"Uzaq ulduzların
işığı kimi"
İntiqam Qasımzadənin bir bəndlik... upuzun bir
şeirini ilk dəfə oxuyanda bu ilk misrasını qüssəsi
ürək çatladan tənhalıqlara elegiya kimi
qavramışdım. Sonra bir başqa ovqat bu misranı
başqa cür göstərmişdi: "milyon illərdi yol gələn"
gələnini yox, gedənini gözləmək
intizarının şəkli kimi. Bəs "ulduz
işığı"?.. Ümidin
çalarıydımı? Bunun cavabını tapa bilməmişdim.
Yusif Səmədoğlunun obazını bir cümlə
ilə ifadə etmək, bu obrazın başlıca cizgilərini
"yığmaq" istəyəndə... qəflətən
başa düşdüm: "uzaq ulduzların
işığı kimi" ifadəsi həm də Yusif Səmədoğlunun
mükəmməl obrazıdır; nurdan
tökülmüş əbədi xatirəsinin şəffaf
ruhudur, gümüşü rəngidir, qeyb aləminin
heç vaxt susmayacaq sədasıdır: gəldi-gedər
dünyaya amanat nişanasıdır. Bu bir bəndlik şeir,
hansı kontekstdə yazılmasından, ünvanından
asılı olmayaraq, həm də İntiqam Qasımzadənin
Yusif Səmədoğluya qibtəolunacaq vəfadarlığının
rəmzidir. Bunu ona görə əminliklə yaza bilirəm
ki, jurnalda işlədiyim 25 ilin elə bir gününü
görmədim ki, İntiqam Qasımzadə - "Azərbaycan"
jurnalının Baş redaktoru - redaksiyada Yusif Səmədoğlunun
adını dilinə gətirməsin, onun haqqında, onunla
danışmasın, onunçün darıxmasın... təkcə
varis kimi yox, redaktor kimi yox, mükəmməl dialoq ustası
kimi yox, ən əziz dost, ən əziz insan kimi, böyük
qardaşı kimi, həmdəm kimi... təkrarsız, əvəzolunmaz...
Və bu anlarda vaxtın əqrəbləri yalnız
"indiki zamanda" donur: Yusifdən "dünəndə"
danışmaq çətin...
Uzaq ulduzların işığı kimi
Milyon il yol gəldin məndən xəbərsiz.
Bütün bu illəri oturub mən də
Yolunu gözlədim səndən xəbərsiz.
lll
Vəkilovlar soyadının şöhrətini gün
işığına çıxaran şair Səməd
gözünün ilk ovu olan övladına Qori ənənələri
üslubunda təhsil vermək istəmişdi; oğlunu adi məktəbdə
yox, musiqi təmayüllü məktəbdə oxutmuşdu.
Yusif "başqa təmayülə" - ədəbiyyata
yönələndə də etiraz etməmişdi. Verdiyi təhsildən,
təlqin etdiyi tərbiyədən əmindi. Uzaqdakı yaxın
mühitdə - paytaxt Moskvanın ali ədəbiyyat məktəbindəki
ilk sınaqda övladının etiraf olunan uğurundan ürəyi
dağa dönmüşdü, sözsüz ki... Elə həmin
il 18 yaşlı Yusifin ilk hekayəsi ("Qanlı
çörək") "Azərbaycan gəncləri" qəzetində
çıxmışdı. Moskva mühiti, fərqli ədəbiyyat-mədəniyyət
gənc Yusifi qandan-gendən ayrı sala bilməmişdi;
şöhrətli Azərbaycan sovet şairi olan Ata onun ruhunun
donunu milli zəmindən biçmişdi. Az sonra atanın
vaxtsız vəfatı ilə gənc
yazıçının yolu da dəyişdi; Bakıya
qayıdan Yusif ali təhsilini Azərbaycan Dövlət
Universitetində tamamladı və həmin il
Yazıçılar İttifaqına üzvlüyə qəbul
edildi. Çox az müddət "Kommunist" qəzetində
işlədikdən sonra - 1957-ci ildə "Azərbaycan"
jurnalına gəldi (əvvəl ədəbi işçi,
1960-1965-ci illərdə isə, nəsr şöbəsinin
müdiri). Qılman İlkin "Azərbaycan"
jurnalının 70 illik yubileyi ilə bağlı müsahibəsində
belə bir fikir söyləmişdi ki, jurnalda o vaxt İsa
Hüseynov, Yusif Səmədoğlu, Əli Kərim işləyirdilər.
Yaxşı yazıçı olan redaktor Əbülhəsən
yaxşı jurnalist deyildi; o vaxt onlardan yaxşı istifadə
edə bilmirdi. Hər halda, Yusif burdan getdi C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasına (ssenari
redaksiya heyətinin üzvü), 1969-76-cı illərdə isə
baş redaktor, direktor müavini işlədi. Həmin dövr
Azərbaycan kinosunun, kinostudiyanın "qızıl
dövrü" adlandırılır və Yusif Səmədoğlunun
peşəkar ssenarist kimi uğurlu fəaliyyəti milli
kinomuzu "Yeddi oğul istərəm" (1970) bədii filmi
ilə zənginləşdirdi. Səməd Vurğunun
"Komsomol poeması"nın motivləri əsasında
yazdığı bu ssenari ilə Yusif Səmədoğlu həm
də yaradıcılığının yeni, son dərəcə
parlaq səhifəsini açdı. Onun ssenariləri əsasında
12 sənədli, 3 bədii film çəkildi ki, bu
sıralamada Bakı ilə Praqanın birgə istehsalı olan
"Səmt küləyi" (1973) bədii filmi də
xüsusi xatırlanır. Kinematoqrafiyaya töhfələri
sırasında "Qətl günü" filmi (rejissor
Gülbəniz Əzimzadə) yüksək qiymətləndirildi.
Yazıçının eyni adlı əsəri S.Vurğun
adına Rus Dram Teatrında da səhnəyə qoyulub, eləcə
də, müəllif haqqında "Deyilənlər gəldi
başa" (rejissor Namiq Babayev) sənədli filmi çəkilib
(1999).
lll
Sonrakı 11 ili "Ulduz" jurnalına rəhbərlik
etmiş Yusif Səmədoğlu 1987-ci ildən "Azərbaycan"
jurnalının baş redaktoru oldu. Bu illər ərzində
Yusif Səmədoğlu Əməkdar incəsənət
xadimi (1979) fəxri adına layiq görülmüşdü.
3 nəsr kitabı nəşr olunmuşdu: 25 yaşlı
nasirin "220 nömrəli otaq" kitabını "Gənclik"
nəşriyyatı 10 000 tirajla buraxmışdı.
"Qalaktika" (1973) hekayələr kitabı, məşhur
"Qətl günü" romanı (1987) çapdan
çıxmışdı. Elə həmin il bu romana görə
müəllifə SSRİ Yazıçılar
İttifaqının mükafatı verilmişdi.
"Azərbaycan"da Cabir Novruzu əvəz edən
Yusif Səmədoğlunun "dönüşünü"
necə qiymətləndirmək olar? Hər şeydən əvvəl,
ölkədə ictimai-siyasi mürəkkəbliyin xaosa
aparması fonunda 60-cıların parlaq nümayəndəsinin
jurnalın rəhbərliyinə gətirilməsi burada müəyyən
korrektələrin aparılacağına ümidləri
doğrultdu. Yusif Səmədoğlunun intellektual, çevik ədəbi
siyasətində hiss olunan dönüşün uğurunda
onun kollektivin gücünə inamı xüsusi rol
oynayırdı. Silahdaşları həmin dövrdə daha
çox ictimai-siyasi fəaliyyətə yönəlmiş
baş redaktorun dəst-xəttini peşəkarlıqla davam
etdirirdilər.
Yusif Səmədoğlu jurnala rəhbərlik etdiyi on
il ərzində həm də milli-azadlıq hərəkatının
təşkilatlanması, tarixi milli yaddaş xəritəsində
milli yaddaşın konturlarının daha aydın, daha
qabarıq işlənməsində fəal vətəndaş
mövqeyini milli düşüncənin ədəbi siyasətdə
aparıcı mövqeyə keçməsi səyləri ilə
üzvi şəkildə birləşdirirdi. Ədəbi
düşüncənin müstəqillik ideyalarının
güclənməsinə verə biləcəyi enerjini sistemli
şəkildə təqdim etmək jurnalın bu dövrdəki
fəaliyyətində aparıcı xəttə
çevrilmişdi. Bütün bunlar həm də yeni
konsepsiya tələb edirdi ki, bu yeniləşməni jurnala rəhbərlik
edən yazıçının cəsarətli mövqeyi
sürətləndirirdi. Tarixi-publisistik yazılar, tərcümə
siyasəti, yeni imzaların cəlb olunması nəşrin
ideya-estetik xəttini gücləndirirdi. Heç şübhəsiz,
Yusif Səmədoğlu ədəbiyyatı mənəvi
yaddaşın bütövlüyü kimi dərk etmək,
dövrün mürəkkəb reallıqları fonunda bu
funksiyanı, bir növ, norma yaradılması niyyətinə
yönləndirməyin vacibliyini sərvaxt çevikliklə
hesablaya bilirdi.
"...hamı özünün A məntəqəsindən
çıxıb B məntəqəsinə gedir və gedir
ki, baxıb görsün nə var, doğrudan, bəlkə, elə
bir şey var ki, nəinki hesab kitablarında, heç
dünyanın ən nadir kitablarında da bunun izahını
tapmazsan". Yusif Səmədoğlu A-dan B-yə getdiyi yolda nə
axtarırdı? "Görən bu dünyada çörəyi
halal adamların diyarı hardadı?" - sualının
cavabını atasının fəlsəfi ritorikasında
tapmağa çalışırdı: "Şair,
hökmdarın hüzurundasan!" Elə qardaşı Vaqif də
atasının "Qalib gələcəkmi cahanda kamal?!"
sualının fəlsəfəsini axtara-axtara yorğun
düşürdü hərdən: "Allah, məni yarı
öldür,// Yarı saxla ağlamağa".
Di gəl ki, Yusif başa düşürdü ki, bu
suallara, bu fəlsəfəni açmağa ömür yetməz:
Əcəldən möhlət istədim, // möhlətini əsirgədi.
Əcəl olanda nə olar, bu sualın
ağırlığında kim əzilməz?! "Görəsən,
bu dünyada çörəyi halal adamların diyarı
hardadı?"
lll
İntiqam Qasımzadənin bir söhbətini
xatırlayıram ki, 10 illik rəhbərliyi dövründə
Yusif Səmədoğlu "Azərbaycan"da Səməd
Vurğun haqqında yazıların dərcinə imkan vermədi,
atasını "müdafiə edən" bircə sətir
yazmadı.
...Yusif Səmədoğlu sözün bütün mənalarında
Ziyalı idi!
lll
Səməd oğlu Yusif Vəkilovun Seçilmiş
taleyinin özü bir işıqlı naxışdı.
Boyuna biçilmiş "əlahiddəlik" statusunda belə:
Söz istemez,
yaşlı göz istemez,
Çelenk - melenk lazım degil...
Susun!
Sıra neferi uyusun... (Nazim Hikmət)
Bu sıra nəfəri nə önə can
atırdı, nə daldaya çəkilirdi; həmişə
sıradadır: sıramızda, aramızda. Bu gün də,
sabah da.
Sıralarımız Seçilmişlərlə dəyər
qazanır, sərvət olur; milli sərvət!
O isə, xəfif-xəfif gülümsəyən
kübar təmkinin qəfil gedişləriylə "gərdişi-dövranı"
mat qoydu: "Yuxunuz şirin olsun..."
Güzgünün "o biri üzü" bu diləyi
bir başqa cür yazır: yaşamaq nə gözəlmiş...
Yusif gözəl yaşamağı da gözəl
bacardı...
lll
Kimdir Yusif Səmədoğlu? - sualının
çeşid-çeşid cavablarının hər biri tərifə
- təəssübə, məqsədli (gərəksiz)
şişirtməyə, xəbis qısqanclığa,
uğursuzun sükutuna, səxavətli şöhrətə...
məhəl qoymadan, Namiq Kamalın bu misralarında birləşir:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərindən.
lll
Yusif Səmədoğlu yaddaşın hökmünə
inanırdı, inanırdı ki, "həqiqətin, haqq
sözün müəyyən dövrlərdə
"qeyri-leqal" vəziyyətdə yaşadığı
məqamları da olur. Kiminsə, nə vaxtsa verdiyi
yanlış bir qərarın ucbatından həqiqət bəzən
illərlə, on illərlə üzə çıxmır,
kölgədə, qaranlıqda qalır. Lakin
insanlığın bəlkə də ən böyük
xoşbəxtliyi ondadır ki, heç bir hökm - sözlə
deyilmiş, ya qılıncla həyata keçirilmiş olsa da
- həqiqəti əbədi susdura bilmir. Çünki yalanı
yalnız "reanimasiya vəziyyətində" yaşatmaq
mümkündür. Heç kəs bəşər tarixində
onu bu haldan çıxara bilməmişdir..."
lll
"...Əlbəttə ki, "şəxsiyyətə
pərəstiş" anlayışı ilk növbədə
yalnız bir adamın - Stalinin adı ilə
bağlıdır. Lakin bu anlayışın tutumu daha
ağırdır, daha dərinqatlıdır. Bu
anlayışın arxasından üzü qırış,
üfunət qoxuyan bir varlıq boylanır: Qorxu!.. O qorxu ki,
indiyə kimi, qızdırmalı üşütməsi ilə
canımızdan çıxmaq istəmir, daxilimizdə gecə
gözünə yuxu getməyən senzor kimi oturub, bizi hətta
divarlara da şübhə ilə boylanmağa məcbur edir.
Böyük ədəbiyyatın, əsl sənətin
qüdrəti də ondadır ki, bu ədəbiyyat, bu sənət
o qorxunu da müəyyən mənada məhv etməyə
qadirdir. Təəssüf ki, yalnız müəyyən mənada...
Əgər biz bu gün keçmişin acı həqiqətini
bərpa ediriksə, bu günün həqiqətindən
ürək dolusu danışırıqsa, bəlkə də
həm keçmişimizdən, həm də bu
günümüzdən daha çox, gələcəyimizi
düşünürük. Çünki gələcəyimizi
yalansız görmək istəyirik".
lll
Yaddaşın epik salnaməsi kimi qavranılan bu
yazıçının yaradıcılığı
sözün geniş mənasında sintez hadisəsidir; tarixi
yaddaşla milli yaddaşın sintezi Yusif Səmədoğlunun
Səsini Zamanın ruhuna yazdı. Əgər bir gün
Zamanın yaddaşını bərpa etmək
üçün, kosmosa azərbaycanlı kimliyinin rəsmini
göndərmək lazım gələrsə, Yusif Səmədoğlunun
müdrik təbəssümlü şəklini göndərmək
ən uğurlu seçim olardı. Bu, bəlkə bir xəyaldır.
Reallıqsa budur ki: nəsr texnologiyasının
gücü nəzm dramaturgiyasından qaynaqlanan Yusif Səmədoğlunun
lüğətinin hazırlanması vacibdir! Həm də ona
görə vacibdir ki, bu lüğət təkcə bir
yazıçının yaradıcılığının tədqiqatı
baxımından əhəmiyyətli deyil; Milli Dilin zənginliyi,
diriliyi, dərinliyi, bədii-estetik siqlətinin nümunəvi
faktı kimi Onun dili xalq yaddaşının, kənd, şəhər
folklorunun təcəssümü nümunəsidir həm də.
Yusif Səmədoğlunun Biblioqrafiyasını
hazırlamaq lazımdır!
Yusif Səmədoğlunun xatirəsinin layiqincə əbədiləşdirilməsi
vacibdir!
Yusif Səmədoğlu Böyük Sözün bətnindən
gəlmişdi, Böyük Həqiqətin bətninə
döndü. Bütün həqiqətlərin cəm
olduğu Böyük Sözdən Zamanın yaddaşına
süzülür:
"Uzaq ulduzların işığı kimi"...
Südabə AĞABALAYEVA
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.21.