Əməkdar artist
Baloğlan Əşrəfovun oğlu: "Atam özü
üçün yaşamadı"
"Ondan qalan təmiz ad bizim üçün ən
qiymətli var-dövlətdir"
Tanınmış müğənni, Əməkdar
artist mərhum Baloğlan Əşrəfovun oğlu Peyman
Əşrəfovla söhbət
- Bildiyim qədərilə siz də musiqiçisiniz.
- Bəli, qardaşım da, mən də sintezator
ifaçısıyıq.
- Bu sahəni seçməyinizdə çox güman
atanızın da rolu olub.
- Həyat belə gətirdi. Sağım-solum
musiqiçidir. Evdə bütün gün söhbət musiqidən
getdiyi üçün zamanla sevgi yarandı. Düzü, əvvəllər
başqa sahədə işləyirdim. Həm də atamla
toylara gedib, ona kömək edirdim. Musiqi təhsilim olduğu
üçün düşündüm ki, onsuz da gedirəm,
beləcə başladım mən də toylarda ifa etməyə.
- Ailədə dörd uşaqsınız. Aranızda
səsi olan var?
- Səs var, ancaq oxumağa meyl olmayıb. Bizdə
yaxşı səs olsa, bəlkə də oxuyardıq. Ancaq
bacılarımın oxuması mümkün olan iş deyildi.
- Niyə?
- Bizdə adət-ənənə belədir.
- Deyəsən, Baloğlan müəllim sizə
sevimli müğənnisinin adını verib.
- Hə, Peyman İranda əyalət müğənnisi
olub. Atam onu çox sevirdi, hətta bir neçə
mahnısını da oxuyub, mənə də onun adını
qoyub.
- Bəs Baloğlan müəllimin adını kim
qoyub?
- Atamın Baloğlan adında əmisi olub. Deyirlər,
yaxşı səsi varmış. İmişlidə toyda olarkən
rəhmətə gedib. O vaxt nəqliyyat olmayıb deyə
Masallıya gətirə bilməyiblər. Elə
İmişlidə də dəfn ediblər. At arabasının
vaxtından danışıram sizə. Onun adını da
atama veriblər.
- Bilirəm, bu haqda danışmaq sizin
üçün çətindir. Atanızın vəfatını
necə xatırlayırsınız?
- Biz bir evdə yaşayırdıq. Atam həmin vaxt
yataq xəstəsi deyildi. Artıq koronavirusa yoluxmasından
17-18 gün keçirdi. Əməlli-başlı evdə durub
gəzirdi. Qəfildən halı pisləşdi, saturasiya
aşağı düşdü. Həkimlər müdaxilə
etsələr də, həyatda saxlaya bilmədilər. Qaraciyər
transplantasiyasından dolayı koronavirus müalicəsi
xüsusi nəzarət altında olmalı idi. Yəqin bunun da
təsiri olub. Özü də tez sağalmaq istəyirdi deyə,
həkimlərə deyirdi ki, mənə gücləndirici iynələr
vurun tez sağalım.
- Baloğlan Əşrəfovun qaraciyər
transplantasiyası dövrü... Fanat sevgisinin miqyasını
həmin vaxt xalq olaraq görmüş olduq.
- Deməli, təcili qaraciyər transplantasiyası
olmalı idi. Biz o vaxt televiziyaların biri vasitəsilə
müraciət etdik. Donor olmaq üçün çox adam gəlmişdi.
Təkcə elə 20-30 nəfəri Türkiyəyə mən
göndərmişdim. Özü gedənlər də
vardı. Ancaq İmişlidən olan həmin oğlan israrla
deyirdi ki, mütləq mənim ciyərim olmalıdır, bunu yuxuda
görmüşəm. Onun da pasportunun vaxtının bitməsinə
iki gün qalmışdı. Elə oldu ki, məhz onun ciyəri
uyğun gəldi. Kim kimə canından pay verər?
Özü də yad bir adam. Ancaq atama təmənnasız
olaraq bunu ediblər. Əməliyyatdan sonra o qədər qurban
kəsmişdilər ki, deyirlər, Masallıda kəndin qəssabları
günlərlə heyvan kəsməyib. Atam sağalandan sonra
hara getsə, ayağının altında qurbanlar kəsirdilər.
- Baloğlan müəllimin mahnı sözləri həmişə
xüsusi olaraq diqqətimi çəkir. Yəqin ki, sözə
bu qədər həssaslığı həm də peşəsindən
irəli gəlirdi.
- Atam ədəbiyyat müəllimi olub. İndiki
Bakı Dövlət Universitetini bitirib. Oxuduğu
mahnıların sözlərinə xüsusi diqqətlə
yanaşırdı. Onun tələbəlik illəri ilə
bağlı bir məqamı vurğulayım. Deməli, o vaxt
daha çox Masallıda, Lənkəranda daimi olaraq toylara
gedirmiş. Özünə bir sürücü tutub. Toy bitən
kimi Bakıya dərsə gəlirmiş. Dərs qurtarandan
sonra qayıdırmış. Bakıdakı evimizdə isə
qəzəlxan Hacı Ələmdar Mahir bizim qonşumuz idi.
Atam bir ara evi satıb başqa yerə köçmək istəyirdi.
Məhz onunla qonşu olduğuna görə bu fikrindən
daşınıb. Daim Hacı ilə ədəbiyyata, şeirə
dair söhbətlər edirdi. Atamın oxuduğu "Nədi
bu əda" mahnısının sözləri də Hacı
Ələmdara məxsusdur.
- Bilmirsiniz, Baloğlan müəllimin səsini kim kəşf
edib?
- Atam evin tək uşağı olduğuna görə
qarmon alıblar ki, başını qatsın. Sonra tar sinfinə
qoyublar. Beləcə səsinin olduğu da üzə
çıxıb.
- Deyəsən, həm də evin tək
uşağı olduğuna görə 20 yaşında evləndiriblər.
- Hə. Atamla anam qohumdur. Ancaq bildiyim qədərilə
sevib evlənib. Atam dayısı ilə bacanaqdır.
- Bəs Masallıdan Bakıya köçmək qərarını
necə verib?
- O vaxtlar Masallıya Bakıdan tez-tez müğənnilər
gedirmiş. Həmin dövrdə də atam rayonun özfəaliyyət
qrupunda çıxış edirmiş. Onun
oxumağını görüb bəyəndikləri
üçün Bakıya dəvət ediblər. Beləcə
gəlib.
- Bəs bilmirsiniz, atanızı Bakıya kim dəvət
etmişdi?
- Əhsən Dadaşov ansambla dəvət edib.
- Deyirlər, İslam Rzayev onu ansamblına
buraxmayıb.
- Tamamilə cəfəngiyyatdır. İslam Rzayev əvvəldən
atamı dəstəkləyib. Onu deyənlər birini bilirlər,
birini bilmirlər.
- Məsələn, nəyi bilmirlər?
- O dövrdə efirlərə bəstəkar
mahnıları ilə çıxmaq lazım idi. Mənim atam
da əvvəlcə bəstəkar mahnıları ilə efirlərə
çıxıb. O, Cahangir Cahangirovun, Səid Rüstəmovun
mahnılarını dövlət televiziyasında oxuyub.
1973-cü ildən bəri arxiv görüntüləri var.
Sonradan isə öz mahnıları ilə senzuraya müraciət
edəndə qəbul etməyiblər. Problem ifaçıda
yox, janrda olub. Deyirlər, atamı efirə buraxmayıblar.
Halbuki belə bir şey yoxdur, sadəcə mahnını
buraxmayıblar. İslam Rzayevin ansamblında isə atam bəstəkar
mahnıları oxuyub. Məsələn, "İtən
eşqim" mahnısının musiqisi atamındır,
sözləri Ələmdar Quluzadənin. Atam o vaxt həmin
mahnını oxumaq istəyəndə soruşublar ki, bəstəkarı
kimdir. Deyib özüm. Cavab veriblər ki, sənin bəstəkarlıq
diplomun yoxdur, qaytarıblar geriyə. Vəziyyəti belə
görən İslam Rzayev də deyib ki, birinci mən oxuyum, mən
senzuradan keçirə bilərəm. İlk dəfə efirdə
o oxuyub, sonra atam. Hətta o vaxt Niyazi atamı solist kimi
filarmoniyaya dəvət edib, sadəcə həmin vaxt rayonlara
toya getdiyi üçün burada aylıq maaşa işləmək
sərf etməyib. Ancaq ayda ən azı bir dəfə konsert
verirmiş. Hətta bir dəfə konsertə bilet tapmayanda sevənləri
filarmoniyanın şüşələrini
sındırıblar, polis tutub aparıb.
Atam maestro Niyaziyə deyib ki, bəs mənim
fanatlarımı tutublar. Niyazi də zəng edib polisə deyib
ki, sındırıblar, mənim şüşəmi
sındırıblar, problem deyil.
- Son vaxtlar gənc müğənnilər arasında
Baloğlan müəllimin repertuarına müraciət edənlərin
sayı artıb. Bəzən sənətçilərin varisləri
bu durumu xoş qarşılamır, uğursuz təqdimatdan
ehtiyat edirlər. Sizin bu məsələyə
yanaşmanız necədir?
- Onların içərisində yaxşı oxuyan da
var, pis oxuyan da. Bir-iki nəfər deyillər ki, mübarizə
aparasan. Heç kim bu dünyanı tutub durmayacaq. Tutaq ki, mən
bu gün nəzarət elədim, bəs 100 ildən sonra kim
baxacaq? Ancaq bir məqama xüsusi olaraq diqqət edirəm,
müəllifin adı qeyd olunsun, yoxsa mahnını yutubdan
sildirirəm. Necə oxuyur-oxusun, əsas odur ki, müəllifin
adını yazsın. Atam həmişə deyirdi ki, kim mənim
mahnımı məndən yaxşı oxuya bilirsə, oxusun.
- Bu məsələ ilə bağlı kiminləsə
konfliktiniz olubmu?
- Bəzən olur. Tanınmış insanlar əsasən
belə səhvlərə yol vermirlər. Azərbaycanda
yaradıcı müğənni az olub. Həm sözü, həm
musiqini özü yazsın, həm də ifa etsin. Bu səbəbdən
də gənc nəsillər arasında onların
mahnıları daim yaşayır.
- Baloğlan müəllimin xarakterindəki maraqlı
detallardan nələri xatırlayırsınız?
- Atam kin saxlayan adam deyildi. Əsəbləşməyi
ilə sakitləşməyi 3-4 dəqiqə çəkirdi
(Düşünür). Atam həm də futbol azarkeşi olub.
"Neftçi" oynadığı gün rayondakı
musiqiçilərə deyirmiş ki, Bakıda toyum var. Bir dəfə
onu stadionda görüblər. Bundan sonra "Neftçi"
oynayan gün "palatka"ya televizor qoyurmuşlar ki, atam
futbola baxsın.
- Deyirlər ki, atanızdan sizə çoxlu
var-dövlət qalıb.
- Desinlər də. Nolar ki?
- Düz deyirlər?
- Atam 30 gün toylara gedib. Onun bir mahnısı var, Zəlimxan
Yaqubum sözlərinə: "Özüm üçün
yaşamadım". Özü üçün
yaşasaydı, çox şey qalardı. Ancaq həyatı
elə gətirdi ki, yaxınları, ətrafı, dostları
üçün yaşadı. Üstəlik, atam
qazandığının böyük hissəsini mahnılarına,
aranjımanlarına qoyub. Bir də geyimə çox pul xərcləyirdi.
Bir pencəyə 2000-2500 manat verirdi. Heç bir obyektdən-filan
söhbət gedə bilməz. Atamdan qalan təmiz ad bizim
üçün ən qiymətli var-dövlətdir.
Aytac SAHƏD
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.17.