Tanrıya sevgiylə
yazılmış məktublar
Sözün nəfəsini və hənirini hiss etmək,
duymaq hər qələm adamına müyəssər olmur.
Şair tanıyıram ki, hıqqana-hıqqana şeir
adına nəsə yazır, daha doğrusu, sözə əzab,
işgəncə verir. Amma şair də var ki, təbi,
ilhamı dağ şəlaləsidi. Şeirlərini oxuyanda
ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən
biri də - titullarını sadalamağa ehtiyac duymadım,
çünki onlar çoxdu - Bəhruz Niftəliyevdir.
Keçən il "Bakı Mətbəəsi ASC"də nəfis
tərtibatla çap olunmuş "Tanrıya məktublar"
kitabı masamın üstündədir. Hər dəfə
yuxuqabağı o kitabdan mütləq bir şeir oxuyub sonra
yatmalıyam. Elə bil ki, oxuduğum şeir anamın
laylasını əvəz eləyir mənimçün. Bu
kitabda yer almış şeirlərin hər birində
Tanrıya sevgi var. Əbəs yerə deyil ki, müəllif
kitabın adını "Tanrıya məktublar" qoyub. Mən
B.Niftəliyevi "Mədəniyyət" kanalında
"O" verilişinin aparıcısı kimi
tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı,
gözəl nitqi, fəlsəfi düşüncələri məni
həmişə heyrətləndirib.
Söhbət etdiyimiz mövzu ürəyimcə olan
mövzuydu.
Bir saat ərzində Ulu Tanrının möcüzələrindən
danışdıq.
Verdiyi suallar çətiniydi, ancaq Allah özü o
mürəkkəb suallara cavab verməkdə mənə
yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu
Tanrım. İstəmirdi ki, çətin duruma
düşüm. Əlbəttə, böyük Allah haqqında
hər kəsin özünün düşüncələri
və qənaətləri var. Mən həmişə
demişəm, yenə də deyirəm, bir insan ömrü
Allahın dərki üçün yetərli deyil, azdır.
Sonralar sosial şəbəkələrdə
paylaşdığı şeirlərə rast gəldim.
Sözün doğrusu, hər dəfə təzə
yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii
ki, oxuyandan sonra münasibətimi bildirirdim. Əsas o idi ki, mənim
bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim
varıydı. Hətta arada yaradıcılığı
haqqında bir yazı yazmaq fikrinə də
düşmüşdüm. Və birdən votsapıma bir dəvətnamə
gəldi. Bəhruz Niftəliyev məni özünün
"Tanrıya məktublar" kitabının təqdimatına
dəvət edirdi. Keçən ilin noyabr ayının 28-də,
şəhərin mərkəzində, Üzeyir Hacıbəyli-5
ünvanında yerləşən kitab evində möhtəşəm
bir tədbir keçirildi. Çoxdan idi ki, belə izdiham görməmişdim.
Hətta tədbir iştirakçılarının əksəriyyəti
oturmağa yer tapmadı.
İstedadlı kamança ustası Munislə
yanaşı oturmuşduq. İkimizin də ürəyindən
bir istək keçdi. Bu tədbir kaş R.Behbudov adına
Mahnı Teatrında, ya da ki, Muğam Mərkəzində, yəni
daha tutumlu salonda keçiriləydı. Bəlkə heç Bəhruz
müəllim təsəvvür etməzdi ki, tədbir belə
izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu!
Bütün zümrələri təmsil edənlər
oradaydı. Deputatlardan tutmuş, hörmətli akademikimiz
Nizami Cəfərova qədər. Bir-bir ad çəkib
oxucuların vaxtını almaq istəmirəm.
Çıxış edənlərin hər biri bu bənzərsiz
şairin yaradıcılığından sitatlar gətirir və
şeirlərinin işığına
yığışdıqlarını qeyd edirdilər.
Hörmətli akademikimiz N.Cəfərov "Tanrıya məktublar"
kitabındakı şeirlərin incə bir məqamına
toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni
sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan
kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir.
İlk baxışdan bu məqam sadə olsa da, əslində
Allaha bağlılığın və sevginin təntənəsidir.
Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar
mütləq bu kitabın izinə düşəcək və
dəyərli fikirlərini dövri mətbuatda, ədəbi
orqanlarda bildirəcəklər. "Müharibə və məhəbbət"
şeirində fikirlərin qısa və lakonik ifadəsi
adamı heyrətləndirməyə bilmir. Şair yazır:
Həyat savaş,
Mən yaralı,
Sar yaramı, tibb bacısı.
Və ya "Hələlik" adlı sevgi şeirində
şairin iç dünyası təlatümlərlə
doludu. Misra-misra hiss edirsən ki, sevginin nə yaşı var,
nə də ki ömrü. O, ilğım kimidi, adamı gedər-gəlməzlərə
aparır.
Hələ səni öpmədim,
Necə qadın olduğunu hardan
biləsən?
Hələ səndə sönmədim,
odun deyil,
Yadın olduğumu hardan
biləsən?
Şeh bil dodağında məni,
Şah bil yatağında...
Yaşat məni, yaşat getsin,
"Ah..." bil ən gözəl cümləmi.
Sünbül kimi dopdolu şeirlər oxucunu dərin ədəbi
qatlara endirir və oxucu heç cür ordan çıxa
bilmir.
"Tanrının şərəfinə" adlı
şeiri də bir az səmavi ovqata köklənib.
Bir az hissimdən, bir az
duyğumdan qopub gəlsən?!
Fələkdən bir gün, ya ömür
qapıb gəlsən?!
Yarama sarıl, nolar,
Ayrılığın gözlərindən
öpüb gəlsən,
Kədəri sevib, dərdimdən ölüb gəlsən?!
"Tanrıya məktublar" kitabı 767 səhifədən
ibarətdir.
İllərlə ürəyində poetik hissləri,
saf duyğuları gizlədən şairin bu müqəddəs
və möhtəşəm kitabı müəllifə
bütün zamanlarda baş ucalığı gətirəcəkdir.
Bəzən istedadlı bir qələm adamının
keçmişinə, qanına, geninə nəzər salanda bəzi
nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev
Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü,
"Şöhrət" ordenli Flora xanım Xəlilzadənin
ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi
simadır. Flora xanım kimi bir ananın övladı olmaq,
sözün bütün mənalarında fəxarətdir.
Əsrlər keçəcək, "Tanrıya məktublar"dakı
şeirlər öz təravətini itirməyəcək.
Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin,
suyun, havanın ömrü qədər olacaq. Qalır şairə
uğurlar diləmək. Eşq olsun gözəl şairimizə,
ucaların Adamına!
Fəxrəddin TEYYUB
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.23.