Sosial şəbəkə
fenomenləri
RƏQƏMSAL TƏSİRİN
SƏRHƏDLƏRİ VƏ AZƏRBAYCAN-TÜRKİYƏ
MÜNASİBƏTLƏRİ
Müasir dövrdə ictimai diskursun
formalaşmasında Azərbaycanda daha çox blogerlər kimi
tanınan şəxslərin əhəmiyyətli rol
oynadığı müşahidə olunur. Akademik müstəvidə
bu proses mikro miqyaslı fərdi təcrübələrin makro
səviyyəli ictimai rəy istehsalına çevrilməsi
kimi dəyərləndirilə bilər; bədii-metaforik
baxımdan isə, bəzən bir telefon kamerası
bütöv bir televiziya kanalı qədər təsir
gücünə malik olur.
Son illərdə bu təsirin təkcə daxili ictimai
mühitlə məhdudlaşmadığı, eyni zamanda
ölkələrarası münasibətlərin emosional
iqliminə də sirayət etdiyi aydın şəkildə
ortaya çıxır. Xüsusilə Azərbaycan-Türkiyə
münasibətləri kimi tarixi, mədəni və mənəvi
bağlarla möhkəmlənmiş bir xətdə sosial media
fenomenlərinin yaratdığı təsir bəzən
münasibətlərin daha da möhkəmlənməsinə,
bəzən isə lüzumsuz yanlış anlaşılmalara
zəmin yaradır.
Bu kontekstdə müsbət və aktual nümunə
kimi, qısa zamanda məşhurlaşaraq sevilən və
geniş auditoriya tərəfindən diqqətlə izlənilən
“yırtıq pantalon” rumuzlu türkiyəli bloger Oğuzhan
Tıraşın Türkiyədən Monqolustana piyada səyahəti
ayrıca vurğulanmalıdır. Onun Azərbaycan ərazisindən
keçərkən demək olar ki, hər addımbaşı
insanlarımızın xoş münasibəti, səmimi
davranışı və qonaqpərvərliyi ilə
qarşılaşması şəxsi müşahidə
olmaqdan çıxaraq geniş auditoriyaya yayılan bir hekayəyə
çevrildi. Videolarda uşaqlardan böyüklərə qədər
Türkiyəyə olan sevginin gündəlik
davranışlarda necə təbii şəkildə ifadə
olunduğu açıq görünürdü. Nəticədə
bu blogeri izləyən türkiyəli vətəndaşlar
arasında Azərbaycan və xalqımız haqqında
yazılan rəylər müsbət emosiyalarla zənginləşdi;
bir-birini yaxından tanımayanlar belə müsbət bir
tanışlıq və yaxınlıq hissi qazandı. Hətta
bu paylaşımlar azərbaycanlı sosial şəbəkə
istifadəçilərində də öz xalqına
qarşı haqlı bir qürur hissinin formalaşmasına səbəb
oldu. Bu, sosial şəbəkələrin münasibətləri
yaxınlaşdıran, empatiya yaradan potensialının real təzahürüdür.
Bu məqamda, yol boyu nümayiş etdirdiyi səmimiyyətə,
dürüst müşahidələrə və iki qardaş
xalq arasında mənəvi bağların möhkəmlənməsinə
xidmət edən bu fədakar əməyinə görə
Oğuzhan bəyə xüsusi təşəkkürümü
ifadə etmək istərdim. Təbii ki, iki qardaş xalq
arasında münasibətlərin möhkəmlənməsinə
və qarşılıqlı anlayışın dərinləşməsinə
töhfə verən, həm Azərbaycanda, həm də
Türkiyədə Oğuzhan kimi çox sayda bloger
mövcuddur. Onların hər biri, öz imkanları və təsir
dairələri çərçivəsində iki qardaş
dövlət və xalq arasında qarşılıqlı
anlayışın, hörmətin və mənəvi
yaxınlığın möhkəmlənməsi, həmçinin
ölkələrimizin turizm potensialının artması
istiqamətində gördükləri işlərlə təşəkkürə
layiqdir.
Lakin təəssüf ki, eyni platformalarda bunun əksi
olan məzmunlara və fəaliyyətlərə də rast gəlinir.
Xüsusilə son dövrlərdə Türkiyədə əlində
mikrofonla böyük şəhərləri gəzən,
özünü azərbaycanlı kimi təqdim edən bəzi
“bloger”lərin – istər məlumatsızlıqdan, istər
reytinq naminə, istərsə də məqsədyönlü
şəkildə - mövzuya bələd olmayan, bəlkə
də əvvəlcədən yönləndirilmiş bir-iki
şəxsdən Azərbaycan haqqında səthi suallar
soruşaraq “tanımıram” və ya “sevmirəm” kimi mənfi
məzmunlu cavabları ön plana çıxarması son dərəcə
problemli və qərəzli bir yanaşma kimi qiymətləndirilməlidir.
Daha da problemli olan isə bu cür seçilmiş
cavabların bütöv cəmiyyətin mövqeyi kimi təqdim
edilməyə çalışılmasıdır. Ardınca
sosial şəbəkələrdə, xüsusilə Azərbaycan
mənşəli emosional reaksiyalarla yazılan, “bizdə ən
balaca uşaq da Türkiyə haqqında məlumatlıdır,
bunlar isə heç bizi tanımırlar” və ya “Türkiyə
sevənlər baxıb düşünsünlər” kimi ifadələrlə
müşayiət olunan mənfi məzmunlu şərhlər
iki ölkə arasında heç bir real əsası olmayan, mənasız
və lüzumsuz anlaşılmazlıqlar yarada bilir. Bu
yanaşma yalnız bir tərəfə deyil, mənfi rəy
bildirən türkiyəli sosial şəbəkə istifadəçiləri
üçün də eyni dərəcədə keçərlidir.
Hətta bu tip paylaşımları edən bəzi “blogerlərin”
geostrateji mövzuların daha da aktuallaşdığı
dövrlərdə daha fəal görünməsi, bu fəaliyyətlərin
təsadüfi xarakter daşımadığı və müəyyən
xoşniyyətli olmayan məqsədlərə xidmət edə
biləcəyi ehtimalını gücləndirir.
Təbii ki, Azərbaycanla Türkiyə dövlətləri
və xalqları arasında əsrlərə söykənən
qardaşlıq münasibətləri bir neçə
“bloger”in məsuliyyətsiz və ya mənfi
paylaşımı ilə zədələnəcək deyil.
Bu bağlar ortaq tarix, ortaq yaddaş və ortaq taleyin məhsuludur.
Lakin bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə
mənfi məzmunlu bu cür paylaşımların normal və
ya məqbul hesab edilməsi mümkün deyil. Çünki
problem münasibətlərin möhkəmliyində deyil,
ictimai məkanda məsuliyyətsiz və nəzarətsiz dilin
sürətlə yayılmasındadır.
Bu baxımdan bir neçə təklif xüsusilə
önə çıxır:
1. Rəqəmsal etik məsuliyyətin gücləndirilməsi:
Blogerlər bilməlidirlər ki, seçilmiş bir kadr və
ya cavab bütöv bir xalqı təmsil etmir və bu cür təqdimatlar
ictimai zərər yarada bilər.
2. Müsbət hekayələrin sistemli təşviqi:
Azərbaycan-Türkiyə münasibətlərini gündəlik
həyat, real təmaslar və səmimi təcrübələr
üzərindən göstərən məzmun
istehsalçıları daha görünən hala gətirilməlidir.
3. Sosial şəbəkə
savadlılığının artırılması: İzləyicilərdə
- xüsusilə gənc nəsildə - manipulyativ məzmunu
ayırd etmə, konteksti oxuma və emosional reaksiyaları
süzgəcdən keçirmə bacarıqları gücləndirilməlidir.
4. Hüquqi mexanizmlərin tətbiqi: İki qardaş
xalq arasında nifaq yaratmağa yönəlmiş, bilərəkdən
təhrifedici və təxribat xarakterli paylaşımlar edən
sosial media hesablarının təsbit olunması və
mövcud qanunvericilik çərçivəsində məsuliyyətə
cəlb edilməsi zəruridir. Rəqəmsal azadlıq məsuliyyətsizlik
anlamına gəlməməlidir.
Nəticə etibarilə, günümüzün
populyar simaları sayılan sosial şəbəkə fenomenləri
(blogerlər) yaydıqları paylaşımlar və verdikləri
mesajlar vasitəsilə təqibçilər üzərində
əhəmiyyətli təsir gücünə malikdirlər.
Bu təsirin hansı istiqamətdə formalaşması həm
məzmun istehsalçılarının, həm də
onları izləyən auditoriyanın məsuliyyətli
mövqeyindən asılıdır. Xüsusilə Azərbaycan-Türkiyə
kimi dərin tarixi, mədəni və mənəvi bağlara
sahib olan münasibətlər kontekstində bu təsirin məsuliyyətli
şəkildə idarə olunması daha da önəm kəsb
edir.
Əbülfəz SÜLEYMANLI
Professor
525-ci qəzet .- 2026.- 23 yanvar (¹ 3).- S.7.