İstanbulda Türk
dünyasının birliyini tərənnüm edən
“Koroğlu” klipi çəkilib
İstanbulda fəaliyyət göstərən “Azərbaycan
rüzgarı” qrupu Türk dünyasının birlik və bərabərliyini
tərənnüm edən tanıtım videosu hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyədə
geniş maraqla qarşılanan layihədə səslənən
kompozisiyanın sözləri Azərbaycanın Silahlı
Qüvvələrinin polkovniki, şair-dramaturq, publisist və
Əməkdar incəsənət xadimi Abdullah Qurbaninin
“Koroğlunun Ağdərəyə səfəri”
dastanından götürülüb. Əsərin musiqisi isə
Azərbaycan Kino Mərkəzinin rəhbəri Musazadə Kəmalə
Muradlıya məxsusdur.
Tanıtım filmində Koroğlu obrazını
Türkiyənin tanınmış kino və serial aktyoru
Yücel Tok canlandırıb.
Bu barədə AZƏRTAC-a açıqlama verən Türkiyənin
“TRT İstanbul” radiosunun “TRT Türkü” kanalında
yayımlanan “Azərbaycan rüzgarı” proqramının
müəllifi və aparıcısı, eyni zamanda, qrupun təsisçisi
Səidə Ömər qrupun yaranması barədə
danışıb.
O bildirib ki, “Azərbaycan rüzgarı” qrupu 2024-cü
ildən etibarən İstanbulda fəaliyyət göstərir.
Kollektiv əsasən Azərbaycan ədəbiyyatının və
Azərbaycanın görkəmli ədiblərinin əsərlərini
Azərbaycan musiqisi ilə sintez edən sənət əsərləri
üzərində çalışır.
O qeyd edib ki, qrupda Azərbaycan milli musiqi alətləri
ilə yanaşı, digər türk dövlətlərinə
məxsus musiqi alətləri də yer alır.
“Layihənin əsas məqsədi Türk
dünyasını musiqi, mədəniyyət və ortaq dəyərlər
vasitəsilə bir araya gətirməkdir. Bu çərçivədə
həyata keçirilən layihələrdən biri də
“Koroğlu”dur və bu əsər Türk dünyasının
birlik-bərabərliyi baxımından xüsusi əhəmiyyət
daşıyır”,-deyə Səidə Ömər bildirib.
Qrupun bədii rəhbəri, Türkiyənin Qazi
Universitetinin doktorantı, tarzən Pərviz Musayev isə
açıqlamasında bildirib ki, “Azərbaycan
rüzgarı”nın əsas və gələcək hədəfi
türk dövlətləri və türkdilli xalqların
musiqi irsini əhatə edən kompozisiyalar hazırlamaq, həmçinin
Azərbaycanda və digər türk dövlətlərində
konsert proqramları ilə çıxış etməkdir:
“Qrup üzvləri xüsusilə Qarabağda və türk
dövlətlərinin müxtəlif şəhərlərində
səhnəyə çıxmaq istəklərini də ifadə
edirlər.
Lakin, layihələrin və fəaliyyətlərin
davamlı şəkildə həyata keçirilməsi
üçün maliyyə dəstəyinə ehtiyac var.
Hazırda “Azərbaycan rüzgarı” qrupunun ayaqda qala bilməsi
üçün əlimizdən nə gəlirsə edirik.
Öz təşəbbüs və imkanlarımız
hesabına fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimizi
təkmilləşdirmək üçün bizə dəstək
olmaq istəyər hər kəsə, necə deyərlər,
qapımız hər zaman açıqdır”.
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.16.