Uşaqları gələcəyə
hazırlayan kitab
Dünya elminin açarı olan "Qeyri-səlis məntiq"
anlayışını Azərbaycana
ilk dəfə olaraq gətirən və Azərbaycan
elminin bu sahədəki yeniliklərini dünyaya
çatdıran görkəmli alimlərimiz Kamal Abdulla və
Rafiq Əliyev "Dədə Qorqud və Qeyri-səlis məntiq",
"Qeyri-səlis məntiq və dil-nitq kitab"ından sonra
ictimaiyyətə yeni bir töhfə vermişlər. Bu yolu
davam etdirərək görkəmli bilim adamı Ziya Səlcuq
ilə birlikdə onlar "Uşaqlar üçün Qeyri-səlis
məntiq" kitabını nəşr
etdirmişlər.
Kitab uşaqlar üçün nəzərdə
tutulsa da, qeyri-səlis məntiq əsasında
düşünmək olar ki, "uşaq" hər yaşda
olur və burada yazılanlar "bütün
uşaqları"n maraq dairəsinə aiddir.
Hörmətli alimlərimiz bu kitabı yazmaqla, gənclərimizə
ətrafımızda müşahidə olunan real sistem və
hadisələri ümumiləşdirmələr əsasında
deyil, məhz Zadənin qeyri-səlis nəzəriyyəsini tətbiq
edilməklə öyrənməyi tövsiyə edirlər. Yəni
insana xas olan mürəkkəb problemlərini, təfəkkürün
aşkar və gizli məqamlarını, həmin problemlərin
maraqlı tərəflərini sadə, lakin aydın şəkildə,
şagird təfəkkürünün qəbul edəcəyi
tərzdə izah edirlər.
Burada bir deyim yada
düşür, hələ 18-ci əsrdə Rotshildlər
sülaləsindən olan Baron Nathan bildirirdi ki, informasiya
gücdür, yalnız ona malik olan insan gələcək
dünyanı idarə edə bilər. Bu deyim ilə
bugünkü gənclərimiz arasında olan böyük bir
bağlılıq vardır.
Məhz bu gün kompüter dövrünün
insanları, sosial media və onlayn mühitdə daha çox
vaxt keçirən gənclərimiz "informasiya
bolluğu" yaşadıqları üçün
onları, "Yeni nəsil" adlandırırlar və
düşünürük ki, bu ağıllı gənclər
gələcək dünyamızın idarəediciləri
olacaqlar.
Lakin informasiya bolluğunun gənclərimiz
üçün müsbət tərəfləri olduğu kimi,
onların bu informasiya bolluğu içində
"boğulmaq" təhlükəsi də vardır.
Gündəlik həyata inteqrasiya oluna bilən bir
informasiyanın mənbəyi, onun necə yarandığı,
təbii dildə necə emal olunduğu,
ötürüldüyü, hansı maneələrlə
rastlaşdığı barədə gənclərin heç
bir təsəvvürləri olmadığından, məhz bu məqamda müəlliflərin
yeni yazılan kitabı, Zadənin qeyri-səlis nəzəriyyəsi,
obyektiv aləmdəki və həyatımızdakı əks
qütblər, onların çalarları kimi fəlsəfi
fikirlər gənc nəslimizin
dünyagörüşünün artırılmasına
böyük köməklik göstərə bilər.
"Uşaqlar üçün Qeyri-səlis məntiq" kitabında, Zadə məntiqi qədim
filosofların düşüncələri, epistemism, sorit
paradoksunun müddəaları və s. biliklər sadə və
aydın şəkildə misallar ilə müqayisə olunur
ki, bu da informasiya əsrinin gənclərinin düşüncə və
duyğu tarazlığını qorumaq, onların
düşünərək təhlil etmək
bacarıqlarını geniş şəkildə inkişaf
etdirilməsinə yönəlmişdir. Bu kitabın
uşaqları psixoloji-emosional cəhətdən də gələcəyə
hazırlayan bir əsər olduğunu da vurğulamaq
lazımdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki,
"Uşaqlar üçün Qeyri-səlis məntiq" kitabında dil və nitq hadisələri,
dilin dərinliyində duran təqribilikləri uşaqlara izah
edilməklə bu sahədə bir sıra yeni və maraqlı
müddəalar irəli sürmüşlər ki, bu da
dünyəvi biliklərimizin daha dəqiq və aydın şəkildə
dərk edilməsi üçün böyük bir
addımdır.
Müasir dövrün sürətli tempi və
informasiya yükü gənclərdən həm emosional, həm
də zehni davamlılıq tələb edir. Bu baxımdan,
informasiya əsrinin doğurduğu yeni
çağırışlar, diqqət və motivasiya çətinlikləri,
həmçinin özünü ifadə kimi psixoloji-emosional
bacarıqların inkişaf etdirilməsi də kitabın əsas
məqsədlərindəndir.
Kitabda, müasir çağırışlar fonunda gənclərin
gündəlik həyatlarında tətbiq edə biləcəkləri
sadə, amma təsirli və ibratəmiz misallar əsasında
bir sıra çətin məsələlərə izahlar
verilir ki, bu da uşaqların psixoloji sabitliyi üçün
də çox vacib məsələlərdəndir.
Məktəb şagirdləri ilə tez-tez
görüşlər keçirən alimlərimiz
uşaqların istək və arzularından irəli gələn
müəllim-şagird münasibəti, sərbəst fikir
bildirmək, tənqiddən çox uşaqları dinləyib
sualların cavablandırılması, maraqlarının
dünyəvi biliklər əsasında təcrübələrlə isbat
edilməsi kimi uğurlu "Məktəb-müəllim-şagird"
modelini yarada bilmişlər.
Alimlərimizlə uşaqlar arsındakı bu cür
səmimi münasibət və yanaşma gənclərin həm
fərdi, həm də qrup şəklində özlərini
ifadə etmələrinə və sosial
bacarıqlarını inkişaf etdirilməsinə də
geniş şərait yaradır. Əlbəttə ki, burada da
alimlərimiz gənclərimizin psixoloji rifahını
yalnız fərdi məsələ kimi deyil, həm də
ümumi sosial məsuliyyət kimi qəbul edirlər.
Bundan əlavə, uşaqlar çox əhatəli
şəkildə informasiya yaradılmasında dilin çətinlikləri,
onların aradan qaldırılması yolları, hedclərin
yaratdıqları qeyri-səlis münasibətlər "Dədə Qorqud" və
"İlliada"dan misallar göstərməklə ətraflı
şəkildə izah olunur. İnsan düşüncəsi
"polad beyin" ilə müqayisə olunur və
kompüter dilində yaranan fəsadlar izah olunur.
Kitabda dilçilik bilikləri riyazi biliklərlə
bir arada aşılanır. Əlbəttə ki, riyazi
çoxluqların funksiya, universum kimi anlayışları
köməyə gəlir və hətta uşaqlara
maşın dilinin simvollarının mahiyyəti təsvir
edilir.
Uşaqlara "qeyri-səlis məntiq" nəzəriyyəsinin
dörd faseti (qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq,
epistemik və münasibətlər) izah olunur, real həyat
ssenariləri əsasında olan biliklərimizin bir sıra həqiqət
dərəcələrinin üzə
çıxarılması yenə də əsas məqsəd
daşıyaraq şagirdin başa düşəyəci tərzdə
misallarla çatdırılır.
Qeyri-səlis çoxluqların köməyilə
müəlliflər yeni modellər əsasında gənclərə
ümumiləşdirmədən konkretliyə keçid etməyi,
tam müsbət və ya tam mənfi yanaşmalardan
uzaqlaşmağı bir sıra nümunəvi misalların əsasında
təklif edir. Bilik bir növ böyük nəsihəti ilə
elmi dil vasitəsilə izah olunur.
Qeyd olunan əsərdə alimlər real aləmin
saya-hesaba gəlməyən zəngin və rəngarəng
çalarlarının, hələ də
açılmamış bir çox dünya sirlərinə təhriflərdən
uzaqlaşmaqla sistemli şəkildə qeyri-səlis məntiq əsasında
yanaşmağı məsləhət görürlər.
Bütün bunlar uşaqların müsbət psixoloji-emosional
cəhətlərini nəzərə almaqla hadisələrə
real yanaşmağa, üzləşdikləri problemləri
daha dəqiq dərk etməyə kömək edir. Gözlərini
5 dəqiqə yumub kainatın Sonsuzluğunu müşahidə
edərkən, yalnız bununla maraqlanan və bu yoldakı digər
hadisələri sezməyən şagird "məndə
alınmır" deyə narahat olur. Digər şagird də
onun kimi "məndə
alınmır" deyə rahatsız olur. Lakin müəllim
kainatın sonunu görməyə tələsən şagirdləri
"məndə də əvvəl alınmırdı, səbirli
olun, 5 dəqiqə müşahidə edin" deyib onları
sakitləşdirir. Beləliklə, uşaqlar ətrafda
olanların səbəbini özlərində deyil, kainatda
olduğuna inanırlar. Bu sadə təcrübə ilə
uşaqların özünə inam hissi də gücləndirilir,
gənclərin düşüncə və duyğu
tarazlığını qorumaqla onlara müsbət emosional
hisslər yaşadılır.
Məsələn, yeni bilik öyrətməkdən
ötrü uşaqların maraq dairəsinə uyğun fəaliyyətlərin
yerinə yetirilməsi onların qərar vermə
bacarıqlarının da gücləndirilməsinə yönəlir.
Kitabda araşdırılan bütün məsələlər
öz-özlüyündə uşaqlar üçün bu
istiqəmətdə yeni perspektivlər aça bilər. Beləliklə,
kitabın bütün fəsillərində, insan zəkasının
çətinlik çəkdiyi bir sıra məsələlərə
uşaqların başa düşəcəyi tərzdə,
ibrətamiz misallarla aydınlıq gətirilmişdir ki, bu da
uşaqların aləmi dərk etmə qabiliyyətinin
inkişaf etdirilməsinə yönəldilmişdir.
Fəridə HÜSEYNOVA
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.11.