Azərbaycan
Sülh Şurasında
Azərbaycan ABŞ Prezidenti Donald Trampın rəhbərliyi
ilə yaradılmış Sülh Şurasına təsisçi
üzv kimi dəvət edilib. Prezident Donald Tramp bununla
bağlı həmkarı İlham Əliyevə şəxsən
dəvət məktubu ünvanlayıb. Bu dəvət, həmçinin
Bakı-Vaşinqton münasibətlərinin artıq yeni mərhələyə
keçdiyini göstərir.
Bu, həm də ölkəmizin təkcə regionda
deyil, qlobal miqyasda artan rolunu,
nüfuzunu nümayiş etdirir. Bu, bir daha onu göstərir
ki, Bakı yeni təhlükəsizlik və sülh
quruculuğu arxitekturasının formalaşmasında
mühüm rola malikdir və regionda yaratdığı
sülh modeli dünyada böyük maraqla
qarşılanır, təqdir edilir.
Trampın məktubunda bildirilir: "Azərbaycan
Respublikasının Prezidentini Yaxın Şərqdə
sülhü möhkəmləndirmək üçün, eyni
zamanda, qlobal münaqişənin həll olunmasına yeni
yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə
mühüm əhəmiyyət daşıyan tarixi və
möhtəşəm səyimizə qoşulmağa dəvət
etməkdən böyük şərəf duyuram. Bizim səylərimiz
nümunə göstərməyə hazır olan, yeni nəsillər
üçün təhlükəsiz və çiçəklənən
gələcəyə parlaq şəkildə sərmayə
yatıranlara nəsib olan bir şərəfi - daimi
sülhün qurulması kimi nəcib məsuliyyəti
çiyinlərinə götürmək istəyən
seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir.
Yaxın gələcəkdə əksəriyyəti yüksək
hörmətə sahib dünya liderləri olan möhtəşəm
və etibarlı tərəfdaşlarımızı bir araya
gətirəcəyik".
Etibarlı tərəfdaş ifadəsi Birləşmiş
Ştatlar liderinin Azərbaycana münasibətinin mahiyyətini
bir daha ortaya qoyur.
Prezident İlham Əliyevin cavab məktubunda isə
vurğulanıb ki, bu dəvəti Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatlarının
qarşılıqlı hörmətə əsaslanan
faydalı tərəfdaşlığının, həmçinin
Azərbaycanın regional və qlobal miqyasda sülh və
sabitliyin təşviqində rolunun tanınmasının rəmzi
olaraq qəbul edirəm:
"Azərbaycan Respublikası Sülh Şurasına
qoşularaq, onun Qəzzadakı münaqişənin
sonlandırılması və uzunmüddətli münaqişədən
əziyyət çəkən bütün tərəflərə
daha təhlükəsiz və rifahlı gələcək
qurulması kimi nəcib missiyasını paylaşacaq.
İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq
təşkilat olub, öz missiyasını uğurla yerinə
yetirəcək.
Sizin müdrik liderliyinizə və sülh
quruculuğu səylərinizə səmimi təqdirimi qəbul
edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə
uğurlar arzu edirəm".
Xarici İşlər Nazirliyinin yaydığı
açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikası
sözügedən dəvəti qəbul edərək,
Sülh Şurasına təsisçi üzv dövlət
olmaq niyyətini ABŞ tərəfinin diqqətinə
çatdırıb: "Ölkəmizin Sülh
Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq
məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb
olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər
həyata keçiriləcək. Azərbaycan hər zaman
olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və
sabitliyə fəal töhfə verməyə
hazırdır".
Donald Tramp daha əvvəl Prezident İlham Əliyevi
2025-ci il oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində
keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət
edib. Məhdud sayda liderlərin dəvət aldığı
bu sammitdə Azərbaycan rəhbərinin iştirakı
mühüm əhəmiyyət kəsb edən hadisə idi.
Ölkəmizin Sülh Şurasına təsisçi
üzv olaraq dəvət almasının əhəmiyyəti və
bu çərçivədə hansı mümkün töhfələrinin
ola bilməsinə münasibət bildirən Milli Məclisin
deputatı Asim Mollazadə "525"ə deyib ki, Azərbaycanın
Sülh Şurasına dəvət olunması ilk növbədə
ona olan yüksək hörmətin əlamətidir. Eyni
zamanda, bu, Azərbaycanın nüfuzunun bütün dünyada
nümayişidir. Ölkəmiz beynəlxalq miqyasda
güclü dövlət kimi tanınıb.
Deputat hesab edir ki, bu dəvət, həmçinin Azərbaycanın
humanitar missiyasına verilən qiymətdir: "Azərbaycan
bir çox ölkələrə, xalqlara öz kömək əlini
uzadıb, humanitar dəstək verib, bu, təbii olaraq
dünyada yüksək qiymətləndirilir. Azərbaycan
Sülh Şurasında iştirak edəcək. Ölkəmiz hər zaman sülh, humanizm tərkibində
olan proseslərdə iştirak edir".
Azərbaycanın Sülh Şurasında töhfələrinə
gəlincə, deputat deyib ki, bu, ilk növbədə humanizmlə,
insanlara dəstəklə bağlıdır: "Eyni zamanda,
Azərbaycan sülhyaratma prosesində də fəaldır.
Hazırda Cənubi Qafqazda sülh yaranıb, sülh güclənib
və bu Azərbaycan dövlətinin mahiyyətidir".
ABŞ və Azərbaycan liderlərinin məktub
mübadilələrinə də toxunan A.Mollazadə deyib ki, həmin
məktublarda ən diqqət çəkən məqam məhz
dövlət başçılarının şəxsi
münasibətlərinin yüksək səviyyədə
olmasıdır.
Politoloq Şəbnəm Həsənova "525"ə
deyib ki, ABŞ Prezidenti Donald Trampın Sülh Şurası
adlı beynəlxalq təşkilat yaratmaq qərarını
Azərbaycanın dəstəkləməsi və təsisçi
üzv dövlət olmaqla bağlı dəvətə
razılıq verməsi, ondan xəbər verir ki, ölkəmiz
sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq
edir".
O bildirib ki, Yaxın Şərqdə baş verən
proseslər bəllidir, resurslar uğrunda savaşın
aktuallığı, Qrenlandiya məsələsi
aydındır. Rusiya-Ukrayna məsələsi ilə
bağlı əldə edilə bilməyən nəticələr
və reallıq göz önündədir:
"Təbii ki, bütün bunların fonunda Azərbaycan
beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə
fəal töhfə verməyə hazırdır. Belə
çətin proseslərin içindən çıxmaq
üçün aydın vizyonu olan liderlərə ehtiyac
duyulur. Bu işdə fövqəldövlətin Azərbaycana
dəvət göndərməsi, Azərbaycanı aktorlar
arasında görmək istəyi Prezident İlham Əliyevin
yürütdüyü siyasətin son dərəcə korrekt
olduğundan xəbər verir".
Pərvanə
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.5.