Prezident İlham
Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat
tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində
“Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi”
mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi
ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi
fikirlər beynəlxalq mətbuat tərəfindən geniş
işıqlandırılıb.
525.az xəbər verir ki, Avropanın müxtəlif
ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin
media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi”
mövzusunda panel iclasındakı çıxışına
istinadən məqalələr hazırlayıblar. Məqalələrdə
ilk növbədə Ermənistan və Azərbaycan
arasında artıq arxada qalmış müharibədən
sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə
arasında gələcəyə yönəlmiş
baxışlar diqqət mərkəzində dayanıb.
Türkiyənin “Anadolu“, “İhlas“ xəbər
agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“,
“Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər
agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları”
Prezident İlham Əliyevin çıxışına
istinadla Azərbaycanın və Ermənistanın müharibə
fəslini bağladığını qeyd ediblər. Dövlətimizin
başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş
ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli
və vacib qərar idi. Sonsuz müharibələr daha çox
əziyyət və qurbanlar ilə nəticələnəcəkdi.
“Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi.
Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına
gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh
üçün imkanları görməklə bağlı qərar
Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı
idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qeyd olunur ki, Azərbaycan Prezidenti
çıxışında beynəlxalq təşkilatların
fəaliyyətindən də danışıb: “Beynəlxalq
vasitəçiliklə bağlı bütün ümidlərimiz
tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası ərazilərimizdən erməni
qoşunlarının çıxarılmasını tələb
edən dörd qətnamə qəbul etdi. Onlar kağız
üzərində qaldı. ATƏT və digər beynəlxalq
təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər.
Onların heç biri biz vəziyyəti öz əlimizə
alanadək həyata keçirilmədi. Biz özümüz
bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi
və ərazi bütövlüyümüzü bərpa
etdik, sonra isə sülhə nail olduq”.
Dövlətimizin başçısı qeyd edib ki, bu
gün sülhün faydası əməkdaşlığın
başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan və
Rusiyadan Ermənistana yüklərin daşınması ilə
bağlı bütün məhdudiyyətləri aradan
qaldırıb. Azərbaycandan Ermənistana neft göndərilib.
Məqalələrdə xüsusilə
vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında
bu addım regionda sabitliyin və əməkdaşlığın
gücləndirilməsi üçün vacib dönüş
nöqtəsidir və bunun bu mötəbər forum çərçivəsində
Avrasiyaya həsr olunmuş toplantıda ifadə olunması
mühüm əhəmiyyət kəsb edir.
“gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“
portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq
hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji
təchizatının geosiyasi aspektləri barədə fikirlərinə
yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini
şaxələndirməyə
çalışdığı bir dövrdə Azərbaycan
Avropa enerji bazarlarında sürətlə mühüm
oyunçuya çevrilib. Prezident Əliyevin sözlərinə
görə, hazırda Azərbaycan 16 dövlətə, o
cümlədən Avropa İttifaqının 10 üzvünə
təbii qaz ixrac edir. Bu geniş şəbəkə Azərbaycanı
boru kəmərləri vasitəsilə qaz təchiz edən
aparıcı qlobal ölkələrdən birinə
çevirir ki, bu da təhlükəsiz və etibarlı enerji
infrastrukturunun ön plana çıxdığı bir bazarda
mühüm fərqləndirici cəhətdir.
Bir sıra mətbu orqanları isə Azərbaycan
Prezidentinin “Azərbaycan rəhbərliyi ilə səhər
yeməyi“ adlı tədbirdə söylədiklərinə,
xüsusilə Azərbaycan neftinin gələcəyinə dair
fikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“,
“life.ru“, “Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdə
Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun
baş verə biləcəyinə dair fikri manşetə
çıxarılıb. Qeyd edilib ki, qaz hasilatının
artması fonunda hazırda ölkə “qara qızıl”ın
hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək,
hətta artırmaqla bağlı planlar var.
Bununla yanaşı, Prezident İlham Əliyev əsas
prioritetin iqtisadiyyatın şaxələndirilməsi
olduğunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti
yaşıl enerjinin artan roluna diqqət çəkərək
deyib: “2032-ci ilə qədər Günəş və külək
enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik”.
525-ci qəzet .- 2026.- 23 yanvar (¹3).- S.5.