Başlandığı
yerdən hesablanmalı tarix
Hər yol başlanğıcdır, hər yol mütləq
hansısa hədəflərə, hansısa məqsədlərə
doğru aparır və bu da yeni zaman içərisində
millətin taleyindən keçən yollardan biri idi. Həmin
yaşı çox yolun başlanğıcı indi xeyli
uzaqdadır və zamanın sisinə-dumanına
bürünmüş o başlanğıcı doğru
görə bilməkçün şahidlərə ehtiyac var.
Az qala bir əsr öncə baş vermişlərin bu
gün doğru mənzərəsini canlandırmaqçün
hər yeni günün vacib xəbərlərini izləyən
qəzetlərdən etibarlı hansı şahid ola bilər
ki! Azərbaycan Teatr Muzeyinin yaşı indi rəsmən
1934-cü ildən hesablanır. Bu mötəbər şahidsə
təsdiqləyir ki, yox, elə deyil, əsl tarix və
gerçək başlanğıc daha keçmişdədir.
Bu şahidin sözünə inanmamaq və doğruluğunu qəbul
etməmək mümkünsüzdür. Bu saralmış qəzetdə
vaxtın saatı 1927-ci il noyabrın 4-nü göstərir.
Azərbaycanın bir nömrəli rəsmi qəzeti olan
"Kommunist" həmin gün Teatr muzeyinə ayrıca məqalə
həsr etmişdi və Xəlil İbrahimin (1892-1938)
"Teatr muzeyi" adlı yazısı yaxın günlərdə
baş verəcək açılışdan xəbər
verirdi. Məqalənin altında sadəcə "Xəlil"
yazılsa da, bu müəllifin həmin dövrdə ən fəal
qələm sahiblərindən Xəlil İbrahimin olmasına
şübhə yoxdur.
Məqalə yaxın günlərdə baş verəcək
fərəhli hadisənin ilk müjdəsi kimi idi.
Xəlil İbrahim belə yazırdı:
"Çoxdan bəri düzəlməsi haqqında
danışılan Azərbaycan Teatr Muzeyi artıq bir həqiqətdir.
"Həqiqətdir" - quru söz deyil. Bu vaxtacan əməli
bir çox işlər də görülmüşdür. Və
bunun üçün müəyyən smeta
olmadığı halda, müəyyən para
buraxılmadığı halda təşkilat işlərinin
dörddə üç hissəsi artıq
görülmüş, bir çox əl yazıları, şəkillər,
maketlər, afişa, proqram və sairələr
toplanmışdır. Bu saat bizim muzəmiz Gürcüstan
Dövlət Muzeyindən zəngindir. Bu saat bizim muzə
neçə ildən bəri açılmış olan
Ukrayna Dövlət Muzeyinə yaxınlaşır. Bu sürətlə
danışıqlar, yazılar quru, boş qalmamış,
böyük işlər də görülmüşdür.
Dünən bütün Bakı teatrları, İncəsənət
Xadimləri İttifaqları və mətbuat tərəfindən
bir çox nümayəndələr və bəzi ədiblərin
iştirakı ilə Teatro muzesinin rəsmi
açılışı və gələcəyi məsələsi
həll edilirdi".
Bu yerdə bir anlığa Xəlil İbrahimin sətirlərindən
ayrılıb dəqiqləşdirirəm - dünən, yəni
1927-ci il noyabrın 3-də. İqtibas uzun alınsa da,
çatdırdıqlarının fövqəladəliyini,
tarixi yanlışı islah etməyə yardım göstərməsini
nəzərə alaraq şahidin sözünü kəsmirəm:
"Geniş mədəni inkişaf imkanını bizə
ancaq Oktyabr inqilabı vermiş olduğu üçün,
şübhəsiz, böyük bir mədəni sərvət
və müəssisə olan Teatro muzesinin açılması
da, şübhəsiz, oktyabrın onilliyi bayramı ilə məbud
olmalıdır. Ona görə açılış mərasimi
noyabrın yeddisinə təyin edilərək təşkilat
komisyonu (üç nəfər) seçilmişdir. Uzun
müzakirəyə bais olan yeganə məsələ muzənin
hanki büdcədən və kimin xərcinə saxlanması məsələsidir.
Lakin bu vaxtacan muzey rəsmən mövcud
olmadığından Xalq Maarif Komissarlığı büdcəsində
muzə maddəsinin olmamasını nəzərə alaraq muzə
ictimai bir təşkilat olmalı, onu cəmiyyət, yəni
teatr ilə əlaqədar müəssisələr
saxlamalıdır deyənlər, bizcə, haqlı deyildirlər.
Dövlət muzəsi ictimai təşkilatdır. Muzeyə
bütün ictimai qüvvələr yardım etməlidirlər.
Hər kəs də teatroya aid nə material varsa, muzeyə verməlidir.
Bütün teatrolar, bütün İncəsənət Xadimləri
İttifaqı, bütün artistlər, ədiblər, həvəskarlar
və mətbuat xadimləri material vermək, təbliğat
aparmaq və sair surəti ilə var qüvvələri ilə
muzeyə yardım etməli, tərəqqi və
inkişafına çalışmalıdırlar. Fəqət
bunların hamısı ilə bərabər Oktyabr
inqilabının bizə verdiyi mədəni nemətlər,
feyzlər arasında çox mühüm bir mövqe tutan
teatro muzəsi, heç şübhəsiz, əsas etibarilə
dövlət muzəsidir və dövlət büdcəsində
olmalıdır. Xalq Maarif Komissarlığı büdcəsində
muzey məxarici yoxsa, əlbəttə, smetadan birdəfəlik
pul buraxa bilər. Muzənin xərci çox deyildir. Bu il
Maarif Komissarlığı birdəfəlik bir məbləğ
buraxar. Teatrolarımız və İncəsənət Xadimləri
İttifaqı da hər cəhətdən yardım edər.
Bütün ədib, aktyor və həvəskarlarımız
da əldə olan materialı verər. Mətbuat orqanları
da öz öhdələrinə düşən vəzifəni
ifa edər. Bunların hamısı nəticəsində muzəmiz
daha zənginləşər, möhkəmləşər və
28-29-cu təsərrüfat ili üçün büdcə tərtib
edərkən Maarif Komissarlığı bu maddəni
smetasına daxil edər. Əsas etibarilə məsələ
qoyulmalıdır. Təşkilat iclasında uzun müzakirələrdən
sonra məsələnin bu ruhda qərarlaşdırılması
da ən doğru bir nöqteyi-nəzərdir".
Xəlil İbrahimin bu yazısından azacıq sonra
isə, Dadaş Bünyadzadə adına Dram Teatrının
binasında sorağı öncədən verilmiş həmin
hadisənin sevinci yaşanmışdı. Bunu isə artıq
1927-ci il noyabrın 12-də çıxan "Kommunist" qəzeti
xəbər verirdi ki, Teatr muzeyinin açılışı
oldu və əvvəlcə muzeyin müdiri Ağakərim
Şərifov (1899-1942) məruzə etdi.
Hər yeni cümlədə "muzey" kəlməsi
təkrarlanır. Yəni açıqca vurğulanır ki,
açılışı keçirilən heç də
hansısa sərgi, ya ona bənzər bir təqdimat deyil, məhz
Teatr muzeyidir: "Teatr muzeyinin açılışında Azərbaycan
Həmkarlar İttifaqı Şurası tərəfindən
Yaqub Abdinov, İncəsənət İşçiləri
İttifaqından Məhəmməd Hənəfi Terequlov
(1877-1942 - R.H.), Tbilisidən Mirzəli Abbasov (1874-1943 - R.H.),
aktyorlardan Yusif Yulduz (Yusif Seyfulla oğlu Əliyev; 1905-1979 -
R.H.), Alma xanım, habelə Üzeyir Hacıbəyov (1885-1948
- R.H.), Brender, Kazım Ziya (1896-1956 - R.H.), Mirseyfəddin
Kirmanşahlı (1892-1933 - R.H.), Əbdürrəhim bəy
Haqverdiyev (1870-1933 - R.H.), Əsəd Tahir iştirak etmişlər".
Belə sübutlar, o açılışda
iştirak etmiş belə məşhur şahidlər varsa və
onların həmin şad mərasimə qatılmağı
bunca mötəbərliklə tarixləşdirilibsə, niyə
Teatr muzeyinin başlanğıc tarixini elə məhz 1927-ci
ilin noyabrından götürməyək?!
Bir vaxtlar Azərbaycan kinosunun da tarixini 1916-cı ildən
- "Neft və milyonlar səltənətində"n
başlayırdılar. Hərçənd köhnə mətbuat
Bakıda hələ 1898-ci ildə yerli kinosüjetlərin
çəkilməsindən xəbərləri
çatdırmaqdaydı. Yaxşı ki, həmin lentlər
tapıldı da və kino tariximizin dünya kinosundan vur-tut 3
il sonra - 1898-dən başlanması da qəbul edildi.
Başqaları olmayan yerdən özünə daha əski
tarix quraşdırmaq yolunda vurnuxur, biz niyə
olanımızın yaşını özümüz
azaldırıq?!
1882-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakı
Şəhər Dumasına ilk teatr binasını ucaltmaq istəyilə
müraciət edir. Razılıq verilir və tezliklə
tikinti işlərinə başlanılır. Növbəti
ildə artıq Bakıdakı ilk teatr binası hazır idi və
Azərbaycanın həyatında 1883-cü ildə relsləri
üzərindən ilk qatarlar keçmiş Bakı-Tiflis dəmir
yolu cəmiyyət həyatından ötrü nə qədər
əlamətdar və müsbətə doğru dəyişdirici
idisə, o il noyabrın 27-də birinci milli teatr
mülkünün istifadəyə verilməsi də o qədər
diqqətəlayiq idi. Hacı Zeynalabdin Tağıyev
ağıllı, uzaqgörən adam idi. Teatrın yerləşməsi
üçün məhz II Aleksandr Sahili prospektini - indiki
Neftçilər prospektini seçməsi təsadüfi
deyildi. Bura Bakının mərkəzi prospekti idi. 1860-cı
illərdən orada buxar gəmiləri və körpülər
tikən məşhur "Qafqaz və Merkuri" şirkəti
yerləşirdi. Bu prospektin mərkəziliyinin bir dəlili də
o idi ki, qubernatorun iqamətgahı burada qərar tuturdu. O
çağlarda "Qafqaz və Merkuri" tək
Bakının deyil, Qafqazın əsas ticarət, xarici əlaqələr
mərkəzlərindən biri idi. Yəni bura çox get-gəlli
bir yer idi və teatr üçün də ovaxtkı
Bakıda daha münasib məkan təsəvvür etmək
olmazdı.
1899-cu ilin 20 noyabrında Tağıyev teatrının
səhnəsində ilk tamaşanın oynandığı
gündən xeyli əvvəl "Kaspi" qəzeti belə
bir açılışın olacağını xəbərini
yaymışdı və ilk tamaşa günündən sonra
da növbəti yazısını dərc etmişdi ki, orada
tamaşanın anşlaqla keçdiyi vurğulanırdı.
Qapılarını tamaşaçı üzünə
açdığı ilk gündən ağzınacan dolu
Tağıyev teatrını belə qələbəlik sonra
onillər boyu həmişə müşayiət elədi.
Ancaq bir-birinin ardınca xoşbəxt, sevincli günlərin
yaşandığı bu binanın qismətində kədərli
çağlar da olmuşdu.
1899-cu ildə Tağıyev teatrında yanğın
baş verir. Alov binanı əvvəldən-axıracan közə
döndərir. Ancaq Tağıyev bütün
gücünü səfərbər edir, bircə ilin içərisində
teatrı bərpa edir. Teatr növbəti ildə yenidən
tamaşaçı qəbul edə bilir. Lakin 1908-ci ilin 12
yanvarında bəlkə də Tağıyev teatrının həyatındakı
ən bəxtəvər gündən - "Leyli və Məcnun"
operasının ilk tamaşasından bircə il ötüncə
binanı yenə bədbəxtlik basır - 1909-cu ildə
Tağıyev teatrı yenə alovlanır. Yanğın bu dəfə
əvvəlkindən də dəhşətli qopur. Ayrı
sahibkar bəlkə də ruhdan düşərdi,
Tağıyevsə yenə dayanmır, bütün diqqətini
yaralı binanın bərpasına yönəldir və bu dəfə
də bircə ilə işləri tamamlayır. Ancaq 1909-cu ilə
qədər - həmin yanğınacan teatra, sənətə
çox bağlı olan Tağıyev öz idarəsini də
burada yerləşdirmişdisə də, ikinci yanğından
sonra dəftərxanasını başqa yerə
köçürür. Fəqət zavallı binanın aqibətində
digər yanğın da varmış. O yanğın 1918-ci ildə
törədiləcək. Əvvəlki yanğınların səbəbi
təsadüflər idisə, bu səfər faciədə
şeytan barmağı vardı. Bakıda 1918-ci ilin mart
qırğınlarında, Azərbaycan xalqına qarşı
törədilən erməni soyqırımları əsnasında
Tağıyev teatrı növbəti dəfə yanır.
Ancaq bu dəfə binanın bərpa edilməsi əvvəlki
çağlara nisbətən xeyli illər çəkir.
1909-cu ildə Tağıyev teatrında baş verən
ikinci yanğından sonrakı bərpa, təmir işləri
elə aparılmışdı ki, bunun bəhrəsini
tamaşaçılar da, aktyorlar da görmüşdü.
"Günəş" qəzeti 1910-cu ilin martında
yazırdı ki, artıq Tağıyev teatrı 1700
tamaşaçı tutur, səhnə də bir qədər
genişlənib. Ancaq həmin elə 1910-cu ilin martında
"Molla Nəsrəddin" jurnalının növbəti
sayı çıxmışdı və orada bir karikatura dərc
edilmişdi. Gözü yaşlı Hüseyn Ərəblinski
deyir ki, səhnədə faciələri o qədər
oynadım, axırı həmin bəla öz başıma da
gəldi".
Bu qəmli səhifəni bir daha ona görə yada
salırıq ki, 1918-ci ildə teatr yanandan sonra bir neçə
il səhnənin dayanması, tamaşaçıların
sevimli ünvandan məhrum olması Bakının teatr həyatı
və mənəvi aləmində ciddi boşluq yaratdı.
Cümhuriyyət dövrü keçib getdi, bolşeviklər
gəldi. Daha Tağıyev yox idi ki, canfəşanlıqla
qolunu çırmalayıb işə girişsin, məsrəfin
nəqədərliyinə bənd olmadan bərpanı tezcə
yekunlaşdırsın. Tağıyev olmağına hələ
vardı, ancaq gücü əlindən
alınmışdı, nəyi var müsadirə etmişdilər
və hətta dolanışığını güc-bəla
yoluna qoya bilməkçün hökumətə ərizə
ilə müraciət etmək məcburiyyətində
qalmışdı.
Yalnız 1922-ci ildə Şura hökuməti qət
edir ki, Tağıyev teatrı bərpa olunsun. 1923-cü ilin mətbuatı
Tağıyev teatrının bərpadan sonra təzədən
istifadəyə verilməsi haqqında yazılar dərc edib.
Təbii ki, yeni quruluş və təzə siyasət artıq
Tağıyevin adını teatrın üstündən
götürmüşdü. Teatr olmuşdu Dadaş
Bünyadzadə adına. Amma camaatın dilinə hökm etmək
müşkül idi. Xalq həmin mülkə elə əvvəllərdə
olan sayaq, əsl sahibini unutmayaraq "Tağıyev
teatrı" deməkdə davam edirdi.
Sovet hökuməti və siyasəti abırsız və
qansız idi, lakin onun milli kommunistləri arasında sonacan
öz əxlaqına uyğunlaşdıra bilmədikləri hələ
çox idi (istifadə edəndən sonra bircə-bircə
onların da axırına çıxacaq), insaf-mürüvvət
hələ ürəklərdə qalmaqda idi. Əxlaqın hələ
axıracan pozulmamasının nişanəsi də budur ki,
1923-cü ildə artıq Dadaş Bünyadzadə adına
olan Azərbaycan Dövlət Türk Dram Teatrının
açılışı keçiriləndə
açılış mərasiminə Hacı Zeynalabdin
Tağıyevi də dəvət etmişdilər, həmin
gün səhnədən Hacı haqqında çox isti
sözlər də səslənmişdi. O dövrün mətbuatında
Hacı Zeynalabdin Tağıyevin də minnətdarlıq
qarışıq sözləri qalıb. Deyir ki, bu gün mənim
də əməklərimin unudulmadığından, Dadaş
Bünyadzadə adına teatrda keçirilən bayramda bu
işin ilk pionerlərindən biri kimi yad edilməyimdən
çox mütəəssir oldum.
1923-cü ilə qədər Azərbaycanda
Tanrının fitri istedad bağışladığı fədakar
aktyorlar özləri özlərini yetişdirmişdilər.
Teatr təhsili almaq üçün, səhnə mədəniyyətini
kitabla, elmlə öyrənməkçün üz tutası
ünvan yox idi. 1923-də Azərbaycanda ilk Teatr Texnikumu
yaranır və şöhrətli opera müğənnisi
Şövkət Məmmədova (1897-1981) ora direktor təyin
edilir. Direktorun müavini vəzifəsi isə Ağakərim
Şərifova verilir.
Ağakərim teatrla bağlı bir ailənin
övladı idi və Azərbaycan teatrının tarixində,
Azərbaycan mənəviyyatı və mədəniyyətində
mühüm yer tutacaq Teatr muzeyinin yaranması da elə onun
ideyası idi. Ağakərim Şərifov Teatr Texnikumunda
çalışdığı vaxtlarda artıq bu arzu onun
ürəyində yetişmişdi. Hətta xatirələrdən
bu da bəlli olur ki, daha əvvəllərdə, Hüseyn
Ərəblinskinin vəfatından sonra Ağakərim Şərifov
çox narahatmış ki, Ərəblinski ilə
bağlı qiymətli yadigarlar qatmaqarışıqlıqda
itib-bata bilər. Ərəblinskinin müəyyən
rolları oynayarkən istifadə etməkçün məxsusi
düzəltdirdiyi tacı və tikdirdiyi libasların
ardınca olur. Aktyorun anası Pəri xanım da vəfat
etdiyindən Ərəblinskinin bacısını arayır, itə
biləcəyindən nigaran qaldıqlarını əldə
edir və üstündən zaman keçəndən sonra
Ağakərim Şərifovun yaratdığı Azərbaycan
Teatr Muzeyində bunlar da ən əziz saxlanclar kimi yerini
tapır.
1923-cü ildə Ağakərim Şərifov Teatr
Texnikumundakı tələbələrini təcrübə
keçməkçün Moskvaya aparıbmış. Moskvada o
zamanlar teatr ictimaiyyətinin yaxşı bələd olduğu
məşhur muzey vardı - onu illər boyu çəkdiyi gərgin
zəhmətlər, əsirgəmədiyi geniş səxavət
və sonsuz sevgi ilə rus zənginlərindən olan mesenat
Aleksey Aleksandroviç Baxruşin (1865-1929)
yaratmışdı. Ağakərim tələbələrini
muzeyə gətirir, baxırlar, heyran qalırlar, könüllərindəki
teatr, səhnə aşiqliyi bir az da artır, ancaq tələbələrindən
daha artıq vəcdə gələn elə Şərifovun
özü olur. Çünki o, Azərbaycanda da buna bənzər
bir teatr muzeyi qurmaq istəyilə
çırpınırdı. Təbii, Baxruşinin əlində
olan imkanlar Ağakərim Şərifovda yoxdu. Ancaq Ağakərim
Şərifovda Baxruşindən onqat artıq sevgi vardı.
Sözümüzün canı odur ki, hələ
1920-ci illərdən də qabaq sevdasına
düşdüyü, xəyallarında qurduğu, gələcək
ekspozisiyasından ötrü materiallar topladığı
Teatr muzeyi elə 1920-ci illərdə artıq yalnız
düşüncə və kağız üzərində
yox, elə gerçəkdə də vardı, Tağıyev teatrının
binasında üçüncü qatdakı məhz bu məqsədlə
ayrılan məkanda fəaliyyətə
başlamışdı. Bu da daşdan keçən
danılmaz əşya-yi dəlil: "Kommunist" qəzetinin
1927-ci il 12 noyabr sayında çıxan məqalə. Yazı
"Akademik Teatrındakı təntənəli
açılışlar" adlanır və həmin
günün mənzərəsini belə canlandırır:
"Böyük Oktyabr inqilabı münasibətilə
ayın yeddisində Dövlət Akademik Teatrında Teatr
Muzeyinin rəsmi surətdə təntənəli
açılışı oldu. Yığıncağı
teatrın müdiri Hacıağa Abbasov (1888-1975 - R.H.)
açaraq ilk sözündə muzənin nə kimi əhəmiyyəti
olduğunu və ümumiyyətlə, Teatro muzəsinin nə
cür təşkil edildiyini qısaca olaraq qeyd etdi. Rəyasət
Heyəti seçildikdən sonra muzeyin təşkilatçısı
Ağakərim Şərifov muzənin təşkilatı
haqqında ümumi məlumat verdi. Azərbaycan Həmkarlar
İttifaqı Şurası Rəyasət Divanı tərəfindən
Abdinov Yaqub, İncəsənət İşçiləri
İttifaqı tərəfindən Terequlov, Tiflis Türk
Teatrosu aktyorları tərəfindən göndərilmiş
nümayəndə Mirzəli Abbasov, "Qızıl qələm"
cəmiyyəti adından Cabbar əfəndi, Türk Akademik
Teatrosu aktyorları tərəfindən Yusif Yulduz, Alma
xanım, Əsəd Tahir, əziz Üzeyir Hacıbəyli
(Qulam Məmmədli bu yazını tam olmayaraq xülasə edərək
özünün teatr salnaməsinin ikinci cildində
vermişdir və orada Üzeyir Hacıbəyov yazır. Qəzetdə
isə "Üzeyir Hacıbəyli" göstərilmişdir.
Yəni bir çoxlarının bu gün iddia etdiyi kimi, guya
Üzeyir Hacıbəyli elə həmişə
"Üzeyir Hacıbəyov" yazılmışdır,
doğru deyildir. Adətən rusca yazılarda "Hacıbəyov"
yazılır və bu, 1930-cu illər mətbuatına
xasdır. Bir növ familiya da tərcümə edilirdi: Azərbaycan
dilində yazanda "Hacıbəyli", bəzi soyadlarda
"zadə" göstərilir, ruscada isə hətta
soyadı da tərcümə edir, "ov", "yev"
kimi verirdilər. Üzeyir Hacıbəyli elə bu yazıda
da məhz "Hacıbəyli" kimi göstərilmişdir
- R.H.), Brender, Kazım Kirmanşahlı, Əhmədov və
sairə yoldaşlar təbrik nitqləri söylədilər.
Teatro Texnikumu muzeyin təşkilatçısı Şərifova
adres təqdim etdi. Təntənəli yığıncaqdan
sonra Əbdürrəhim Haqverdiyev yoldaş qısa nitqi ilə
qırmızı lentayı alqışlarla kəsərək
Teatro muzeyini açdı. Az bir zamanda təşkil edilmiş
və çox böyük işlər görmüş muzə
hər kəsi maraqlandırdı. Beş yüz nəfərə
qədər iştirak edirdi. Axırda Qonaqlar teatro
tamaşasına dəvət olundular. Yenə həmin
günün axşamı türk və erməni
aktyorlarının iştirakı ilə Türk Akademik Teatrosunun
yerli komitəsi tərəfindən bir qızıl guşə
açıldı".
Bu boyda sübutu necə görməmək, bu
aydınlıqdakı həqiqətə göz yumaraq
başlanğıcı 1934-dən nə təhər
götürmək olar?!
Azərbaycanın bütün başqa muzeylərindən
fərqli olaraq, Teatr Tarixi Muzeyi yarandığı ilk gündən
məhz ən doğma ünvanında olmuşdu. Teatrla nəfəs-nəfəsə
idi. Adı 1926-27-ci illərdən müəyyən sənədlərdən
Azərbaycan Dövlət Muzeyinin tərkibində Teatr tarixi
şöbəsi kimi göstərilən, əslində isə
elə Teatr muzeyi olan bu qurum işbilən, peşəkar əlindən
çıxdığından elə ilk gəlişindən
Azərbaycan teatr tarixinin əsl güzgüsü kimi
qavranmışdı.
Azərbaycan teatrının aktyorları da, Azərbaycandan
kənarda da geniş sənət əlaqələri olan
Ağakərim Şərifovun başqa şəhərlərdən
gələn dost-tanışı da mütləq həmin
ünvana üz tutarmış - Tağıyev teatrının
üçüncü qatında yerləşən Teatr
muzeyinin ekspozisiyası ilə üz-üzə
dayanırdılar və möcüzələr aləminə
düşürdülər.
O əziz gündə - 1927-ci ilin noyabrında
Tağıyev teatrının üçüncü qatında
ilk dəfə açılışını edən Teatr
Tarixi Muzeyinin ekspozisiyasına tamaşa etməyə gələnlər
Azərbaycanın qaymaqları idi və açılış
lentini Əbdürrəhimbəy Haqverdiyevin kəsməsi də
bir rəmz idi. Çünki XX yüzildə millətin tarixinə
yazılan bir sıra ilklər məhz o müstəsna şəxsiyyətlə
bağlıdır. Əbdürrəhimbəy yeni dövr
içində yüksəliş ilklərinin simgəsi
sayılmağa layiq qiymətlimizdir.
...Ağakərim Şərifov
uzun ömür yaşamayıb, ancaq o da, onun mənsub
olduğu şəcərə - qardaşları Ağasəlim,
Hacıbaba, Niyaz da teatra bir könüldən min könülə
vurğun olublar, hər biri də Azərbaycan mədəniyyətinin,
Azərbaycan teatrının yaddaşında silinməz qalacaq
parlaq əməllərə imza atıb.
Ancaq Ağakərim dörd qardaşın arasında
da xüsusən seçilirdi. O, sadəcə teatr aşiqi
deyildi, teatra məcnuncasına bağlı idi. Müxtəlif
illərdə onun haqqında ayrı-ayrı xatirələri
eşitmişəm. Danışanların hamısının,
sanki sözləşiblərmiş kimi,
bölüşdüyü ortaq müşahidə budur ki,
Ağakərim Şərifov gecə-gündüz teatrla nəfəs
alan insanmış. Hüseyn Cavid yadigarı, elə Ağakərim
Şərifovun yarımçıq qırılmış
yolunu davam etdirərək, onun təməlini qoyduğu Teatr
Tarixi Muzeyində sonralar uzun illər direktor vəzifəsində
çalışmış Turan xanım
danışırdı ki, 1923-24-cü illərdə Ağakərim
Şərifov Teatr Texnikumunda dərs deyəndə oradakı
aparıcı müəllimlərdən biri də Hüseyn
Cavidmiş. Yaş fərqlərinə baxmayaraq, aralarında
dostluq və ailəvi səmimi münasibətlər
yaranıbmış, tez-tez bunlar onlara, onlar bunlara gəlib-gedirlərmiş.
Və Cavidin böyük şairliyindən savayı
başqa bir özəlliyi də varmış: o, Azərbaycan
tarixində qalan məşhur ailələrdən neçəsinin
övladlarına adlar qoymuşdu. Cümhuriyyət dönəmində
həm Azərbaycan parlamentində təmsil olunmuş, həm
də Cümhuriyyət hökumətində ilk əmək
naziri vəzifəsini daşımış Əhməd bəy
Pepinovun-Ömərbəyovun qızına Sevda adını
Hüseyn Cavid vermişdi. Hüseynqulu Sarabskinin oğlu Azərin
də adını Cavid qoymuşdu.
Və 1924-cü ildə Hüseyn Cavidin yaxın dostu
Ağakərim Şərifovun ilk oğul övladı
dünyaya gəlir. Təbii ki, yenə ad verməyi Caviddən
xahiş edirlər. Cavid üç ad çəkərək,
Ağakərimə: "Midhəd, Fikrət, Azad. Bunlardan
hansını istəyirsən, özün seç", -
deyir.
Gənc ata Fikrətdə dayanır. Ancaq dostlar zarafat
edirlər ki, cavan oğlansan, yəqin, bu övladların
ardı gələcək. Obiri adları da ehtiyatda saxla,
geci-tezi var, o adlar da sahibini tapacaq.
Beləcə, teatr, teatr mühitinə bağlı
olan insanlar yalnız Ağakərim Şərifovun gündəlik
işi deyildi, həm də həyatının bir
parçası idi. O, evdə də, işdə də teatr
adamlarıyla hər gün təmasdaydı.
Turan xanım bunu da söyləyirdi ki, yaxından bələd
olanlar Ağakərim Şərifova sadəcə "Ağakərim",
yaxud o dövrdə dəbdə olduğu kimi, "Yoldaş
Ağakərim" deyə müraciət eləmirdilər.
Ona "Muzey Ağakərim" deyirdilər. Və Üzeyir bəyin
də bir şux atmacası yaddaşlarda günümüzədək
yetişib. Həmin sözləri həm Ağasadıq Gəraybəylidən,
həm də Turan xanımdan eşitmişdim. Üzeyir bəy
qımışaraq deyibmiş ki, elə ki gördünüz
bir yerə Ağakərim gəlib, tez qapını, pəncərəni
möhkəm bağlayın. Çünki gəlibsə,
oradan muzey üçün hökmən nəsə tapıb
aparacaq.
1927-ci ilin noyabrında Teatr muzeyinin ilk
ekspozisiyasını təqdim edəndə Ağakərim
Şərifov tək canıyla topladığı 15000
eksponatı ortaya qoymuşdu. Çağın
sıxıntıları və məhrumiyyətlərini də
göz önünə gətirəndə belə nadir
toplayıcılıq o dövrə görə qəhrəmanlıq
idi. Ağakərim Şərifovun 1920-ci illərin əvvəllərindən
başlayaraq gələcək teatr muzeyinin təməlini
qoymaq, onun xəzinəsini yaratmaq istiqamətində səyləri
olmasaydı, 1930-cu illərin ortalarında Azərbaycan
hökumətinin də digər respublikalarda olan böyük
teatr muzeyləri kimi bir muzey təsis etmək qərarı da
ortaya çıxmazdı.
1934-cü ildə Azərbaycan Teatr Muzeyinə hökumət
səviyyəsində sabit rəsmi status vermək və muzeyin
açılışını etmək qərarı Azərbaycandan
kənarlarda da elə ciddi əks-səda oyatmışdı
ki, o dövrdə Sovet İttifaqının baş qəzeti
"Pravda" bu mövzuya ayrıca məqalə həsr
etmişdi. "Pravda"nın 1934-cü il dekabrın 21-də
Bakıda açılan Teatr muzeyi haqda məqaləsini
İ.Ranevski imzalı müəllif yazmışdı. "Azərbaycan
Dövlət Teatr Muzeyi" adlı məqalədə
deyilirdi: "Heç şübhəsiz, mədəni cəbhədə
böyük hadisə sayılası bu açılış
milli respublikalarda teatrın böyük inkişafı və
nailiyyətlərini göstərməkdədir. Belə bir
muzeyin yaranması ideyası hələ 1926-cı ildə
yaranmışdır. Lakin onu gerçəkləşdirmək
heç də asan olmamışdır. Azərbaycan, daha
doğrusu, Bakı teatrı uzaqlara - çarizm illərinə
gedən şərəfli bir tarixə malikdir. Lakin bu
teatrın tarixi, xüsusilə Milli teatrın keçmişi
ilə bağlı nə ayrıca monoqrafiya
yazılmış, nə də gündəliklər, sənədlər,
foto-illüstrasiyalar nə şəkildəsə sistemləşdirilmişdir
və belə bir iş indiyədək heç bir müəssisədə
görülməmişdir. Təəccüblü deyil ki,
çarizm dövründə milli teatrlar, xüsusilə
türk teatrı təxminən qeyri-leqal vəziyyətdə
fəaliyyət göstərmişlər. Hər sənədi,
hər fotoşəkli, afişanı, proqramı,
ayrı-ayrı şəxslərdən, köhnə
aktyorlardan və onların varislərindən toplamaq
üçün çox gərgin əmək çəkilməsi
zərurəti yaranmışdır.
Belə sənədlərin bir sıra hallarda teatr
işinə çox uzaq aidiyyəti olan arxivlərdən
toplanması da ayrı bir mürəkkəblik idi. Bu işi
muzeyin hazırkı direktoru Ağakərim Şərifov və
onun yaxın köməkçiləri indi də davam etdirirlər.
Lakin artıq toplanmış olan 15000 eksponat böyük tarixi
və mədəni dəyər daşımaqdadır".
Daha sonra məqalədə muzeyin ayrı-ayrı unikal
eksponatlarından söz açılır: "Məsələn,
1912-ci ilə aid "Müsəlman artistlərinin səhnəsi"
sərlövhəli afişa. Çar polisi bu afişada
başqa bir terminologiyanın işlədilməsinə icazə
verməmişdi. Volterin "Sultan Osman" pyesi gedirdi.
Aşağıda səciyyəvi qeyd var: "Müsəlman
qadınlar üçün ayrıca qapalı lojalar
vardır".
Türk qadınları o vaxt hələ çadrada gəzirdilər
və ictimai yerlərdə onların kişilərlə
yanaşı oturmaq hüququ yoxdu. O zaman türk
qadınları arasında aktrisalar yox idi. Qadın
rollarını ya kişilər ifa edirdilər, ya da başqa
millətlərdən olan qadınlar.
Bu dövrdə türk teatrının
inkişafında rus və erməni aktrisaları böyük
rol oynamışlar. Milli teatrın öz binası, məxsusi
dekorasiyalar yox idi. Yaxud bir kitabxanada təsadüfən
tapılmış ayrı bir eksponat: "1904-cü il avqustun
22-də bazar günü Şekspirin "Otello" əsərinin
tatar dilində tamaşasına şərəf bileti. Əlaqələndirici:
knyaz Unsiyev".
Bu iki sənəd göstərir ki, hələ 30 il
qabaq türk teatrı səhnəyə Volter və Şekspir
kimi klassiklərin əsərlərini gətirmək istəyirmiş
və bunlar geniş kütləyə məlum olmayan
faktlardır".
Məqalədə, fürsət düşmüşkən,
Müsavatın da bostanına daş atılır, Cümhuriyyət
hökumətinin teatr xadimlərinə diqqətsiz
yanaşması tənqid edilir: "Azərbaycanda
müsavatçıların qısa hakimiyyət dövrünə
aid materiallar da maraqlıdır. 1919-cu ilin yazında Hacıbəyov
qardaşlarının Müsəlman opera-dram teatrı
truppası Maarif Xalq Maarif Nazirliyinə binanı kirayələmək
haqqının bir axşama 15000-dən 1000 manata endirilməsi
xahişi ilə müraciət edir. Müsəlman Müsavat
Maarif Naziri, sonralar Müsavat hökumətinin sədri
olmuş Nəsib bəy Usubbəyov bu xahişə qəti
etirazla cavab verir. Bu dövrdə türk artistlərinin
cüzi gəliri vardı və onlar çox korluq çəkirdilər.
Sənədlər arasında türk dramasının
böyük artisti, 1919-cu ildə qətlində
müsavatçıların da əli olan tragik Hüseyn
Ərəblinskinin şəxsən əli ilə
yazdığı bir kağız var ki, burada onun ciddi
ehtiyacına görə teatrdan üç manat
aldığı göstərilir. Belə nadir sənədlər
muzeydə az deyil. Təəssüflər olsun ki, inqilabdan əvvəlki
teatra aid bu cür materiallar hələ də teatrın
binasının olmaması ucbatından qovluqlarda və qutularda
qalmaqdadır. Muzeyə gələnlər çar
dövrünün qaranlıq gerçəkliyi ilə Sovet Azərbaycanında
teatr həyatının parlaq yüksəlişini müqayisədə
aydın göstərən belə sənədlərlə
tanış olmaq imkanından məhrumdurlar. Açılan
muzey hələ ki, faktiki olaraq, yalnız Sovet bölməsindən
ibarətdir. Burada Azərbaycanın bütün
teatrlarının arxivləri toplanmışdır: tatar, rus,
erməni, gürcü, yəhudi, fəhlə-gənclər
teatrı, kukla teatrı. Bu teatrların afişa və
proqramlarının tam kolleksiyası, bütün
tamaşaların sovet dövründəki bütün illərə
aid quruluşlarının maketləri, kostyumların eskizləri,
foto-sənədlər, resenziyalar və teatr haqqında ədəbiyyat
mövcuddur. Burada biz öyrənirik ki, Azərbaycanın Sovet
hökumətinin 1920-ci il 5 may dekreti ilə bütün
teatrlar milliləşdirilmiş, artistlər dövlət
qulluğuna götürülmüşlər. Məhz bu
vaxtdan da Türk Milli Teatrının əsl intibahı
başlanır. Teatr daimi truppalar yaradır,
tamaşalarını göstərmək üçün
daimi binalar əldə edir. Öyrənirik ki, birinci türk
qadın Dram teatrının səhnəsində 1921-ci ildə,
Opera teatrının səhnəsində isə yalnız
1923-cü ildə görünmüşdür. Hazırda
Türk Dramatik Teatrının truppasında 20 türk qız
vardır və təxminən elə bu qədər də
opera-balet truppasındakılardır. Artıq onların
arasında respublikanın əməkdar və xalq artistləri
vardır. 1923-cü ildə yeni kadrlar hazırlayan birinci
Türk Teatr Texnikumu açılmışdır. Həmin
texnikumun təşkilatçısı və birinci direktoru
respublikanın Xalq artisti, Türk operasının priması
Şövkət xanım Məmmədova olmuşdur. Xronoloji
ardıcıllıqla düzülmüş ayrı-ayrı
tamaşaların maketləri göstərir ki, Moskva, Leninqrad
(indi Sankt-Peterburq - R.H.) teatrlarında son illərdə göstərilmiş
ən yaxşı tamaşalar eyni vaxtda Bakı teatrlarında
müxtəlif dillərdə nümayiş etdirilmişdir. Hələ
bura yerli milli dramaturqların yazdığı əsərləri
əlavə etmirik. Muzey teatr mədəniyyətinin
inkişafı haqqında aydın təsəvvür
yaradır. Teatr mədəniyyətinin inkişafı, teatr təcrübəsinin
toplanması və formaca milli, məzmunca sosialist Azərbaycan
teatrı haqqında aydın təsəvvür yaradır.
Öyrənirik ki, artıq teatrlar yalnız bir Bakıda yox, Gəncədə,
Nuxada və Dağlıq Qarabağın paytaxtı Stepanakertdə
də vardır. Bakının teatrları və əyalət
artıq məşhur mesenatlara möhtac deyil, öz müstəqil
həyatlarını yaşayırlar, ləyaqətlə, mədəni
və ictimai siyasi vəzifələrini yerinə yetirirlər.
Muzey Türk Dram Teatrında böyük bir foyedə yer tutur.
Ancaq ona bura darısqallıq edir. Geniş hərəkət
etmək imkanı yoxdur. Azərbaycanın rəhbər
orqanları inciməsin. Qeyd etmək lazımdır ki, onlar
indiyə qədər muzeyə xüsusi diqqət göstərməmişdilər.
Muzeyin təşkilinə də Xalq Maarif
Komissarlığı vəsaiti xəsisliklə
ayırmışdır. Bakı Sovetinə yeni
çağırış ərəfəsindəki vədlərdən
biri, ya öhdəliklərdən biri, yeri gəlmişkən,
Bakıda yeni teatr binalarının tikilməsi məsələsidir
ki, həqiqətən də, şəhərin buna çox
ehtiyacı vardır".
Məqalənin sonunda "İ.Ranevski"
imzasından sonra "Bakı" qeydi var. Yəni o, Azərbaycanda
olub, bu muzeyin açılışında da iştirak edib, təsvir
etdiklərinin də hamısına bircə-bircə baxıb.
O dövrdə "Pravda" müttəfiq
respublikalar, o sıradan Azərbaycanla bağlı ayrıca məqalələri
nadir hallarda dərc edərdi. Bu yazı Mərkəzin də
Teatr muzeyinə Azərbaycanın mədəni həyatındakı
ən əlamətdar hadisə kimi baxmasının ifadəsidir.
1934-cü ildə işıq üzü
görmüş o yazıdakı çox duyğuları
arxada qalan illər alıb-aparıb, soldurub, unutdurub. Amma o məqalədəki
bir ağrılı mətləb elə keçmişlərdə
olduğu kimi qalıb, Teatr muzeyi bugünədək layiq
olduğu əsl rahatlığı tapmayıb.
13 yanvar 2026
Rafael Hüseynov
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.18-19.