Mənzil bazarına
yatırım
PAYTAXTDA EVLƏRİN ÇOXU İNVESTİSİYA
MƏQSƏDİLƏ ALINIR
Son bir neçə ildir paytaxt Bakıda və ətraf
ərazilərin daşınmaz əmlak bazarında kəskin
qiymət artımı müşahidə olunur. Mütəxəssislərin
fikrincə, bahalaşmanın başlıca səbəblərindən
biri insanların investisiya məqsədilə pullarını mənzil
bazarına yatırmasıdır. İllər öncə
insanlar evi əsasən yaşamaq üçün
alınırdısa, bu gün bir çox insan daşınmaz əmlakı
pulunu qorumaq və artırmaq vasitəsi kimi görür.
Alternativ investisiya imkanlarının məhdudluğu isə
insanları mənzil bazarına yönəldir.
İnsanların çoxu "al, kirayə ver, gəlir əldə
et" prinsipini əsas tutaraq mənzil bazarına
yatırım edirlər. Yeni tikililərin də əhəmiyyətli
hissəsi məhz bu investor tələbatına uyğun layihələndirilir.
Bahalı, kiçik sahəli, tez satılan mənzillər
inşa olunur. Halbuki geniş ailələr və orta gəlirli
vətəndaşlar üçün əlçatan mənzillərin
sayı getdikcə azalır.
İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki,
bu gün paytaxtda mənzillərin çoxu investisiya məqsədilə
alınır. Bu mənzillərin çoxunda
yaşayış yoxdur, boşdur. Bu da bazarda süni
qıtlıq yaradır və qiymətlərin
bahalaşmasına səbəb olur: "Paytaxtda
daşınmaz əmlak bazarında tələb əsasən
investisiya yönümlüdür. Bu da təbii ki, qiymətlərin
real gəlirlərlə uzlaşmamasına səbəb olur.
Daşınmaz əmlak əhali üçün ən
etibarlı sərvət qoruma vasitəsi kimi qəbul olunur.
Yüksək inflyasiya riskləri, maliyyə bazarlarının
dərinliyinin zəif olması və uzunmüddətli
investisiya alətlərinə inamın aşağı səviyyədə
qalması fonunda vəsaitlərin mənzil bazarına yönəlməsi
təbii haldır. Bir çox hallarda mənzillər ya kirayə
vermək, ya da gələcəkdə daha yüksək qiymətə
satmaq məqsədilə alınır".
İqtisadçının sözlərinə görə,
bu gün mənzil bazarı sosial funksiyasını qismən
itirərək maliyyə bazarının alternativinə
çevrilib: "Təkrar alıcılar üçün ev
portfel genişləndirmə alətidir, ilkin alıcılar
üçün isə əlçatmaz ehtiyac. Bu disbalans uzun
müddət davam edərsə, kirayə bazarında da qiymət
təzyiqi qalıcı xarakter alacaq".
Əmlak məsələləri üzrə ekspert
Elnur Fərzəliyev bildirib ki, əmlak
alıcılarının böyük əksəriyyəti təkrar
alıcılardır. Yəni adamın gəlir mənbəyi
var, pulu evdə, bankda saxlamır və əmlaka
yatırır: "Əmlak bazarında aparılan
müşahidələr göstərir ki,
alıcıların böyük əksəriyyəti ilk dəfə
ev alanlar yox, təkrar alıcılardır. Bu kateqoriyaya
artıq yaşayış evi olan, sabit gəlir mənbəyinə
sahib şəxslər daxildir. Onlar pulu nə bankda
saxlamağı, nə də istehlaka yönəltməyi
üstün tuturlar; əvəzində vəsaiti
daşınmaz əmlaka yatıraraq dəyərini qorumağa
çalışırlar. Mövcud iqtisadi şəraitdə
bank faizlərinin inflyasiyanı tam kompensasiya etməməsi,
maliyyə alətlərinə etimadın məhdudluğu və
valyuta riskləri əmlakı daha cəlbedici edir. Nəticədə
mənzil yaşayış vasitəsindən çox,
investisiya alətinə çevrilir. Bu tendensiya bazarda real tələbatı
üstələyən süni tələb yaradır və
qiymətlərin davamlı artımına səbəb olur. Təkrar
alıcıların üstünlüyü bazar
balansını pozur: ilkin alıcılar, xüsusən gənc
ailələr, daha yüksək qiymətlər və daha sərt
maliyyə şərtləri ilə üzləşirlər.
Uzunmüddətli perspektivdə bu vəziyyət sosial bərabərsizliyi
dərinləşdirir və mənzil əlçatanlığını
azaldır".
Ekspertlərin fikrincə, bazarın
sağlamlaşması üçün investisiya məqsədli
çoxsaylı alışlara diferensial vergi yanaşması,
sosial və əlçatan mənzil proqramlarının
genişləndirilməsi, həmçinin alternativ investisiya
alətlərinin inkişafı vacibdir. Əks halda təkrar
alıcıların üstün mövqeyi qiymətləri
yüksəltməyə davam edəcək.
Ekspert Vüqar Oruc bildirib ki, daşınmaz əmlaka
investisiya yatırmaq səmərəli
sayıldığından Azərbaycan vətəndaşları
istər ölkə daxilində, istərsə də xaricdə
bu sahəyə sərmayə qoymaqda maraqlıdırlar: "Vətəndaşlar
öz vəsaitlərini banklarda depozit şəklində də
saxlaya bilərlər. Amma bu, mənfəət əldə etmək
baxımından səmərəli deyil. Məsələn, vətəndaş
vəsaitini depozit formasında hansısa banka yerləşdirərsə,
il ərzində maksimum 8-10 faiz gəlir əldə edə bilər.
Daşınmaz əmlak isə sürətlə
bahalaşdığından il ərzində təqribən
15-20 faiz mənfəət qazanmaq olur. Bu əmlak torpaq sahəsi
olduqda gəlir hətta 50 faizə qədər arta bilər.
Buna görə də azərbaycanlı investorlar zaman-zaman
Türkiyədə, Gürcüstanda, Dubayda daşınmaz əmlaka
investisiya yatırırlar".
İqtisadçı ekspert Natiq Cəfərlinin
sözlərinə əsasən, artıq bir neçə
ildir ki, insanların bir neçə mənzil alaraq onları
kirayə verməklə gəlir əldə etməsi
tendensiyası geniş yayılıb. Bu gün sabit gəliri
olan insanlar üçün kirayə mənzili passiv gəlir
mənbəyi kimi daha etibarlı görünür. Ona görə
də əlində imkanı olan insanlar paytaxtın müxtəlif
ərazilərindən əmlak alırlar: "Bank depozitləri
və digər maliyyə alətləri ilə müqayisədə
kirayədən əldə olunan gəlir daha yüksək və
daha proqnozlaşdırıla biləndir. Ən əsası isə
daha etibarlıdır. Üstəlik, mənzilin özü də
zamanla dəyər qazandığı üçün investor
ikiqat qazanc əldə edir. Həm aylıq kirayə haqqı,
həm də əmlakın kapitallaşması hesabına. Bu
proses əmlak bazarında ciddi təsir yaradır.
Çoxsaylı mənzillərin investorların əlində
cəmlənməsi təklifin real yaşayış
ehtiyacından kənara çıxmasına səbəb olur.
Nəticədə kirayə qiymətləri yüksəlir,
satış bazarında isə qiymətlər süni şəkildə
yüksək səviyyədə qalır. Ən çox zərər
görən tərəf isə ilk dəfə ev almağa
çalışan vətəndaşlardır".
Ekspert vurğulayıb ki, qonşu ölkələrin
daşınmaz əmlaka yatırımlarım edən azərbaycanlıların
sayı son dövrlərdə daha da artıb. Məsələn,
qardaş Türkiyədə Azərbaycan vətəndaşları
mənzil bazarında ilk beşliyə daxil olublar. Yəni kifayət
qədər çoxlu sayda azərbaycanlılar öz vəsaitini
Türkiyədə mənzil almağa yönəldiblər:
"Nəzərə almaq lazımdır ki, Türkiyənin
müxtəlif bölgələrində, İstanbulda qiymətlər
bir az fərqlidir. Amma Ankara, İzmir, Ege bölgəsi kimi
şəhərlərdə çox da baha olmayan qiymətə
normal 2-3 otaqlı tam təmirli evlər almaq
mümkündür. Yəni qiymətlər hələ də
Bakıdan xeyli dərəcədə ucuzdur. Ona görə də
insanlarımızın bir hissəsi bu yolla öz əmanətlərini
və yığdıqları vəsaiti qorumağa
üstünlük verirlər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 23 yanvar (№ 3).- S.8.