Savaş Özdəmir: "Biz bu
dünyada qürbətdəyik"
"Azərbaycanda Türkiyədə mənə
göstərilən diqqətin on qatını
gördüm"
Müsahibim Türkiyə və Azərbaycan
tamaşaçılarının çox sevdikləri türk
aktyor Savaş Özdəmir oldu. Kiçik yaşlarımdan
onun rol aldığı bir sıra serialları izləyir və
sənətinə böyük maraq göstərirdim. Bir
çoxları kimi, mənim də ən sevdiyim rolu "Əşkiya dünyaya
hökmdar olmaz" serialındakı Tipi obrazıdır.
Savaş Özdəmir ilə müsahibə zamanı
daxili dünyasının zənginliyi, dərin və
düşündürücü fikirləri ilə
tanış oldum. Onun mənəvi keyfiyyətlərinə
böyük heyranlıq duydum. Ümid edirəm ki, bu
müsahibəni oxuyanlarda da eyni duyğu və
düşüncələr oyanacaq.
- Aktyorluğa abşlayanda özünüzə
hansı sözü verdiniz?
- Mən uşaqlığımdan incəsənətə
maraq göstərmişəm. Çoxdanışan uşaq
olmadığıma görə, özümü ifadə etmək
yolunu rəsm çəkməkdə tapmışdım. Bir
sözlə, öncəliklə ailəmə, sonra isə ətrafa
özümü ifadə etmək üçün rəsm
çəkməklə məşğul idim. Daha sonra atam
musiqiçi olduğuna görə mən də musiqiyə həvəs
göstərdim. Atam bağlamada ifa edərdi və mən də
öyrəndim. Ancaq daha sonra gitaraya həvəsləndim, hətta
balet təhsili aldım. Ən nəhayət, bütün
bunları mənim sənətim olaraq görə bilmədim.
Teatr ilə tanış olduqda isə gördüm ki, burada həm
musiqi, həm rəqs, həm də aktyorluq var. Dedim ki, bəli,
bu, mənim sənətimdir. Bu sənəti isə çox
müqəddəs hesab edərək, özümə bu
sözü verdim: varlıqda və yoxluqda artıq bu, mənim
sənətimdir, mən məsul şəxsəm, insanlara
gözəl sözlər deməli, onları bir yerə
toplamalı, birləşdirməli - bir sözlə,
körpü rolunu oynamalıyam. Çünki zənnimcə,
sənətin gerçək mənası da budur.
- Elə bir rolunuz olubmu ki, siz real həyatda həmin
obrazdan çıxmaqda çətinlik çəkəsiniz?
- Bu sual əslində çox verilir. Əlbəttə
ki, hansısa roldan çıxdıqdan sonra gerçək həyata
adaptasiya olmaqda insan bir az çətinlik çəkir. Amma nəticədə
biz professionalıq. Öz kimliyimizlə
canlandırdığımız kimlik arasında təbii
olaraq sağlam bir sərhəd qoya bilirik. "Obrazdan
çıxa bilmədim və ya o obraz ilə həyatıma
davam etdim" deyilən bir şey yoxdur.
- Bəs bugünə kimi oynadığınız
rollar arasında elə bir rolunuz varmı ki, gerçək
Savaş Özdəmirlə eynilik təşkil etsin?
- Belə cavab verim: mənim üçün
ayrılan rollarda mütləq özümə bənzər
bir tərəf tapmağı bacarıram. Çünki
insanın özü də eynidir... Çox şey dəyişmir.
İnsanların xarakterləri, duyğuları onsuz da çox
fərqli deyil. Hamımız eyni yollardan, duyğulardan
keçirik. Bir sözlə, fərqli kimliklərlə eyni
hekayənin içərisindəyik. Və mən bu məsələyə
belə bir aspektdən yanaşıram. Amma eyni zamanda mənə
sual versəniz ki, məhz mənim xarakterimlə çox
yaxın olan hansısa rolum olubmu? Cavabım belə olar:
hamının çox yaxşı bildiyi "Əşkiya
dünyaya hökmdar olmaz" serialındakı Tipi obrazı.
Tipinin dostluğu, vəfası, sədaqəti insana verdiyi dəyər,
bacısına qarşı hörməti mənə yaxın
xüsusiyyətlər idi.
- Sizin üçün ssenari, yoxsa
oynayacağınız rol daha önəmlidir?
- Ssenarinin ümumi strukturu, dramaturji və psixoloji əsasları
çox önəmlidir. Mən oynayacağım rolun psixoloji,
fizioloji əsaslarını çox dərindən
araşdırıram. Və çox uzun bir hazırlıq
müddətim olur. Yəni işin əsas hazırlıq
müddəti çox vacibdir. Hər bir hekayənin içərisindəki
bütün obrazların çox önəmli məsuliyyətləri
var. Bir şeyin çatışmazlığı
bütün hekayənin pozulmağına səbəb ola bilər.
- Elə bir rol olubmu ki, onu oynamaq istəməmisiniz,
amma məcbur qəbul etmisiniz?
- Mənə yönləndirilən bütün
obrazlarda mütləq sevmədiyim cəhət tapıram. Və
onu inkişaf etdirməyə çalışıram. Bunu da
qeyd etməliyəm ki, obrazın sevmədiyim tərəfi
olmayıb, amma əksinə, çox sevdiyim obrazlar olub. Məsələn,
bir az əvvəl verdiyiniz suallardan birinə cavab verərkən
dediyim kimi, Tipi də mənim sevdiyim obraz idi. Amma Dövlət
Teatrında fəəliyyət göstərdiyim illərdə
oynadığım Artur Millerin "Körpüdən
baxış"ındakı Eddie Carbone rolunu, Dario Fonun
"Bir anarxistin qəzası"ndakı Dəli
obrazını çox sevmişdim.
- Bəzən deyirlər ki, teatr aktyoru olmaq
üstünlükdür. Siz bu fikirlə
razılaşırsınızmı?
- Teatr təhsili, aktyorluğu intizam tələb edən
bir sahədir. Ümumiyyətlə, bu, aktyorluğun təməli
olan bir sahə kimi qiymətləndirilir. Mən bu məsələni
həm doğru hesab edir, həm də bir az fərqli
baxıram. Əslində təməl aktyorluqdur, yəni
çıxış nöqtəsi eynidir. Bu barədə
Stanislavski yaxşı deyib: sən təmələ
özünü qoymalısan. Yəni bir obraza
yaxınlaşarkən öz həyatını, xatirələrini
keçmişini təmələ qoymaq lazımdır. Buna isə
dramatik aktyorluq deyilir. Ümumiyyətlə, dramatik aktyorluq
dünya üzrə qəbul olunub. Ancaq bunun başqa intizam
qaydaları da var. Yəni absurd aktyorluq, epik aktyorluq, qrotesk
aktyorluq və sair. Bu suala daha dəqiq belə cavab verim: bir
ata-anadan olan uşaqlar kimi düşünək. Başqa
sözlə, kino, televiziya, teatr və musiqili aktyorluq bir-birindən
fərqli sahələrdir. Eyni zamanda texniki bilik istəyir. Nəticə
etibarilə isə yenə də çıxış nöqtəsi
eynidir. Təkrar edirəm, bir ata-ananın fərqli xarakterlərdə
olan övladları kimi düşünmək olar.
- Bir gün hər şeyi geridə
buraxsaydınız, ən əvvəl hara getmək istəyərdiniz?
- Orxan Vəlinin bir şeirini xatırlatdı mənə
bu sual. Deyir: görürəm, eşidirəm, hiss edirəm,
amma ifadə edə bilmirəm...
İnsan övladı, olduğu yerə sığmayan
bir varlıqdır. Bir yerə getmək istədiyini
düşünür və o yerə gedir. Birinci xoşbəxt
olmağa başlayır və sonra o yerdən
sıxılır. Daha sonra isə başqa yerə gedir.
Heç cür özünü bir yerə tam aid hiss etməyi
bacarmır... Mənim hiss etdiyimə görə, bunun səbəbi
belədir - biz bu dünyada qürbətdəyik. Əslində
dünyadan o tərəfdə başqa bir yer var. Məncə,
bizi gözləyən gerçək bir yuvamız var yəni.
Bu səbəbdən özümüzü heç cür bir
yerə aid hiss edə bilmirik.
- Sizi sevən pərəstişkarlarınızdan gələn
ən təsirli cümlələrdən yadınızda qalan
varmı?
- Bəli, belə bir cümlə var. Teatrda bir rolu
oynayarkən gənc bir tamaşaçı mənə belə
dedi: "Savaş abi, siz səhnəyə çıxanda mən
fərqli bir şey hiss edirəm". Və sual verdi ki, mənə
bu fərqin nə olduğunu deyə bilərsinizmi? Həm təəccübləndim,
həm də xoşbəxt oldum. Amma həmin an cavab tapa bilmədim.
O gənc tamaşaçımız həmin səhnəni bir
neçə dəfə izləyib. Sonra yenə gəldi və
yenidən sual verdi. Mən də
düşünmüşdüm və belə cavab verdim: zənnimcə,
mənim fərqim fərqli olmağa
çalışmamağımdır.
- İndiki özünüz 10 il əvvəlki özünüzə
nə demək istəyərdi?
- İnsan həyatı boyu inancını, cəsarətini
itirə, uğursuz, məyus ola bilər. Yenidən cəhd edər
və təkrar uğursuzluğa düçar olar. Hətta 10
il yox, 20-30 il əvvəlki özümə bunu deyə bilərəm:
inanmağa davam et və əsla ümidini itirmə. Ən əsası,
mücadilə etməyə, özünü və
insanları sevməyə davam et!
- Əgər aktyor olmasaydınız,
özünüzü başqa hansı sənət peşədə
görərdiniz?
- Mən azadlığı, dənizi və
göyün üzünü çox sevirəm. Bu səbəbdən
də ya pilot, ya da dənizçi olmaq istəyərdim.
- Gənclərə vermək istədiyiniz məsləhətlər
varmı?
- Gənclərin hər zaman yol göstərən
şəxsə, ustada ehtiyacları var. Mən hər zaman bunu
deyirəm, dünyada qısa yolla bir yerə çatmağa
çalışmaq kimi xəstəlik başlayıb.
Ünsiyyət dövründə yaşadığımız
üçün, mənim müşahidə etdiyim qədərilə,
sosial media və internet gənclərin beynini
qarışdırır. Qısa yolla bir yerə çatmaq az
müddətdə xoşbəxtlik gətirə bilər, amma
uzun müddətdə itkiyə səbəb olar. Nəticədə
isə xəyal qırıqlığı yaradar. Gənclər
bir peşəni doğrudan da sevsinlər, ona vurulsunlar. Özlərinə
yaxın bildikləri və inandıqları peşə
uğrunda mübarizə aparsınlar, zəhmət çəksinlər,
alın təri töksünlər. Mütləq şəkildə
həmin peşənin təhsilini alsınlar və özlərini
inkişaf etdirsinlər. Varlıqda da, yoxluqda da onunla
qucaqlaşsınlar. Bir az özlərindən uzaqlaşıb:
"Bu peşə vasitəsilə başqaları
üçün nə edə, başqalarına necə toxuna,
necə kömək edə bilərəm?" deyə
düşünsələr, mənəviyyatları daha
güclü olar və özlərini daha xoşbəxt hiss edərlər.
- Azərbaycanda hazırda nə hiss edir, nələrin
şahidi olursunuz?
- Artıq Azərbaycana üçüncü gəlişimdir.
İlk gəlişim serial vasitəsilə oldu. Buradakı ATV
kanalında "Məlahət ilə söhbətlər"
verilişinə dəvət olundum. Həyata, seriala, sənətə
aid bir çox məsələdən danışdıq. Mən
burada çox təsirlənmişdim. Azərbaycanın,
xüsusilə Bakının ətraf mühiti, infrastruktur
sistemi, insanların mədəni davranışları, sosial
keyfiyyətləri, gülərüzlü olmaqları və mənə
göstərdikləri diqqət və sevgi məni həqiqətən
çox təəccübləndirdi. Burada özümü
sanki bir super ulduz kimi hiss edirdim və buna çox təəccüb
etmişdim. Azərbaycanda Türkiyədə mənə
göstərilən diqqətin on qatını gördüm və
insanlar bunu göstərməkdən çəkinmirdilər.
Sonradan fərqinə vardım ki, mən onlar üçün
dost, yoldaş, böyük qardaş - bir sözlə,
çox şey olmuşam. Bu isə məni çox xoşbəxt
etmişdi. Elə buna görə də yenidən gəlmək
istəyim var idi. Buranı öz doğma vətənim kimi
çox sevirəm. Azərbaycanlı dostlarımı,
qardaşlarımı da çox sevirəm və burada uzun
müddət qalmağa qərar verdim. Peşəkar
karyeramı bir müddət burada davam etdirəcəyəm.
Buna görə də Azərbaycanda olduğum
üçün özümü çox xoşbəxt hiss
edirəm.
- Son olaraq sizi sevənlərə pərəstişkarlarınıza
nə demək istəyərdiniz?
- Onları çox sevirəm. Göstərdikləri
sevgi mənə ruh verir. Gördüyüm işlə, həyatdakı
mövqeyimlə onlara layiq olmaq üçün əlimdən
gələni edəcəyəm. Hamısına
salamlarımı və sevgilərimi yollayıram!
Aynur ƏDİL
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.20.