Azərbaycanın
sülh modelinə yüksək qiymət - "Zayed
mükafatı"
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən
elan edilən 2026-cı il üçün "Zayed İnsan
Qardaşlığı Mükafatı"nın qalibləri
arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer
alır. Cənab Prezident bu mötəbər mükafata
sülhpərvər və möhtəşəm sülh
quruculuğu xidmətlərinə görə layiq
görülüb. Dövlət başçısı Qafqazda
onilliklər ərzində davam edən münaqişəyə
və humanitar əzablara son qoyduğuna və "Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin
təsis edilməsi haqqında Saziş"in paraflanmasına
nail olduğuna görə bu ali mükafatla təltif olunub.
Bu gün Azərbaycan regionda sülhün, sabitliyin bərqərar
olmasında mühüm rol oynayır. 44 günlük Vətən
müharibəsi, bir günlük antiterror əməliyyatı
ilə öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edən Azərbaycan regionda yeni geosiyasi
reallıqlar yaratdı, eyni zamanda, sülh təşəbbüsləri,
sülh istiqamətində addımları, səyləri ilə
bölgənin inkişafı, əməkdaşlığın
qurulmasının memarı oldu. Bununla da müharibədə
qalib dövlət olan Azərbaycan həm də sülhü
qazandı.
Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində
Ermənistanı revanşizmə və regionu yeni
qarşıdurmaya sürükləyən cəhdlərin də
qarşısı alındı. Nəhayət, 2025-ci ilin
avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri,
təşəbbüsləri mühüm diplomatik nəticə
ilə yekunlaşdı, məsələyə nöqtə
qoyuldu, regionda sülh bərqərar oldu.
Bakı hazırda qeyd edilən istiqamətdə praktik
addımlarını davam etdirir. BƏƏ-nin Şeyx Zayed
Fondunun qərarı onu nümayiş etdirdi ki, Azərbaycan
dünyada sülhyaradan, qlobal əməkdaşlığı,
dialoqu təşviq edən dövlət kimi qəbul edilir.
Onu da qeyd edək ki, Şeyx Zayed Fondu BƏƏ-nin
banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini
yaşatmaq üçün təsis edilib. Fondun əsas
missiyası humanizm, dözümlülük, ətraf
mühitin qorunması və xalqlararası sülhün təşviqidir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"
dünyada sülh, həmrəylik və dinc-yanaşı
yaşama prinsiplərini təşviq edən şəxslərə
və qurumlara verilən nüfuzlu beynəlxalq
mükafatdır.
Bu günlərdə Prezident İlham Əliyev Müsəlman
Ağsaqqalları Şurasının baş katibi Məhəmməd
Əbdülsalamı, "Zayed İnsan
Qardaşlığı Mükafatı"nın münsiflər
heyətinin üzvləri - Avropa İttifaqı
Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika
İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul
edib. Onlar 2026-cı il üzrə "Zayed İnsan
Qardaşlığı Mükafatı"nın Azərbaycan
və Ermənistan arasında sülhün əldə edilməsi
ilə bağlı göstərdiyi səylərə görə
Prezident İlham Əliyevə təqdim olunacağını
bildirərək, dövlət başçısını bu
il fevralın 4-də Əbu-Dabidə mükafatın təntənəli
təqdimat mərasiminə dəvət ediblər. Qeyd ediblər
ki, "Zayed İnsan Qardaşlığı
Mükafatı"nın münsiflər heyətinin üzvlərinin
ötən il dünya üzrə bütün sülh modellərinin
araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan
arasında sülh müqaviləsinin modelinin münaqişə
və müharibə olan digər bölgələrdə də
tətbiqi üçün gözəl nümunə olması
barədə qərar qəbul ediblər.
Dövlət başçısı öz növbəsində
bildirib ki, sülh bütün regiona sabitlik və firavanlıq
gətirəcək: "Son qanlı döyüşlərdən
sülhə gedən yol iki il zaman apardı. Əziyyətə
və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar
olunması üçün güclü siyasi iradə
nümayiş etdirdik və artıq bunun bəhrəsini
görürük".
Prezident bildirib ki, cəmi beş ildir sülh şəraitində
yaşayırıq, son aylar sülh artıq ticarət sahəsi
də daxil olmaqla, praktik müstəviyə keçib. Dövlət
başçısı bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton
görüşündə sülh gündəliyi ilə
bağlı əldə olunmuş razılaşmaların
tarixi əhəmiyyətini vurğulayıb, ABŞ Prezidenti
Donald Trampın səylərini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
"525"ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
"Zayed İnsan Qardaşlığı
Mükafatı"na layiq görülməsi dövlət
başçısının təkcə regionda deyil, qlobal
miqyasda yürütdüyü çoxvektorlu və sülhə
əsaslanan siyasətin təntənəsini və onun nəticələrini
nümayiş etdirir.
O bildirib ki, bu, kifayət qədər nüfuzlu bir
mükafatdır. "Zayed İnsan Qardaşlığı
Mükafatı" Müsəlman Ağsaqqalları
Şurasının sədri, Əl-Əzhər Şərifin
şeyxi, böyük imam Əhməd Məhəmməd
Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən
imzalanmış sənəd əsasında təsis olunub.
BƏƏ-nin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın
humanitar irsini, dəyərlərini təşviq edir:
"Prezidentin bu mükafata layiq görülməsi olduqca
qürurvericidir. Xüsusilə qeyd olunur ki, mükafat Prezidentə
Azərbaycan və Ermənistan arasında, bütövlükdə
regionda dayanıqlı sülhə, sabitliyə nail olunması
istiqamətində atdığı addımlara görə
verilir. Məlumdur ki, 5 il bundan əvvəl böyük Zəfərlə
başa çatmış İkinci Qarabağ müharibəsindən
sonra Azərbaycan sülh təşəbbüsü ilə
çıxış etdi, sülh sazişi layihəsini irəli
sürdü. Bunun əsasında da 5 ildən bir qədər
artıqdır ki, proses uğurla davam edir, təbii ki, Ermənistan
tərəfinin qeyri-konstruktiv addımlarına görə bu
proses uzanıb. Amma artıq ötən il avqustun 8-də
Vaşinqtonda üçtərəfli razılaşma
imzalandı, sülh sazişi layihəsi paraflandı, gözlənilir
ki, bu ilin sonuna qədər yekun sülh sazişi də
imzalansın. Bu sazişin imzalanmasında, Azərbaycanla Ermənistan
arasında münaqişənin bitməsində, regionda nəhayət
dayanıqlı sülhə nail olunmasında Prezident İlham
Əliyevin xidmətləri əvəzolunmazdır. Bu kontekstdə
də mükafat Azərbaycan Prezidentinə təqdim
olunacaq".
Milli Məclisin deputatı Ceyhun Məmmədov
"525"ə bildirib ki, Prezidentin bu mükafata layiq
görülməsinin çox ciddi səbəbləri var.
Dövlət başçısı sülh quruculuğu
istiqamətində dünyanın diqqətini öz üzərinə
çəkən liderdir: "Bu gün bölgəmizdə
sürətlə sülh quruculuğu prosesi gedir. Bu prosesdə
biz bir neçə vacib məqamı qeyd edə bilərik.
Prezidentin vurğuladığı kimi, bölgəmizdə
sülhün qurucusu, sülhə töhfə verən ölkə
məhz Azərbaycandır. Yəni bu işlər Azərbaycanın
rəhbərliyi ilə aparılır. Cənab Prezident
bölgəmizə sülhün gəlməsi
üçün ardıcıl və sistemli tədbirlər həyata
keçirir və bunlardan biri dediyimiz istiqamətdə
görülən işlərdir. Əlbəttə ki,
bütün bunlar, yəni Prezidentin sülh prosesinə
töhfələri nəzərə alınaraq dövlət
başçısı belə bir mükafata layiq
görüldü. Hesab edirəm ki, bu mükafat Prezidentə
olan etimad, onun sülh təşəbbüslərinə, Azərbaycan
və Ermənistan sülh prosesində gördüyü
işə verilən qiymətdir. Bu, eyni zamanda ölkəmizin
nüfuzunun, Prezidentə olan yüksək etimadın göstəricisidir.
Bu mükafata dünya tərəfindən Prezidentin fəaliyyətinin
qiymətləndirilməsi kimi baxmaq lazımdır".
Deputat əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın
atdığı addımları təqdir edir, dəstəkləyir:
"Bu, olduqca vacid və önəmli mahiyyət
daşıyan məsələdir. Mükafat ölkəmizin,
Prezidentin qlobal miqyasda nüfuzunun artmasının göstəricisidir".
Pərvanə
525-ci qəzet .- 2026.- 23 yanvar (№3).- S.4.