"Bizə
dağıdıcı qüvvə kimi baxırdılar..."
- Birinci Türkoloji qurultay iştirakçılarının
izi ilə
TATARISTAN
NÜMAYƏNDƏ HEYƏTİ BAKI QURULTAYINDA
Birinci Türkoloji
qurultayın stenoqrafik hesabatını diqqətlə oxumayan,
materiallarla tanış olmayan hər kəsdə elə təsəvvür
yarana bilər ki, bolşeviklər partiyası və sovet
hökumətinin tapşırığına əsasən Bakıda bir araya gələn
türkoloq alimlər böyük ruh yüksəkliyi ilə ərəb
əlifbasından imtina, latın əlifbasına keçid
haqqında yekdil qərar qəbul edərək ağır
yükdən xilas olublarmış kimi şad-xürrəm evlərinə
qayıtmışdılar. Bir sözlə, Qay Yuli Sezarın
iki min il əvvəlki məşhur "Veni, vidi, vici"
("Gəldim, gördüm, yendim") sindromu...
Əslində isə
işlər ilk baxışdan göründüyü kimi rahat
və rəvan getməmişdi. Qurultayın gündəliyinə
çıxarılan bəzi məsələlər ciddi fikir
ayrılığına səbəb olmuş, geniş müzakirələr
doğurmuşdu. Bu ilk növbədə latın əlifbasına
keçid məsələsi ilə bağlı idi. Sovet rəhbərliyinin
mövqeyi əvvəlcədən bəlli olsa da, yüz illər
boyu ərəb əlifbasından istifadə etmiş bəzi
xalqlar tarixindən, mədəni sərvətlərindən
asanlıqla üz çevirmək niyyətində deyildi.
1920-ci illərin ortalarında sovet cəmiyyətində hələ
fərqli fikrə az da olsa dözümlü münasibət
qaldığından açıq danışmaqdan çəkinməmişdilər.
Bu ilk növbədə qurultayın
Kazandan gəlmiş iştirakçılarına aid idi.
Aydın məsələsir ki, başqa təsadüflərdə
olduğu kimi, bu dəfə də sonda rəsmi mövqe
üstünlük qazanmışdı (unutmayaq ki,
qurultayın bəzi iclasları partiya üzvlərinin
lazımi təlimat aldığı məxsusi
toplantısı ilə açılırdı). Amma tatar
nümayəndə heyəti təzyiqlərə baxmayaraq sona
qədər mövqeyindən çəkilmədi. Yeri gəlmişkən, çox
güman
"etibarlılıq" dərəcəsi hökuməti
qane etmədiyindən SSRİ Xalq Komissarları Sovetinin sərəncamı
ilə 1925-ci ilin avqustunda yaradılan qurultaya hazırlıq
üzrə Təşkilat Komitəsinin tərkibinə
Tatarıstandan bir nümayəndə
də salınmamışdı.
Tatar heyətinin
üzvləri bütünlükdə əlifba islahatı ideyasına qarşı deyildilər.
Lakin bunu latın qrafikasına keçid kimi yox, mövcud ərəb
əlifbasını türk dillərinin təbiətinə və
tələblərinə uyğunlaşdırma şəklində
görürdülər. Həm də fikirlərini yalnız
şüar formasında bəyan eləmirdilər. Vətəndaş
müharibəsinin ağır dövründə -1919, 1920,
sonra isə 1924-cü illərdə Tatarıstanın alim,
naşir və pedaqoqlarının təşəbbüsü
ilə əlifba və orfoqrafiya məsələlərinə
dair elmi-praktiki konfranslar keçirilmiş, hətta bir sıra
əməli addımlar atılmışdı. 1920-ci ildə
istifadədə olan əlifbadan bəzi lazımsız samit səslər
(və təbii ki, onları ifadə edən hərf şəkilləri)
çıxarılmış, əvəzində 6 sait səs
bildirən qrafik işarə əlavə olunmuşdu. Həm də
əlifba məsələsindəki radikal mövqe yalnız
elm və maarif xadimləri ilə bağlı deyildi. Ümumən
tatar cəmiyyətində əlifba dəyişiminə
münasibət mənfi idi. Ziyalılar çəkinmədən
latın əlifbasına nəzərdə tutulan keçidi
"müstəmləkəçiliyin yeni növü"
adlandırırdılar.
Savadlılıq səviyyəsi
Tatarıstandakı kimi yüksək olmasa da, Qazaxıstanda da
oxşar əhval-ruhiyyə hökm sürürdü. Yeni əlifba
- "yanalif" məsələsi burada ilk dəfə 1922-ci
ildə qaldırılmış, amma ictimaiyyətdə soyuq
münasibət görmüşdü. Latın əlifbasının
qazax dilinə tətbiqi ilə bağlı 1924-cü ilin iyun
konfransındakı diskussiyalar da nəticə verməmişdi.
Birinci Türkoloji qurultaya qədər hökumət, ilk
növbədə isə xalq maarif komissarlığı əsasən
seyrçi mövqe tutmuşdu. Əhməd Baytursunovun
Bakıda islah olunmuş ərəb əlifbasını
müdafiə etməsi, hətta daha irəli gedərək,
özünün hazırladığı əlifbanı "ideal" sayması da bu
münasibətin nəticəsi idi. Qazaxıstanda
"yanalif" tərəfdarlarına "yeni missionerlər"
kimi yanaşırdılar. Amma istənilən halda qurultayda
islah edilən ərəb əlifbasının
üstünlükləri ilə bağlı sona qədər
dirəniş göstərən, israr edən tatar nümayəndə
heyəti olmuşdu.
Kazanda əlifba
islahatı konfransının iştirakçıları (1919)
Geniş
yayılmış və çox güman həqiqətə
uyğun bir ədəbi lətifədə deyildiyinə
görə, 1920-1930-cu illərdə təzə peyda olmuş
proletar yazıçıları Hüseyn Cavidi sovet
platformasına ləng keçməkdə ittiham edirmişlər.
Ustad isə bu hədə-qorxu dolu tənqidlərə xəfif
yumorla cavab verərək deyibmiş: "Adamın baqajı
ağır olanda bir platformadan o birinə keçmək
çox da asan başa gəlmir".
Tatarlar da hesab edirdilər
ki, onların təhsil, bilik və mədəni
"baqajı" kifayət qədər tutumludur. 1804-cü
ildə Rusiyanın Asiya hissəsində
açılan ilk ali tədris müəssisəsi - Kazan
universiteti rus məmurlarının bütün
qadağalarına baxmayaraq, yerli əhaliyə də müəyyən
fayda gətirmişdi. Xüsusilə nəşriyyat işlərində
böyük tərəqqi əldə olunmuşdu Çarizm
dövründə tatar əhalinin savadlılıq (oxuyub-yazma)
dərəcəsinin ruslardan daha üstün olduğunu Lenin
özü də etiraf etmişdi. 1926-cı ildə,
keçmiş SSRİ-də ilk siyahıya almanın nəticələrinə
görə tatarlar bu məsələdə ruslar da daxil
bütün digər xalqları qabaqlayıb birinci yerə
çıxmışdı. Savadlılıq kişilər arasında 40,3,
qadınlar arasında 27,6 faiz təşkil edirdi. Dövr
üçün yetərincə yüksək göstərici
idi. Ədəbi-mədəni irslə əlaqənin
qırılması ilə bağlı real təhlükə bir yana qalsın, tamamilə yeni bir əlifbanın
qəbulu bu qədər insanı bir günün içində
savadsıza çevirəcəkdi. Latın yazısı
özünə yer alandan sonra isə yüz illər boyu
qazanılan bütün nailiyyətlər əlçatmaz olacaqdı. Digər
tərəfdən, ayıq başla düşünən milli
ziyalılar latın əlifbasına keçidin
ruslaşdırma yolunda sadəcə mərhələ təşkil
edəcəyinin də fərqində idilər. Məsələn,
görkəmli türkoloq alim Hadi Atlasi (1876-1938) hələ
Bakı qurultayı ərəfəsində "latın
qrafikasının türk xalqlarını kiril əlifbasına
aparan yolda ara düşərgəyə" çevriləcəyi
haqda xəbərdarlıq etmişdi.
Ona görə də
yazı ənənələri olmayan, yaxud belə ənənələrin
kifayət inkişaf etmədiyi xalqlar üçün
"asan əlifba" nə qədər cəlbedici
görünsə də, maarif və mədəniyyətin
müəyyən dərəcədə kök saldığı toplumlar
üçün bir o qədər çətin,
ağrılı, hətta alçaldığı və təhqiramiz
proses idi. Məsələn, latın əlifbası türkmənlər
arasında daha sürətlə yayılmışdı.
Türkmənistan MİK sədri Nadirbay Aytakov (1894-1938) bunun səbəbini
əhalinin savadlılıq dərəcəsinin
aşağı olmasında, təsir gücünə malik
nüfuzlu ziyalıların və yazı ənənələrinin çatışmamasında
görmüşdü.
Azərbaycanın təcrübəsinə
və öncül mövqeyinə gəldikdə isə burada əlifba
islahatı yaxud latın əlifbasına keçid fikrinin digər
türk xalqları ilə müqayisədə ölkəmizdə
ən azı yarım əsrlik tarixə malik olmasının
mühüm rolu vardı. Təbii ki, bu milli bünövrə
bəlli psixoloji gərginliyi, yaxud "natamamlıq"
kompleksini aradan qaldırır, prosesə anlaşılan
xarakter verirdi. Tatarlar, yaxud qazaxlar latın əlifbasına
keçidi bolşevik "sifarişi" və hökmü kimi qəbul etmək məcburiyyətində
qaldıqlarına görə özlərini alçaldılmış
sayırdılar. Azərbaycanda isə ilk dəfə
M.F.Axundzadənin 1850-ci illərdə ortaya atdığı əlifba
islahatı ideyası "bolşevik öndəri" Leninin
özündən də yaşlı idi. Nəhayət, sovet
Rusiyasının üzərində heç bir hökm və
təsirə malik olmadığı milli hökumət - Azərbaycan
Cümhuriyyəti hələ mövcudluğunun ikinci ilində
kütlələr arasında
maarifin tez və asan yayılması üçün latın əlifbasına keçid
ideyasına ona tərəfdar
çıxmışdı.
lll
Müasir tatar tədqiqatçısı
Zübərcət Qəribovanın yazdığına görə,
Tatarıstandan Bakıya əvvəlcə iki nəfərlik
kiçik heyətin göndərilməsi nəzərdə
tutulurdu. Lakin qurultayın açılışı ərəfəsində
say bir neçə dəfə artırılaraq 9 nəfərə
çatdırıldı. Heyətə rəhbərlik
yazıçı-dramaturq, naşir, ictimai xadim, tatar
dilçiliyinə dair bir sıra qiymətli əsərlərin
müəllifi, "canlı klassik" Qalimcan İbrahimova
(1887-1938) həvalə edilmişdi. Tərkibinə isə Qali
Qabdrəhimov (1892-1943), Qibad Alparov (1888-1936), Səlahəddin
Atnaqulov (1893-1937), Sibqatulla Qafurov (1888-1938), Qayaz Maksudov
(1891-1937) və Qalimcan Şərəf (1896-1950) kimi tanınmış elm
adamları daxili idilər. Bundan əlavə, Rusiyanı təmsil
edən nümayəndələr arasında da bir neçə
nəfər tatar pedaqoqu, alimi, dövlət xadimi (İbrahim
Yumanqulov (1882-1937), Rauf Sabirov (1894-1937), Şamil Usmanov (1898-1937)
və b. vardı. Q.İbrahimov Tatarıstan təmsilçisi kimi qurultayın Rəyasət Heyətinə
seçilmişdi.
Qalimcan İbrahimov
1924-cü ildən
etibarən latın əlifbasına keçid digər türk
respublikaları kimi, Tatarıstanda da ciddi müzakirə
mövzusuna çevrilmişdi. Kazandakı Kommunist klubu nəzdində
"Latın dostu" cəmiyyəti fəaliyyət göstərirdi.
İslah olunmuş ərəb əlifbası tərəfdarları
isə "Kızıl Tatarıstan", "Beznen yul"
("Bizim yol") kimi aparıcı milli mətbu orqanlar ətrafında
birləşmişdilər. "Latınçılar" rəqiblərini
irticanı dəstəkləməkdə, din xadimlərinin
mövqeyini müdafiə etməkdə
günahlandırırdı. Onlar da borclu qalmayıb
"Latın dostlarını" xalqın və ölkənin
qədim tarixinə, mədəniyyətinə qarşı
çıxan yeni missionerlər kimi damğalayırdılar.
İşin maraqlı
tərəfi Tatarıstan Vilayət partiya komitəsinin
mövqeyi, daha doğrusu, bu mövqeyin hələlik qəti
müəyyən edilməməsi, gözləmə xarakteri
daşıması sayıla bilərdi. Məsələn,
katiblik Bakıya yola düşən nümayəndə heyətinə
"nə şiş yansın, nə kabab" ruhlu belə
bir təlimat vermişdi: "Latın əlifbasına
keçidə prinsipial
etiraz bildirilməsin. Amma
praktiki cəhətdən Tatarıstan MSSR-da yeni əlifbaya
keçidin mümkün olmadığı diqqətə
çatdırılsın".
"Latınlaşma"da
zahirən fərqli görünəcək mövqelərdə
dayansa da, ərəb qrafikasına əsaslanan tatar əlifbasının
qorunub saxlanması kiçik istisnalarla tatar heyətinin
ümumi istəyi idi. Ona görə qurultayda əlifba ətrafında
müzakirələr başlananda Q.İbrahimov, Q.Alparov,
S.Qafurov və b. açıq şəkildə latın əleyhdarı
kimi çıxış etməsələr
də, mədəni varislik baxımından Tatarıstan
üçün islah olunmuş ərəb əlifbasını
daha məqbul saydıqlarını gizlətmədilər.
S.Atnqulov neytral mövqe nümayiş etdirdi. Hətta
"latınçı" kimi tanınan Şamil Usmanov da
"Bizim zəngin ədəbiyyatımız var. Latın əlifbasına
keçid tatar xalqını öz mədəni irsindən
uzaq salacaq. Kəndli missioner mətnlərini xatırladan
latın yazısını qəbul etməyəcək. Yeni əlifbanın qəbulundan
sonra xalqa təzədən savad öyrətmək lazım gələcək.
Bu isə çox böyük qüvvə və vəsait tələb
edir"- deyə tərəddüdünü bildirmişdi.
"Ölüm, ya
olum?" dilemmasına çevrilən "latın-ərəb"
məsələsində tatar heyətinin əsas
sözçüsü
nüfuzlu dilçi-alim, ictimai-siyasi xadim Qalimcan Şərəf
idi. Dövrünün tatar intellektualları arasında
xüsusi yer tutan Qalimcan Şərəf mükəmməl ənənəvi
və Avropa təhsili almışdı. Məşhur "Məhəmmədiyyə"
mədrəsəsində, sonra II Kazan real məktəbində
oxumuş, 1915-ci ildə Petroqrad Dəmiryol Mühəndisləri
İnstitutuna daxil olmuşdu. Müvazi şəkildə həm
də Petroqrad universitetinin tarix-filologiya fakültəsinin məşğələlərinə
davam etmişdi. Lakin 1917-ci il Fevral inqilabı tatar gəncinə
ali təhsilini baş vurmağa imkan verməmişdi. O da minlərlə
yaşıdı kimi, ictimai-siyasi fəaliyyət meydanına
atılmağı, xalqının gələcəyi
uğrunda mübarizəyə qoşulmağı daha
üstün tutmuşdu. Qalimcan Şərəf Ümumrusiya müsəlmanları
Moskva qurultayının (may, 1917) iştirakçısı
idi. Ərazi muxtariyyəti konsepsiyasını işləyib
hazırlamış, İlyas Alkinlə birlikdə Volqa-Ural
Ştatları (tatar-başqırd) dövləti yaratmaq
ideyasını ortaya atmışdı. Sərhəd
komissiyasının üzvü kimi Rusiya tərkibində
milli-muxtar dövlət quruculuğuna mühüm töhfə
vermişdi.
1919-20-ci illərdə
təhsilini Kazan universitetinin tarix-filologiya bölümündə
davam etdirən Qalimcan Şərəf burada İ.N.Aşmarin,
N.F.Katanov kimi məşhur türkoloq alimlərdən dərs
almış, prof. V.A.Boqoroditskinin rəhbərliyi altında
eksperimental fonetika sahəsində xüsusi ixtisas kursu
keçmişdi. 1929-cu ildə Vyana Beynəlxalq Eksperimental
Fonetika Assosiasiyasının həqiqi
üzvü seçilməsi bu sahədəki fəaliyyətinin
uğurlarından xəbər verməkdədir. 1937-ci ilə
qədər Kazanda Şərq Pedaqoji İnstitutunun professoru
kimi humanitar elmlərin müxtəlif sahələrinə (dil,
tarix, ədəbiyyat və s.) dair mühazirələr
oxumuşdu.
Birinci Türkoloji
qurultayın Səmədağa Ağamalıoğlunun sədrliyi
ilə keçən 1 mart 1926-cı il tarixli 10-cu iclasında
Qalimcan Şərəf "Ərəb və latın
şriftlər sistemi və onların türk-tatar xalqları tərəfindən
istifadəsinə dair" mövzusunda geniş məruzə
ilə çıxış etmişdi. Eyni zamanda müzakirələrdə
də xüsusi fəallığı ilə
seçilmişdi. Kazana qayıdandan iki ay sonra, 1926-cı ilin
mayında qurultaydakı məruzəsinin
tezisləri əsasında "Latın şriftinin türk xalqları tərəfindən
qəbul edilməsi məsələsinə dair" adlı
kitabını hazırlayıb çap etdirmişdi.
Məruzə və
kitabdan qırmızı xətlə keçən əsas
ideya ondan ibarət idi ki, hər hansı əlifba ilkin mərhələdə
kimə məxsus olsa da, əsrlər boyu bu əlifbadan istifadə
edən, öz yazı ənənələrini
(dolayısı yolla "öz" əlifbasını!)
yaradan xalqlara münasibətdə söhbət yalnız
islahatdan gedə bilər. Tamamilə yeni, fərqli əlifba tətbiqi
yazısı olan xalqları milli-mədəni keçmişdən,
tarixi yaddaş hissindən məhrum
etmək, keçmişlə bu gün və gələcək
arasında uçurum yaratmaq və milyonlarla insanı hər şeyə "ağ vərəqdən"
başlamağa zorlamaq deməkdir. Latın əlifbasının
qəbulu türk xalqlarını bir günün içində
avtomatik şəkildə heç bir yazı mədəniyyəti
və yazılı ədəbi-bədii, elmi və s. irsi
olmayan xalqlarla bir sıraya qoymaq anlamına gəlir. Müəllif
qurultay iştirakçılarını inandırmağa
çalışırdı ki, "...tatarların,
qazax-qırğızların və digər türk
xalqlarının istifadə etdiyi ərəb sistemli (yəni
islah edilmiş - V.Q.) əlifbanın hərf tərkibi
onların əməli orfoqrafiya tələblərinə tam
cavab verir, dilin fonetikasına uyğundur, ayrı-ayrı,
kiçik istisnalarla bu əlifba bütün türk
xalqları tərəfindən qəbul və istifadə
edilir. Qrafik baxımdan sistemin
hüdudundan çıxmadan eyni ərəb hərfləri
əsasında yalnız istənilən dəqiqliyə cavab
verən təcrübi orfoqrafiya deyil, fonetik transkripsiya da
yaratmaq mümkündür". Məruzəçi əlifba
dəyişimi nəticəsində yalnız Kazan
tatarlarının deyil, Anadolu və Krım türklərinin,
özbəklərin, azərbaycanlıların,
qazax-qırğızların da ciddi problemlərlə (hətta
savad sahiblərinin də yenidən savad öyrənməsi,
uzun illər paralel nəşriyyat işləri, yazı və
oxu vərdişinin aşılanması, müəllimlərin
yenidən hazırlanması və s.) üzləşəcəyini
qeyd etmişdi.
Yuxarıda adı
çəkilən kitabında isə Qalimcan Şərif
qurultay tribunasından irəli sürdüyü müddəaları
daha geniş şəkildə, polemik tərzdə, tarixi fakt və
qaynaqlara əsaslanaraq sərrast elmi üslubda şərh
etmişdi. Əsərin bir fəsli bütünlükdə Azərbaycanda
əlifba islahatı ideyasının meydana çıxması
və ərəb hərflərinin islahından latın
qrafikasına qədər keçilən yolun tədqiqinə
həsr edilmişdi. M.F.Axundzadə, M.Şahtaxtinski və
F.Ağazadənin məsələ ilə bağlı
mövqeyinə aydınlıq gətirilmişdi. Müəllif
ənənəyə uyğun olaraq "müsavat hakimiyyəti"
adlandırdığı Cümhuriyyət dövründə ən
vacib və təxirəsalınmaz vəzifələrdən
biri kimi latın əlifbasına keçid qərarının
çox qısa müddətdə Parlament səviyyəsinə
gətirilməsinə də toxunmuşdu. Amma Qalimcan Şərəfin
prosesin guya həmin dövrdə Bakıdakı Böyük
Britaniya işğal qüvvələrinin tələbi, yaxud
"sifarişi" başladılması ilə bağlı
irəli sürdüyü ehtimal hər hansı tarixi əsasdan
məhrumdur.
Qalimcan Şərəf
Martın 3-də
S.Ağamalıoğlunun sədrliyi ilə keçirilən
11-ci iclasda söz alan Q. İbrahimov tatar heyətinin
mövqeyini bir daha diqqətə çatdırmağa
çalışmışdı. Lakin qurultay artıq
latın əlifbasına keçid üzərində kökləndiyindən
natiqin bu əlifba ilə bağlı dediyi hər müsbət
söz alqışlarla qarşılandığı halda
Tatarıstanın seçdiyi yolla bağlı izahlarına səthi
yanaşılmışdı. Kazan tatarlarının 600 illik
yazılı ədəbiyyat, 125 illik nəşriyyat tarixini
önə çəkən natiq Azərbaycanın inqilabi
seçimini təqdir etdiyini bildirməklə yanaşı
özlərinin seçdiyi təcridi islahat yoluna da
anlayışla yanaşılmasını istəmişdi.
Martın 4-də yekun sözü ilə çıxış
edən Q. Şərəf bir daha bütün mümkün
üsullarla iştirakçıları öz mövqeyində
haqlı olduğuna inandırmağa
çalışmışdı.
Amma elə həmin
gün Dağıstan (qumuq) təmsilçisi C.Qorxmazovun təklifi
ilə latın əlifbasına
keçidlə bağlı qərarı səsverməyə
çıxarılmışdı: "Texniki cəhətdən
yeni türk (latın) əlifbasının ərəb və
islah edilmiş ərəb əlifbasından daha əlverişli
olduğunu və ərəb əlifbasına
nisbətən yeni əlifbanın mədəni-tarixi və
mütərəqqi bir mahiyyətə malik olduğunu qeyd edərək
Qurultay ayrı-ayrı türk-tatar cümhuriyyət və
oblastlarında yeni əlifbanın qəbulu və həyata
keçirilməsi üsulunu hər bir xalqın öz işi
biliyor". ("Kommunist" qəzeti, 5 mart 1926-cı il).
Əlifba məsələsinin
müzakirəsində adı ən çox hallanan, sağdan
və soldan tənqid və ittihamlara məruz qalan Q.Şərəf
son təşəbbüsə əl ataraq alternativ qərar
layihəsi irəli sürmüşdü. Təklif etmişdi
ki, türk dillərinin hər iki əlifbadan istifadə
mümkünlüyü qəbul olunmaqla, Azərbaycanın
latın əlifbası, Tatarıstanın isə islah
olunmuş ərəb əlifbasının tətbiqindəki
uğurları nəzərə alınmaqla məsələ hələlik
açıq saxlanılsın və yekun qərarın verilməsi
türkoloqların II qurultayına həvalə edilsin. Bu məqsədlə
verilən bütün təklifləri dəyərləndirmək
üçün "latınçı" və
"islahatçılardan" ibarət iki müstəqil
komissiya yaradılsın.
Amma onun qətnamə
layihəsi yalnız 7 səs toplaya bilmişdi...
lll
Nümayəndə
heyəti Bakıdan qayıdandan bir neçə gün sonra
Tatarıstan vilayət partiya komitəsi katibliyinin iclasında
Qalimcan İbrahimovun Birinci Türkoloji qurultayla bağlı
hesabatı dinlənilmişdi. O, əlifba məsələsi
ilə əlaqədar yaranan mürəkkəb vəziyyət
və tatar heyətinin mövqeyi haqda danışaraq
demişdi: "Partiyanın Mərkəzi Komitəsi bizim
qurultayla çox maraqlanırdı. Siyasi Büro hətta bu məsələ
ilə bağlı xüsusi komissiya yaratmışdı. Qəbul
edilən qətnamələrdə siyasətimizin əleyhinə
olan hər hansı müddəa yoxdur. Amma bizim
üçün ən ciddi məsələ əlifba idi. Bu sahədə vəziyyətimiz
həqiqətən də ağır idi. Qurultayda bizə
dağıdıcı qüvvə kimi baxırdılar. Bu, heyətimizə
olan münasibətdə də özünü göstərirdi.
Məsələn, ilk vaxtlar bizdən alınan müsahibəyə
hətta qəzetdə yer də verməmişdilər. raksiyanın (partiya qrupu nəzərdə
tutulur - V.Q.) iclasında bildirdik ki, prinsip etibarı ilə
latın əlifbasının əleyhinə deyilik. Lakin texniki
və əməli mülahizələrə görə
Tatarıstan Respublikasının indiki vəziyyəti qərarın
(yəni məhz latın əlifbasına keçid
- V.Q.) dərhal tətbiq olunmasına imkan vermir. İndi ərəb
hərflərinin daha təkmil hala gətirilməsi ilə məşğul
olan komissiya yaratmalıyıq. Latın əlifbasına
keçməyimiz uzun bir proses olacaq, hələlik isə
ümumiyyətlə mümkün deyil".
S. tnaqulov həmkarının
fikrini davam etdirərək demişdi: "Qurultayda bizə
islamın müdafiəçiləri kimi baxır, çox sərt
münasibət bəsləyirdilər. Artıq Kazanda latın
əlifbasına keçidlə bağlı təbliğat
aparmaq üçün komissiya yaradılır. Biz də gedən
proseslərə dəqiq baxış bucağımızı
müəyyən etməliyik".
Görünür,
Tatarıstan partiya rəhbərliyi hələlik məsələnin
inzibati yolla, dekret vasitəsi ilə həll
olunmayacağına müəyyən
ümidlər bəsləyirdi. Ona görə də
respublika partiya komitəsi katibliyinin üzvü Zəki Gimranov
(1898-1937) qarşıda duran vəzifələrlə
bağlı nikbin tonda danışmışdı: "Hər
bir partiya üzvü başa düşməlidir ki, latın əlifbasına
keçid irəliyə doğru atılmış
addımdır. Lakin hələlik bunu etmək mümkün
deyil. Belə şəraitdə biz də Azərbaycanda
olduğu kimi, prosesi qabaqlayıb latın əlifbasının
tətbiqini dekret yolu ilə həyata keçirə bilmərik".
Amma bu hədər
ümidlər idi və təsadüfi deyil ki, vaxtı
çatanda Z.Gimranov özü də partiyanın xəttinə
qarşı çıxan "xalq düşməni" kimi
cəzasını aldı. Moskva
tatar ziyalılarının nazı ilə oynamaq fikrində
deyildi. Türkoloji qurultaydan bir ay sonra, aprelin 8-də
yazıçı F.Seyfi-Kazanlının rəhbərliyi ilə
rəsmi "Yanalif" ("Yeni əlifba") komitəsi
yaradıldı. Komitənin vəzifəsi latın əlifbasını
fəhlə-kəndli kütləsi arasında yaymaqdan ibarət
idi. "Yanalif" qısa müddətdə tatar dili
üçün ilk latın yazısı və
orfoqrafiyasının layihəsini
hazırlayıb ictimaiyyətə təqdim etdi.
Qalimcan Şərəf.
“Türk xalqları üçün latın hərflərinin
qəbul edilməsi məsələsinə dair”, Kazan, 1926
Tatarıstan vilayət
partiya komitəsi də səhvini başa düşməyə
çox vaxt itirmədi. 1927-ci il mayın 3-də respublikada
latın əlifbasına keçidin məqsədyönlülüyü
və labüdlüyü haqda sərəncam verdi. 1927-1928-ci tədris
ilində latın əlifbasının tədrisinin texnikumların
və ikinci dərəcəli məktəblərin
proqramına daxil edilməsi, bu məqsədlə zəruri dərslik
və dərs vəsaitləri hazırlanması qərara
alındı.
Prosesin artıq
dönməz xarakter aldığını görən islahat
tərəfdarları son imkana əl atdılar: əsli Stalinə,
surəti Tatarıstan vilayət partiya komitəsinə göndərilməklə
latın əlifbasına keçidin tatar mədəniyyətinə
vuracağı dəhşətli zərbə haqda məktub
yaydılar. Qalimcan Şərəfin tərtib etdiyi sənədi
82 nəfər ziyalı, pedaqoq və ictimai xadim
imzaladığı üçün daha çox "82-lər
məktubu" kimi tanınmaqdadır.
Gözlənildiyi
kimi, müəlliflərə qarşı təqib
kampaniyası başlandı. Nəticədə onların bir
qismi imzalarını geri götürərək bu barədə
mətbuatda xəbər yaydı. Təşəbbüsün
kimdən gəldiyi də unudulmadı. Vaxtı çatanda
yalnız özü deyil, ailəsinin bəzi üzvləri də
gənc, barışmaz ruhlu həqiqət axtarıcısı
Qalimcan Şərəfin cılğın addımının
ağır bədəlini ödəməli oldular.
İnadkar tatar alimlərinə
yerini tanıtmaq məqsədi ilə təbii ki, Moskvanın
göstərişi ilə 1927-ci il iyulun 3-də Tatarıstan
MSSR Xalq Komissarları Soveti İttifaq miqyasında birincilər
sırasında xüsusi sərəncamla latın əlifbasını
Tatarıstanın rəsmi əlifbası elan etdi. Cari ildə
orta və ali, növbəti ildən isə bütün məktəblərin
yeni qrafikaya keçməsi vəzifə olaraq qarşıya
qoyuldu.
Bununla da
Tatarıstanda əsrlər boyu istifadə olunan əlifba ilə
bağlı "qiyam" yatırıldı. Nəticədə
1939-cu ildə türk xalqlarının kiril qrafikasına
keçmə qərarı çıxanda heç yerdə
oxşar prinsipiallıq və etirazlara təsadüf edilmədi.
1937-ci ilin dəhşətli xofundan sonra sovet dövləti bu
işi yuxarıların bir qərarı ilə həll etdi...
P.S. Birinci Türkoloji
qurultayın əksər iştirakçıları kimi
Tatarıstan nümayəndə heyəti üzvlərinin də
taleyi məşəqqət və faciə ilə dolu
olmuşdu. 1932-ci ildə SSRİ hökumətinin "Əmək
Qəhrəmanı" fəxri adına layiq
gördüyü vərəm xəstəsi Qalimcan
İbrahimovu 1937-ci ilin avqustunda Yaltada həbs edib Kazana gətirmişdilər.
Növbəti il yanvarın 21-də burada NKVD həbsxanasının
lazaretində ölmüşdü. Qalimcan Şərəf də
1937-ci ildə həbs olunmuş, həyatının 8 ilini məhbəsdə
keçirmişdi. Şikəst halda həbsdən
çıxandan sonra isə ona Kazanda yaşamaq və elmi fəaliyyətlə
məşğul olmaq yasaq edilmişdi. Yazıçı,
dilçi, tarixçi, tərcüməçi və pedaqoq,
tatar millətçisi kimi 1937-ci ilin iyununda həbs edilən
Qali Qabdrəhimov 1943-cü ildə həbsxanada həyatla
vidalaşmışdı. Zəki Vəlidi Toğanla birlikdə
başqırd milli hərəkatına rəhbərlik
etmiş Səlahəddin Atnaqulov 1937-ci ildə
trotskiçi, Sibqatulla Qafurov isə
millətçi-trotskiçi ittihamı ilə 1938-ci ilin
mayında güllələnmişdi.
1937-ci ildə tatar millətçisi kimi 10 il həbs cəzasına
məhkum edilən Qayaz Maksudov 1942-ci ildə həbsxanada həlak
olmuşdu. İbrahim Yumanqulovla Tatarıstan MİK sədri
Rauf Sabirov Üçlüyün qərarına əsasən
xalq düşməni kimi güllələnmişdi.
İxtisasca hərbçi olan Şamil Usmanov isə bəraət
prosesində müəyyən edildiyinə görə istintaq
zamanı işgəncə altında ölmüşdü.
Tatar heyətinin tərkibində Türkoloji qurultaya
qatılanlardan yalnız dilçi-professor, türk dillərinə
dair bir sıra dərslik və dərs vəsaitlərinin
müəllifi Qibad Alparovun "bəxti gətirmişdi"
- o, 1936-cı ildə 47 yaşında öz əcəli ilə ölmüşdü. Daha bir il, yəni
"böyük terrora" qədər yaşasaydı, yəqin
ki, həmkarlarının acı taleyini paylaşmalı
olacaqdı... Cavab verməli suallar vardı. Ən azı
yadına Birinci Türkoloji qurultaydan qayıdandan sonra
"Biznen yul" dərgisində çap etdirdiyi
"Latın yox, ərəb!" məqaləsini, bu
mövzuda digər yazılarını və söhbətlərini
sala bilərdilər...
Sarayevo, yanvar,
2026-cı il
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.-
23 yanvar (¹ 3).- S.10-11.