
jurnalının redaksiya heyətinin üzvü kimi öz
mövqeyindən yaxşı mənadə istifadə etsin...
bu povestimi həmin jurnalda buraxdırsın...
Qardaşlıq salamları ilə Cahanbaxş
16 fevral 1970-ci il Gəncə.
Qocaman yazıçının arzusunu və yəqin
ki, anama boyun olduğum işi görmədiyim
üçün hələ də əzab çəkirəm.
İndi bu kitab üzərində işləyərkən
və Cahanbaxşın povestini yenidən oxuyarkən
gördüm ki, bu yazı hər halda çapsız
qalmamalıdır. Təkcə
müəllifin çəkdiyi ağır zəhmətə
görə yox, həm də ona görə ki, Cahanbaxş yaşına görə
hələ Ələkbər bəyi həyatda
görmüş, onu canlı
xatırlayan insanlarla görüşmüş,
onların söhbətlərini dinləmiş və qələmə
almışdır. Başqa heç bir mənbədə tapa
bilməyəcəyimiz çox sayda faktları və məlumatları
Cahanbaxşın povestindən öyrənirik. Yazıya
sırf sənədli mənbə kimi baxılarsa, müəyyən redaktəylə
çap etmək olar. Bu işi boynuma götürə bilməyəcəyimdən
çəkinərək bunu edəcəyimə söz vermək
istəmirəm. Amma hər halda nəşrinə
çalışacam.
Kiçik bir bəraətimdən də söz
açım. Povesti bütünlüklə çapa
hazırlamağa macal tapmasam da,
önəmli bir parçasını - Gəncədə
teatr tamaşalarının təşkilində Ələkbər
bəyin misilsiz xidmətlərini əks etdirən səhifələri
hazırlayıb "Mədəniyyət" qəzetində
(26 mart 1992) çap etdirdim.
Elə burda da qəzetdə çap etdirdiyim mətnə
əsaslanaraq ulu babamın bu sahədəki xidmətlərindən
söz açıram.
Cahanbaxşın povestində bu parçanın özəl
önəmi ondadır ki, müəllif Gəncədə ilk
teatr tamaşasının yaranmasını, bu işin iştirakçısı və
icraçısı, görkəmli sənətkar Sidqi
Ruhullanın öz dilindən dinləyib yazıb.
"1905-ci ildən, yəni Gəncədə Cəmiyyəti-xeyriyyə
Ələkbər bəyin başçılığı ilə
müxtəlif maarif tədbirlərini
həyata keçirmək üçün vəsait
topladığı və qızğın fəaliyyətə
keçdiyi günlərdən Ələkbər bəy əlavə
vəsait mənbələri axtarırdı. Xeyli fikirləşəndən
sonra tapdı, Şəhər klubunda teatr tamaşaları vermək,
bunlardan əldə edilən gəliri xeyriyyə cəmiyyətinin
bankdakı hesabına keçirmək. Bəs teatr
tamaşalarını nə cür vermək olar? Bunun
üçün həvəskarlar da olsa, artistlər
lazımdır, rejissor lazımdır"...
Ələkbər bəy məşhur aktyor və
rejissor Sidqi Ruhullayla danışır və onu Gəncəyə
dəvət edir.
Yerli həvəskarların
iştirakıyla bir truppa
yaranır. Cahanbaxş povestində həvəskar artislərin
bir-bir adlarını da çəkir. Sidqi Ruhulla tez-tez Gəncəyə
gəlib məşqlərə başlayır. Sidqi
Ruhullanın xatirələrindən:
"Pyesi tamaşaya qoymağa düz dörd ay vaxt sərf
etdik. Tamaşa axşam 8-də başladı. Salon dolu idi.
Ələkbər bəy tamaşaya baxmağa kifayət qədər
adam gətirilməsini təmin etmişdi".
Sidqi Ruhulla söhbətini davam edir:
"Tamaşa qurtardıqda adamlar bizə
yaxınlaşdı, minnətdarlığını bildirdi,
şəxsən məndən çox razılıq elədilər.
Bu, məni - cavan aktyoru çox həyəcanlandırırdı...
Ələkbər bəy hamıdan sonra ayrıldı,
yaxınlaşdı, əlimi sıxdı, sonsuz razılıq
etdi.
Mən bu pak vicdanlı el atasının nəzakətindən,
alicənablığından və mədəniyyətindən
kövrəldim, ixityarsız olaraq dedim:
Hörmətli Ələkbəy bəy! Siz nə
danışırsınız? Fanatiklərin, cəhalət
bayquşlarının ağalıq etdiyi bu şəhərdə
bu cür tamaşa hazırlaya bilməyimizi, onu göstərməyimizi,
camaatı hədsiz razı sala bilməyimizi Siz təmin
etmisiniz. Biz hamımız sizdən razılıq etməliyik!
Qabaqcıl kişilərin, maarifpərvərlərin
ağıllı, vicdanlı
başçısısınız, bütün həvəskarlar
Sizi bağrına basmalıdır, belə atası və
havadarı olması ilə öyünməlidirlər!"
Sidqi Ruhulla sözünü qurtarmamış həvəskarlardan
bir qrup Ələkbər bəyi yerdən götürüb
atıb-tutmağa başlayırlar. Kişi əsasını
yuxarı qaldırıb: - axmaqlıq eləməyin,
yıxarsınız - desə də, kimsə ərklə cavab
verir: - sən bizi dikəldirsən, biz səni necə yıxa
bilərik?
Tamaşanın böyük uğurundan ruhlanan Ələkbər
bəy Sidqiyə daha bir təklif edir: Məhz
qadınlarçün tamaşa hazırlamaq. Sidqi
razılaşır və Üzeyir bəyin "Məşədi
İbad" komediyasını təklif edir. Ələkbər
bəy bərkdən gülür və: - Razıyam,
hazırlayın - deyir.
Böyük maarifçinin və istedadlı
aktyor-rejissorun bu birgə niyyətləri də baş tutur,
tamaşa hazırlanır, amma son anda yeni bir əngəl
üzə çıxır. Yenə Sidqi Ruhullanın xatirələrinə
müraciət edək:
Kefimin kök çağında iki nəfər
göy çuxalı, arxalıqlı oğlanın mənə
doğru yanaşdığını gördüm. Fikir vermədim.
Yorğun olduğum üçün arxamı onlara
çevirdim. Elə yenicə çay tərəfə
çevrilmişdim ki, arxadan acıqlı bir səs
eşitdim:
- A kişi, biz sənin yanına gəlirik, sən də
g...nü bizə çevirirsən. Deməli, bizi saymırsan?
- Sizə nə lazımdır? - dedim.
O, üç tərəfini yuxarıya, qoltuğunun
altına doğru qaldırdığı iri xəncərinin
dəstəsindən yapışdı,
üzüaşağı çevirdi, sonra iti, axşam
işığında şimşək kimi
şığıyan tiyəsini çıxardıb təzədən
qınına yeridib yavaşca dedi:
- Bunu görürsən? Səni tikə-tikə
doğraram. Ən balaca tikən qulağın boyda olar. Buradan
bu saat elə itilib gedərsən ki, bir də tozun
görünməz. Köpək oğlu!
Arvadlarımızı qəhbəliyə həvəsləndirməyə
gəlmisən?
Sidqi sidq ürəklə etiraf edir ki, əməlli-başlı
qorxub. Bir çıxış yolu tapa bilmədiyi
üçün elə o cavanların gözü
qabağında tələsik uzaqlaşıb vağzala
doğru gedib. Gediş vaxtından çox qabaq Bakı
qatarına minib. İndidən vaqona minməyinə dəmiryolçular
təəccüb qalıblar. Birdən gülüş səsləri
eşidib vaqon pəncərəsindən boylanır.
"Gördüm orada nəyə isə bərk
gülürlər. Ələkbər bəy də oradadır.
Dərhal ürəkləndim. Təkidlə
çağrıldığımı görüb vaqondan
düşdüm. Ələkbər bəy:
- A kişi, bura niyə gəlmisən? - deyə
soruşdu.
Mən əhvalatı olduğu kimi danışdım.
O, bərk qəzəbləndi. - İt
uşağına baxırsanmı? -
dedi - bu top - alhasanlı gədələrinin, ya da
hacıməlikli çaqqallarının işidir, tapacam,
hökman onları tapacam".
Sidqi ürəklənib qayıdır və tamaşa
uğurla keçir.
Bu tamaşa haqqında anamın söhbəti də
yadıma düşür. O da bu əhvalatı anası Cəvahir
xanımdan eşidibmiş. Gəncədə qadınlar
üçün verilən ilk tamaşaya Ələkbər bəy
zövcəsi Xeyransa xanımla, bacısı Xədicə
xanımla və bacısı qızı, həm də gənc
gəlini - Cəvahirlə gəlir (Ələkbər bəyin
bacısı Xədicə xanım əmisi oğlu Mirzə bəyə
ərə gedib, Ələkbər bəyin oğlu Xudadat isə
onların qızı Cəvahirlə evlənib).
Xudadat bəy və Cəvahir xanım
Beləliklə, Nigar xanımın anasından
eşitdiyi söhbətə görə, Ələkbər bəydən
əvvəl heç kəs tamaşa salonuna girməyib. Ələkbər
bəy üç qadınla gələndə toplananlar ikiyə
bölünüb onlara yol açırlar. Ağsaqqal
nümayişkaranə sürətdə üç qadınla içəri
keçəndən sonra digər xanımlar da ürəklənib
ərləri, qardaşdarıyla salona daxil olurlar.
Maarifçilik yolunda teatrın böyük əhəmiyyətini
Ələkbər bəy də
H.Z.Tağıyev kimi yaxşı dərk edirdi. Amma bu sahədə
təşəbbüsləri təbii ki, fərqli miqyasda idi.
Əgər Ələkbər bəy Gəncədə həvəskarların
iştirakıyla yalnız bir neçə tamaşa təşkil
etmişdisə, Hacı Bakıda professional aktyor
truppasını dəstəkləyir, hətta indiyəcən
fəaliyyət göstərən böyük bir teatr
binasını onlara bəxş edirdi. Bu belədir. Amma o da var
ki, Hacı bunu öz milyonları hesabına edirdi, maddi
imkanları məhdud olan Ələkbər bəy isə məqsədə
ancaq şəxsi nüfuzu və zəhmiylə
çatırdı.
Hər iki millət xadiminin təhsilə, məktəbə
münasibətlərini də tutuşdurmaq olar. Əgər
Ələkbər bəy şəxsi hörməti sayəsində
bir neçə gəncin İstanbulda təhsil almasına nail
olmuşdusa, Tağıyevin şəxsi vəsaitiylə ali
savad alanların siyahısı çox böyük göstəricidir.
Bakı milyonçusu kimləri Rusiya şəhərlərində
və xaricdə oxutmayıb?
Bu nüfuzlu siyahıyla Ələkbər bəyin
oxutduğu bir iki nəfəri müqayisə etmək olmaz.
Amma bir də təkrar edim ki, bəzi başqa xəsis
milyonçulardan fərqli olaraq Hacı varını-yoxunu
maarifə, mətbuata, teatra xərcləyirdi, Ələkbər
bəyin isə ancaq böyük nüfuzu vardı.
Onu da unutmayaq ki, Ələkbər bəy ali savadlı adam idi. Hacının
isə heç orta təhsili da yoxdu. Və bu
"savadsız" və dindar adam Bakıda - müsəlman
qadınlarının çadralar altında gizləndiyi şəhərdə
- Qızlar məktəbi açırdı.
Bütün oxşarlıqlardan və fərqlərdən başqa,
Hacı Zeynalabdin Tağıyevi
Ələkbər bəy Rəfibəylidən fərqləndirən
bir mühüm cəhət də vardı - siyasətə
münasibət, Hacının vəsaitiylə oxuyan tələbələr
arasında gələcəyin
siyasətçiləri - müsavatçıları,
kommunistləri, ittihadçıları yetişirdi. Amma
özü heç bir firqəyə
yaxın durmurdu.
(Ardı var)
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2026.- 23 yanvar (¹ 3).- S.12-13.